Məhkəmə qərarları › İş №1(125)-168/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-168/2025

14.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-168/2025 14.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Atatürk propekti, ev 174-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür ona görə ki o,xx.xx.2024-cü il tarixdə saat 11:53 radələrində ünvan 1 ünvanının qarşısında qonşusu Zərərçəkmiş şəxs guya onun ünvanına nəlayiq ifadələr işlətməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəməiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşaiyət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə “KiaOptima” minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili silah qismində tətbiq etməklə həmin avtomobili qəsdən Zərərçəkmiş şəxs üzərinə tərəf sürüb sonuncunu avtomobilin ön hisssəsi ilə ünvan 1 ünvanının giriş qapısı arasında sıxıb əzərək Zərərçəkmiş şəxs sağ bud nahiyyəsinin yumşaq toxumalarının əzilməsi hemotoması ilə müşaiyət olunun sağlamlığın qısa müddətə pozlmasına səbəb olan yüngül zərərvurmaya aid edilən xəsarət yetirməklə və sonuncuya məxsus fərdi yaşayış evinin giriş qapısını əzib zədələyərək 1230 (min iki yüz otuz) manat dəyərində maddi ziyan vurmaqla qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:53 radələrində ünvan 1 ünvanının qarşısında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı idarə etdiyi “Kia Optima” minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili ani olaraq Zərərçəkmiş şəxs üzərinə sürməklə sonuncunu avtomobilin ön hisssəsi ilə ünvan 1 ünvanının giriş qapısı arasında sıxıb əzərək Zərərçəkmiş şəxs sağ bud nahiyyəsinin yumşaq toxumalarının əzilməsi hemotoması ilə müşaiyət olunun sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət yetirmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur, sonuncu ilə aralarında mülki mübahisə vardır və hazırda da mülki mübahisəyə məhkəmədə baxılmaqdadır. O, bildirmişdir ki, hadisə baş verən günü Zərərçəkmiş şəxs onun evinin qarşısında qazıntı işlərinin aparmışdır. Həmin tikinti işlərinin aparıldığı küçə dar dalandır, bu işlərin görülməsi isə məhəlləyə giriş çıxışı çətinləşdirir. O, tikinti işlərinə aparıldığına görə avtomobil ilə evinin məhəlləsinə girib çıxmaqda çətinlik çəkdiyi üçün hadisə baş verən günü evindən çıxankən Zərərçəkmiş şəxs qazıntı işlərini aparan fəhlələrdən “işi bu gün axşamədək bitirəcəksiz?” deyə soruşmuş və avtomobilə tərəf gedərkən Vüqar “gəl söhbət edək” deyə onu çağırmışdır. O, Vüqara fikir verməyərək tələsdiyini, “sonra söhbət edərik” deyərək avtomobilinə əyləşmişdir. O, bildirmişdir ki, küçə dar olduğundan avtomobili ilə hərəkət etmək çətinlik çəkir və o, bir qayda olaraq avtomobili evinin həyətinə salaraq fırlanıb küçəyə çıxır. O, məhəllədən sıxmaq istərkən Vüqar ona tərəf gələrək avtomobilinə yumruq-təpiklə vurmuşdur. O, əsəbləşmiş Vüqara “rədd ol” deyə qışqırmışdır. Buna baxmayaraq Vüqar avtomobilin üzərinə çıxıb aynasına vurmuşdur. Bu zaman o, avtomobili biraz arxaya, sonra isə qabağa verərək məhəllədən uzaqlaşmaq istəmişdir, lakin Vüqar israrla onunla danışmaq istəmişdir. O, bildirmişdir ki, onun niyyəti avtomobili hərəkət etdirərək məhəllədən çıxmaq olmuşdur, lakin Vüqarın hərəkətləri onu əsəbləşdirdiyindən ani olaraq bilmədən qaz və əyləcin yerini səhv salmışdır və bilmədən qəfildən avtomobil irəliyə doğru gedərək sonuncunun darvazasına dəymişdir. Vüqar da həmin vaxt avtomobilin kapotunun üzərində olduğundan darvazaya cırpılmışdır. Hadisədən sonra onun təzyiqi və şəkəri qalxmış və təcili tibbi yardımla Abbas Səhhət xəstəxanasına aparılmışdır. (xəstəxənaya müraciət etməsi ilə bağlı arayış təqdim edir) İfadəsinin sonunda o, Vüqarla aralarında mülki mübahisənin olmasını, Vüqarın apardığı tikinti işlərinə görə məhəlləyə girib çıxmaqda çətinlik çəkdiyini və hadisə günü də ümumiyyətlə Vüqarla danışmadığını, onun qapısında işləyən fəhlələrlə söhbət edib getmək istədiyi vaxt Vüqarın onun avtomobilin qarşısına gələrək avtomobilin kapotuna vurduğuna görə əsəbləşdiyi üçün anidən bilmədən əyləc əvəzinə qazı basaraq avtomobil ilə Vüqara və onun darvazasına dəydiyini bildirmişdir. O, qeyd etmişdir ki, məqsədi avtomobili məhəllədən çıxarıb getmək olmuşdur, lakin Vüqar ona mane olmuş və nəticədə əsəbləşmiş təzyiqi və şəkəri qalxmış, özündə olmadan belə bir hadisə törətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşadığını, sonuncunu qonşu kimi tanıdığını, aralarında əvvəllər heç bir düşmənçilik və ədavət olmadığını bildirmişdir. Hətta bir birilərinə salam belə verməmişlər. Daha sonra o, qeyd etmişdir ki, yaşadığı evin qarşısında kanalizasiya üçün təmir işləri gördürən zaman Təqsirləndirilən şəxs özünə məxsus avtomobil ilə məhəlləyə gəlmiş, sonra düşüb evinə keçmiş, bir neçə dəqiqə sonra evdən çıxdıqda ucadan fəhlələrin və onun ünvanına nalayiq ifadələr işlətmiş və daha sonra “tez işinizi bitirin, mən qayıdıb evimə keçəçəm” deyə söyləmişdir. Təqsirləndirilən şəxs avtomobilə əyləşib küçədən çıxmaq istədikdə ona niyə söyüş söydüyünü soruşmuş və ona tərəf gedərək onunla söhbət etmək istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs anidən avtomobili onun üzərinə sürmüşdür. O, zərbədən yerə yıxılmış və ona heç kəs köməklik göstərməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs avtomobilin qabağ və sağ hissəsi dağılmış və onun darvazasınin bir hissəsi isə avtomobilin zərbəsindən zədələnmişdir. Bundan sonra şiddətli ağrıları olduğuna görə o, 102 və 103 xidmətinə müraciət etmişdir. İfadəsinin sonunda o, bundan əvvəl də bir neçə dəfə Təqsirləndirilən şəxs avtomobili üzərinə sürdüyünü və ümumiyyətlə onu öldürmək niyyətinin olduğunu qeyd etmişdir. O, Təqsirləndirilən şəxs məhəllədə işləyən fəhlələrin də üzərinə avtomobili sürdüyünü bildirmişdir. Məhkəmədə Şahid1 ifadəsində bildirmişdir ki, hadisə baş verən günü Zərərçəkmiş şəxs evinin önündə küçədə qazıntı işləri aparmışdır. Həmin küçə dar bir dalandan ibarətdir. Təqsirləndirilən şəxs da həmin küçədə yaşayır və o, evinə gəlmiş, sonra evdən çıxıb avtomobilinə gedən zaman ondan işin axşamədək bitib-bitməyəcəyi barədə soruşmuş, o da, Təqsirləndirilən şəxs “axşama kimi iş yekunlaşacaq və sizdə gəlib rahat evə keçərsiz” deyə demişdir. Bundan sonra Vüqar və İslamın arasında mübahisə olmuş, lakin ara məsafəsi olduğundan mübahisənin niyə başladığını eşitməmiş, sadəcə anidən səs eşitmiş və arxaya dönüb baxdıqda İslamın avtomobili ilə Vüqarın üzərinə sürdüyünü və sonuncunun evinin girişində dayandığını görmüşdür. O, Zərərçəkmiş şəxs ayağının əzilmiş vəziyyətdə olduğunu və ona oturması üçün stul gətirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına söyüş söydüyünü eşitməmiş, avtomobili isə onun üzərinə necə sürdüyünü görməmişdir. Həmçinin o, bildirmişdir ki, Təqsirləndirilən şəxs onun ünvanına heç bir təhqiramiz söz işlətməmişdir. Məhkəmədə Şahid2 ifadəsində usta olduğunu və Vüqarın evinin qarşısında məhəllədə fəhlə kimi qazıntı işi apardığını bildirmişdir. O, başı aşağı iş görən zaman qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onların yanlarına gələrək “yorulmayasız” və “yeri qazırsız, sonra mən maşınla keçə biləcəm?” deyə soruşduqda ona “siz qayıdana kimi biz yolu düzəldəcəyik” deyə cavab vermişdir. Sonra İslam ilə Vüqar arasında nəyə görəsə mübahisə olmuş, lakin ara məsafəsi olduğuna və başı aşağı işlədiyinə görə o, mübahisənin hansı səbəbdən başlamasını görmədiyini bildirmişdir. Sadəcə qəfildən dəmir səsi eşitdikdə avtomobilin qapıya dəydiyini və avtomobilin qabağının əzildiyini görmüşdür. O, hadisə vaxtı Vüqarın xəsarət aldığını görmədiyini bildirmişdir. Axşam üstü işi təhvil verdikdən sonra pulunu alıb evinə getmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 19 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan RespublikasıCM-nin 128-ci maddəsi ilə240550727 nömrəli cinayət işinin başlanması vəicraata qəbul edilməsi qərara alınmışdır.(i. v.1); -19 dekabr 2024-cü il tarixli “baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 1 ünvanında baş vermişdir. Baxış zamanıgiriş qapısının üzərindəki cızıqlar və **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsinin qopmuş vəziyyətdə olmasıaşkar edildi. (i.v. 10-19); -19 dekabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətməkdə şübhəli bilinərək həmin tarixdə saat 17:05 dəqiqədə tutulmuşdur.(i.v.41); -19 dekabr 2024-cüil tarixli, 4527/2024 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs sidik analizində THC, AMP, BZO aşkar edilməmiş, ayıq vəziyyətdə olmuşdur.(i.v.52); -21 dekabr 2024-cüil tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqlaonahəmin maddə ilə ittiham elan edilmişdir. (i. v. 61); -21 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin128cimaddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilməmişdir. (i. v. 70); -21 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir.(i. v. 85); -Məhkəmə-Tibbi Ekspertiza və X1 19 dekabr 2024-cü il tarixli, 1689 saylı rəyinə əsasən Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ bud nahiyyəsinin yumşaq toxumalarının əzilməsi,hemotoması– bərk küt əşyanın təsiri altında əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. (i.v. 102); -Məhkəmə-Tibbi Ekspertiza və X1 21 dekabr 2024-cü il tarixli, 1694 saylı rəyinə əsasən Vət. Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət müəyyən edilməmişdir. (i.v. 105); - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 110); - xx.xx.2025-ciil tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur.(i.v. 112); - Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 681 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur.(i.v. 114); - Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli, 855 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur.(i.v. 115); - xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs müsbət xarakterizə olunmuşdur.(i.v. 117); -xx.xx.2025-ci il tarixli “təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan və məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən aydın olur ki, 36 saniyəlik səssiz görüntüdəki ünvan Gəncə şəhəri, Atatürk prospektidir. Zərərçəkmiş şəxs dayanıqlı vəziyyətdə olan avtomobilin sağ tərəfində dayanıqlı vəziyyətdə durur. Şahid2 qazıntı işləri aparır. Şahid1 isə Eldənizin yanında dayanıbdır. Bundan sonra avtomobil arxaya tərəf hərəkət etməyə başlayır. Həmin vaxt Zərərçəkmiş şəxs avtomobilin qabaq tərəfi ilə avtomobilin sol tərəfinə yəni sürücü olan tərəfə keçir. Bundan bir neçə saniyə sonra avtomobil hərəkətə başlayır və qarşısında olan Zərərçəkmiş şəxs ünvan 3 ünvanının giriş qapısına çırpır. Bundan sonra avtomobil bir neçə metr geriyə tərəf hərəkət etdikdən sonra dayanır və bununla da videogörüntü sona çatır. (i.v.121-123); - Məhkəmə iclasında təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş videogörüntülərin tədqiqi zaman Təqsirləndirilən şəxs evinə gəlməsi, bu zaman Zərərçəkmiş şəxs evinin qarşısında dayanması və dalanda işləyən fəhlələrlə qısa müddət söhbət etdikdən sonra evinə daxil olması görünür. Bir az sonra o, əlində sellofan paket ilə evindən çıxaraq avtomobilinə tərəf gedir və sellofanı avtomobilinə qoyarkən Zərərçəkmiş şəxs onun avtomobili tərəf gələrək əl qol hərəkətləri ilə onunla nələrsə danışır və əl hərəkətləri ilə təkidlə özünə doğru çağırır. Daha sonra Təqsirləndirilən şəxs avtomobilinə əyləşir, dalandan çıxmaq istərkən Zərərçəkmiş şəxs onun avtomobilinə doğru gedir və yenidən əl hərəkətləri ilə nələrsə deyir. Daha sonra Təqsirləndirilən şəxs avtomobili arxaya doğru hərəkət etdirir, bu zaman isə Zərərçəkmiş şəxs yenidən avtomobilin üzərinə gedir və anidən avtomobil Vüqarın üzərinə doğru hərəkət etdirilir. (disk cinayət işinin materiallarına əlavə edilir) - xx.xx.2025-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin məcəllənin 221.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır .(i.v.124); -xx.xx.2025-ci il tarixli “yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir.(i.v.127); -xx.xx.2025-ci il tarixli, 11/04 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyanın məbləği 1230 (min iki yüz otuz)manat dəyərində qiymətləndirilmişdir.(i.v.155); - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, zərərçəkmiş şəxs və şahid ifadələri, hadisə yerinə baxış protokolu, diskə baxış protokolu, məhkəmə tibbi ekspertizasının rəyi, hadisənin görüntülərini özündə əks etdirən 01 ədəd disk iş üzrə maddi sübutlar kimi qəbul edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs hadisəni törədən zaman idarə etdiyi “Kia Optima” minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Təqsirləndirilən şəxs verilmişdir. Həmçinin ünvan 4 ünvanının darvazası cinayət işi üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs verilmişdir. (i. v.157-162) -məhkəmə iclasında təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 2370 (iki min üç yüz yetmiş) manat məbləğində zərər dəymişdir. - məhkəmə iclasında təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş “Gəncə şəhər Birləşmiş Xəstəxanası” Publik Hüquqi şəxsin arayışından görünür ki, Təqsirləndirilən şəxs “Hipertenziya diaqnozu ilə xx.xx.2024-cü il tarixdə saat 13:25 radələrində Gəncə şəhər birləşmiş Xəstəxanası PHŞ-nin A.Səhhət adına xəstəxansının TTY-şöbəsinə ambulator qaydada müayinə olunmuşdur. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o,xx.xx.2024-cü il tarixdə saat 11:53 radələrində ünvan 1 ünvanının qarşısında qonşusu Zərərçəkmiş şəxs guya onun ünvanına nəlayiq ifadələr işlətməsini bəhanə edərək heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəməiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşaiyət olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə “Kia Optima” minik markalı **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili silah qismində tətbiq etməklə həmin avtomobili qəsdən Zərərçəkmiş şəxs üzərinə tərəf sürüb sonuncunu avtomobilin ön hisssəsi ilə ünvan 1 ünvanının giriş qapısı arasında sıxıb əzərək Zərərçəkmiş şəxs sağ bud nahiyyəsinin yumşaq toxumalarının əzilməsi hemotoması ilə müşaiyət olunun sağlamlığın qısa müddətə pozlmasına səbəb olan yüngül zərərvurmaya aid edilən xəsarət yetirməklə və sonuncuya məxsus fərdi yaşayış evinin giriş qapısını əzib zədələməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarət yetirsə də, həmin əməli cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx.xx.2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin bilavasitə hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və “cinayətin bilavasitə obyekti” adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Həmin normaya əsasən xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmçinin, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş vermesini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir”. Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, “Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz”. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs hadisədən əvvəl bir-birlərini tanımış və qonşuluqda yaşayırlar. Onların arasında mübahisənin yaranmasına səbəb şəxsi münasibətlərindən irəli gəlmiş, onlar arasında tiktinti işləri ilə bağlı mülki mübahisə vardır. Hadisə günü də Təqsirləndirilən şəxs küçədə qazıntı işlərinin aparılmasına görə Zərərçəkmiş şəxs arasında mübahisə yaranmış, daha sonra o, zərərçəkmiş şəxsi avtomobil ilə vuraraq ona yüngül xəsarət yetirmişdir. İşin həmin faktiki halları onu deməyə əsas verir ki, hadisə vaxtı təqsirləndirilən şəxs ictimai qaydanı pozmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməmiş, cinayət hadisəsi tərəflər arasında olan şəxsi münasibətlər zəminində yaranmış mübahisə səbəbindən baş vermişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş videogörüntülərdən də aydın olur ki, hadisə baş verən günü təqsirləndirilən şəxs evinə gəlmiş və bu zaman Zərərçəkmiş şəxs evinin qarşısında dayanmışdır. İ. Sadıxov avtomobili zərərçəkmiş şəxsin qarşısında saxlamış və dalanda işləyən fəhlələrlə qısa müddət söhbət etdikdən sonra evinə daxil olmuşdur. Daha sonra o, əlində sellofan paket ilə evindən çıxaraq avtomobilə tərəf gedir və sellofanı avtomobilinə qoyarkən Zərərçəkmiş şəxs onun avtomobili tərəf gələrək əl qol hərəkətləri ilə onunla nələrsə danışır və əl hərəkətləri ilə təkidlə özünə doğru çağırır. Amma Təqsirləndirilən şəxs ona məhəl qoymayaraq avtomobilinə əyləşir və dalandan çıxmaq istərkən Zərərçəkmiş şəxs onun avtomobilinə doğru getməsi və yenidən əl hərəkətləri ilə nələrsə deməsi görünür, Təqsirləndirilən şəxs isə avtomobili arxaya doğru hərəkət etdirməklə dalanda çıxmağa çalışır. Bundan sonra Zərərçəkmiş şəxs yenidən avtomobilin üzərinə getməsi və anidən avtomobilin sonuncunun üzərinə sürülməsi görünür. Həmin videogörüntüyə münasibətdə məhkəmə hesab edir ki, mübahisə zərərçəkən şəxsin təşəbbüsü ilə başlanılmışdır. Belə ki, ilk öncə qeyd edilməldir ki, Təqsirləndirilən şəxs dalana daxil olur və Zərərçəkmiş şəxs yanından sakit formada keçib evinə gedir, bir az sonra evindən çıxır və yenə də Zərərçəkmiş şəxs tərəfə baxmadan avtomobilinə doğru addımlayır, lakin Zərərçəkmiş şəxs əl hərəkətləri ilə onunla aqressiv halda danışır. Bu hal məhkəmə iclasında da zərərçəkmiş şəxsin ifadəsi ilə öz təsdiqini tapır. O, iclasda Təqsirləndirilən şəxs fəhlələrin və özünün ünvanına söyüş söydüyünə görə onun çağırıb danışmaq istədiyini bildirsə də, Təqsirləndirilən şəxs söyüş söyməsi şahid ifadələri və işin digər halları ilə təsdiqini tapmamışdır. Beləliklə zərərçəkmiş şəxsin mübahisə yaratmaq istəyi videogörüntüdən tam şəkildə aydın olur. Belə hallarda, xüsusilə də mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs belə zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi göstərilsə də, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmiş, xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmişdir. Bundan başqa, ittihamda cinayətin ictimai yer olan ünvan 1 ünvanının qarşısındabaş verməsi göstərilsə də, məhkəmə qeyd edir ki, cinayətin ictimai yerdə baş vermiş olması özlüyündə əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün yetərli deyil. Xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etməli və arzu etməlidir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ittihamda təqsirləndirilən şəxsin bu cinayəti ətrafdakı şəxslərə məhəl qoymadan törətməsi göstərilsə də, bildirilməlidir ki, hadisə qısa vaxtda olduğundan küçədə işləyən fəhlələrdən başqa hadisəni görən olmamışdır. Məhkəmə iclasında iş üzrə dindirilmiş şahidlər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında yaranmış mübahisəni görmədiklərini, sadəcə hadisə baş verdikdən sonra Zərərçəkmiş şəxs ayağının xəsarət almasını gördüklərini qeyd etmişlər. Həmçinin hər iki şahid qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onlara qarşı hər hansı kobud ifadə işlətməmiş, onları söyməmiş, sadəcə qazıntı işlərinin nə vaxt yekunlaşacağı barədə suallar vermişdir. Sadalanan halları və qanunvericiliyin normalarını əsas götürərək qeyd edilməlidir ki, xuliqanlıq cəmiyyətə, ictimai qaydaya, kənar şəxslərə qarşı şəxsin subyektiv münasibətini, etinasızlığını, qəsdini ifadə edir. Lakin hazırkı baxılan cinayət işi üzrə hadisənin baş verməsi sırf şəxsi münasibətlərdən yaranan mübahisəni özündə ehtiva edir. Eyni zamanda nəzərə alınmalıdır ki, hadisə baş verən günü təqsiriləndirilən şəxs kənar şəxslərə, yəni məhəllədə işləyən fəhlələrlə normal qaydada salamlaşmış, onlardan işin nə vaxt yekunlaşacağı barədə məlumat almışdır, yəni təqsirləndirilən şəxs hadisə zamanı cəmiyyətə qarşı hər hansı hörmətsizlik göstərməmişdir. Təqsirləndirilən şəxs sırf zərərçəkmiş şəxsin onu çağırması, əl qol hərəkətləri ilə nəsə deməsi və onun məhəllədən çıxmasına maneəçilik törətməsinə görə qeyri-ixtiyarı olaraq nəqliyyat vasitəsini anidən Zərərçəkmiş şəxs üzərinə sürməsi cəmiyyətə, digər şəxslərə hörmətsizlik kimi yox, yalnız Zərərçəkmiş şəxs yönəlmiş əməl hesab edilməlidir. Beləliklə məhkəmə, iş üzrə toplanmış mövcud sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bununla belə, onun şəxsi münasibətləri zəminində başlamış münaqişə gedişində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsifedilməlidir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyənedilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən, şəxsi münasibətlər zəminində yaranan, ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, mübahisə və ya dava-dalaş gedişində sağlamlığa yüngül zərər vurma kimi təzahür etmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxsəməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsifedilməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin128-ci maddəsi ilə tövsif edilərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının hələ tükənmədiyi qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 128-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs 19 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 dekabr 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, ona təyin olunmuş cəzadan 4 gün çıxılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markarlı 90-TX -817 dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və digər maddi sübut ünvan 5 ünvanının darvazasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı və hadisə görüntülərini əks etdirən 2 (iki) ədəd vidoegörüntü cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 4 gün çıxılaraq onun üzərində qəti olaraq 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Optima” markarlı 90-TX -817 dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs və digər maddi sübut ünvan 5 ünvanının darvazasının Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və hadisə görüntülərini əks etdirən 2 (iki) ədəd vidoegörüntü cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar