Məhkəmə qərarları › İş №1(125)-170/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-170/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-170/2025 25.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin etibarnamə üzrə nümayəndəsi (vəkil) Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun vəkili Gəncə Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında X14 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Xatirə Şəmil qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. X14 şikayətini onunla əsaslandırmışdır ki, bildiyimiz kimi Azərbaycan Respublikası Konstitusiyasının 7.1-ci maddəsinə görə, Azərbaycan dövləti - demokratik, hüquqi, dünyəvi, unitar Respublikadır.Yəni dövlətdə bütün münasibətlər hüquqla və qanunla tənzimlənir. AR Konstitusiyasının əsas prinsiplərinə görə, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, BMT-nin 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Lakin, bir sıra hallarda bəzi şəxslər, onlara verilmiş hüquq və azadlıqlardan sui-istifadə edərək başqalarının şərəf və ləyaqətini ləkələyən, onları nüfuzdan salan böhtan və təhqir xarakterli məlumatların kütləvi şəkildə yayılmasına yol verirlər. Azərbaycan Respublikası Konstitusiyasınin 60-cı maddəsinin 1-ci bəndinə əsasən: Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Yuxarıda qeyd olunan AR Konstitusiyasının, AR Cinayət Prossesual Məcəlləsinin və digər normativ hüquqi aktlarının normalarının tələblərini rəhbər tutaraq, halhazırda X3 AR CM-nin 147 və 148-ci maddələrində təsbit olunmuş əməlləri törətməkdə təqsirli bilinməsinə və cinayət məsuliyyətinə cəlb olunması üçün CPM-in tələblərinə riayət edərək xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə aidiyyatı məhkəməyə müraciət etmək hüququndan istifadə edir. Bildirir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X7 ilə əvvəllər münasibətləri yaxşı olmuşdur. Daha sonra Xatirə Məmmədovanın öz doğma oğlu Tahir Hüseynov ilə münasibətləri korlanmış, o, oğlu ilə münasibətinin korlanmasında onu günahkar bilmişdir. Amma həmin qənaətə hardan gəlmiş, heç bir məlumatı yoxdur. Belə ki, barəsində şikayət verilmiş Xatirə Məmmədova dəfələrlə onun işlətdiyi “Qazi çörəyi” çörək evinə və yaşadığı Gəncə şəhəri, Papatya park binası ünvanına gəlmiş, orada onun ünvanına böhtan və təhqir xarakterli ifadələr işlətmişdir. O, onun iş yerində ona pul müqabilində kişilərlə görüşdüyünü, eyni zamanda onun oğlu Tahirlə də cinsi münasibətdə olduğunu, qarşılığında pul aldığını, əxlaqsızlıqla məşğul olduğunu, ona olmazın söyüş və təhqirlər demişdir. O, Xatirə Məmmədovanın təhqir və böhtanlarından mənəvi sarsıntı keçirmiş, onkoloji xəstəlikdən müalicə alan bir qadın olaraq onun səhhətinə Xatirənin təhqir və böhtanları ciddi problemlər yaratmışdır. Xatirə onu təhqir edib, ona böhtan atarkən təndirdə işləyən qadınlar çörək almaq üçün gələn müştərilər və digər şəxslər Xatirə Məmmədovanın onun ünvanına səsləndirdiyi təhqir və böhtanları eşitmiş və görmüşdür. Hətta çörək almaq üçün gələn şəxslərə “Fəridə yad kişilərə öz bədənini paylayır, onun satdığı çörəkləri pulsuz paylayır pul lazım deyil deyir.” Xatirə Məmmədovanın dediyi sözlər mağazanın müşahidə kamerasına düşüb. (Həmin video görüntülər şikayət ərizəsinə əlavə olunub). O, bütün bu keçirdiyi sarsıntıya görə mağazanı həmin gündən bağlamışdır. Ona mənəvi zərərlə yanaşı maddi zərər də dəymişdir. Mağazanın bağlandığını görən Xatirə Məmmədova onun yaşadığı binanın qarşısına gəlib, orada onun və azyaşlı qızının xx.xx.2016-cı il təvəllüdlü X2 ünvanına nəlayiq söyüşlər söymüşdür. Eyn zamanda bundan ürəyi soyumayaraq atası Əli Pənahovun iş yerinə və qardaşı Vüqar Pənahovun evinə gedərək orada onun ünvanına nəlayiq ifadələr demişdir. Həmin vaxt da binanın mühafizə kameralarına düşmüş. Binada yaşayan qonşular və binanın mühafizəçisi bütün olanları görmüş və eşitmişlər. Olan bu hadisələr ilə bağlı şərböhtan və təhqir xarakterli ifadələrə görə təqsirli şəxsin cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılması üçün hal-hazırda məhkəməyə müraciət etmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən və qanunvericiliyin tələblərini rəhbər tutaraq X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 müdafiəçisi (vəkil) Müdafiəçi şikayəti tam müdafiə edərək bildirmişdir ki, Məmmədova Xatirə dəfələrlə X8 işlədiyi təndirə gedərək onun ünvanına nalayıq ifadələr işlətmiş və onu təhqir etmişdir. İşçilərin yanında ona söyüşlər söymüşdür. Sonda şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 bildirmişdir ki, o, X10 qarşı nalayiq ifadələr işlətməmişdir. O, Pənahova Fəridənin evinə gedib ona verdiyi pulunu tələb etmişdir. Pənahova Fəridənin qardaşı və gəlinləri ona Fəridəni tanımadığını bildirmişdir. O, evə görə ona 14000 manat pul vermişdir. Fəridə onun pulunu ona geri qaytarmamışdır. O, bu məsələ ilə bağlı prokurorluğa müraciət etmişdir. Sonda şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. X3 vəkili X12 vəsatətlə çıxış edərək bildirmişdir ki, X1 Xatirə Şəmil qızının guya onun və azyaşlı qızının ünvanına nalayiq söyüşlər söyməyini, onun barəsində böhtan və təhqir dolu ifadələr işlətməyini əsas gətirməklə ona qarşı Gəncə Şəhər Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət vermişdir. Hesab edir ki, şikayət əsassızdır, o məhkəmənin icraatına qəbul edilə bilməz. Şikayətçi göstərib ki, o guya onun və azyaşlı qızının ünvanına nalayiq söyüşlər söymüş, onun barəsində böhtan və təhqir dolu ifadələr işlətmişdir. Bu qətiyyən elə olmamışdır, yalnışdır, o, yaşlı qadındır, bu cür hərəkətlərə yol verməmiş, bu hal məhkəməni yanıltmaqdan başqa bir məqama xidmət etmir. Əksinə barəsində şikayət vermiş şəxs Məmmədova Xatirəni aldatmış, ona qarşı dələduzluq etmiş, onun barəsində qanuni tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinin müvafiq polis bölməsinə ərizə ilə müraciət etmişdir. Şikayətdə göstərilən hallar şər və böhtandan başqa bir şey deyil. O, Fəridə Pənahovanın barəsində böhtan və təhqir dolu ifadələr işlətməmiş, onun və azyaşlı qızının ünvanına nalayiq söyüşlər söyməmişdir. Bundan əlavə bildirmək istəyir ki, şikayət verilərkən Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 293.3.2-293.3.4-cü maddələrində sadalanan törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi: imperativ tələblərinə riayət edilməmiş, şikayət CPM-in tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclası keçirilən zaman xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmamasını yoxlayır. Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə CPM-in 302-ci maddəsinə əsasən Xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi haqqında qərar çıxarır. Eyni zamanda Məhkəmə CPM-in 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək CPM-in 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Aydın görünür ki, şikayət əsassızdır, dəlillər ilə əsaslandırılmamışdır. Belə olan halda şikayət məhkəmə tərəfindən icraata götürülüb baxıla bilməz. Odur ki, X8 Məmmədova Xatirənin barəsində CM-nin 147.1 və 148-ci maddələr ilə təqsirli bilinib cinayət məsliyətinə cəlb edilməyinə dair xüsusu ittiham qaydasında verdiyi şikayəti üzrə məhkəmə tərəfindən CPM-ın 300.1.3-cü maddəsinə əsasən öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsini (vəkilini), barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun vəkilini dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. 293.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 302.1. Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1 və 293.3.6-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) eyni zamanda şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Şikayətə sadəcə filəş kart əlavə edilmişdir, lakin həmin filəş kartdakı səs yazılarından və videogörüntüdən pozuntunu aydın müəyyən etmək mümkün deyildir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1 və 293.3.6-cı maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən X5 məhkəmədə 3 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili X9, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci və 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X14 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Təqsirləndirilən şəxs X5 göstərilmiş hüquqi yardıma görə müdafiəçi X6 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 33 (otuz üç) manat məbləğində pul ödənilsin. Qərardan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar