Məhkəmə qərarları › İş №1(125)-174/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-174/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-174/2024 06.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi - Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli,məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Cavadxan küçəsi, döngə 7, ev 18-də qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda yəni təmiz çəkisi 0,497 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış və 12 oktyabr 2023-cü il tarixdə saat 20:00-da Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən «Ay Ulduz» Şadlıq Sarayının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər 4-cü PB-nə gətirilmiş və onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə xeyli miqdarda təmiz çəkisi 0,497 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün iş üzrə verdiyi etirafedici ifadəsi ilə yanaşı, toplanmış digər mötəbər dəlillərlə - şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tam olaraq təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbsdən azad olunduqdan sonra yenidən narkotik vasitə heroini ineksiya yolu ilə qəbul etmişdir. 12 oktyabr 2023-cü il tarixdə Gəncə şəhəri Cavadxan küçəsində yerləşən Nizami kinoteatırının yaxınlığında yolun kənarında olan ağacın altında 1 ədəd sellofan büküm görmüş, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin bükümdə narkotik olmasından şübhələnərək bükümü götürüb açmış, baxdıqda içərisində kokos kimi bildiyi narkotik vasitə heroin olduğunu görmüş, heroindən istifadə etdiyi üçün götürüb cibinə qoymuş, 12 oktyabr 2023-cü il tarixdə Gəncə şəhəri Cavadxan küçəsində yerləşən «Ay Ulduz” Şadlıq Sarayının yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməkdaşları olduqlarını və narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək onlarla birlikdə Gəncə şəhər BPİ-nin 4-cü PB-nə getməsini təklif etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları onu xidməti avtomobilləri ilə Gəncə şəhər 4-cü PB-nin inzibati binasına aparmışlar. Orada müdafiəçi ilə təmin edilmiş və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarışa başlamamışdan əvvəl ona üzərində narkotik vasitə və ya hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, o da üzərində olan həmin gün tapmış olduğu şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Daha sonra onun üzərində şəxsi axarış aparılmış və üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Onun təqdim etdiyi kütləyə baxış keçirilib elektron tərəzidə çəkilmiş, təqdim etdiyi narkotik vasitənin sellofanla birlikdə çəkisi 0,57 qram olmuş, sonra həmin narkotik vasitə ekspertizaya göndərilməsi üçün zərfin içərisinə qoyulmuş və zərf bağlanaraq, üzəri onlar tərəfindən imzalanmışdır. Əməlini etiraf edərək, peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 2009-cu ildən DİO-da xidmət edir. Gəncə şəhər sakini X3 əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməsi barədə ona əməliyyat məlumatları daxil olmuş və daxil olmuş məlumat bölmə rəisinə məruzə olunduqdan sonra o və polis sahə rəisi, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən «Ay Ulduz» şadlıq sarayının yaxınlığında olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə dəvət etmişlər. 4-cü Polis bölməsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunduqdan sonra dövlət hesabına vəkil təyin edilmiş, bundan sonra video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl şübhəli şəxsə üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini çıxardıb təqdim etmiş və həmin bükülünün içərisində olan kütlələrin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini Gəncə şəhərində «Nizami» kinoteatrının yaxınlığında yerdən tapdığını demişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən saxlanması, daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan kütlə elektron tərəzidə çəkilmiş və zərfə qoyulub qablaşdırılaraq və zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsini Şahid1 verdiyi ifadəyə uyğun ifadə verərək, onun göstərdiyi xususatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 13 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2023-cü tarixdə saat 20:30da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisi nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək o, həbsdən azad edilmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 oktyabr 2023-cü il tarixli protokoldan və video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin təhqiqatçı polis kapitanı X4, Gəncə şəhər BPİ-nin 4cü PB-in əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Gəncə şəhər BPİ-nin 4-cü PB-in polis sahə rəisi, polis kapitanı Şahid2, həmçinin Gəncə 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulur və əgər üzərində hər hansı narkotik vasitə və ya qanunsuz əşya varsa təqdim etməsi bildirilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibində bir ədəd ağ rəngli sellofan bükümü çıxardaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroini Gəncə şəhəri, Cavadxan küçəsində «Nizami» kinoteatrının yaxınlığında yerdən tapdığını bildirir. Həmin narkotik vasitə olan heroin bükümlə birlikdə elektron tərəzidə çəkilir və çəkisi 0.57 qram gəlir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofana bükülmüş narkotik vasitə olan heroin ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılır, zərf DİN-in 181 saylı möhürü ilə möhürlənərək üzərləri iştirakçılar tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirilir və üzərindən heç bir qanunsuz əşya və predmet aşkar edilmir. Baxış keçirilən zamanı çəkilmiş videogörüntü DVD köçürülərək materiala əlavə olunması qərara alınır. Məhkəmə-kimyəvi ekspertizasının 13 oktyabr 2023-cü il tarixli 16/1006 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə» yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0.497 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 29 noyabr 2023-cü il tarixli 1969 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli, 3-13-57-4/2-9313/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan məlum olur ki, keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitə heroini hansı məqsədlə əldə etməsi, satışı ilə məşqul olub-olmaması və narkotik vasitə satmış olduğu şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılaraq, xx.xx.2023-cü il tarixdə o, cəzanın sonu ilə azad olunmuşdur. Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-cı il tarixli 1(044)-59/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli 1(104)-547/2021 nömrəli qərarındən görünür ki, Təqsirləndirilən şəxs AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılaraq üzərində qəti olaraq 01 il 10 ay azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 08 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitənin tədqiqatdan sonra qalmış təmiz çəkisi, 0.447 qram olan narkotik vasitə heroin və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut növü kimi tanınmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,497 qram olan heroin xeyli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib, səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılaraq o, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs halhazırda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayəti 12 oktyabr 2023-cü il tarixdə törətdiyindən onu məhkumluğu ödənilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq yenidən qəsdən az ağır cinayət törətməsini nəzərə alır və cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir (CM-61.1.1). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM- 65.2.) nəzərə alınmalı, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 06 mart 2024-cü il taixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi2 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 90 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 gün müddət təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 06 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,447 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD-210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.FT Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - "Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar