Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-175/2023 02.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs 44 günlük Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə atılan raket hücumu nəticəsində dağılmış Gəncə şəhəri, Aida İmanquliyeva (əvvəlki Muxtar Hacıyev) küçəsi, 2-ci döngədə yerləşən 4 saylı fərdi yaşayış evinin yenidən tikdirilməsini təşkil etmək adı ilə yalandan vəd verib onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs özünə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən sui istifadə etməklə sonuncuya verdiyi vədə əməl etməyərək 2021-ci ilin iyul ayından həmin ilin noyabr ayını əhatə edən dövr ərzində Gəncə şəhəri, Aida İmanquliyeva (əvvəlki Muxtar Hacıyev) küçəsi, 2-ci döngədə yerləşən 4 saylı fərdi yaşayış evində hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 11550 (on bir min beş yüz əlli) manat məbləğində pulunu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər “Yol İdarəsində” sürücü işləmiş,sonradan isə Gəncə şəhəri ərazisində xırda ticarətlə məşğul olmuş, gündəlik olaraq yaşadığı evdə olmuşdur. Zərərçəkmiş şəxs əvvəllər yaşadığı evin yaxınlığında qonşuluqda yaşamışdır. Azərbaycan Respublikası ilə Ermənistan arasında ikinci Qarabağ müharibəsi-44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərinə, o cümlədən onun əvvəllər yaşadığı Gəncə şəhəri əvvəlki Muxtar Hacıyev, indiki Aida İmanqululiyeva küçəsinə Ermənistan Silahlı Qüvvələri tərəfindən atılmış raket hücümu nəticəsində ətrafda olan yaşayış evləri yararsız hala düşmüş, həmin hadisə nəticəsində yararsız hala düşmüş evlərin təmiri dövlət tərəfindən həyata keçirilirmişdir. Raket hücümu nəticəsində Zərərçəkmiş şəxs da yaşadığı Gəncə şəhəri, əvvəlki Muxtar Hacıyev indiki Aida İmanquliyeva küçəsi 2-ci döngə ev 4-də yerləşən həyət evi də yararsız hala düşmüşdür. Dövlət qurumları həmin evlərin təmirini həyata keçirməyə başlamışdılar, təmir və yenidən tikinti işləri növbəlilik prinsipi əsasında həyata keçirilirmişdir. Ona görə də Zərərçəkmiş şəxs evinin təmir və ya yenidən tikintisinə hələlik başlanmamışdır. O, da bu fürsətdən isifadə edib Zərərçəkmiş şəxs onun evini yenidən tikdirilməsini təşkil etmək adı ilə pul almaq qərarına gəlmişdir. Belə ki, heç bir yerdə işləmədiyindən maddi vəziyyəti pis olmuş, fikirləşmişdir ki, onsuz da nəticə etibarilə Həqiqətin evini dövlət qurumları ya yenidən tikəcək ya da təmir edəcəklər, ona görə də bu fürsətdən istifadə edib bu adla Həqiqətdən pul alıb öz maddi vəziyyətini düzəltsin. Bunun üçün də o, 2021-ci ilin təxminən iyul ayında dəqiq günü xatırlamadığı vaxtda Zərərçəkmiş şəxs yuxarıda qeyd etdiyi evinə getmişdir. İlkin olaraq o, növbə çatıb-çatmamasını, yəni Həqiqəti aldadıb bu adla pul ala biləcəyini dəqiqləşdirmək üçün sonuncudan evinin təmirinin təmir işlərinin başlayıb-başlamadığını soruşmuşdur. Həqiqət də söhbət zamanı hər hansı təmir işlərinin başlamadığını demişdir. Bunu eşidən kimi o, Həqiqətə qonşuluqda yenidən tikintisi başlayan və bərpa olunan evləri göstərib yalandan demişdir ki, həmin evlərdə təmir-tikinti işlərinin başlanmasını o, tezləşdirmiş, həmin tikinti işləri ilə məşğul olan şəxslərlə yaxın əlaqəsi var, onun evinin də tikintisini qabağa salıb tezləşdirə bilər, həm də onun evini təmir etdirmək yox, yenidən tikdirə bilər. Həqiqət onun bu yalanına dərhal inanmış və sevincək onunla razılaşıb demişdir ki, onun evini yenidən tikdirilməsini təşkil eləsin. Onda o, Həqiqətin onun yalan vədinə inandığını görüb ona ilk əvvəl bu işlərin həlli üçün 3000 manat pul lazım olduğunu demiş, sonradan fikirləşmişdir ki, Həqiqətdən alacağı pulun məbləğini qaldırsın, görsün Həqiqətin reaksiyası nə olacaq. Ona görə də o, Həqiqətə sonrakı danışıqda sonuncunun evinin yenidən sökdürərək tikdirilməsini təşkil etmək üçün təxminən 10-15 min manat arası pul lazım olduğunu demişdir. Həm də Həqiqətin onun yalanına inanması üçün ona yalandan demişdir ki, evinin hansı formada tikilməsini istəyirsə, həmin formada da tikinti planını-layihəsini hazırlatsın. Həqiqət də onunla razılaşıb demişdir ki, pulu ona hissə-hissə verə bilər, o, da etiraz etməmişdir. Həmin vaxtı o, Həqiqətə aralarında olan bu söhbət barəsində heç kimə deməməsini, bu barədə heç kimin xəbəri olmamasını ona görə tapşırmışdır ki, Həqiqət kiminləsə bu barədə məsələhətləşməsin. O, fikirləşmişdir ki, Həqiqət kiminləsə bu barədə məsləhətləşsə onun yalanı üzə çıxar, o, da Həqiqəti aldadıb ondan pul ala bilməz. Beləliklə 2021-ci ilin iyul ayında ola bilsin ki, avqust ayında, dəqiq yadında qalmayan tarix və gündə Həqiqətin yaşadığı Gəncə şəhəri, əvvəlki Muxtar Hacıyev, indiki Aida İmanqululiyeva küçəsi 2-ci döngədə yerləşən 4 saylı evinə tək getmişdir. Orada Həqiqət ona yenidən tikiləcək evinin planını-layihəsini vermiş, o, da sonuncuya yalandan müəyyən şəxslərlə evinin tikdirilməsi ilə bağlı danışıqlar aparmağa başladığını demişdir. Bundan sonra o, Həqiqətdən 2021-ci ilin iyul ayından ola bilsin ki, avqust ayından başlayaraq həmin ilin noyabr ayına qədər olan müddət ərzində dəqiq yadında qalmayan tarix və günlərdə hər dəfə müəyyən məbləğlərdə, yəni 300 manat, 500 manat, 1000 manat olmaqla Həqiqətin yaşadığı Gəncə şəhəri əvvəlki Muxtar Hacıyev indiki Aida İmanquliyeva küçəsi 2-ci döngə ev 4-də hissə-hissə olmaqla ümumilikdə 11550 manat pul müəyyən yalan sözlər deyərək almışdır. Belə ki, Həqiqətə əsasən evini Bakı şəhərindən dəvət olunmuş komissiyanın üzvlərinə yenidən tikdirəcəyini, daha sonra evdə işləməli olan fəhlələrin gündəlik qida pullarını ödəyəcəyini və sair bu kimi yalanlar deyərək pul almışdır. O, Həqiqətə əvvəldən aralarında olan söhbət barəsində, ona pul verməyi barədə heç kimə deməməyini, əgər deyərsə evinin yenidən sökülərək tikilməyəcəyini dəfələrlə demişdir. O, Həqiqətə yalandan demişdir ki, guya pulu kiməsə vermiş, Həqiqət də ondan həmin adamın adını soruşanda, həmin adamla görüşmək istəyəndə, o, həmin şəxsin heç kimlə görüşmədiyini, ancaq onun vasitəsilə iş gördüyünü demiş, Həqiqət də onun bütun bu yalanlarına inanmışdır. O, Həqiqətdən müəyyən vaxtlarda pul alan zaman Həqiqət pulun məbləğinin çox olduğunu deyəndə o, sonuncuya yalandan deyirmiş ki, reallıqda onun evinin yenidən sökülərək yerində başqasının tikilməsi üçün çox pul lazımdır, işi danışdığı adam ona görə ondan az pul alır, Həqiqət də onun sözlərinə inanmışdır. Lakin sonradan 2021-ci ilin dekabr ayında Həqiqətin Rusiya Federasiyasında yaşayan qızı Tərlan Gəncə şəhərinə anasının yanına onun yaşadığı evə gəlmiş, onu yaşadıqları evə çağırmış və onun anası Həqiqətdən aldığı pulları geri qaytarmağını tələb etmişdir. O, Tərlan və anası Həqiqətlə söhbət zamanı artıq Həqiqətə dediyi yalanları Tərlana da demiş, sonuncu ondan anası Həqəqətdən aldığı pulları qaytarmağını tələb etmiş, o, da Tərlana anası Həqiqətdən aldığı pulları 2022-ci ilin yanvar ayının 4-nə qaytaracağını demişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ondan polisə şikayət etmişdir. O, Zərərçəkmiş şəxs evinin yenidən tikdirilməsini təşkil etmək adı ilə hissə-hissə olmaqla aldığı ümumilikdə 11550 manat pulu heç kimə verməmiş, onun həmin vaxtı orada tikinti-bərpa işlərinin aparılması ilə bağlı heç bir tanışı olmamışdır. O, Həqiqətdən aldadıb aldığı həmin pulları əvvəllər müflis olduğuna və özünün maddi ehtiyaclarını qarşılamaq və maddi vəziyyətini düzəltmək məqsədilə almış, heç kəsə verməmişdir. Onun əvvəlcədən məqsədi və niyyəti Zərərçəkmiş şəxs pulunu ona yalan vədlər verib, onun etibarını qazanıb, onu inandırmaqla ələ keçirmək olmuşdur. Sonda o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək barışdığını, ona qarşı heç bir şikayət tələb olmadığını nəzərə alıb onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, 2020-ci ilin oktyabr ayında 2-ci Qarabağ-44 günlük Vətən Müharibəsi gedən vaxt yaşadığı Gəncə şəhəri, əvvəlki M.Hacıyev, indiki A.İmanquliyeva küçəsinə düşmən tərəfindən raket zərbəsinin endirilməsi nəticəsində Gəncə şəhəri, A.İmanquliyeva (M.Hacıyev) küçəsi 2-ci döngə ev 4-də yerləşən evi qəzalı vəziyyətə düşmüşdür. Həmin vaxt təkcə onun yox, eyni zamanda həmin küçədə yaşayan bir neçə şəxsin də yaşadığı evlər qəzalı və yararsız vəziyyətə düşmüşdür. Belə olan halda Azərbaycan Respublikası rəhbərliyinin diqqət və qayğısı sayəsində onların yararsız və qəzalı vəziyyətə düşən evlərinin təmir və bərpa işlərinə başlanılmış, bunun üçün müvafiq komissiya yaradılmış və həmin komissiya onun da yaşadığı evi təmirə ehtiyacı olan evlərin siyahısına əlavə etmişdir. Siyahıya alınma işləri başa çatdıqdan sonra 2021-ci ilin iyun ayında yararsız vəziyyətə düşən evlərin təmirtikinti işlərinə başlanılmış, bu vaxt həmin evlər müəyyən ardıcıllıqla təmir olunmağa başlanmışdır. Lakin bəzi şəxslərə məxsus evlər tam yararsız hala düşdüyünə görə onları bərpa etmək mümkün olmadığı üçün yerində yeni evlər inşa etməyə başlamışlar. Həmin ərəfədə onun yaşadığı evinin nə təmir, nə də ki, bərpa işlərinə başlanılmamışdır. Belə olan halda əvvəllər onunla qonşuluqda yaşayan və tanıdığı Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən iyul-avqust aylarında, dəqiq tarixini xatırlamadığı vaxtda onun yaşadığı Gəncə şəhəri, əvvəlki M.Hacıyev, indiki A.İmanquliyeva küçəsi 2-ci döngədə yerləşən 4 saylı evinə gəlmiş, ondan evinin təmir işlərinin başlayıb-başlamadığını soruşmuş, o, isə hər hansı təmir işlərinin başlamadığını demişdir. Bu vaxt İrza ona ətrafda yenidən inşası başlayan və bərpa olunan evləri göstərərək demişdir ki, həmin evlərdə təmir-tikinti işlərinin başlanmasını o, tezləşdirmiş, həmin tikinti işləri ilə məşğul olan şəxslərlə əlaqəsi var,ona məxsus evi təmir etdirmək yox, yenidən tikdirə bilər. İrza ona aralarında olan söhbət barəsində heç kimə deməməsini tapşırmışdır. İrza söhbət zamanı həmin işlərin həlli üçün 3000 manat pul lazım olduğunu demiş, o, da İrza ilə evinin yenidən sökülərək tikilməsini təşkil etməsi ilə bağlı razılaşmışdır. Sonradan isə İrza evi yenidən sökdürərək tikdirdirməyi üçün təxminən 10-15 min manat arası pul lazım olduğunu demişdir. Həmin vaxtı o, İrzaya o qədər pulunun hal-hazırda olmadığını demiş, sonuncu isə ona həmin pulu hissə-hissə də verə biləcəyini bildirmiş, o, da sonuncu ilə razılaşmışdır. Həmçinin İrza evi hansı formada istəyirsə, həmin formada tikinti planı-layihəni hazırlatmağı ona tapşırmış, o, da tikdirmək istədiyi evə dair plan-layihə hazırlatdırmışdır. İrza 2021-ci ilin iyul ayında, ola bilsin avqust ayında dəqiq yadında qalmayan tarixdə və gündə yaşadığı Gəncə şəhəri, əvvəlki M.Hacıyev, indiki A.İmanquliyeva küçəsi 2-ci döngədə yerləşən 4 saylı evinə tək gəlmiş, ondan həmin vaxt əvvəldən tapşırdığı evinin planını-layihəsini almış və ona müəyyən şəxslərlə evinin tikdirilməsi ilə bağlı danışıqlar aparmağa başladığını demişdir. Bundan sonra İrza ondan 2021-ci ilin iyul ola bilsin ki, avqust ayından başlayaraq hər dəfə müəyyən məbləğlərdə, yəni 300 manat, 500 manat, 1000 manat olmaqla noyabr ayına qədər olan müddət ərzində yaşadığı Gəncə şəhəri, əvvəlki M.Hacıyev, indiki A.İmanquliyeva küçəsi 2-ci döngədə yerləşən 4 saylı evində hissə-hissə olmaqla ümumilikdə 11550 manat pulunu almışdır. O, pulları İrzaya yaşadığı evdə ikilikdə vermiş, yanında heç kəs olmamış, İrza hər dəfə ona bu barədə heç kimin məlumatının olmamasını tapşırmışdır. O, hər dəfə İrzadan evinin təmir işlərinin başlamadığını soruşduqda, sonuncu müxtəlif bəhanələr gətirirmişdir. O, İrzanın verdiyi pulu geri qaytarmadığını, nə də ki, verdiyi pul qarşılığında hər hansı hərəkət etmədiyini gördüyü üçün ona xəbərdarlıq etmişdir ki, pulunu qaytarmasa və ya evinin tikilməsini həll etməsə ondan şikayət edəcək. İrza onun ona etdiyi xəbərdarlıqlarına heç bir məhəl qoymayırmış, ona deyirmiş ki, narahat olma onun evi qısa müddətdə tikiləcək, həm də İrza əksinə hər dəfə ona tapşırırmış ki, bu barədə heç kimin xəbəri olmasın. O, İrzadan onun evinin yenidən tikilməsi işini kiminlə həll etdiyini soruşan zaman İrza konkret olaraq ad çəkməmiş, yuxarıda oturan şəxslərlə iş gördüyünü demiş, bu baradə heç kimin məlumatının olmamasını təkrar-təkrar tapşırırmışdır. Ümumiyyətlə İrza 11550 manat pulu ondan, adını və vəzifəsini çəkmədiyi müəyyən şəxslərə işi sürətləndirmək və evin yenidən tikintisini təşkil etmək üçün rüsum formasında ödənişlər etmək adı ilə almışdır. Təqsirləndirilən şəxs ona aralarında olan söhbət barəsində heç kimə məlumat verməməyimi tapşırdığı üçün o, bu barədə ətrafda olan qonşulardan heç kimdən söz soruşmamışdır. Bir müddət sonra o, aradan bir neçə ay keçməsinə baxmayaraq evində heç bir iş görülmədiyini görüb, artıq İrzanın onu aldatdığını anlamış və bu barədə 2021-ci ilin dekabr ayında polisə ərizə ilə müraciət etmişdir. Onun qızı Şahid hal-hazırda Rusiya Federasiyasında yaşayır. Qızı Tərlan 2021-ci ilin dekabr ayında Gəncə şəhərinə qayıdan zaman onun Təqsirləndirilən şəxs evinin yenidən tikilməsi üçün pul verdiyini, lakin İrzanın həmin pulu geri qaytarmadığını biləndən sonra onu yaşadığı evə çağırmışdır. Evdə İrza ilə aralarında olan danışıqları qızı Tərlan özünə məxsus telefon vasitəsilə qeyd almışdır. Tərlan Rusiya Federasiyasında yaşamaq üçün gedən zaman həmin səs yazılarını 1 ədəd CD diskə köçürərək ona vermişdir. O, da həmin səs yazısını Gəncə şəhər Baş Polis İdarəsində işin istintaqını aparan müstəntiqə təqdim etmişdir. O, ilkin ərizə, izahat və ifadələrində özündə qeyd etdiyi qeydiyyat dəftərində olan yazıları düzgün hesablamadığı üçün İrzanın ondan evinin yenidən tikilməsini təşkil etmək adı ilə 11450 manat aldığını qeyd etmiş, lakin sonradan özündə olan dəftərdə apardığı hesablama zamanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs ondan dələduzluq yolu ilə aldığı pulun ümumi məbləği 11450 manat yox, 11550 manatdır, həmin pulun 11000 manatı ibtidai istintaq zamanı, 550 manat isə məhkəmədə işə baxılarkən ona ödənilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan hazırda tamamilə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur, barışmışdır. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial ərizədə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs ona verəcəyi 550 manatı tam şəkildə ödəmiş, ona hər hansı məbləğdə pul verəcəyi qalmamışdır. Gələcəkdə bununla bağlı heç bir iddiası və tələbi olmayacaqdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin razılığına əsasən ifadəsi elan olunmuş Şahid ifadəsində bildirmişdir ki, o, hal-hazırda Rusiya Federasiyasının Moskva şəhərində ailəsilə birlikdə yaşayır, dünyada yayılmış “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq istənilən vaxt Azərbaycan Respublikasına gələ bilməmişdir. Onun anası Zərərçəkmiş şəxs Gəncə şəhərində M.Hacıyev küçəsi, 2-ci döngədə yerləşən 4 saylı fərdi yaşayış evində tək yaşayır. Azərbaycan Respublikasına gedəndə o, anasının yaşadığı həmin evə gedir və Rusiya Federasiyasına qayıdana qədər orada qalır.2020-ci ildə baş vermiş İİ Qarabağ Müharibəsi zamanı Ermənistan Respublikasının Gəncə şəhərinə atdığı raket zərbələri nəticəsində anasının yaşadığı ev yararsız hala düşmüşdür. Həmin evlərin dövlət tərəfindən bərpa olunacağı barədə məlumatlar var imiş. Anası yaşlı qadın olduğuna görə yayılmış söhbətləri tam anlamamışdır. Həmin vaxt onlarla əvvəllər qonşuluqda yaşayan və tanıdıqları İrza adlı şəxs anasına yaxınlaşaraq guya onların evi müəyyən şəxslərə pul verilməklə yenidən tikiləcəyini təşkil edəcəyi barədə həqiqətə uyğun olmayan məlumatlar vermişdir. Anası isə İrzanın sözlərinə inanmışdır. İrza adlı şəxs anasını aldadaraq 2021-ci ilin avqust ayından noyabr ayına qədər olan dövr ərzində anasından müxtəlif vaxtlarda ümumilikdə 11550 manat pul almışdır. O, həmin müddət ərzində anası ilə müxtəlif vaxtlarda telefon vasitəsilə əlaqə saxlasa da, anası bu barədə ona heç bir söz deməmişdir. O, 2021-ci ilin dekabr ayında Azərbaycan Respublikasına gəldiyi vaxt İrza adlı şəxsin anasını aldadaraq 11550 manat pulunu ələ keçirdiyini və onu hər dəfə müxtəlif bəhanələrlə aldatdığını anasından öyrənmişdir. O, İrza adlı şəxsi yaşadıqları evəçağırmışdır. İrza adlı şəxs onunla söhbəti zamanı yenə də müxtəlif bəhanələr gətirərək guya onlara məxsus evi yenidən təmir etdirəcəyi, həmin evin təmiri üçün müəyyən işlər gördüyünü əsas kimi gətirərək onu da aldatmağa çalışmışdır. Həmin vaxt o, İrza adlı şəxsin anasından pul almasını gələcəkdə sübut etmək üçün özünə məxsus telefonla onun səs yazılarını qeyd etmişdir. Belə olan halda həmin səs yazılarını 1 ədəd DVD diskə köçürmüş və anasına vermişdir. Anası isə sonradan cinayət işi üzrə istintaq aparılan zaman onun anasına verdiyi səs yazısı qeydə alınmış diski istintaqa təqdim etmişdir. İrza anasına aralarında olan söhbəti heç kimə danışmamasını tapşırdığı üçün anası bu barədə heç kimə heç bir söz deməmişdir. Ona isə bir müddət təkid etdikdən sonra bu barədə danışmışdır. Təqsirləndirilən şəxs anasından aldığı 11550 manat pulun 11000 manatını geri qaytarmışdır. Yerdə qalan 550 manatını isə geri qaytarmamışdır. Cinayət işinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: 10 dekabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş fotoşəkildən görünür ki, Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Aida İmanquliyeva (əvvəlki Muxtar Hacıyev) küçəsi, 2-ci döngədə yerləşən 4 saylı fərdi yaşayış evi 2-ci Qarabaq müharibəsi zamanı atılan mərmi nəticəsində zərər görmüş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evinin tikdirilməsini təşkil etmək adı ilə dələduzluq yolu ilə aldığı pulu həmin ünvanda ələ keçirdiyini göstərir. “baxış keçirilməsi haqqında” 28 yanvar 2022-ci il tarixli protokoldan və diskdə olan səs yazılarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd DVD diskin içərisində 01 ədəd səs yazısı ilə bağlı fayl vardır. Həmin səs yazısı 30 dəqiqə 18 saniyədən ibarətdir. Səs yazısı Təqsirləndirilən şəxs səsi ilə başlayır. Həmin səs yazısı başlayan zaman Təqsirləndirilən şəxs Yeni il tətilindən sonra Zərərçəkmiş şəxs evinin tikintisinə başlayacağını söz verir. Həmçinin səs yazısında naməlum şəxs haqqında danışır. Zərərçəkmiş şəxs aldığı pulları həmin naməlum şəxsə verdiyini bildirir. Zərərçəkmiş şəxs onun evini təmir etdirmək üçün müəyyən şəxsdən razılıq aldığını bildirir. Şahid isə aralarında olan danışıqlar zamanı Təqsirləndirilən şəxs onun anası Zərərçəkmiş şəxs aldığı pulları geri qaytarmağı tələb edir. Şahid, həmçinin anasını hər dəfə müxtəlif bəhanələrlə aldadaraq 6 aydır ki, yaşadıqları evi təmir etdirmədiyini bildirir. Təqsirləndirilən şəxs isə 2022-ci ilin əvvəllərində onların yaşadıqları evin təmirinin başlayacağını, həmin evin təmiri başlamayacağı təqdirdə Zərərçəkmiş şəxs aldığı pulu geri qaytarmağı vəd edir. Təqsirləndirilən şəxs səs yazısında yenə də naməlum şəxsin adını çəkir və işin düzəlmədiyi halda 2022-ci ilin yanvar ayının 4-ü tarixində naməlum şəxsin həmin pulu geri qaytaracağını bildirir. Daha sonra işin düzəlməyinə dair and içir. Sonra isə müxtəlif bəhanələr gətirir. Zərərçəkmiş şəxs pula ehtiyacı olduğu üçün pulunu geri tələb edir. Təqsirləndirilən şəxs isə ona verilən pulu digər ehtiyacları üçün nəzərdə tutulan digər pullara qatmamasını tapşırdığını Zərərçəkmiş şəxs bildirir. Təqsirləndirilən şəxs yenə də Şahid həmin naməlum şəxsləri tanımadığını, iş barəsində Tərlanla yox, onun anası Həqiqət ilə razılaşdıqlarını bildirir. Daha sonra Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayının 4-ü tarixində yenə də işin başlamayacağı təqdirdə pullarını geri qaytaracağını bildirir. Həmçinin həmin naməlum şəxslərin bir nəfər yox, bir neçə nəfər olduqlarını, Həqiqətdən aldığı pulların bir neçə nəfərdə olduğunu bildirir. Təqsirləndirilən şəxs Şahid pulunu geri tələb edən zaman Təqsirləndirilən şəxs onunla yox, anası Zərərçəkmiş şəxs ilə razılaşdığını, “sözünün onunla tutduğunu” bildirir. Şahid isə bəhanələri davam etdirməməyini və onların pullarını geri qaytarmağı tələb edir. Təqsirləndirilən şəxs isə onunla naməlum şəxslərin arasını pis etməməklərini, onun barəsində şikayət edəcəyi təqdirdə işin düzəlməsi ilə bağlı müəyyən sözlər deyərək “canını qurtaracağını” bildirir. Şahid isə yenə də təkidlə ondan anası Zərərçəkmiş şəxs ona verdiyi pulları geri qaytarmasını tələb edir.Daha sonra Təqsirləndirilən şəxs Şahid bildirir ki, “fərz et ki, mən sənin dayınam, mənə elə bil ki, borc vermisən, gözlə məni, şikayət etmə, mən sənin pulunu iyirmi neçə gündən sonra qaytaracam”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin 45 nömrəli 07 yanvar 2022-ci il tarixli və Gəncə şəhər Narkoloji Dispanserinin 104 nömrəli 07 yanvar 2022-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Gəncə şəhər İcra Hakimiyyətinin 10 nömrəli 10 mart 2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə atılmış raket zərbələri nəticəsində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yenidən tikilməsi üçün Təqsirləndirilən şəxs Gəncə Şəhər İcra Hakimiyyətinə hər hansı bir müraciəti daxil olmamışdır. Gəncə şəhər İcra Hakimiyyətinin 03/35 nömrəli 09 yanvar 2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanı Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli 05 nömrəli sərəncamına əsasən Gəncə şəhəri, Muxtar Hacıyev küçəsi Aida İmanquliyeva adına dəyişdirilmişdir.Əlavə olaraq bildirilir ki, 2020-ci ilin sentyabr ayının 27-dən başlayaraq “Ermənistan Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 2292 nömrəli Sərəncamının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 noyabr tarixli 612s nömrəli Sərəncamı ilə Dövlət Komissiyasının işinin təşkil edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət İşçi qurapları yaradılmışdır. İşçi qrup tərəfindən Gəncə şəhərində mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi sahəsində işlər aparılmış, yaşayış evlərinə ziyan dəymiş mülki əhalinin siyahısı hazırlanmışdır. Müraciət müəllifinin yaşadığı ev qismən ziyan çəkmiş evlərin siyahısına salınaraq ev sahibinin imzası ilə akt (“təmir” kateqoriyası) tərtib edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 32 nömrəli Evlər üçlüyünün xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib aldatma yolu ilə zərərçəkmiş şəxsin pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsiilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsi halları nəzərə alındıqda, təqsirləndirilən şəxsə ən yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsi cəzanın CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərini təmin etmək üçün kifayət deyil. Bununla yanaşı məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını da əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı, cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-175/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-175/2023
02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver