Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-176/2023 17.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs, Müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1989-cu ildə Samux rayonu Çobanabdallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Samux rayonu Çobanabdallı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ 21074 minik markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “X18” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, yəni yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ilə Bəxtiyar Əliyev küçəsinin kəsişməsində üzü Gülüstan qəsəbəsi istiqamətində hərəkətdə olarkən həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almağa real imkanı olduğu halda bunu etməyərək hərəkətini əks istiqamətdən gələn avtomobillərin yoluna çıxmaqla davam etdirmiş, həmin vaxt avtomobil yolunu adi yerişlə sol tərəfdən sağ tərəfə keçən piyada X6 ehtiyatsızlıqdan vurub ona hər iki ağciyərin, plevranın, qaraciyərin cırılması, döş qəfəsinin sol tərəfində İİ-X qabırğaların məmə xətti üzrə, sağ tərəfində isə İİ- X qabırğaların ön qoltuqaltı xətt üzrə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızmanın olması, sol bud və qılça-qasıq sümüklərinin qapalı sınığı, alın, burun, sağ almacıq, sağ baldır nahiyələrinin sıyrıqları, sol bud nahiyəsinin qançırı xəsarətləri ilə nəticələnən və həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına, həmin xəsarətlərdən döş qəfəsinin, qarının müştərək qapalı küt travması nəticəsində çoxsaylı qabırğaların, sol bud, qılça-qasıq sümüklərinin sınması, döş və qarın boşluğu orqanların cırılmasından əmələ gələn hemorragik və travmatik şok nəticəsində ölməsinə, yəni yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması və ehtiyatızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilmiş əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Samux rayonu Çobanabdallı kəndində qeydiyyatda olmaqla yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün fərdi əməklə məşğuldur. Özü ailəlidir, iki azyaşlı övladı vardır. VAZ 21074 minik markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur, lakin maddi imkanı zəif olduğu üçün avtomobili adına sənədləşdirə bilməmişdir. 09 noyabr 2022-ci il tarixdə saat 08 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ 21074 minik markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ilə Gülüstan qəsəbəsi istiqamətində gedirmiş. Həmin vaxt avtomobildə tək olmuşdur. O, idarə etdiyi avtomobillə N.Nərimanov prospekti ilə Bəxtiyar Əliyev küçəsinin kəsişməsinə çatmağına az qalmış, mobil telefonuna zəng edən anası Sevda ona tez evə gəlməyini, atasının təzyiqinin qalxdığını bildirmişdir. O, artıq atasının dünyasını dəyişdiyini və anasının bu barədə ona demədiyini düşünmüş və özünü itirərək avtomobilinə qaz vermişdir. Həmin vaxt artıq N.Nərimanov prospekti ilə Bəxtiyar Əliyev küçəsinin kəsişməsini keçdiyi üçün məqsədi bir qədər irəlidə olan döngə ilə yaşadığı kəndə geri qayıtmaq imiş. Lakin bu zaman avtomobilinə nəyinsə dəydiyini hiss etmiş və özünü itirdiyi üçün və avtomobilə imkan tapıb tormoz verə bilməmişdir. Lakin sonradan özünə gəlmiş və avtomobilini saxlamışdır və maşından düşüb baxanda görmüşdür, bir nəfər tanımadığı, adı sonradan ona məlum olan piyada X6 avtomobilin ön hissəsi ilə vurmuşdur. O, dərhal sükandan yerə düşüb Firuzəyə yaxınlaşmış və həyəcandan ağlamağa başlamışdır. O, hadisə vaxtı ilkin olaraq yanına gələn Xalidə və Ramin adlı şəxslərin köməkliyi ilə piyada Firuzə Qocayevanı avtomobilin salonunun arxa oturacağına əyləşdirmişdir. Özü də, avtomobilin arxa oturacağına əyləşib Firuzəni baş nahiyyəsini dizlərinin üstünə qoymuşdur. Həmin vaxt o, Ramindən avtomobilini idarə etməsini xahiş etmişdir. Ramin avtomobilin mühərrikini işə salan kimi yaxınlıqda olan dövlət yol polisinin əməkdaşları onların yanlarına gəlmişdir. Adını bilmədiyi polis əməkdaşına piyada Firuzənin təcili xəstəxanaya aparılmasında köməklik göstərməsini xahiş etmişdir. Polis əməkdaşı xidməti avtomobilinin sayrışan işıqlarını yandıraraq onların önü ilə avtomobili idarə edib arxası ilə də, Ramin onun avtomobilini idarə edib Gəncə şəhəri 3 saylı Mərkəzi Xəstəxanasına getmişlər. Həkimlərin tibbi yardımına baxmayaraq Firuzə yol-nəqliyyat hadisəsi zamanı almış olduğu bədən xəsarətlərindən xəstəxanada ölmüşdür. Sonra o, polis əməkdaşlarına piyadanı vurmuş avtomobilin sürücüsü oldugunu bildirmişdir. Həmin vaxt polis əməkdaşları onu sərxoşluq həkiminə aparıb muayinədən keçirmişlər. Onun sərxoş olmadığı müəyyən edilmişdir. Sonra polislərlə birlikdə hadisə baş vermiş əraziyə qayıtmış və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmişdir və hadisə yerinin müayinəsində o özü də, iştirak etmişdir. Hadisənin baş verməsinə səbəb sükan arxasında telefonla danışmağı, telefonla danışdığı üçün diqqətsizliyi və avtomobilini saatda 70 kilometr surətlə idarə etməyi olmuşdur. Hərəkəti üçün təhlükə avtomobilinə hansısa bir küt əşyanın dəyməsini hiss etdiyi andan yaranmışdır. O, ümumiyyətcə piyadanın yolu keçməsini görməmişdir. Çünki həmin vaxt mobil telefonla danışmış, anası atasının təzyiqi qalxdığı üçün onu yaşadığı evə dəvət etmiş, başı telefona danışmağa və atasının səhətinin ağırlaşmağını eşitdiyinə qarışdığı üçün diqqətini yoldan yayındırmış və piyadanın avtomobil yolunu keçməsini ümumiyyətcə görməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət tələbi yoxdur. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, özü rəsmi olaraq heç bir yerdə işləmir, təqaütçüdür. Samux rayonu Çobanabdallı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. X1 arvadı idi. xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində yaşadığı evdə olan zaman qonşulardan eşitmişdir ki, arvadı X9 işə getmək üçün N.Nərimanov prospekti ilə yolu əks tərəfə keçən zaman həmin prospektlə yüksək sürətlə gələn sürücü, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 minik markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobillə arvadını vurmuş, sonra öz avtomobili ilə Gəncə X19 Xəstəxanasına aparmış, lakin arvadı Firuzə almış olduğu bədən xəsarətlərindən xəstəxanada ölmüşdür. Bundan sonra Gəncə şəhər X19 xəstəxanasına getmişlər və mərhum arvadı Firuzənin meyitini yaşadıqları evə gətirmişlər və həmin günü də dəfn etmişlər. Təqsirləndirilən şəxs ilə barışmışdır. Bu barədə notarial ərizəni məhkəməyə təqdim edərək, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq hər hansı bir yerdə işləmir. Samux rayonu Çobanabdallı kənd sakini Təqsirləndirilən şəxs, X1nı əvvəllər tanımamış, onlarla hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. 09 noyabr 2022-ci il tarixdə saat 08 radələrində yuxudan oyanıb siqaret almaqdan ötrü yaşadığı evi tərk edib prospektə çıxmış, Nəriman Nərimanov prospekti ilə mağazaya doğru hərəkət edən zaman ağ rəngli, dövlət qeydiyyat nişanı yadında qalamayan VAZ 2107 markalı avtomobilin sürücüsü, Bəxtiyar Əliyev küçəsi ilə Nəriman Nərimanov prospektinin kəsişməsinə bir nəfər qadını avtomobilin ön hissəsi ilə vurub irəli aparmışdır. Avtomobil dayanan kimi o və meyvə tərəvəz mağazasını işlədən qonşusu Xalidə ilə birlikdə dərhal piyadaya yaxınlaşmışlar, sürücü, adını sonradan bildiyi Təqsirləndirilən şəxs avtomobilin sükanından yerə düşüb piyada Firuzə Qocayevaya baxaraq ağlamağa başlamışdır. O, Xalidə və Orxan ilə birlikdə Firuzəni yerdən götürüb avtomobilin salonunun arxa oturacağına əyləşdirmişlər. Orxan da avtomobilin salonunun arxa oturacağına əyləşib Firuzə Qocayevanın baş nahiyyəsindən tutmuş, o da avtomobilin sükanına əyləşib mühərriki işə salmış və avtomobili Gəncə şəhər 3 saylı xəstəxanaya doğru idarə etmişdir. Xəstəxananın həyətində həkim briqadası xərəklə Firuzə Qocayevanı cərrahiyyə otağına aparmışlar. Sonra polis əməkdaşları Orxanı avtomobili ilə birlikdə hadisə yerinə aparmışlar. O da piyada yaşadığı evə getmişdir. Həmin günü təxminən saat 14 radələrində küçədə dayanmış şəxslərdən Firuzənin xəstəxanada öldüyünü eşitmişdir. İş üzrə şahid qismində dindirlmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, rəsmi olaraq Gəncə şəhər Baş Polis İdarəsinin X20 Xidməti bölüyünün yol patrul xidməti inspektoru vəzifəsində xidmət edir, polis baş serjantıdır. Samux rayonu Çobanabdallı kəndində qeydiyyatda olmaqla yaşıyan, VAZ 21074 minik markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və Gəncə şəhəri, 20 Yanvar küçəsi ev 135-də qeydiyyatda olmaqla yaşamış X1nı əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində birlikdə Gəncə şəhəri, N.Nərimanov prospektində xidmətdə olarkən BPİ-nin növbətçi hissəsindən məlumat daxil olmuşdur ki, N.Nərimanov prospekti ilə Bəxtiyar Əliyev küçəsinin kəsişməsində bir avtomobil piyadanı vurmuş, dərhal Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ilə Bəxtiyar Əliyev küçəsinin kəsişməsinə getmiş, həmin vaxt bir nəfər qadın, bir nəfər kişi sürücü Orxana köməklik göstərərək mərhum Firuzə Qocayevanı avtomobilin salonunun arxa oturacağına əyləşdirmişlər. Sonra onun müşayəti ilə mərhum X15 şəhər 3 nömrəli xəstəxanaya aparmışlar. Firuzəni həkim briqadasına təhvil verdikdən sonra sürücü Orxanı sərxoş olub-olmamasını yoxlamaq üçün narkoloji dispanserə aparıb yoxlatmışdır. Sonra sürücü Orxan ilə birlikdə yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə, N.Nərimanov prospektinə gəlmişlər və hadisə yerinə gəlmiş müstəntiqlə birlikdə hadisə yerini müayinə etmişlər. Hadisə yerinin müayinəsi zamanı müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs sürücülük hüququ olmaqla və ayıq vəziyyətdə idarə etdiyi VAZ 21074 markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ilə Bəxtiyar Əliyev küçəsinin kəsişməsində üzü Gülüstan qəsəbəsi istiqamətində qarşı hərəkət zolağı ilə hərəkətini davam etdirərkən əks hərəkət zolağında yolu soldan sağa keçən piyada X6 yolun sol tərəfindən mərkəzə tərəf 3.5 metr məsafədə vurmuşdur. Həmin avtomobil yolu yaşayış məntəqəsi daxilində olsada, sürücü həmin vaxtı avtomobili yüksək sürətlə idarə etmiş və avtomobillə piyadanı vurduqdan sonra avtomobilin qabağında piyadanı 50 metr aparıb irəlidə dayanmışdır. Sürücünün deməsinə görə piyadanın yola daxil olmasını görüb avtomobilə bir dəfə siqnal və bir dəfə də tormoz vermişdir. Sonradan onlara məlum olmuşdur ki, piyada, adı sonradan onlara məlum olan X9 yol-nəqliyyat hadisəsi zamanı almış olduğu bədən xəsarətlərindən xəstəxanada ölmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhər Təhlükəsizlik şəhər kamerasından götürülmüş görüntünün əks etdirildiyi DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, hadisə Gəncə şəhəri, N.Nərimanov prospekti ilə Bəxtiyar Əliyev küçəsinin kəsişməsindən üzü Gülüstan qəsəbəsi istiqamətinə getdikdə baş vermişdir. Baxış zamanı bir nəfər qadının B.Əliyev küçəsi ilə adi yerişlə N.Nərimanov prospekti istiqamətində gəlib avtomobil yolunu sol tərəfdən sağ tərəfə keçən zaman ağ rəngli VAZ-21074 markalı avtomobilin svetaforun yaşıl işığında hərəkətini yüksək sürətlə davam etdirib yolun sol tərəfindən mərkəzə tərəf 3 metr məsafədə həmin piyadanı vurmuş, avtomobillə piyadanı vurduqdan sonra avtomobilin qabağında piyadanı 50 metr aparıb irəlidə dayanmışdır. Bu zaman ətrafda olan şəxslərin həmin yerə yaxınlaşması müşahidə edilmişdir. Məhkəmə-tibb ekspertizasının 09 noyabr 2022-ci il tarixli 88 nömrəli rəyindən görünür ki, X1nın bədəni üzərində müəyyən edilmiş xəsarətlər — hər iki ağciyərin, plevranın, qaraciyərin cırılması, döş qəfənin sol tərəfində İİ-X qabırğaların məmə xəti üzrə, sağ tərəfində isə İl-X qarın ön qoltuqaltı xətt üzrə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızmanın o , sol bud və qalça-qasıq sümüklərinin qapalı sınığı, alın, burun, sağ almaçıq, 2 baldır nahiyələrinin sıyrıqları, sol bud nahiyəsinin qançırı - qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uygun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X1 ölümünə səbəb döş qəfəsinin, qarının müştərək qapalı küt travması nəticəsində çoxsaylı qabırğaların, sol bud, qalça-qasıq sümüklərinin sınması, döş və qarın boşluğu orqanların cırılmasından əmələ gələn hemorragik və travmatik şok olmuşdur. X1 bədənində müəyyən edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının 16 dekabr 2021-ci il tarixli 8/3255 nömrəli rəyindən görünür ki, VAZ 21074 minik markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X18” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hisəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimu verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X18” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən verilmiş 09 noyabr 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. DİN BƏSİİ-nin 28 dekabr 2022-ci il tarixli Tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2023-cü il 313-163/2-470/2023 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs AE 115504 saylı B dərəcəli sürücülük vəsiqəsi xx.xx.2015-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Samux rayon İHB-nın Çobanabdallı kənd İƏD-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Samux Rayon Mərkəzi X13 Şəxsin 20 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji kabinetdən dispanser qeydiyyatında yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X10 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 08:00 radələrində Təqsirləndirilən şəxs VAZ 2107 minik markalı ** OU *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını idarə edərkən avtoqəza hadisəsi baş vermiş, hadisə zamanı yoldaşı X9 xəsarət alaraq vəfat etmişdir. Lakin Təqsirləndirilən şəxs onu təcili olaraq xəstəxanaya çatdırmış və yardım göstərmişdir. Hazırda Təqsirləndirilən şəxs yoldaşının bütün dəfn xərclərini ödəmişdir. Odur ki, səmimi peşmançılıq keçirdiyinə görə onlar barışmış, buna görə də Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Gələcəkdə də heç bir iddia və tələbi olmayacaq. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 08:54 radələrində etibarnamə əsasında ayıq vəziyyətdə idarə etdiyi VAZ 21074 minik markalı **-OU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri Bəxtiyar Əliyev küçəsi ilə Nəriman Nərimanov prospektinin kəsişməsində üzü Gülüstan qəsəbəsi istiqamətində hərəkətdə olarkən “X18” Aərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib yolun sol tərəfindən sağ tərəfinə keçən piyada X7 avtomobilin ön sol tərəfi ilə vuraraq ehtiyatsızlıqdan sonuncunun döş qəfəsinin, qarının müştərək qapalı küt travması nəticəsində çoxsaylı qabırğaların, sol bud, qalçaqasıq sümüklərinin sınması, döş və qarın boşluğu orqanların cırılmasından əmələ gələn hemorragik və travmatik şok olması nəticəsində ehtiyatsızlıqdan X3 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 №-li Qərarının 1-ci bəndinə əsasən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixioloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, təqsirləndirilən şəxs tərəfindən maddi və mənəvi zərərin ödənilməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ondan tələbinin və şikayətinin olmamasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini məhkəmələr sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası həddində təyin ediləcək azadlıqdan məhrum etmə cəzası, onun cəza çəkmədən islah olunması mümkün hesab edilməklə, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq, şərti olaraq tətbiq edilməlidir. Bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini və şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini həll etməlidir. Qanunvericiliyin qeyd edilən tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 1 (bir) il sınaq müddəti müəyyən olunmalı və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. İş üzrə maddi sübut qismində tanınmış VAZ 21074 minik markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə xərci 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin. Sınaq müddəti 1 (bir) il müəyyən edilsin və hökmün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin və onun üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. İş üzrə maddi sübut qismində tanınmış VAZ 21074 minik markalı, ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs geri qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-176/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-176/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver