Məhkəmə qərarları › İş №1(125)-177/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-177/2025

12.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-177/2025 12.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Umud oğlunun sədrliyi, məhkəmə iclas katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və müdafiəçilər - Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi və X3 iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmaqla idarə edib yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə saat 19:15-də etibarnamə əsasında idarə etdiyi “Volkswagen Passat” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Atatürk prospekti ilə geriyə hərəkətdə olarkən «X10» Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək Gəncə şəhəri, Atatürk prospekti 256 ünvanında yerləşən Gəncə Şəhər Məhkəməsinin inzibati binası ilə üzbəüz yolu sağdan sola keçmək istəyən piyada Zərərçəkmiş şəxs yolun sağ hissəsində idarə etdiyi avtomobilin arxa hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə Zərərçəkmiş şəxs “sağ qasıq sümüyünün cisminin xətti sınığı, sol qalça sümüyünün və sol qasıq sümüyünün cisminin qəlpəli sınıqları” ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə nəticələn yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə vaxtı istifadəsində olmuş "Volkswagen Passat” minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsus olsada həmin avtomobili etibarnamə əsasında o, idarə etmişdir. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2024-cü il tarixdə təxminən saat 19:15 dəqiqələrində o, idarə etdiyi "Volkswagen Passat minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Atatürk prospektində Gəncə Şəhər Məhkəməsinin bərabərliyində geriyə hərəkət edərkən yolu "Al" market tərəfdən digər tərəfə, yəni Gəncə Şəhər Məhkəməsi tərəfə keçmək istəyən piyada adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs vurmuş və həmin şəxs yıxılmışdır. Bundan sonra o, avtomobildən yerə düşərək Zərərçəkmiş şəxs yaxınlaşmış, ondan xəsarət alıb-almamasını soruşmuş və Şahmarı yerdən qaldırmışdır. Bundan sonra Şahmara avtomobilə mindirirərək xəstəxanaya aparmağı təklif etsə də, Zərərçəkmiş şəxs bundan imtina etmişdir. X6 özü ona oradan uzaqlaşmasını demişdir. O, evə getdikdən sonra atası ilə birlikdə hadisə olan yerə gəlmiş və Şahmarın işlədiyi yerdə olan şəxslərdən Zərərçəkmiş şəxs harada olmasını soruşmuşdur. Oradakı şəxslərdən Zərərçəkmiş şəxs mobil nömrəsini alaraq atası Şahmara zəng etmiş və sonuncu heç bir şey lazım olmadığını bildirmişdir. Hətta onlardan soruşsalar da elə bir hadisənin olmadığını, "vətəndaşın özü ilə əlaqə saxlayın" sözünü demişdir. Ertəsi gün yenidən atası Şahmar ilə əlaqə saxlamış, Şahmar evə həkim gəldiyini bildirmiş, buna görə də atası yaşadığı ünvana getmək istədiyini, köməklik edə biləcəyini demişdir. Sonra atasının səhhətində problem yarandığından əlaqə saxlaya bilməmişdir. Üzərindən 4 gün keçdikdən sonra atası Şahmar ilə əlaqə saxlamaq istəmiş, lakin həmin şəxs telefona cavab verməmişdir. Sonra Şahmarın yaşadığı ünvana getmiş, lakin həmin şəxs onları qəbul etməmişdir. xx.xx.2024-cü il tarixdə o, Bakı şəhərində olarkən polis əməkdaşları ona zəng edərək yol-nəqliyyat hadisəsi olduğunu bununla bağlı Gəncə şəhərinə gəlməli olduğunu bildirmişlər. Bundan sonra xx.xx.2024-cü il tarixdə Gəncə şəhərinə gəlmiş, sonra onlar hadisə yerinə getmiş, hadisə yerini müayinə etmişlər. Bundan sonra isə o, narkoloji dispanserə getmiş orada sərxoşluq müayinəsindən keçmiş və sərxoş olmadığı müəyyən olunmuşdur. Həmin gün yenidən Şahmarın yaşadığı ünvana getsə də, Şahmar onları qəbul etməmiş və ünvanlarına nalayiq ifadələr işlətmişdir. Hadisənin baş verməsinə səbəb onun piyadanı görməməyi və diqqətsizliyi olmuşdur. Hadisə baş verərkən avtomobildə onunla birlikdə nişanlısı Şahid3 olmuşdur. Sonda təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini sonuncunun bundan imtina etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:15 radələrində o, Gəncə şəhəri, Atatürk prospektində işlətdiyi obyektdən çıxıb evə gedən zaman yolun sağ tərəfindən Gəncə Şəhər Məhkəməsi tərəfə keçmək istəmiş lakin bu zaman sağ tərəfindən gələn adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Passat” minik markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa tərəfi ilə onu vurmuşdur. Vuran zaman o yıxılmışdır. Bundan sonra avtomobilin sürücüsü və ətrafdakı şəxslər ona yaxınlaşaraq onu yerdən qaldırmışdırlar. Bundan sonra o, sürücü Fuada getməsini bildirmişdir. Sonra isə tanımadığı şəxslər onu yaşadığı ünvana gətirmişlər. Hadisə nəticəsində xəsarət almışdır. Təqsirləndirilən şəxs hadisədən bir neçə gün sonra onunla əlaqə saxlamış və ona qarşı laqeyd münasibət bəsləmiş və bu səbəbdən də onların barışıq cəhdlərinə müsbət cavab verməmişdir. Hazırda isə təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmənin iclasında Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun nişanlısıdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində nişanlısı Təqsirləndirilən şəxs idarə etdiyi “Volkswagen Passat” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, Atatürk prospekti ilə arxaya doğru idarə edərkən avtomobil yolu sağdan sola piyada keçən yaşlı bir adama dəymişdir. Bu zaman Fuad avtomobili dərhal saxlamış və onlar avtomobildən enmişdir. Onlar avtomobildən endikdən sonra Fuad həmin şəxsə yaxınlaşaraq ilkin tibbi yardım göstərmiş və həmin şəxsi xəstəxnalardan birinə aparmaq istəmişdir. Lakin həmin şəxs Fuad ilə razılaşmayaraq Fuaddan çıxıb getməsini istəmişdir. Bundan sonra Fuad avtomobilə əyləşərək onu yaşadığı ünvana aparmışdır. Məhkəmənin iclasında Şahid2 ifadəsində bildirmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiq edir. 21 noyabr 2024-cü il tarixində iş yoldaşı Şahid1lə birlikdə xidmətdə olan zaman saat 19 radələrində növbətçi hissədən məlumat vermişlər ki, Gəncə şəhəri Atatürk prospektində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisəni bir başa görməmiş və baş vermiş hadisə barədə ətrafdakı şəxslərdən məlumat almışdır. Məhkəmə iclası zaman Şahid1 ibtidai istintaqa vermiş olduğu ifadəsi elan edilmiş və o da digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 05 dekabr 2024-cü il tarixdə “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri Baş Polis İdarəsinin İTİ-nin TŞ-nin təhqiqatçısı polis baş leytenantı Hüseynalı Məhərrəmov tərəfindən hadisəsinin baş verdiyi yerə baxış keçirilmiş, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiziası Mərkəzinin yolnəqliyyat hadisələri ekspertizasının 28 yanvar 2025-ci il tarixli, 8/22 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Volkswagen Passat markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X10” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 13-cü hissənin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizia və Patoloji Anatomiya” Birliyi publik hüquqi şəxsinin 14 yanvar 2025-ci il tarixli, 38 nömrəli rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ qasıq sümüyünün cisminin xətti sınığı, sol qalça sümüyünün və sol qasıq sümüyünün cisminin qəlpəli sınıqları – küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə , yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. DVD diskə baxış protokolundan görünür ki, 21 noyabr 2024-cü il tarixdə saat 19:15də Gəncə şəhəri Atatürk prospektində yerləşən Gəncə Şəhər Məhkəməsinin bərbərliyində olan mağazaların qarşısında “Volkswagen Passat” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil arxaya doğru hərəkət edərək piyadaya dəyir və piyada yerə yıxılır. “Volkswagen Passat” minik markalı, **-EN-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsi törətdikdən sonra avtomobildən düşür. Ətrafda olan hadisəni görən şəxslərdə hadisə yerinə yaxınlaşır və bundan sonra videogörüntü bitir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16-3/2-6605-2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək sürücülük vəsiqəsi verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. xx.xx.2024-ci il tarixli 5041/2024-cü il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı, yəni xx.xx.2024-cü il tarixdə ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2025-ci il tarixli, 2354 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1771 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yedddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, lakin zərərçəkmiş şəxsin bununla razılaşmamasını nəzərə alır və bu halları təqsirləndirilən şəxsi müsbət xarakteriza edən hal kimi qiymətləndirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM 58.3), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhdudlaşdırılması cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı onun Probasiya şöbəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 128 (yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Yuxarıda gösətrilənlərin məcmusu olaraq məhkəmə yekunda gəldiyi nəticəni onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamış, hadisədən dərhal sonra zərərçəkmişə yardım göstərmiş, zərərçəkmiş özü də etiraf edir ki, ona xəstəxanaya aparmağı təklif etmiş, Təqsirləndirilən şəxs yaxın qohumları zərərçəkmiş şəxsin ünvanına gələrək onunla barışmaq və ziyanı ödəmək istəmiş, lakin zərərçəkmiş şəxs özü bundan imtina etmişdir (məhkəmə iclasında zərərçəkmiş şəxs də bu faktı təsdiq etmişdir). Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərində ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Volkswagen Passat” minik markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar