Məhkəmə qərarları › İş №1(125)-178/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-178/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-178/2023 05.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu Qədimqala kəndində yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak midqarından artıq miqdarda, yəni 11.95 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, Azərbaycan Respulikası DİN-nin BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 avqust 2022-ci il tarixdə, saat 04:15-də Şəmkir rayonu, Qədimqala kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhər Atatürk prospekti 41 ünvanında yerləşən Azərbaycan Respulikası DİN-nin BNMİ-nin QBRŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli polietilen kəsiyi bükümündə 11.95 qram təmiz çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Qədim Qala kəndində yaşayır. Uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisidir. 2022-ci ilin avqust ayının sonlarında yaşadığı kənddə su kanalının yanında yabani şəkildə yetişdiyini görmüş və onu ordan qoparıb özündə saxlamışdır. 23 avqust 2022-ci il tarixdə saat təxminən 23:00 radələrində yaşadığı Şəmkir rayonu Qədim Qala kəndində ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişdirlər. Onun üzərində qanunsuz olaraq narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirmiş barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdıkdən sonra onu BNMİ-nın QBRŞ-nə dəvət etmişdirlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsı axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o əynində olan şalvarının sol yan cibindən Samsung markalı mobil telefonunu, sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilsə də heç nə aşkar edilməmişdir. Ona məxsus mobil telefonu ona izah edilməklə götürülmüşdür. Bundan sonra həmin sellofan bükümə baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisindən tünd yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Təqdim etdiyi büküm elektron tərəzi ilə çəkildikdən sonra içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Əməlindən peşmandır, məhkəmədən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, O, DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bildirir ki, Şəmkir rayonu, Qədim Qala kəndində yaşayan xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək Şəmkir rayonu ərazisində satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 04:15 radələrində Şəmkir rayonu, Qədim Qala kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq QBRŞ-ə gətirilmiş və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 07:00-da şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsində müdafiəçi X7 iştirakı ilə hüquqları izah edildikdən sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Bundan sonra ondan üzərində hər hansı qanunsuz əşyanın olubolmadığı soruşulmuş və bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibində olan 1 ədəd “Samsung” markalı telefonunu, sağ yan cibindən isə 1 ədəd sellofan bükümü təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni öz istifadəsi üçün həyətində əkdiyi 1 ədəd çətənə kolundan əldə etdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş başqa narkotik vasitə və ya hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Tez-tez ona parnikdə ştillərin alınması üçün müraciət edir. Hər ikisi narkotik vasitə istifadəçisidirlər. Arabir görüşərək biryerdə narkotik vasitədən istifadə edirlər. 2022-ci ilin avqust ayında DİN-nin BNMİ-nin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində saxlanmışdır. Hazırda Şəmkir Rayon Məhkəməsində barəsində aparılmış cinayət işi üzrə məhkəmə baxışı davam edir. Özünü həmin maddə üzrə təqsirli bilmir, o yalnız narkotik vasitənin istifadəçisidir, heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamışdır. Yalnız birlikdə narkotik vasitədən istifadə etmişlər. Barəsində aparılan istintaq çərçivəsində üzərində keçirilmiş şəxsi axtarış zamanı narkotik vasitənin Təqsirləndirilən şəxs almasını təzyiq altında demiş, hazırda şəxsi axtarış zamanı verdiyi izahatı inkar edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətinin aparılmasının görüntülərini əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, DİN-nin BNMİ-nin TQ-nin təhqiqatçısı polis kapitanı X5, DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X7 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulmuş və bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibində olan 1 ədəd “Samsung” markalı telefonunu, sağ yan cibindən isə 1 ədəd sellofan bükümü təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni öz istifadəsi üçün həyətində əkdiyi 1 ədəd çətənə kolundan əldə etdiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və üzərində qanunla dövriyyəsi qadağan edilmiş başqa narkotik vasitə və ya hər hansı qanunsuz əşya aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükülü içərisindəki kütlə ilə birlikdə tərəzidə çəkilir və həmin kütlənin sellofan bükümlə birgə ümumilikdə çəkisinin 13 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Məhkəmə-bioloji ekspertizasının 24 avqust 2022-ci il tarixli 16/1014 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəkki, üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd ağ rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 11,95 qram bitki mənşəli kütlə, tərkibindən narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 28 oktyabr 2022-ci il tarixli 1609 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi mualicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Əlavə məhkəmə-bioloji ekspertizasının 24 avqust 2022-ci il tarixli 16/1015 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..” sözləri və imzalar olan kağız paketdəki marixuana ilə, üzərində “Əliyev Elçinin əlindəki sellofan bağlamadan aşkar edilmiş kütlə..” sözləri və imzalar olan kağız paketdəki marixuana tərkiblərinə görə eynidirlər. Məhkəmə istintaqında 25 oktyabr 2022-ci il tarixdə Azercell MMC-dən daxil olmuş diskə baxış keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə müxtəlif mobil nömrələr smslər, zənglər daxil olmuş, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən digər mobil nömrələr zənglər edilmiş, smslər yazılmışdır. Lakin iş üzrə əhəmiyyət kəsb edəcək biləcək heç bir sms, zəng aşkar edilməmişdir. “Əşyaya baxış keçirilməsi haqqında” 30 sentyabr 2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş telefona Gəncə Şəhər Baş Polis İdarəsinin İTİ-nin müstəntiq Pərviz Qasımov tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, telefonun zənglər və mesajlar bölməsində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə müxtəlif nömrələrdən zənglər və mesajlar gəlmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən müxtəlif nömrələrə zənglər və mesajlar getmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı telefonun zənglər, mesajlar və qalereya bölməsində iş üzrə əhəmiyyət kəsb edən heç bir zəng, mesaj, şəkil və videogörüntü aşkar edilmədi. Şəmkir RPŞ-də X2 üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı istifadə edilmiş video görüntü cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin video görüntülərə məhkəm istintaqında baxış keçirilmiş, baxış zamaı müəyyən edilmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qurupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyev, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkilli Faiq Əliyev, Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin kiçik inspektoru polis baş serjantı Taleh Novruzov, müdafiəçi Elçin Həsənovun iştirakı ilə şübhəli şəxs X3 üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Elçin Əliyev şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra X1 əlində olan ağ rəngli polietilen torbanı, əynində olan qəhvəyi rəngli gödəkcənin sağ yan cibindən 2 ədəd “KENO” markalı siqaret qutusunu və mobil telefonu, həmin gödəkcənin sol yan cibindən 1 ədəd samsung markalı telefonu təqdim etmişdir. Bundan sonra Elçin Əliyevin üzərinə şəxsi axtarış keçirilir şəxsi axtarış zamanı Elçin Əliyevin üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansısa əşya və predmet aşkar edilməmişdir. Elçin Əliyevin təqdim etdiyi sellofana baxış zamanı içərisində qara rəngli sellofan bağlama müyyən olunur həmin bağlamaya baxış keçiriən zaman ilk görüşündən narkotik vasitə marixuanaya oxşar kütlə olması müəyyən olunur. Daha sonra Elçin Əliyevin üzərindən aşkar edilmiş bükümün çəksinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkilmişdir. Sellofan bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 0,291 qram, olması müəyyən edilmişdir. Həmin sellofan büküm ağ rəngli kağız ilə qablaşdırılmışdır. Bundan sonra həmin bükümün üzəri DİN-nin möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Elçin Əliyev 20 ildir ki narkotik vasitə isitfadə edir təqdim etdiyi bükümü şəxsi istifadəsi və satmaq üçün üzərində gəzdirdiyini həmin bükülünü Qədimqala kənd sakini Ruslan Abbasovdan aldığı bildirmişdir. 06 yanvar 2023-cü il tarixli Ərizədən görünür ki, X8 ərizə ilə müraciət edərək ifadə verməkdən və Təqsirləndirilən şəxs ilə üzləşməkdən imtina etmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Şəmkir Rayon Konsultativ Poliklinikasının 17 sentyabr 2022-ci il tarixli Arayışından görünür ki, Təqsirləndirilən şəxs psixatrik kabinetdə qeydiyyatda olmamışdır. 13 yanvar 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 11,85 qram narkotik vasitə qurudulmuş marixuana Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, cinayət işinə əlavə edilmiş 24 avqust 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişlərin bir ədəd "xxxx" disk, 24 avqust 2022-ci il tarxdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra X2 üzərində şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişlərin bir ədəd "xxxx" disk və Azercell MMC-dən daxil olmuş bir ədəd CD disk iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak midqarından artıq miqdarda, yəni 286.95 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 286.95 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan həmin marixuananın 275 qramını 23 avqust 2022-ci il tarixdə Şəmkir rayonu Qədimqala kəndində yaşadığı evdə tanışı X6 700 manat müqabilində qanunsuz olaraq satmış, 11.95 qramını isə satış məqsədi ilə üzərində daşıyaraq saxlamışdır. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri məhz “satış məqsədi ilə” əldə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş narkotik vasitələri heç kimə satmaq niyyətinin olmadığını və satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini, yəni narkotik vasitəni və psixotrop maddəni satış niyyəti ilə əldə etməsini X2 üzərində aparılan şəxsi axtarış zamanı sonuncunun narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirməsi və əlavə məhkəmə-bioloji ekspertizasının 24 avqust 2022-ci il tarixli 16/1015 nömrəli rəyinə əsasən hər iki şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin tərkibini eyniliyi ilə əsaslandırmışdır. Halbuki, təqsirləndirilən şəxsin ifadələrindən məlum olur ki, o, narkotik vasitəni heç kimə satmamışdır. X2 üzərində aparılan şəxsi axtarış zamanı sonuncunun narkotik vasitəni Təqsirləndirilən şəxs alması faktının təsdiqi məqsədilə X8 ibtidai istintaq zamanı şahid qismində dindirilməli olduğu halda, dindirilməmişdir. Təqsirləndirilən şəxs də ibtidai istintaq müddətində öz ifadəsində narkotik vasitəni Elçin Əliyevə satmasını təsdiq etməmişdir. Cinayət işi materiallarında X2 Təqsirləndirilən şəxsla üzləşməkdən və ifadə verməkdən imtinası barədə Ərizəsi olsa da, bu ərizə də Təqsirləndirilən şəxs narkotik vasitəni ona satmasını sübut edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Əlavə məhkəmə-bioloji ekspertizasının 24 avqust 2022-ci il tarixli 16/1015 nömrəli rəyinə əsasən hər iki şəxsin üzərində aşkar edilmiş narkotik vasitənin tərkibini eyniliyi məsələsinə qiymət verərək məhkəmə hesab edir ki, şəxslərin bir birini tanıması məhkəmə istintaqı zamanı müəyyən edilmişdir. Onların hər ikisində olan narkotik vasitənin tərkib eyniliyi həmin narkotik vasitənin yalnız əvəzli verilməsi nəticəsində deyil, əvəzsiz mübadilə edilməsi və ya onların narkotik vasitəni eyni mənbədən əldə etmələri nəticəsində ola bilər. Bundan əlavə iş materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxsin digər şəxslərə yazdığı mesajları əks etdirən CD diskdəki iş üzrə əhəmiyyət kəsb edən heç bir məlumat aşkar edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin büküm sayı və miqdarı yuxarıda göstərilən Plenum Qərarına əsasən satış faktının mövcudluğu nəticəsinə gəlinməsinə əsas vermir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara özü tərəfindən bükülməsi, onların hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan metamfetamini və tiryəki satış məqsədi ilə əldə edib saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə marixuananı əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2- ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. İş materiallarında əlavə edilmiş 24 avqust 2022-ci il tarixli “Şübhəli şəxs tutma” Protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 26 avqust 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni 24 noyabr 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Ev dustaqlığının son müddəti 24 noyabr 2022-ci il müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 28 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək 03 (üç) ay şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlandığı və ev dustaqlığı qətimkan tədbiri müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 (altı) ay müddətin ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs cəzasının əvvəli yaşayış yeri üzrə probasiya orqanında qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 28 oktyabr 2022-ci il tarixli 1609 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 11,85 qram olan narkotik vasitə marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişlərin bir ədəd "xxxx" disk, 24 avqust 2022-ci il tarxdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra X2 üzərində şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişlərin bir ədəd "xxxx" disk və Azercell MMC-dən daxil olmuş bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 64.80 (altmış dörd manat, səksən qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 avqust 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək 03 (üç) ay şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlandığı və ev dustaqlığı qətimkan tədbiri müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 (altı) ay müddətin ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 11,85 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişlərin bir ədəd "xxxx" disk, 24 avqust 2022-ci il tarxdə keçirilmiş əməliyyataxtarış tədbirlərindən sonra X2 üzərində şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişlərin bir ədəd "xxxx" disk və Azercell MMC-dən daxil olmuş bir ədəd CD cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 64.80 (altmış dörd manat, səksən qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar