Məhkəmə qərarları › İş №1(125)-178/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-178/2025

04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-178/2025 04.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, 3-cü mik, ev 10, mənzil 7-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Natəvan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 0,628 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 18:25 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsi ilə Z.Hacıyev küçələrinin kəsişməsində saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nə gətirilib həmin gün üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ kağız bükümdə olan bir ədəd sarı kağız bükümdə təmiz çəkisi 0,628 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, xx.xx.2024-cü il tarixdə mağazaya gedərkən yerdən siqaret qutusu görmüş və götürmüşdür. Qutunun içərisində 2-3 ədəd siqaretin olmuşdur. Daha sonra isə mağazaya girmiş, oradan çıxdıqda polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitənin üzərində saxlamasında və istifadə etməsində şübhəli olduğunu bildirmiş və onu şöbəyə dəvət etmişlər. O, şöbəyə gəlmiş və tapdığı qutunu təqdim etmişdir. Dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, əvvəllər narkotik vasitə marixuanadan istifadə etmişdir. O, tapdığı siqaret qutusunu içərisində siqaretdən başqa nəsə olduğunu bilməmişdir. O, daha sonra bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona psixi və ya fiziki zor tətbiq edilməmiş, tapdığı narkotik vasitədən istifadə etməmiş, siqaret qutusunu əlində saxlamış, lakin içində narkotik vasitə olmasını sonradan bilmişdir. Sədirlik edənin sualına cavab olaraq narkotik vasitədən sonuncu dəfə tutulmamışdan 7-8 ay öncə istifadə etdiyini qeyd etmişdir. O, içində narkotik vasitə olan siqareti əlində saxladığı üçün həmin narkotik vasitənin özünə məxsus olmasını qəbul edir və verilən ittiham üzrə özünü təqsirli bilir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Təqsirləndirilən şəxs əvvəllər tanımadığını, sonuncunu Gəncə şəhər, Ü.Hacıbəyli küçəsi ilə Z.Hacıyev küçəsinin kəsişməsində saxladıqlarını, narkotik vasitə və psixotrop maddələrin saxlamasında və istifadəsində şübhəli olduğu üçün onu Gəncə şəhər BPİ-nin 2-ci PŞ-yə dəvət etmişlər. Üzərinə baxış keçirilməzədən əvvəl üzərində qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə, o cümlədən qanunla qadağan edilən əşya vardırsa təqdim etməsi təklif edilmişdir. O, könüllü olaraq üzərində olan bükülünü çıxarıb təqdim etmiş və onun metamfetamin olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Müdafiəçinin sualına cavab olaraq Təqsirləndirilən şəxs daxil olmuş məlumat əsasında saxladığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verərək onun ifadəsini tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır.(i.v.1); - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək həmin tarixdə saat 18:25 dəqiqədə tutulmuşdur.(i.v.11, 21); - xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və cinayət işinə əlavə edilmiş DVD diskdən görünür ki, Gəncə şəhər BPİnin 2-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru X3, baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, əməliyyat müəkkili polis kapitanı Şahid2 və vəkil X2 iştirakları ilə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli daha sonra sarı rəngli kağıza bükülən bükümü çıxarıb təqdim etmişdir. Büküm elektron tərəzidə çəkilərək 1,25 qram olduğu müəyyən edilmiş, sonra kütlə qablaşdırılıb zərfə qoyulmuş və DİN-in 120 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. (i.v.30); - ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 30,40 (otuz manat qırx qəpik) manat müəyyən edilmişdir(i.v.42); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2024-cü il tarixli 16/563 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki bir ədəd ağ kağız bükümdə olan bir ədəd sarı kağız bükümdə təmiz çəkisi 0,628 qram olan maddə, kustar üsulla hazılanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,628 qram, tədqiqata sərf edildi - 0.05 qram, qalıq - 0.578 qram. (i.v.43); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v.62); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilmişdir.(i.v.71); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.79); - Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 920 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəsətliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür.( i.v.85); - Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 4480 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur.(i.v.88); - DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə həmin məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir. Gəncə Şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsilə cinayət işinin icraatına xitam verilmişdir. Gəncə Şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 186.2.2-ci maddələrilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 3 ay 12 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v.93); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 4474 saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur.(i.v.96); - Gəncə şəhər Probasiya şöbəsinin Gəncə şəhər Baş Pİ-nin sorğusuna cavab olaraq ünvanladığı məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəza müddətinin xx.xx.2024-cü il tarixdə başa çatmalı olmasına baxmayaraq, o, şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə təkrar cinayət törətdiyinə görə Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsini nəzərə alaraq şəxsi işi qeydiyyatdan çıxarılmamışdır.(i.v.111); - xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilmiş və tutulub istintaqa təqdim edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır.(i.v.112); - xx.xx.2025-ci il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan və ”cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 radələrində Gəncə şəhər BPİ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmiş və dayandırılmış cinayət işinin icraatı təzələnmişdir.(i.v.125, 129); - xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin dəyişdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarət altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir.(i.v.131- 132); - xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinə Təqsirləndirilən şəxs barəsində heç bir mənfi məlumat daxil olmamışdır.(i.v.137); - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,628 qram psixotrop maddə metamfetamin, üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk, təqsirləndirilən şəxsin və şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, ekspertlərin rəyləri, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir( i.v.138-148); Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan metamfetamin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə tövsifedilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Belə ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən 3 ay 12 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. O, şərti olaraq cəzanın çəkilməmiş hissəsi ərzində, yəni 15 may 2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından dəfələrlə çox olması təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması üçün inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, narkotik vasitənin miqdarından şəxsi istehlak miqdarından dəfələrlə çox olması onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 7(010)-199/2024 saylı, 03 aprel 2024-cü il tarixli qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən çəkilməmiş qalan ilə 3 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin oluncaq azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şühbəli şəxs qismində tutulduğu (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalından həbs edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təhqiqata İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan psixotrop maddənin ekspertizadan sonrakı qalığı – 0,578 qram çəkidə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən ( Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli qərarına əsasən dəyişiklik nəzərə alınmaqla) Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi yardıma görə Gəncə şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 220 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin 7(010)-199/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Məhkəməsinin 1(043)-115/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Suraxanı Rayon Məhkəməsinin 7(010)-199/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən çəkilməmiş qalan 03 (üç) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan psixotrop maddənin ekspertizadan sonrakı qalığı – 0,578 qram çəkidə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 220 (iki yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar