Məhkəmə qərarları › İş №1(125)-179/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-179/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-179/2023 30.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatında olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talama məqsədi ilə 20 avqust 2022-ci il tarixdə, saat 11:55 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən “Bayraq Meydanın” giriş hissəsində səki ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs bir qədər təqib edib arxadan yaxınlaşaraq onun sol qolaltı hissəsində saxladığı içərisində 11 ədəd 100 manatlıq əsginas, 170 manat ekvivalentində 100 ABŞ dollarlıq əsginas, 1 ədəd 20 manatlıq əsginas, 1 ədəd 10 manatlıq əsginas, 5 ədəd 5 manatlıq əsginas, 3 ədəd 1 manatlıq əsginas, 1 ədəd 160 manat dəyərində “Redmi Note 5A Prime” markalı mobil telefon, 1 ədəd "xxxx" ASC-yə aid pensiya kartı, 1 ədəd "xxxx" ASC-yə aid “Fermer Kartı” və 1 ədəd 2 manat dəyərində açar olan qara rəngli dəri materialdan olan 30 manat dəyərində “Gucci” markalı çantanı açıq şəkildə götürüb qaçaraq ümumilkdə zərərçəkmiş şəxsə 1520 (min beş yüz iyirmi) manat dəyərində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində yaşadığı Gəncə şəhəri, Totanlı küçəsindən piyada çıxaraq şəhərin mərkəzinə gəlmiş, şəhərdə bir neçə müddət vaxt keçirdikdən sonra saat təxminən 11:50 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən “Kontakt Home” mağazasının qarşısına gəlmişdir.Bu zaman onun qarşısında üç nəfər qadın yanbayan üzü Gəncə şəhəri, Nizami prospekti ilə Bayraq Meydanın girişi istiqamətində piyada hərəkət edirmişlər. O, sol tərəfdə olan qadının sol qolunun qoltuqaltı hissəsində çanta olduğunu görmüş, pula ehtiyacı olduğuna görə həmin çantanı talamağa qərar vermişdir.Bir müddət o, həmin qadınların arxasınca gəldikdən sonra əlverişli məqamın olmasını gözləmiş və həmin 3 nəfər qadınlardan sol tərəfdə olan qadının sol qolunun qoltuqaltı hissəsindən sağ əli ilə çantanı götürərək Bayraq Meydanının içərisinə doğru qaçmışdır. Bu zaman həmin qadınlar səs-küy salaraq dalınca gəlmişlər. Həmin vaxt iki nəfər tanımadığı mülki şəxslər onu 100 metr aralıda saxlayıb çantanı əlindən almışlar, daha sonra o, çantanı verməyə məcbur olub oradan uzaqlaşmışdır. Üzərindən bir neçə dəqiqə keçdikdən sonra iki nəfər polis əməkdaşları onu yaxalayıb Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə gətirmişlər və o, bölmədə olarkən törətdiyi cinayət hadisəsini etiraf etmişdir. Sonda o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək barışdığını, ona qarşı heç bir şikayət tələb olmadığını, himayəsində 2 azyaşlı uşağı olduğununəzərə alıb onun barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində yaşadığı evdən çıxaraq qardaşının oğlu X1 yaşadığı Gəncə şəhəri Göz xəstəxanasının yanında yaşayan binaya Goranboy rayonundan gəlmiş bacıları Şahid1 Kəramalı qızı və Şahid2 Kəramalı qızı ilə görüşmək üçün getmişdir. Biraz orada oturduqdan sonra bacıları Şahid1 Kəramalı qızı və Şahid2 Kəramalı qızı ilə Gəncə şəhərinin mərkəz hissəsinə alış-verişə getməyə qərar vermişlər. Oradan o, piyada bacıları Şahid1 Kəramalı qızı və Şahid2 Kəramalı qızı ilə söhbət edə-edə Gəncə şəhəri, Nizami prospektində yerləşən “Bayraq Meydanın” girişinin bərabərliyində gedən zaman bir nəfər tanımadığı qadın arxadan yaxınlaşaraq sol qoltuqaltı hissəsində saxladığı içərisində 11 ədəd yüz manatlıq pul əsginazı, 1 ədəd yüz dollar pul əsginazı, 1 ədəd iyirmi manatlıq əsginaz, 1 ədəd on manatlıq pul əsginazı, 5 ədəd beş manatlıq pul əsginazı, 3 ədəd bir manatlıq pul əsginazı, 1 ədəd 150 manatlıq “Redmi Note 5A Prime” markalı mobil telefon, 1 ədəd Beynəlxalq Banka aid pensiya kartı, 1 ədəd Kapital Banka aid fermer kartı və 1 ədəd ev açarı olan qara rəngli, dəri materialdan olan “Gucci” markalı çantasını qolundan dartıb “Bayraq Meydanının” içərisindəki parka doğru qaçmışdır. Bu zaman o və bacıları Şahid1 Kəramalı qızı və Şahid2 Kəramalı qızı qışqıraraq ətrafda olan şəxslərdən kömək istəmişlər. Həmin qadın onların yanından təxminən 100 metr qaça-qaça aralaşan zaman ətrafda olan tanımadığı iki nəfər həmin qadından çantasını almışlar və o, həmin iki nəfər şəxsə yaxınlaşıb çantasını götürmək üçün gələndə artıq həmin qadın çantasını həmin şəxsdən alan şəxslərin əlindən qaçıb çıxıb getmişdir. O, yaxınlaşıb həmin şəxslərdən çantasını geri almış və içərisinə baxan zaman əşylarının və pulunun yerində olduğunu müəyyən etmişdir.Üzərindən təxminən 5-10 dəqiqə keçdikdən sonra iki nəfər polis əməkdaşı həmin qadını yaxalayıb gətirmişlər. Bundan sonra baş vermiş hadisə barədə Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan hazırda tamamilə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur, barışmışdır. Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Şahid4 bildirmişdir ki, o, 2001-cü ildən X3, həmin ildə Gəncə şəhər Baş Polis İdarəsinin post-patrul xidmətinin polis nəfəri vəzifəsində xidmətini davam etdirir. O, Gəncə şəhər Baş Polis İdarəsinin polis nəfəri, polis serjantı Şahid3 ilə Gəncə şəhəri, 31 saylı marşurutda Gəncə şəhəri, Nizami prospektində yerləşən “Bayraq Meydanında” xidmət aparırlar.xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri, Nizami prospektində yerləşən “Bayraq Meydanında” xidmət aparan zaman səs-küy eşitmiş, üç nəfər qadının çantasının tanımadığı qadın tərəfindən əlindən alınaraq qaçırıldığını eşitmişlər. Həmin vaxt onlar “Bayraq Meydanının” mərkəz hissəsində xidmətdə olmuşlar, bu zaman bir nəfər qadının özünü şübhəli apararaq “Bayraq Meydanın” içərisinə doğru qaçdığını görmüşlər.O, polis nəfəri Şahid3 ilə qaçaraq həmin qadını yaxalamışlar və həmin qadını yaxalayan zaman sonuncu onlara törətdiyi cinayət əməlini etiraf etmişdir.Bu zaman adı sonradan məlum olan Zərərçəkmiş şəxs yaxınlaşaraq həmin qadının çantasını əlindən dartaraq apardığını bildirmişdir. Bundan sonra onlar həmin qadını şübhəli olduğuna görə ərazi aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə təhvil vermişlər.Onlar həmin qadını saxlayan zaman əlində çanta olmamış, həmin qadını tutub saxlamamışdan əvvəl iki nəfər tanımadığı mülki vətəndaş saxlayaraq çantanı almış və çantanı sahibi Zərərçəkmiş şəxs qaytarmışdır. Məhkəmə iclasında Şahid3 Şahid4la eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X2 azad edilmişdir. xx.xx.2022-ci il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan və foto şəkillərdən müəyyən olunur ki, müvafiq istintaq hərəkəti həyata keçirilmiş, tanıyan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim edilən şəxsləri nəzərdən keçirib soldan sağa 3-cü yerdə dayanmış Təqsirləndirilən şəxs tanıyıb göstərərək həmin şəxsin xx.xx.2022-ci il tarixdə saat 11-12 radələrində Gəncə şəhəri, Nizami prospekti, Bayraq Meydanının giriş hissəsinin bərabərliyində onun sol əlinin qoltuqaltı hissəsində olan içərisində 11 ədəd yüz manatlıq pul əsginası, 1 ədəd yüz dollarlıq əsginas, 1 ədəd iyirmi manatlıq əsginas, 1 ədəd on manatlıq əsginas, 5 ədəd beş manatlıq əsginas, 3 ədəd bir manatlıq əsginas, 1 ədəd “Redmi Note 5A Prime” markalı mobil telefon, 1 ədəd Beynəlxalq Banka aid pensiya kartı, 1 ədəd Kapital Banka aid Fermer Kartı və 1 ədəd açar olan qara rəngli dəri materialdan olan çantasını açıq şəkildə talayan həmin şəxs olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və foto şəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs açıq şəkildə taladığı içərisində 11 ədəd yüz manatlıq əsginas, 1 ədəd 100 dollarlıq əsginas, 1 ədəd iyirmi manatlıq əsginas, 1 ədəd on manatlıq əsginas, 5 ədəd beş manatlıq əsginas, 3 ədəd bir manatlıq əsginas 1 ədəd “Redmi Note 5A Prime” markalı mobil telefon, 1 ədəd Beynəlxalq Banka aid pensiya kartı, 1 ədəd Kapital Banka aid Fermer Kartı, 1 ədəd açar, 1 ədəd qara rəngli dəri materialdan olan “Gucci” markalı çantayabaxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs həmin əşyaların ona məxsus olmasını və çantadan hər hansı əşyasının götürülmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan və foto şəkillərdən görünür ki, 01 ədəd “Gucci” markalı çanta Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs həmin əşyanı tanıyıb göstərərək 20 avqust 2022-ci il tarixdə Gəncə şəhəri, Nizami prospektində “Bayraq Meydan”-ın giriş hissəsində açıq şəkildə talanmış həmin “Gucci” markalı çanta olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli “ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan və foto şəkillərdən görünür ki, 01 ədəd “Gucci” markalı çanta Təqsirləndirilən şəxs Kəramalı qızına tanınmaya təqdim edilmiş, Abdullayeva Güne qızı həmin əşyanı tanıyıb göstərərək 20 avqust 2022-ci il tarixdə Gəncə şəhəri, Nizami prospektində “Bayraq Meydan”-ın giriş hissəsində açıq şəkildə talanmış həmin 1 ədəd “Gucci” markalı çanta olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan və DVD diskdən olan görüntülərdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixə saat 11:55-də Zərərçəkmiş şəxs, bacıları Şahid1 Kəramalı qızı və Şahid2 ilə yan-yana Gəncə şəhəri, Nizami prospektində “Bayraq Meydanı”nın giriş hissəsinə doğru hərəkətdə olan zaman bir nəfər qadın arxadan Zərərçəkmiş şəxs yaxınlaşaraq sol qoltuqaltı hissəsində saxladığı çantanı dartıb alaraq parkın içərisinə doğru qaçır.Daha sonra Zərərçəkmiş şəxs, bacıları Şahid1 Kəramalı qızı və Şahid2 onun arxasınca qaçırlar, bundan sonra görüntü dayanır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/7446 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 192,00 manat müəyyən edilmişdir (1 ədəd “Redmi Note 5A Prime markalı mobil telefonun kompelkləşməsinə daxil edilən aksessuarlarının olmaması nəzərə alınmaqla qiyməti-160 manat; 1 ədəd “Gucci” markalı, zəncirbəndlə açılıb-bağlanan dəri materialdan olan əl çantasının qiyməti-30,0 manat; 1 ədəd qapı açarının qiyməti-2,0 manat). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin 413 nömrəli,xx.xx.2023-cü il tarixli və Gəncə şəhər Narkoloji Dispanserinin 428 nömrəli,xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxshəmin dispanserlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə zərərçəkmiş şəxsin çantasını açıq şəkildə talayaraq soyğunçuluq etmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı ittihamda qeyd olunan soyğunçuluq cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsiilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını da əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-in Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün, cəmi dörd gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsüzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı, cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 14 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 84 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 84 (səksən dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar