Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-180/2023 15.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, müdafiəçi – Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Daşkəsən şəhəri T.İsmayılov küçəsi ev 13-də qeydiyyatda olub Gəncə şəhəri Məhsəti qəsəbəsi 4-cü küçədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində ictimai yer hesab edilən Gəncə şəhəri, M.Bağırov küçəsində yerləşən “Büllur” şadlıq sarayının qarşısında əvvəllər tanıdığı Zərərçəkmiş şəxs ilə birlikdə fəhləlik etdikləri evdən onun payına düşən pulun verilməməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs ünvanına yüksək səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, sonuncunun baş nahiyəsinə əli ilə zərbə vuraraq alın nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, burun nahiyəsinə isə bir dəfə yumruq zərbəsi vuraraq burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən xəsarətlər yetirməklə vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri “Büllur” şadlıq sarayının yanında fəhlə kimi duran zaman Qədirəli yaxınlaşaraq demişdir ki, bir evdə işləyir, orada montaj işi aparacaq, metrəsi bir manatdan qazıntı aparmaq lazımdır. O da razılaşaraq Qədirəli ilə birgə həmin evə getmiş və orada 15 metr yer qazmışdır. Daha sonra Qərdəli onu həmin evdə qoyaraq çıxmış, lakın ona pul verməmişdir. tel:04.07.2022xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Gəncə şəhəri “Büllur” şadlıq sarayının yanında küçədə Qədirəlini görən zaman demişdir ki, “Mənim pulumu niyə vermirsən, gəl kənara keçib söhbət edək”. Qədirəli isə demişdir ki, “Nə istəyirsən, pulunu vermirəm”. Bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı Qədirəli əynində olan koftasının yaxasından tutan zaman koftası cırılmışdır. O da əsəbləşərək yumruq zərbəsi ilə Qədirəlinin baş nahiyəsindən vurmuşdur. Həmin vaxt orada duran, tanımadığı, fəhləliyə gedən bir neçə şəxs onları aralamışlar. Bir qədər sonra həmin yerə polis əməkdaşları gəlmişdir. Zəzərçəkmiş şəxslə barışmışdırlar. Əməlindən peşmandır. Son olaraq o, özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və ona dəymiş ziyanın ödənildiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, tel:04.07.2022xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Sabir onu Gəncə şəhəri “Büllur” şadlıq sarayının yanında küçədə görən zaman demişdir ki, “Gəl kənara keçib söhbət edək”. O da demişdir ki, nə sözü varsa burada desin. Bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı Sabir yumruq zərbəsi ilə bir neçə dəfə onun baş nahiyəsindən vurmuşdur. O, Sabirin yaxasından tutaraq saxlamışdır. Həmin vaxt Sabir bir dəfə də yumruq zərbəsi ilə üz nahiyəsindən vurmuşdur. O da qaçaraq oradan uzaqlaşmış,mağazaya girmiş, Sabir onun arxasınca gəlsə də mağazaya girməmişdir. Daha sonra o Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Mübahisə zamanı kənarda dayanmış bir neçə tanımadığı şəxslər buna şahid olmuşlar, lakin onlara yaxınlaşmamışlar. Mübahisələri 3-4 dəqiqə davam etmişdir. Həmin mübahisə zamanı Sabirlə münaqişə etsədə onu döyməmişdir. Son olaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayətinin olmadığını bildirərək, və ona dəymiş ziyanın ödənildiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Məhkəmə-tibb ekspertizasının 12 iyul 2022-ci il tarixli 1105 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayət olunan burun nahiyəsinin yarası, alın nahiyəsinin qançırı – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayət olunan burun nahiyəsinin yarası ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir, alın nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (i.v. 16-17); -İstintaq zamanı Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Gəncə şəhəri “Büllur” şadlıq sarayının yanında onu əli ilə döyərək xəsarət yetirməsini bildirmişdir. (i.v. 47-48); -09 dekabr 2022-ci il tarixdə şahid Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlama istintaq hərəkəti keçirilmiş və o, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Gəncə şəhəri “Büllur” şadlıq sarayının yanında Zərərçəkmiş şəxs döyərək xəsarət yetirdiyi yeri əyani olaraq göstərmişdir. (i.v. 44-46); -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v. 87); -“Təqsirləndirlən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə” 12 dekabr 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 79); -Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsində verilmiş əməliyyat tapşırığına alınmış cavabda göstərilmişdir ki, bir sıra əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq tel:04.07.2022xx.xx.2022-ci il tarixdə saat 07 radələrində Gəncə şəhəri “Büllur” şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə edib dalaşması və sonuncunun xəsarət alması zamanı orada olmuş kənar şəxs və şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır.. (i.v. 92); -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2022-ci il tarixli, 5560 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. (i.v. 84); -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2022-ci il tarixli, 6002 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. (i.v. 86); -Daşkəsən rayon Hakimiyyəti başçısının Daşkəsən şəhər Kommunal-Müəssisələri Kombinatından alınmış xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. (i.v. 89); - Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini qeyd edərək, təqsirləndirildiyi maddənin Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə tövsif olunmaqla barəsində başlanmış cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir; -Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyanın tam ödənilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Zərərçəkmiş şəxs ilə birlikdə fəhləlik etdikləri evdən onun payına düşən pulun verilməməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs ünvanına yüksək səslə nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, sonuncunun baş nahiyəsinə əli ilə zərbə vuraraq alın nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, burun nahiyəsinə isə bir dəfə yumruq zərbəsi vuraraq burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilən xəsarətlər yetirməklə vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan xəsarət yetirsə də, həmin əməli cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx.xx.2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin bilavasitə hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həm şahid kimi, həm də təqsirləndirilən şəxs kimi ifadələr verərkən hadisə vaxtı bildirmişdir ki, o Zərərçəkmiş şəxs payına düşən pulu istəmiş, Zərərçəkmiş şəxs isə pulu verməyərək onu təhqir etmiş, Zərərçəkmiş şəxs onu təhqir etdiyinə görə onu vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı isə Zərərçəkmiş şəxs vurmasının səbəbini Zərərçəkmiş şəxs onun əynində olan koftasının yaxasından tutan zaman koftasının cırılması və onun buna əsəbləşməsi olduğunu bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə ibtidai istintaq zamanı həm ilkin izahatlarında, həm də zərər çəkmiş şəxs qismində dindirilərkən hadisə ilə bağlı ifadəsində bildirmişdir ki, hadisənin baş verməsinə səbəb birlikdə işlədikləri işə görə paylarına düşən pulun bölüşdürülməsi ilə bağlı olmuşdur. Hər iki tərəfin ifadələrindən görünür ki, hadisənin baş verməsinə səbəb cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi deyil, aralarında şəxsi münasibətlər zəmnində baş verən mübahisə olmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Həmin normaya əsasən xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmçinin, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv ve məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş vermesini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir”. Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, "Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz". Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, bir-biri ilə əvvəlcədən tanış olan zərər çəkmiş şəxs və təqsirləndirilən şəxsin hadisədən əvvəl münasibətləri yaxşı olmuşdur. Hadisə baş verən vaxt isə təqsirləndirilən şəxsin işlədiyi pulun zərərçəkmiş şəxsdən tələb etməsi və nəticədə aralarında baş verən mübahisə olmuşdur. Təqsirləndirilən şəxsin niyyəti ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək olmamış, cinayət hadisəsi tərəflər arasında əvvəlcədən yaranmış şəxsi münasibətlər zəmnində, məhz onlar arasında yaranmış mübahisə səbəbindən baş vermişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi göstərilsə də, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmiş, xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmişdir. Bundan başqa, ittihamda cinayətin ictmai yer olan “Büllur” şadlıq sarayının qarşısında baş verməsi göstərilsə də, məhkəmə qeyd edir ki, cinayətin ictimai yerdə baş vermiş olması özlüyündə əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün yetərli deyil. Belə ki, bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etməli və arzu etməlidir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ittihamda təqsirləndirilən şəxsin bu cinayəti ətrafdakı şəxslərə məhəl qoymadan törətməsi göstərilsə də, istintaq orqanı tərəfindən hadisə zamanı həqiqətən də orada hər hansı kənar şəxslərin olması müəyyən edilməmiş, həmin şəxslər müəyyən edilərək şahid qismində dindirilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi xx.xx.2022-ci il tarixdə toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış və istintaq aparılmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə müstəntiq cinayət işi üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılması üçün Gəncə şəhər BPİ-nin 4-ci Polis Şöbəsinə əməliyyat tapşırığı vermiş və əməliyyat tapşırığında hadisə zamanı zərər çəkmiş şəxsin yanında olmuş digər şəxslərin şəxsiyyətlərinin müəyyən edilərək dindirilməsi üçün istintaqa təqdim edilməsi, hadisə nəticəsində ictimai qaydanın kobud surətdə pozulub-pozulmamasının müəyyən edilməsi və digər əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin zəruri olduğu bildirilmişdir. xx.xx.2022-ci il tarixli, 318-10850-1222 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış təbdirləri nəticəsində müəyyən edilmişdir ki, baş vermiş hadisənin yerini qeydə alan müşahidə kameraları olmadığından hadisənin şahidi olan şəxsləri şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarından isə görünür ki, müstəntiq xx.xx.2022-ci il tarixdə əməliyyat tapşırığı versə də, həmin əməliyyat tapşırığının cavabını gözləmədən və heç bir yeni hal müəyyən etmədən, xx.xx.2022-ci il tarixli qərarla cinayət işi üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif etmişdir. Həmin qərarın məzmunundan görünür ki, müstəntiq cinayət işi üzrə əməli CM-in 221.1-ci maddəsinə tövsif edərkən heç bir əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla (təqsirləndiriln şəxsin, zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, hadisədən bilavasitə çəkilmiş zərər çəkmiş şəxsin fotoşəkilləri) tam təsdiq olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 07 radələrində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə zərbə vuraraq ona xəsarətlər yetirmişdir. Beləliklə məhkəmə, iş üzrə toplanmış mövcud sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bununla belə, onun şəxsi münasibətlər zəmnində başlamış münaqişə gedişində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayətdə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-180/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-180/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver