Məhkəmə qərarları › İş №1(125)-181/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-181/2024

03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-181/2024 03.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Samux rayonu, İnstitut qəsəbəsində qeydiyyatda olmaqla Gəncə şəhəri, Natəvan qəsəbəsi, 14 küç, ev 45-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində birgə yaşadıqları ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs ağız nahiyəsinə qəsdən vuraraq ona alt dudağın əzilməsi, selikli qişasının əzilmiş yarası, qansızması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” dərəcəli xəsarətlər yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, zərərçəkmiş şəxs Ayşən onun arvadıdır. Ayşənlə 2020-ci ildə ailə qurmuş və həmin münasibətdən 1 övladı var. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Ayşən ona azyaşlı uşaqları Nicatın qaynanası Fəridənin yaşadığı evdə olduğunu demiş və Nicatı evə gətirməyini bildirmişdir. O, işi olduğunu və Nicatı gətirə bilməyəcəyini demişdir. Sonra o, Ayşənin telefonda qaynanası Fəridə ilə onun barəsində danışdığını eşitmişdir. Həmin vaxt bu barədə Ayşənə irad bildirmiş və Ayşən həmin vaxt ona kobud cavab vermiş və onu təhqir etmişdir. O, əsəbləşib əl zərbəsi ilə Ayşənin ağız nahiyəsinə və baş nahiyəsinə vurmuşdur. Sonra Ayşən anası Fəridəyə zəng edib bu barədə məlumat vermişdir. Həmin hadisə 3-5 dəqiqə davam etmişdir. Sonda Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdıqlarını, hazırda bir yerdə yaşadıqlarını bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin baxış iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Samirlə 2020-ci ildə ailə qurmuş və həmin münasibətdən 1 övladı var. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində yaşadığı evdə olan zaman azyaşlı oğlu Nicat anası X1 yaşadığı evdə olduğu üçün o, əri Samirə uşağı anasının yaşadığı evdən gətirməsini demişdir. X2 gətirməyəcəyini demişdir. O, telefonla anası Fəridəyə zəng edib bu barədə demiş və telefonda Səbuhi barəsində danışmışdır. Səbuhi danışığı eşitdiyindən həmin vaxt Səbuhi ilə aralarında sözlə mübahisə yaranmışdır. Həmin mübahisə zamanı o, Səbuhi ilə kobud danışmış və Samir əl zərbələri ilə ağız və baş nahiyəsinə zərbələr vurmuşdur. Sonra o, yerə yıxılmış və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Sonra o, bu barədə anası Fəridəyə zəng edib məlumat vermişdir. Həmin hadisə 3-5 dəqiqə davam etmiş və həmin vaxt evdə Samirlə ikisi olmuşdur. Sonda Zərərçəkmiş şəxs məhməkəyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını və birlikdə yaşadıqlarını bildirmişdir. Hazırda ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA şöbəsi”nin 17 yanvar 2024-cü il tarixli, 84 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alt dodağın əzilməsi, selikli qişasının əzilmiş yarası, qansızması – KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (iş.vər.47-48) - Gəncə şəhəri Baş Pİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşadığı müddət ərzində onun barəsində həmin ərazi dairəsinə heç bir yazılı və yaxud şifahi surətdə şikayət daxil olmamışdır. (iş. vər. 34) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət məcəlləsinin 333.2, 335.1-ci madddələri ilə əvvəllər məhkum olunmuş, CM-nin 66.2–ci maddinə əsasən barəsində təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq N (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş N (altı) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası N (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti məhkum edilmişdir. (iş.vər.37-45) Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işinin mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmışdır. Buna görə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 72 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar