Məhkəmə qərarları › İş №1(125)-181/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-181/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-181/2025 09.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi iştirakları ilə, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, X2 "Hürriyyət" Media Qrupunun rəhbəri Vüqar Tofiq oğlunun verilişində iştirak edərək, barəsində böhtan xarakterli məlumatlar vermiş və həmin məlumatlar "Tik-Tok", Tacebook" və "Xəbər portal" sosial şəbəkələrdə yayılmışdır. X6 qeyd edilən video-yayıma şərh yazaraq bildirimişdir ki, "adı çəkilən Esmira Məmmədova mənim 0,5% əmək haqqımı yazmayıb, amma ki, müəyyən adamlar var ki, onlara pul yazıb, inşallah ki, məhkəmə aydınlaşdıracaq”. X6 şər-böhtan xarakterli məlumatlar yaymış, paylaşmaları onun ictimaiyyət və işçilər arasında şərəf və ləyaqətini alçaltmış, işguzar nüfuzuna xələl gətirmişdir. O, ərizəsinə əmək kitabçasının və vəzifə təlimatının surətini əlavə edir. Həmin sənədlərdən də görünür ki, onun işçilərə əmək haqqı yazmaq səlahiyyətim olmamışdır. Sabit Qasımovun ona böhtan atması açıq-aşkar sübuta yetirilir. Beləliklə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalı və ona 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittihamı müdafiə edərək forma və məzmununa dair tələblərə riayət etdiyini, S.Qasımov ilə aralarında uzun müddətdir ki, mübahisə olduğunu və onu dəfələrlə sosial şəbəkələrdə təhqir etdiyini bildirərək xüsusi ittiham qaydasında şikayətin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi Müdafiəçi bildirdi ki, xüsusi ittiham qaydasında şikayətin forma və məzmununa dair tələblərə riayət edilməmişdir. Eləcə də, o, iş materialları ilə tanış olmuş və xüsusi ittihamçıya qarşı böhtanla bağlı heç bir hala rast gəlməmişdir. Odur ki, xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisini dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyrimümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Belə ki, Məhkəmə ilk növbədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasının yoxlanmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Qanunvericiliyin qeyd edilən tələbi baxımdan qeyd olunmalıdır ki, xüsusi ittiham qaydasında irəli sürülən ittiham konkret olmalıdır. Şikayət vermiş şəxs barəsində şikayət verilmiş şəxs Sabit Qasımovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də sonuncunun məhz CM-in 147-ci maddəsinin hansı bəndinə görə, yəni həmin Məcəllənin 147.1 yoxsa 147.2-ci maddəsi cinayət məsuliyyətinə cəlb edilməli olmasını qeyd etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada; ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmada ifadə olunan hüquqa zidd əməllərdir. Beləliklə, iş materiallarından göründüyü kimi xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X1 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar