Məhkəmə qərarları › İş №1(125)-182/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-182/2025

10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-182/2025 10.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 "Hürriyyət" media qrupunun rəhbəri Vüqar Tofiq oğlunun verilişində iştirak edərək, yalan olduğunu bilə-bilə onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsi ilə və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayaraq bildirmişdir ki, güya o, X17 idarəsinin kadrlar şöbəsinin müdiri olmaqla qardaşının adına ferma almışdır. Samux rayonunda onun torpaq sahələri var, bir neçə il öncə o həm kadrlar şöbəsinin rəisi olmuş, həm də maliyyə işlərinə baxmışdır. Həmin ərəfədə X7 yoxlamalar aparılıb, çoxlu sayda dublikat marşrut vərəqələri, vedomostiar, pul kartları ortaya çıxıb, etibar etdiyi adamlara artıq əmək haqqı yazıb, bir nəfərin əmək haqqı 720 manat az hesablanıb. Bundan əlavə X4 bildirib ki, guya onu əvvəllər Asim Qasımov, hazırda isə Əliyar Muradovun köməkçisi Rəhman Kərimov dəstəkləyir və o onun qaynının kürəkənidir. Əslində o, 1991-2018-ci illərdə Azərbaycan Dəmir Yolları X7 əməyin normallaşdırma mühəndisi vəzifəsində çalışmış, hazırda YDD Lokomotivlərin istismarı xidmətinin İnsan Resursları bölməsinin aparıcı mütəxəssisi vəzifəsində çalışır. O, heç bir vaxt kadrlar şöbəsinin rəisi, maliyyə idarəsinin rəisi vəzifələrində işləməmişdir. O, qardaşının adına ferma almamışdır. Samux rayonunda torpaq sahələri yoxdur. O, heç bir vaxt iş yerində fəaliyyətilə bağlı Qanun pozuntularına yol verməmiş, dublikat marşrut vərəqələri yazmamış, vedomostlar, yəni əmək haqqı cədvəlləri tərtib etməmiş, işçilərdən kiminsə əmək haqqını nə artırmamış, nə də azaltmamış. Ümumiyyətlə onun belə səlahiyyətləri olmamış, yanacaq oğurluğunun olub-olmamasından xəbəri olmamışdır. Vəzifəli şəxslərdən heç kim onu dəsləkləməyib, Rəhman Kərimov onun qaynının kürəkəni deyil. Mehriban Ələsgərova onun barəsində qeyd edilən böhtan xarakterli məlumatları “Tik-Tok", "Facebook" və "Xəbər portal" sosial şəbəkələrdə yayılmışdır. Ərizədə göstərilənləri şahid X5 təsdiq edə bilər. Onun hərəkətləri nəticəsində şərhlər bölməsində X11, X12, X10 şərhlər yazaraq onun şərəf və ləyaqətini alçaltmışlar. Bundan əlavə, Mehriban Ələsgərovanın ona böhtan atması ilə bağlı video-çəkilişin diskini ərizəsinə əlavə etmişdir. O, ərizəsinə əmək kifabçasının və vəzifə təlimatının surətini əlavə etmişdir, Həmin sənədlərdən də görünür ki, o, kadrlar şöbəsinin rəisi işləməmiş, onun işçilərə əmək haqqı yazmaq səlahiyyəti olmamışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, o, heç bir vaxt iş yerində fəaliyyətilə bağlı qanun pozuntularına yol verməmiş, Mehriban Ələsgərova onun barəsində böhtan xarakterli məlumatları sosial şəbəkələrdə yaymışdır. Odur ki, şikayət ərizəsinin icraata qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 müdafiəçisi (vəkil) Müdafiəçi şikayətin forma və məzmununun Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olmadığını bildirərək xüsusi ittiham qaydasında verilən şikayətin icraata qəbul edilməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 müdafiəçisi (vəkil) Müdafiəçi dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, xüsusi ittiham qaydasında irəli sürülən ittiham konkret olmalıdır. Şikayət vermiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinin hansı hissəsi ilə, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci, yaxud 147.2-ci hissəsi ilə məsuliyyətə cəlb edilməsi əsaslandırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən X2 məhkəmədə 3 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7, 302.2.3, 384-385-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X6 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 33 (otuz üç) manat məbləğində pul ödənilsin. Qərardan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar