Məhkəmə qərarları › İş №1(125)-184/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-184/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-184/2024 13.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, hüquq verən vəsiqədən saxta olmasını bilə-bilə istifadə etmişdir. Belə ki, o, nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan “Elsun" adlı şəxs və ya qeyriləri tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1” kateqoriyalı 99 13 163920 nömrəli sürücülük vəsiqəsini şəxsiyyəti istintaqa məlum olmayan “Elsun" adlı şəxsdən 11 avqust 2023-cü il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospekti 269 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı Gəncə “Asan Xidmət” mərkəzinin qarşısında 400 manata alıb əldə etmiş və Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 11 avqust 2023-cü il tarixdə Gəncə şəhəri, Heydər Əliyev prospekti 269 ünvanında fəaliyyət göstərən 1 saylı Gəncə “Asan Xidmət" mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının "BC 133867" nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Yevlax şəhərində ailəsi ilə birlikdə yaşayaraq himayəsində yeddi azyaşlı uşağı var. O, arvadı ilə rəsmi nigaha girmədiyindən uşaqları X5 soyadını daşıyır, özü isə uşaqlarına atalıq vermişdir. Hadisə ilə əlaqdar olaraq bildirir ki, 2023-cü ilin iyul ayında Bakı şəhərində fəhlə işləyən zaman bir gün Bakı-Sumqayıt istiqamətində sərnişin daşıyan taksilərdən biri ilə gedərkən taksidə təsadüfən Elsun adlı bir şəxslə tanış olmuşdur. Söhbət zamanı həmin şəxs özünü ona Elsun kimi təqdim etmiş və ona + 1 825 *** ** ** nömrənin vatsapını işlətdiyini söyləmişdir. O, Elsuna taksi fəaliyyəti ilə məşğul olub ailəsini saxlamaq istədiyini, bunun üçün sürücülük vəsiqəsinə ehtiyacı olduğunu, lakin imtahan vermək istəmədiyini, həmçinin qanuni yolla sürücülük vəsiqəsi alacağı təqdirdə dövlət tərəfindən ona veteran pulu kimi 80 manat verilən müavinətin kəsiləcəyini bildirmiş, Elsun isə ona 400 manat pul müqabilində ona sürücülük vəsiqəsi düzəldəcəyini və həmin saxta sürücülük vəsiqəsinin orjinal vəsiqədən heç də fərqlənmədiyini bildirmişdir. Elsun ona belə daha tez, ucuz, heç bir yerə və ya ofisə müraciət etmədən işinin həll olunacağını demiş, özü də Elsunun təklif ilə razılaşmışdır. Bu söhbətdən bir həftə sonra o, Elsunla Bakı şəhərində 20 yanvar metrosu yaxınlığında görüşmüş və Elsun orada onun fotoşəkilini öz mobil telefonu ilə çəkərək, ona 10-15 günə saxta sürücülük vəsiqəsinin hazır olacağını söyləmişdir. Lakin sonra Elsun dediyi vaxtdan daha tez yəni bir həftə əvvəl onunla görüşərək saxta sürücülük vəsiqəsini ona təqdim etmişdir. Həmin vəsiqəyə baxan zaman xx.xx.2017-ci il tarixdə verildiyinin, üzərində RUS və 99 13 163920 nömrəsi və B, B1, C, C1 kateqoriyalar olmasını görmüşdür. Elsun bildirmişdir ki, həmin saxta sürücülük vəsiqəsini Asan Xidmət mərkəzlərinə təqdim edərək orjinal sürücülük vəsiqəsi ala bilər. Onun dediyini yoxlamaq məqsədilə Elsuna 50 manat orada vermiş və geri qalan pulu sonra, yəni orjinal sürücülük vəsiqəsi aldıqdan sonra verəcəyini bildirmişdir. Buna görə də Elsunla birlikdə onlar sonuncunun təklifi əsasında Gəncə şəhərinə gəlmişlər. Həmin müddətdə adına olan Rus sürücülük vəsiqəsi Elsunda qalmışdır. O, Gəncə şəhərində 1 saylı Asan Xidmətinə daxil olmuş, Elsun isə bayırda gözləmiş və özü sürücülük vəsiqəni dəyişməklə bağlı orada işləyən tanımadığı əməkdaşlardan birinə müraciət etmişdir. O saxta üsulla hazırlanmış rus sürücülük vəsiqəsini təqdim etmiş və orada ona 1 illik müvəqqəti BB133867 nömrəli Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi verilmişdir. Bundan sonra bayıra çıxıb Elsunun yanına gedərək, orada ona qalan 350 manat pulu da vermişdir. Saxta sürücülük vəsiqəsi əldə etməyi ilə bağlı əməlini və məsuliyyətini dərk etmiş, lakin sürücülük vəsiqəsinin kim tərəfindən saxtalaşdırıldığını bilməmiş, sadəcə “Elsun” adlı şəxsi tanımış, pulu ona vermiş və ona da vəsiqəni Elsun adlı tam anket məlumatlarını bilmədiyi şəxs vermişdir.O, vəsiqəni aldıqdan sonra dəyişib orjinal sürücülük vəsiqəsi almaq üçün sadəcə “Asan Xidmət"ə müraciət etmişdir. Rusiya Federasiyasında uşaq ikən yalnız bir dəfə olmuş, sonralar isə nə RF- də nə də digər xarici ölkələrdə olmamışdır. Törətdiyi əməldən peşmandır. Himayəsində 7 azyaşlı uşağının olmasını, Vətən müharibəsi iştirakçısı olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 5/1462 nömrəli rəyindən görünür ki,

1. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına verilmiş 99 13 163920 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmişdir. 2.Tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına 99 13 163920 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. Azərbavcan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsindən daxil olmus 02 oktyabr 2023-cü il tarixli müraciətdə göstərilmişdir ki, məktuba əlavə edilmiş siyahıda adları qeyd olunan Azarbaycan Respublikası vətəndaşları, (Təqsirləndirilən şəxs xx.xx.1996-cı il, siyahı üzrə 7-ci şəxs) müxtəlif vaxtlarda Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət" mərkəzlərinə müraciət edərək xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrini dəyişdirmişlər. Həmin şəxslərin təqdim etdikləri sürücülük vəsiqələrinin həqiqiliyi şübhə doğurduğundan vəsiqələrin dəyişdirilməsi üçün zəruri olan sənədlər və həqiqiliyi şübhə doğuran vəsiqələr DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə göndərilmişdir. DİN-in Baş X11 İdarəsinin 02 oktyabr 2023-cü il tarixli müraciətinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdə BDPYl-nin Qeydiyyat İmtahan şöbəsinin 1 Saylı Gəncə "ASAN xidmət” mərkəzindəki məntəqəsinə sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət etmiş və ona "BC 133867” nömrəli sürücülük vəsiqəsi verilmişdir. Saxtalaşdırılmış sürücülük vəsiqəsindən görünür ki, 12 may 2017-ci il tarixdə Təqsirləndirilən şəxs B, B1, C, C1 kateqoriyalı 99 13 163920 nömrəli, üzərində “RUS” yazısı qeyd edilmiş sürücülük vəsiqəsi verilmişdir. “Könüllü təqdim edilən əşyanı götürmə haqqında” 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi saxta Rusiya Federasiyası sürücülük vəsiqəsini “ASAN xidmət” mərkəzinə təqdim edərək ordan aldığı Azərbaycan Respublikasının “BC 133867” nömrəli, B1, B, C1, C kateqoriyalı, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək etibarlı olan həqiqi sürücülük vəsiqəsini könüllü olaraq araşdırmaya təqdim etmiş və həmin vəsiqə götürülərək materiala əlavə edilmişdir. Sərhədkeçmə haqqında məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə 10 oktyabr 2013-cü il tarixdə Rusiya Federasiyasına getmiş, 30 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmış və bir daha xarici ölkəyə çıxışı olmamışdır. İşdə olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs saxta olduğunu bilə-bilə istifadə etdiyi Rusiya Federasiyasının “99 13 163920” nömrəli saxta sürücülük vəsiqəsi və Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikasının “BC 133867 nömrəli həqiqi sürücülük vəsiqəsi öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İ-11044 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlət Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İ-2542 nömrəli vəsiqəninin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2372 nömrəli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinə əlavə edilmiş AZ-İV 214901 nömrəli, AZ-İV 818035 nömrəli, AZ-İV 214902 nömrəli, AZ-İV 818036 nömrəli, AZ-İV 818037 nömrəli, AZ-İV 818038 nömrəli və AZ-İV818279 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs və onun arvadı X5 himayəsində xx.xx.2015-ci il təvəllüdlü Sürmə,xx.xx.2016-cı il təvəllüdlü Narıngül, xx.xx.2017-ci il təvəllüdlü Rəsul, xx.xx.2018-ci il təvəllüdlü Nərgiz, xx.xx.2019-cu il təvəllüdlü Səkinə, xx.xx.2020-ci il təvəllüdlü Mədinə və xx.xx.2022-ci il təvvəlüdlü Abdulla adlı yeddi azyaşlı övladı var. xx.xx.2024-cü il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünü etiraf ifadəsi ilə yanaşı maddi sübutlar, iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 7 azyaşlı uşağının olmasını, Vətən Müharibəsi iştirakçısı və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cərimə növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cinayət işinin materiallarına əlavə edilmiş Rusiya Federasiyasının “99 13 163920” nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının “BC 133867” nömrəli həqiqi sürücülük vəsiqəsi cinayət işininin materiallarında saxlanılmalı, həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 70 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçilərin işlədikləri vəkil bürolarının hesablarına müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Rusiya Federasiyasının “99 13 163920” nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının “BC 133867” nömrəli həqiqi sürücülük vəsiqəsi cinayət işininin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar