Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-185/2022 27.10.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxx 1973-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami küçəsi, 10-cu döngə, ev 4 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan “metamfetamin”i şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.585 qram psixotrop maddə olan “metamfetamin”i qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 27 iyun 2022-ci il tarixdə, saat 18:35-də Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Karvan” mebel satışı mağazasının yaxınlığında saxlanılaraq Gəncə şəhəRi, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin ünvanda üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli parça idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə ümumi təmiz çəkisi 0,585 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən, yəni CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə aludəçisi olmaqla Gəncə şəhərində ailəsi ilə birlikdə yaşayır. 27 iyun 2022ci il tarixdə təxminən saat 19 radələrində o, Gəncə şəhəri, X9 prospektində yerləşən “Karvan” adlı mebel satışı mağazasının yaxınlığında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmiş və onu narkotik vasitələrin istifadəsində şübhəli olmasını bildirib 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt o, etiraz etməmiş və polislərlə birlikdə polis idarəsinə getmişdir. İdarədə təhqiqatçı tərəfindən seçdiyi müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı əynində olan boz rəngli parça idman şalvarın sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş kütlə, digər cibindən bir ədəd qara rəngli içərisində 03 ədəd siqaret dənələri olan siqaret qutusu, bir ədəd alışqan, 5 manatlıq pul əskinası, 10 qəpik, yara bağlamaq üçün lent kəsiyi, qara rəngli qol saatı aşkar edilmişdir. Üzərindən aşkar edilmiş kristal halında psixotrop maddə olan metamfetamin şəffaf sellofon kəsiyi ilə birgə çəkilmiş və çəkisi 0,71 qram olması müəyyən edilmişdir. Bundan sonra protokol tərtib edimiş və protokol iştirakçılar, o, cümlədən özü tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş həmin psixotrop maddəni isə o, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində “Azos” adlanan sahədən tapmış və şəxsi istifadə üçün üzərində saxlamışdır. O, həmin psixotrop maddədən kiməsə satmamış, belə bir niyyəti də olmamışdır. Eyni zamanda onda psixotrop maddə olan metamfetamin olmasını heç kəs bilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, istintaq orqanı heç bir sübut olmadığı halda ona narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi ittiham vermişdir. Lakin o, indiyə qədər heç kimə narkotik vasitə satmamış və belə bir niyyəti də olmamışdır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Əməlindən peşman olmaqla barəsində olan cinayət işi üzrə əməlinin CM-in 234.1ci maddəsi ilə tövsif edilməsini və ifadəsində göstərdiklərini nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsi, üzərində saxlamaqla daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18:35 radələrində Gəncə şəhəri, X9 prospektində yerləşən “Karvan” mebel satışı mağazasının yaxınlığında saxlanılaraq Gəncə şəhər 2-ci PŞ-yə gətirilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsində “Panasonic” markalı video kamera vasitəsi ilə Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirən zaman onun əynində olan boz rəngli parça idman şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellofona bükülmüş metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərzidə çəkilmiş və büküldüyü sellofan ilə birlikdə ümumi çəkisi 0,71 qram gəlmişdir. Təqsirləndirilən şəxs götürülmüş kütlə qablaşdırılaraq tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 bölməsinə göndərilmişdir. Bundan sonra protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən əynində olan boz rəngli parça idman şalvarının sağ yan cibində olan bir ədəd şəffaf sellofona bükülmüş metamfetaminə bənzər kütlə aşkar edildiyi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 28 iyul 2022-ci il tarixli, 16/729 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs götürülümüş kütlə.” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,585 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmin maddə Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısının İİ bəndinə daxildir. “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 4149 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 2975 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 1139 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 05 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə CM-nin 83-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək barəsində 03 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya, Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2022ci il tarixli, 120-74203-1122 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbə, ona narkotik vasitəni əldə etməsində köməklik edən şəxslərin olub-olmaması və rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirakına dair hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olsa da satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. İşdə olan “şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində həbsdə saxlanılmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısına görə psixotrop maddə olan metamfetaminin 0.15 qramı şəxsi istehlak miqradından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və “cinayətin bilavasitə obyekti” adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üstüstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 0,585 qram psixotrop maddə olan “metamfetamin”i satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamışdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edən ən əsas sübut kimi iş üzrə istintaq orqanına verilmiş xx.xx.2022-ci il tarixli, 120-74203-1122 nömrəli əməliyyat tapşırığına cavab məktubuna əsaslanmışdır. Lakin məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, o, üzərindən aşkar edilmiş psixotrop maddəni xx.xx.2022-ci il tarixdə saat 12 radələrində “Azos” adlanan sahədən tapmış və şəxsi istifadə üçün üzərində saxlamışdır. O, həmin psixotrop maddədən kiməsə satmamış, belə bir niyyətidə olmamışdır. Eyni zamanda onda psixotrop maddə olan metamfetamin olmasını heç kəs bilməmişdir. Lakin istintaq orqanı heç bir sübut olmadığı halda ona narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi ittiham vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2da Təqsirləndirilən şəxsla bağlı onlara əməliyat məlumatının təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddə qəbul etməsi, üzərində saxlamaqla daşıması ilə bağlı daxil olduğunu göstərmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilən ittihamın əsasını təşkil edən əməliyyat tapşırığına cavab məktubu mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, iş üzrə nə ibtidai araşdırma zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olması yaxud ondan mənfəət əldə etməsi hər hansı sübutla öz təsdiqini tapmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs psixotrop maddənin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq da aşkar edilməmişdir. Onun əvvəllər narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olması ilə bağlı istintaq orqanının verdiyi əməliyyat tapşırığına cavab məktubunda isə bu barədə polisə hər hansı bir əməliyyat məlumatı daxil olmadığı göstərilmiş, daha sonra isə məktubun sonunda Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olduğu, lakin satdığı şəxslərin dairəsinin müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. Belə olan halda məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndinin 4-cü abzasında həmçinin qeyd edilmişdir ki, yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop vasitə olan metamfetamini əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmənin qənaətinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,585 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib saxlamasında təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,585 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, barəsində qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və üzərində gəzdirməsi barədə 27 iyun 2022-ci il tarixdə, saat 18:35-də Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Karvan” mebel satışı mağazasının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin ünvanda üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli parça idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə ümumi təmiz çəkisi 0,585 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” aşkar edilərək götürülmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs üzərinə ünvan 4 ünvanında yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 2 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq, cəmi 4 (dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə hallarının olması və narkomaniya xəstəliyindən əziyyət çəkmədiyindən məcburi müalicə təyin edilməməlidir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 0,585 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin qalıq çəkisi, yəni 0,535 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 (bir) günü azadlığın məhdudlaşdırması cəzasının 2 (iki) gününə bərabər tutularaq cəmi 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ünvan 4 ünvanında yerləşən yaşayış yerini saat 23:00dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 0,585 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin qalıq çəkisi, yəni 0,535 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 ( yüz iyirmi) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-185/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-185/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver