Məhkəmə qərarları › İş №1(125)-186/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-186/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-186/2024 06.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, ünvan 2yan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10 radələrində ictimai yer olan ünvan 3 ünvanında yerləşən “Gəncə Təndir” çörək sexinin qarşısında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə mübahisə etməklə şəxsi mənafeyə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını qərəzli surətdə pozmaqla ictimai qaydanı kobud surətdə pozmuş, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, Zərərçəkmiş şəxs onun bud nahiyyəsinə bıçaqla zərbə vurduqdan sonra sonuncunun üzərinə hücum edib onu itələyib yerə yıxıb dizi ilə sonuncunun sağ əlinin üzərinə güc tətbiq etməklə cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, Zərərçəkmiş şəxs sağ əlin arxa səthinin yumşaq toxumalarının əzilməsi, qançırı, şişkinliyi, sıyrığı xəsarətləri yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmaqla, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Ona elan edilmiş ittihamın mahiyyətinə dair göstərə bilər ki, o, artıq bir neçə ildir ki, “Gəncə Təndir” çörəkbişirmə sexində işləyir. Zərərçəkmiş şəxs Anar hadisə baş verəndən bir neçə gün öncə çörəkbişirmə sexinə çörək almaq üçün gəlmişdir. Anar satıcı ilə sözlü mübahisə etmişdir. Sonradan isə ümumilikdə sexin ünvanına təhqiramiz ifadə işlətmişdir. O isə Anara irad tutuaraq sexdə qadın olduğunu xatırlatmış, danışığına fikir verməsini demişdir. Bu hadisədən sonra Anar hər gün çörəkbişirmə sexinə gəlmiş və onu axtarmağa başlamışdır. Hadisə baş verən gün Anar yenidən çörəkbişirmə sexinə gəlmişdir. Sexdə işləyən qadınlar ona arxada gizlənməsini bildirmişlər, belə ki, onlar mübahisə düşməsini istəməmişlər. Amma Anar bu dəfə onu görmüşdür və onun ünvanına “balası ölsün” ifadəsini işlətmişdir. Onun himayəsində xəstə uşağı olduğundan bu söz onu özündən çıxarmışdır. Onlar birlikdə çörəkbişirmə sexinin qarşısına keçmişlər. Binanın arxasında o, yenidən Anara niyə övladı barədə belə söz işlətdiyini soruşmuşdur. Buna görə aralarında əlbəyaxa dava başlamışdır. Bu zaman Anar onu bıçaqla ayağından vurmuşdur. Onun ayağından vuranda o, hiss etməmişdir. Onun ayağında bıçaq yarasının olmasını ona ətrafdakılar demişlər. Bundan sonra o, Anarın üzrəinə hücum çəkmiş, onu yerə yıxmış, Anarın əlini dizinin altına qoyaraq əlindən bıçağı almağa çalışmışdır. Anarın üzərində olan digər xəsarətlər onun tərəfindən yetirilməmişdir. Sonda o, özünü təqsirli bilmədiyini, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verdikdən bir neçə gün öncə Arazın işlədiyi çörək sexinə getmişdir. Satıcıdan çörək istəsə də, satıcı ona cavab verməmişdir. Sonra bir nəfər qadın cinsindən olan şəxs arxada onun görmədiyi şəxslərə müştərinin gözləməsini bildirmiş, müştəriyə çörək vermək lazım olmasını demişdir. Bu zaman onun həmin vaxt üzünü görmədiyi şəxs “müştəri cəhənnəmə gözləsin” sözünü işlətmişdir. O dini inanclı olduğundan bu söz ona ağır gəlmişdir. O, sexdəkilərin ünvanına “Allah sizin bəlanızı versin”, “Allah sizə lənət eləsin” ifadələrini işlədərək sexdən getmişdir. Arazın ünvanına “balası ölsün” ifadəsini işlətməmişdir. Onun hirsi soyumadığından bir neçə gün sonra həmin sexə yenidən getmişdir. Məqsədi nə üçün onun ünvanına “cəhənnəmə gözləsin” ifadəsinin işlədilməsini aydınlaşdırmaq olmuşdur. Bu zaman Arazla onun arasında yenidən mübahisə yaranmışdır. Bu zaman o Arazı bıçaqla ayağından vurmuşdur. Araz isə onun qolunu dizinin altına qoyaraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Hazırda Arazla barışmışdır. Arazdan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi “Gəncə Təndir” çörəkbişirmə sexində kassir vəzifəsində çalışır. Hadisə sexin arxa tərəfində baş vermişdir. O sexin arxa tərəfinə keçəndə görmüşdür ki, orada təminən 4-5 nəfər insan toplaşmışdır. Onların içində yoldan keçən şəxslər, bina sakinləri və sex işçiləri də olmuşdur. Mübahisə baş verən vaxt o, Anarın əlində bıçağın olmasını görmüşdür. O bıçağı gördükdən sonra dərhal müdaxilə edərək Anarla Arazı ayırmağa çalışmışdır. Araya girən kimi polis əməkdaşları gəlmiş, o isə hadisə yerindən uzaqlaşmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xidmətdə olan zaman onlara efir vasitəsilə məlumat daxil olmuşdur ki, “Gəncə Təndir” çörəkbişirmə sexinin qarşısında dava baş vermişdir. Həmin əraziyə yaxınlaşan zaman iki nəfərin mübahisə etməsini, birinin üzərində isə qan ləkəsinin olmasını görmüşdür. O hadisə yerində olan zaman tərəflər artıq bir-birindən aralanmışdılar. Anar hadisə yerindən qaçıb uzaqlaşmış, o isə binanın arxa tərəfinə keçib Anarı yaxalamış aidiyyəti üzrə təhvil vermişdir. Anarı təhvil verdikdən sonra əraziyə baxış keçirmiş, binanın qarşısındakı ağacdan asılmış paketdə çörəyin arasında bıçaq aşkar etmişdir. Bıçağın üzərində qan ləkəsi olmuşdur. İlk öncə Anar boynuna almasa da, sonradan bıçağın ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 387 nömrəli rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ əlin səthinin qançırı, şişkinliyi, sıyrığı, boyun nahiyyəsinin sıyrıqları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Əlavə məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sağ əlin arxa səthinin yumşaq toxumalarının əzilməsi, qançırı, şişkinliyi, sıyrığı, boyun nahiyəsinin sıyrıqları bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunun xəsarətlərdən - sağ əlin arxa səthinin yumşaq toxumalarının əzilməsi, qançırı, şişkinliyi, sıyrığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir, digər xəsarətlər boyun nahiyəsinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. xx.xx.2023-cü ildə Gəncə şəhər Psixonevrololi Dispanserdən alınmış arayışdan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. xx.xx.2023-cü il tarixdə Gəncə şəhər rayonlararası Narkoloyi dispanserdən alınmış arayışda məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji dispanserdə qeydiyyatda durmur. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, sonuncu barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1–ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs törədilmiş əməldə təqsirinin olmamasına dair vermiş olduğu ifadəni məhkəmə özünümüdafiə kimi qiymətləndirərək hesab edir ki, həmin ifadə iş üzrə zərərçəkmiş və şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə sair sübutlarla tam təkzib olunur. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarının 3-cü bəndinə əsasən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə,sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bundan əlavə, məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət hadisəsi 06 mart 2022-ci il tarixdə baş vermiş, bununla da cinayət işi üzrə yekun məhkəmə aktının çıxarıldığı vaxtadək iki il iki ay müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75, 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən, əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Bununla belə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə cəza təyin edilməməlidir. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyul 2008-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət və cinayət prosessual qanunvericiliyi məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki şərtsiz halını nəzərdə tutur cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və amnistiya aktının mövcud olması. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356,358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar