Məhkəmə qərarları › İş №1(125)-189/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-189/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-189/2025 30.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Faiq Bayramov küçəsi, ev 72-də qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, şəxsiyyəti istintaqa dəqiq məlum olmayan "Səid” kimi özünü təqdim edən İran İslam Respublikası vətəndaşından satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmək barədə sövdələşmiş, xx.xx.2024-cü il tarixdə şəxsiyyəti istintaqa dəqiq məlum olmayan “Səid” kimi özünü təqdim edən İran İslam Respublikası vətəndaşının istifadəsində olan 051 991 09 34 nömrəli mobil nömrənin "M10” hesabına narkotik vasitə almaq üçün 120 manat pulu oğlu Sabir Hüseynov vasitəsilə göndərtdirmiş, həmin gün saat 19:00 radələrində şəxsiyyəti istintaqa dəqiq məlum olmayan "Səid” kimi özünü təqdim edən İran İslam Respublikasi vətəndaşının göndərdiyi ümumi təmiz çəkisi 7.19 qram olan narkotik vasitə marixuananı yaşadığı ünvan 1 ünvanının qarşısından götürdükdən sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə idarəsinin X4 Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evin qarşısında saxlanılıb üstü yoxlanılan zaman əlində olan 01 ədəd ağ rəngli kağız bükümün içərisindən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi təmiz çəkisi 7.19 qram olan xeyli miqdarda çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində xərçəng xəstəsi olduğunu və narkotik vasitəni ağrıkəsici kimi istifadə etdiyini bildirmişdir. Belə ki, müalicə olunması üçün İran Respublikasına getdiyini, narkotik vasitəni də İran Respublikasının vətəndaşı Səid adlı şəxsin vasitəsi ilə əldə etdiyini qeyd etmişdir. Səid ona Azərbaycanda da adamı olduğunu və lazım olduqca narkotik vasitəni yaşadığı ünvana yəni Gəncəyə göndərəcəyini demişdir. O, da lazım olduqca narkotik vasitəni Səiddən almışdır. Səid Gəncədəki tanışı vasitəsilə narkotik vasitəni onun yaşadığı evin qarşısındakı ağacın dibinə qoymuşdur. O, narkotiki gətirən həmin şəxsi tanımadığını, ödənişi isə Səidin hesab nömrəsinə oğlu tərəfindən göndərildiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə isə evinin qarşısında siqaret çəkən zaman əməliyyatçılar ona yaxınlaşmış və nəişəni əlində tutmuşlar. Bundan sonra evində axtarış edilmiş və 1 kq nəişə evdə aşkar olunmuşdur. O, həmin 1 kq nəişənin özünə məxsus olmadığını, narkotiki evinə kim tərəfindən yerləşdirildiyini bilmədiyini demişdir. Rəşad adlı şəxsin isə kim olması ilə bağlı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Rəşad malyardır, həmin gün küçədə siqaret çəkən zaman Rəşad oradan keçirmiş və yaxınlaşıb söhbət etmiş, birgə nəişə çəkmişlər. Rəşad getdikdən təxminən 15 dəqiqə sonra əməliyyatçılar gəlmişdir. Müdafiəçinin sualına cavab olaraq Səidə 100 qramın qarşılığında 1200 (min iki yüz) manat pul verdiyini, nəişənin isə ona hissə-hissə verildiyini, 10 qram nəişəni 1 həftə istifadə etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində Təqsirləndirilən şəxs həyat yoldaşı olduğunu bildirərək həmin gün evdə nəvəsi qızdırdığına görə ona sistem qoşdurduğu üçün yanında oturmuş və birdən içəri 2-3 nəfərin daxil olduğunu görmüş, lakin onların nə axtardığını bilməmişdir. Sədrlik edənin sualına cavab olaraq evin iki mərtəbədən ibarət olduğunu, özünün 2-ci mərtəbədə, axtarışın isə 1-ci mərtəbədə keçirildiyini, həmin gün evdə yoldaşı ilə özünün olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Gəncə şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və üzərində gəzdirməsi, istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilərək şöbədə əməliyyat qrupu yaradılmış və qrupa özü rəhbər kimi təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə Rəşad adlı şəxsdə narkotik vasitənin olduğu şübhəsi ilə ona yaxınlaşmış, onun əlində torba olmuş, üzərinə baxış zamanı 120 qram qurudulmuş marixuana aşkar edilmiş və Rəşad vasitəni Samirdən götürdüyünü bildirmişdir. Bundan sonra Samirin yaşadığı ünvana gedilmiş, həmin vaxt özü küçədə olmuş, üzərinə baxış keçirdikədə 8 qram marixuana aşkar olunmuşdur. Evində olduğunu bildirdikdə evinədə baxış keçirilmiş və təxminən 70 bükümə yaxın marixuana və 500 qramdan çox marixuana aşkar olunmuşdur. Şəxs öz istifadəsi üçün aldığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 və Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsini təsdiq etmişlər. Təqsirləndirilən şəxs özünü təqsirli bildiyinə görə ibtidai istintaq zamanı ifadəsi alınmış Şahid3 məhkəmə iclasında dindirilməsinə zərurət olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 şahidlər Şahid4 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir. (i.v.219-222) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün və evinin yoxlanılmasına dair” protokoldan görünür ki, DİN BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili Şahid1, polis baş leytenanti Şahid4, polis baş serjantı Şahid2, polis baş serjantı Şahid3 ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid5 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında əlində olan 01 ədəd kğız bükümü daşın arxasında gizlətmək istəyərkən saxlanılmış, hüquq və vəzifələri izah edilmiş və üstü yoxlanılmışdır. Yoxlamadan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olun olmaması varsa təqdim etməsi təklif olunmuş və bu zaman əlində saxladığı bir ədəd ağ rəngli kağız bükümü təqdim edərək marixuana olduğunu bildirmişdir. Kütlə tərəzidə çəkilərək 8,57 qram müəyyən edilmişdir. Bundan sonra sorğu zamanı təqdim etdiyi kütlədən əlavə yaşayış evində də marixuananın olduğunu bildirdikdə evə baxış keçirilmiş və evin zal hissəsindəki stolun üstündə olan bir ədəd qutunu təqdim edərək içərisində marixuana olduğunu bildirmişdir. Həmin qutuya baxış keçirilən zaman içərisində 71 ədəd kağız bükümlərdə narkotik vasitə olan marixuananın olduğu müəyyən edilmiş və qutu ilə birgə tərəzidə çəkilərək 550 qram olduğu müəyyən edilmişdir. O, suallara cavab olaraq əlavə narkotik vasitənin olmadığını bildirsə də evin digər otaqları yoxlanılmış və uşaq otağı kimi nəzərdə tutulan otağın giriş qapısından sol tərəfdə yerləşdirilmiş kiçik ölçülü stolun üzərində 01 ədəd sellofan bağlamanın içərisində marixuana və elektron tərəzi aşkar edilmişdir. Həmin bağlama tərəzidə çəkilərək 665 qramın olduğu müəyyən edilmişdir. Sorğu zamanı marixuananı İran Respublikasının vətəndaşı Səid adlı şəxsdən aldığını, evdən aşkar olunmuş kütlələrin isə ona məxsus olmadığını bildirmişdir (i.v.57-60); - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 dəqiqədə tutulmuşdur.(i.v.64, 75); - ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 60,80 (altmış manat səksən qəpik) manat müəyyən edilmişdir(i.v.91); - Məhkəmə Ekspertizası Mərkəzinin X3 xx.xx.2024-cü il tarixli 16/878 nömrəli rəyində göstərilmişdir ki, tətqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 01 ədəd ağ kağız bükümdə təmiz çəkisi 7,19 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tətqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş marixuanaya bənzər kütlə” yazı və imzalar olan qara rəngli sellofan paketdəki 01 ədəd üzəri yapışqan lentlə baglanmış şəffaf sellofan paketdə təmiz çəkisi 560 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş marixuanaya bənzər kütlələr” yazı və imzalar olan qara rənglisellofan paketdəki, 01 ədəd üzərində Banketnaya əmtəə yazısı olan karton qutuda olan 01 ədəd sellofan bükümdə və 71 ədəd ağ kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 21,96 qr, 5,26 qr, 2,30 qr, 2,17 qr, 5,08 qr, 5,05 qr, 2,20 qr, 2,10 qr, 2,18 qr, 2,29 qr, 2,13 qr, 2,16 qr, 2,16 qr, 2,25 qr, 2,14 qr, 2,16 qr, 2,21 qr, 2,26 qr, 5,09 qr, 2,15 qr, 5,06 qr, 2,51 qr, 5,03 qr, 5,12 qr, 2,41 qr, 2,20 qr, 2,24 qr, 2,15 qr, 5,14 qr, 2,15 qr, 2,30 qr, 2,31 qr, 2,26 qr, 2,18 qr, 2,16 qr, 2,10 qr, 5,17 qr, 2,29 qr, 2,22 qr, 5,08 qr, 2,31 qr, 2,11 qr, 5,14 qr, 5,86 qr, 5,06 qr, 5,08 qr, 5,03 qr, 5,25 qr, 5,06 qr, 5,11 qr, 2,22 qr, 2,43 qr, 5,17 qr, 5,17 qr, 5,11 qr, 4,96 qr, 5,16 qr, 5,05 qr, 5,15 qr, 2,22 qr, 2,06 qr, 2,78 qr, 5,12 qr, 5,13 qr, 2,20 qr, 4,97 qr, 5,32 qr, 5,18 qr, 5,74 qr, 5,17 qr, 5,13 qr, 5,07 qr ümumi təmiz çəkisi 279,90 qr olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 01 ədəd elektron tərəzi” уazı və imzalar olan kağız paketdəki 01 ədəz elektron tərəzinin üzərindəki təmzi çəkisi 0,17qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş 01 ədəd elektron tərəzi” yazı və imzalar olan kağız paketdəki 01 ədəd elektron tərəzi üzərində narkotik vasitə və psixotrop maddə qalıqları yoxdur. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş marixuanaya bənzər kütlə” yazı olan kağız paketdəki 01 ədəd bükümdəki qurudulmuş marixuana, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş marixuanaya bənzər kütlə” yazı olan qara rəngli sellofan paketdəki 01 ədəd üzəri yapışqan lentlə bağlanmış şəffaf sellofan paketdəki qurudulmuş marixuana, üzərində “Təqsirləndirilən şəxs evindən aşkar olunmuş marixuanaya bənzər kütlələr” yazı olan qara rəngli sellofan paketdəki, 01 ədəd üzərində Banketnaya əmtəə yazısı olan karton qutuda olan 01 ədəd sellofan bükümdə və 71 ədəd ağ kağız bükümlərdə olan qurudulmuş marixuana, üzərində “X2 aşkar olunmuş marxuanaya bənzər kütlə” yazı olan kağız paketdəki 01 ədəd ağ qara rəngli polietilen paketdə olan 01 ədəd sellofan bükümdəki qurudulmuş marixuara tərkiblərinə görə eynidirlər. (i.v.92); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.111); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməmişdir (i.v.121-123); - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(125)-259/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 04 ay həbs qətimkan tədbiri seçilmişdir (i.v.141- 148); - DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci il tarixdə Kəpəz rayon Prokurorluğu tərəfindən AR-nın CM-nin 189-1 maddəsinin 2-ci hisəsi ilə təqsirli bilinmiş və xx.xx.1992-ci il tarixdə sonuncunan barəsində aparılan araşdırmaya AR CPM-nin 10.4-cü bəndi ilə xitam verilmişdir. Moskva şəhər Timirzayev Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 161.2“A”,“V” bəndinə əsasən 04 il azadlıqdan məhrumetmə etmə cəzasına məhkum edilmişdir. Moskva Şəhər Naqatin Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə RF-nin CM-nin 30.1 və 228.1.3”Q” bəndi ilə təqsirli bilinərək 08 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhum edilmişdir. (i.v.153); - xx.xx.2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan və cinayət işinə əlavə edilmiş DVD diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində ünvan 1 ünvanın qarşısında DİN-nin BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, polis baş serjantı Şahid3, polis baş serjantı Şahid2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılır. Saxlanılan zaman polis əməkdaşları şübhəli şəxsə özlərini təqdim edirlər, hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra o, əlində saxladığı 01 ədəd ağ rəngli kağız bükümü, əynindəki şortikin sağ yan cibindən bir ədəd “Samsung” markalı telefonu, bir ədəd alışqanı, həmin şortikin sol yan cibindən bir qutu “vest” markalı siqareti təqdim edir. Sonra onun üstü yoxlanılır. Təqsirləndirilən şəxs bir ədəd ağ rəngli kağız bükümü təqdim edərək içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzəyən kütlə olduğnu bildirir. Həmin kütlə elektron tərəzidə çəkilir və qablaşdırılma ilə birlikdə çəkisi 8,57 qram olduğu müəyyən olunur. Sonra həmin kütlə qablaşdırılır və üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlədən əlavə fərdi yaşayış evində də narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirir və daha sonra isə videogörüntü pozulur, səs və görüntü olmur. (i.v.171); - xx.xx.2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 099 *** ** ** və 050 *** ** ** mobil nömrələrinə daxil olan və çıxan zənglər, SMS mətnləri, anten dairəsi barədə məlumatlara baxış keçirilərkən əhəmiyyət kəsb edəcək telefon danışıqları və sms mətnlərinin olmadığı müəyyən edilmişdir (i.v.182); - Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 2769, 4328 nömrəli arayışlarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur.(i.v.184, 185); - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(125)-406/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 03 (üç) ay müddətinə uzadılmışdır (i.v.204-210); - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(125)-136/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 02 (iki) ay müddətinə uzadılmışdır (i.v.242-245); - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(125)-249/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 01 (bir) ay müddətinə uzadılmışdır (i.v.272-274); - Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli 845 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.( i.v.276); - xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər İcra hakimiyyəti başçısının 2 saylı Sahə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə şikayət daxil olmamışdır. ( i.v.277); - 26 may 2025-ci il tarixli Daxili işlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb X1 məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da narkotik vasitəni əldə etdiyi və satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır.(iş vər. 290); - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir.( i.v.291-293); - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v.295); - xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilmişdir.(i.v.305-307); - xx.xx.2025-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qaytarılmış 7,11 qram narkotik vasitə qurudulmuş marixuana, üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk, təqsirləndirilən şəxsin və şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, ekspertlərin rəyləri, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir( i.v.308-318); - xx.xx.2025-ci il tarixli “həbsdə saxlama müddətinin uzadılmasından imtina edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuanın xeyli miqdarının yuxarı həddi 5 qram təşkil edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, yaşını və onkoloji xəstə olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs 20 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 avqust 2024-cü il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 20 iyun 2025-ci il tarixdə həbsdə saxlama müddətinin uzadılmasından imtina edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd edilməlidir ki, 9 fevral 2006-cı il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.7-ci bəndinə əsasən 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə tətbiq oluna bilmədiyindən Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməməli, o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən (28 aprel 2025-ci il tarixli 141 nömrəli dəyişiklik nəzərə alınmaqla) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş 16 saat hüquqi yardıma görə Gəncə şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 176 (yüz yetmiş altı) manat pul ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu 10 ay müddət (20 avqust 2024-cü il tarixdən- 20 iyun 2025-ci il tarixədək) azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, yaşadığı Gəncə şəhər ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 16 saat hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 176 (yüz yetmiş altı) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar