Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-191/2024 03.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1973-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş” Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,366 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin X2 əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-ci il tarixdə, saat 21:30 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Bazar Store” mağazasının yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan kənarlarında üç ədəd göy rəngli zolaqları olan tünd göy rəngli idman şalvarın sağ ön yan cibindən 01 ədəd kağız bükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,366 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, Şahlar Hüseynov küçəsi bina 6A mənzil 27-də yaşayır və Gəncə şəhərində fəhləlik edərək ailəsini dolandırır. Əvvəllər uzun müddət “kakos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə etmişdir.Belə ki, narkotik vasitə heroin onun ağrılarını yüngülləşdirmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində piyada gəzən zaman “Bazar Store” mağazasının yaxınlığında yerdə olan ağ rəngli kağız büküm diqqətini cəlb etmiş və o, həmin kağız bükümü yerdən götürüb içərisinə baxan zaman içərsində tünd qəhvəyi rəngli “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu görmüşdür. Ətrafda heçkəsin onu görməməsindən əmin olduqdan sonra həmin bükümü götürüb gələcəkdə istifadə etməkdən ötrü cibinə qoymuşdur. Bundan sonra həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 21:30 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Bazar Store” mağazasının yanında olan zaman iki nəfər mülki geyimli polis ona yaxınlaşaraq özlərini təqdim edib ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib ona birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getməyi təklif etmiş o, etiraz etməmiş və polis əməkdaşları onu xidməti avtomobillərinə əyləşdirərək Gəncə şəhər BPİ-nin inzibati binasınına aparmışlar. İdarənin inzibati binasında təhqiqatçı ona hüquqlarını izah etmiş və o, müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə və ya digər qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, o, əynində olan idman şalvarın sağ ön yan cibinin içərisində saxladığı 1 ədəd ağ rəngli kağız bükümdə olan “kakos” kimi tanıdığı narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra həmin büküm zərfə qoyularaq möhürü ilə möhürlənərək üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, o və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər.Əməlindən peşmandır.Məhkəmədən himayəsində yaşlı anasının olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid Gəncə şəhər BPİ-nin X2 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə idarəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz olaraq əldə edib üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə dair qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər BPİ-nin X2 kiçik inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən saat 21:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri “Azərbaycan Bayrağı” küçəsində yerləşən “Bazar Store” mağazasının yaxınlığında olmasını müəyyən etmiş və o tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs idarəyə gətirilmiş və idarənin inzibati binasında təhqiqatçı tərəfindən ona hüququları izah edilərək müdafiəçi ilə təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükümü təqdim etmişdir. Həmin kağız bükümün içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir.Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütləni həmin günü günorta saatlarında Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Bazar Store” mağazasının yaxınlığında yerdən tapdığını, əvvəllər narkotik vasitə istifadəçi olduğunu və şəxsi istifasindən ötrü üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağız bükümdə olan ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə tərəzidə çəkilmiş,.daha sonra həmin büküm müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı ibtidiai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmiş şahid Gəncə şəhər BPİ-nin X2 kiçik inspektoru, polis baş serjantı Şahid2 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 22 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi lə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndilən şəxsin dindirilməsi haqqında” 23 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində ifadə verərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, törətdiyi əməli könüllü şəkildə etiraf etmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunmuşdur. “Təqsirləndirilən şəxs barədə axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00-da tutularaq Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirilmiş və Gəncə şəhər BPİ-nin İTİ-nə təhvil verilmişdir. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. “Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirini qüvvədə saxlanılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan təddiri qüvvədə saxlanılmışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və xx.xx.2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi” haqqında protokoldan görünür ki keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Daxili İşlər Nazirliyinin Gəncə Şəhər BPİ-nin inzibati binasını xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkiliş materiallara əlavə edilmişdir. Həmin video görüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X1, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin NBM-nin kiçik inspektoru, polis baş serjantı Şahid2, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquqlarının aydın olduğunu bildirdilər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs əynində olan hər iki tərəfində üç ədəd zolaqları olan tünd göy rəngli idman şalvarın sağ ön yan cibindən bir ədəd ağ rəngli kağız bükümü təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “kakos” olduğunu bildirir. Daha sonra ağ rəngli kağız bükümə baxış keçirilir və həmin büküm açılır və içərisindən ilk baxışdan narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan narkotik vasitə heroinə bənzər kütləni həmin günü günorta saatlarında saat 12-13 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən “Bazar Store” mağazasının yaxınlığından tapdığını, həmin narkotik vasitə heroindən heçkəsə satmadığı, vermədiyini və həmin narkotik vasitə heroinin onun üzərində olduğundan heçkəsin xəbəri olmadığını və narkotik vasitədən əvvəllər istifadə etdiyi üçün həmin narkotik vasitəni şəxsi istifadəsindən ötrü üzərində saxladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir psixi, fiziki təsirin olmadığını və üzərindən aşkar edilmiş kütlənin ona məxsus olmasını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağız bükümdə olan ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə tərəzidə çəkilir və həmin kütlənin kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 0,55 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Məhkəmə-kimyəvi ekspertizasının 22 oktyabr 2023-cü il tarixli 16/1082 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “ Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlə” sözlər və imzalar olan kağız paketdəki, 1(bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,366 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2024-cü il tarixli 224 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserində qeydiyyatda durmur. Əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini digər şəxslərə satmasını müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi-0,366 qram, narkotik vasitə olan heroinin təhqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.316 qram heroin və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut növü kimi tanınmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD diskə baxış keçirilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarın sağ ön yan cibindən bir ədəd ağ rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyub, üzərindən aşkar edilmiş kütlənin “kakos” olduğunu bildirməsi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə ilk öncə onu qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xx.xx.2023-ci il tarixədək qüvvədə olan 234-cü maddəsinin 1-ci hissəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin, xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli Qanununun 1.3.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin əvvəlki redaksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulduğu halda, qanunvericilikdə edilmiş dəyişiklikdən sonra həmin maddənin dispozisiyası satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə anlayışını ehtiva etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq 0,366 qram miqdarda ksutar üsulla hazırlanmış olan narkotik vasitə heroini əldə edib, üzərində daşıyaraq, saxlamış, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində üzərindən aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzannı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları nəzərə alaraq məhkəmə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halalrın müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məcburi müalicəyə ehtiyacı olmadığından barəsində məcbur müalicə tətbiq edilməməli, lakin narkoloji kabinetdə qeydiyyatda alınmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,316 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X6 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 5(beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.316 qram heroin məhv edilsin və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-191/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-191/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver