Məhkəmə qərarları › İş №1(125)-193/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-193/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-193/2024 09.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısı, müdafiəçi - Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Gəncə şəhəri, Natəvan-2 qəsəbəsində yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 08 radələrində birgə yaşadıqları Gəncə şəhəri, Cumhuriyət küçəsində “Büllur” Şadlıq Sarayı yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əl zərbələri ilə sonuncunun üz nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq ona- sol gözün üst və alt göz qapaqlarının qançır-şişkinlik halında əzilməsi, gözaltı nahiyənin əzilmiş yarası, dərəcəsinə görə sağlamliğin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, Gəncə şəhəri, Cumhurriyət küçəsində “Büllur” Şadlıq Sarayının yanında fəhlə bazarında fəhlə kimi işləyir. Zərərçəkmiş şəxs işlədiyi yerdən tanımışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində işlədiyi yerin yaxınlığında Məhərrəm ilə birgə kafedə çörək yeyərək spirtli içki qəbul etmiş, oradan çıxıb küçədə dayanan zaman Məhərrəmdə olan təsbehi alaraq özündə qalmasını istəmiş, lakin Məhərrəm vermək istəməmişdir. O, sərxoş olduğundan həmin təsbehi verməyəcəyini bildirmiş, lakin sonra təsbehi sonuncuya qaytarmışdır. Həmin vaxt Məhərrəm təsbehi ona cəza çəkmə müəssəsindən göndərən qardaşı Pərvin ilə hədələyərək getmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində işlədiyi Cümhuriyyət küçəsinə gəldikdə Məhərrəmi görmüşdür. Məhərrəm yenidən onunla təsbeh ilə bağlı mübahisə etməyə başlamış və ona əl atan zaman o, əsəbləşib yumruq ilə sonuncunun üz nahiyəsinə bir neçə dəfə vuraraq xəsarət yetirərək hadisə yerindən uzaqlaşmışdır. İfadəsinin sonunda o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs istintaq zaman verdiyi ifadəsini təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. İfadəsinin sonunda E. Məmmədzadəyə qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. İş ürzə digər Şahid1 məhkəmə iclasında iştirakı mümkün olmadığından istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir.(i.v.46-47) Məhkəmə istintaqı zamanı Şahid2 оğlu ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il saat təxminən 08 radələrində evinə getmək məqsədilə Gəncə şəhəri Cumhuriyyət küçəsində “Büllur" Şadlıq sarayının yanında olan sərnişin avtobus dayanacağında 2 nəfər şəxslərin aralarında mübahisə etdiyini, yaxınlaşdıqda həmin şəxslərin fəhlə kimi tanıdığı Elbrus və Məhərrəm olduğunu görmüşdür. Mübahisə zamanı o, Elbrus adlı şəxsin bir neçə dəfə yumruqla Məhərrəmin üz nahiyəsinə vurmasını görmüş və Məhərrəm aldığı xəsarətlərdən əli ilə üz nahiyəsini tutaraq Gəncə şəhəri, Nizami Gəncəvi küçəsi istiqamətinə və Elbrus adlı şəxs isə digər istiqamətə getmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “böyük ictimai təhlükə törətməyən aşkar cinayət təqibi üzrə Məhkəməyədək Sadələşdirilmiş icraatın açılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibi olduğundan Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında ********* saylı böyük ictimai təhlükə törətməyən aşkar cinayət təqibi üzrə Məhkəməyədək Sadələşdirilmiş icraat açılaraq araşdırma aparılmışdır. (i.v. 1); - xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, Cümhuriyyət küçəsində baş vermişdir. Baxış gündüz vaxtı, təbii işıqlandırma vaxtı aparılmış, ərazidə müşaidə kameraları olsada hadisə oturacağın və köşkün arxasında törədildiyindən müşaidə kameralarına düşməmişdir. Baxış zamanı əhəmiyyət kəsb edən əşya və sənəd götürülməmişdir. (i.v. 14-16); - məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 243 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol gözün üst və alt göz qapaqlarının qançır-şişkinlik halında əzilməsi, gözaltı nahiyənin əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "Yüngül" zərər vurmaya aid edilir. (i.v. 33,34); - Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1243 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. (i.v. 53); - Gəncə ŞBPİ-nin 4-cü PB tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (i.v. 54); - Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1116 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. (i.v. 56); - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1996-cı il tarixdə Gəncə Qarnizonu Hərbi Tribunalının hökmü ilə AR CM-nin 243-ci maddəsi ilə 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin xx.xx.1997-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsinin ½ qədər azaldaraq 04 il 04 ay 12 gün cəza təyin edilmiş, AR Milli Məclisinin xx.xx.1998-ci il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsinin ½ qədər azaldılmış, cəzasının sonu ilə azad olunmuşdur. Kəpəz rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə AR CM-nin 221.1-ci maddəsi ilə 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR Milli Məclisinin xx.xx.2003-cü il tarixli amnistiya qərarına əsasən cəzadan azad olunmuşdur. Kəpəz rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə AR CM-nin 221.3-cü maddəsi ilə 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad edilmişdir. Gəncə ŞBPİ tərəfindən xx.xx.2021-ci il tarixdə CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş, Gəncə ŞBPİ tərəfindən xx.xx.2021-ci il tarixdə CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olunaraq məhkəməyə göndərilmişdir. (i.v. 57-59); - Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(043)-225/2021 saylı qərarına əsasən “8 Noyabr- Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarına əsasən CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. (i.v. 61); - xx.xx.2024-cü il tarixli 1(125)-193/2024 saylı Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirməsini və müsbət xarakterizə olunmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı həbsdə saxlanıldığı 27 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 1 ay 24 gün çıxılaraq onun üzərində qəti olaraq 6 (altı) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 27 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 1 ay 24 gün çıxılaraq onun üzərində qəti olaraq 6 (altı) ay 6 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 120 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar