Məhkəmə qərarları › İş №1(125)-193/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-193/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-193/2025 04.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, xüsusi ittiham qadasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və müdafiəçisi Müdafiəçi İnqilab oğlunun iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 zərərçəkmiş şəxs kimi ərizə ilə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyalarında nəzərdə tutulan ən ağır cəza ilə cəzalandırılması barədə hökm verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə təqribən 23:30 radələri ərəfəsində “Tik-Tok” sosial şəbəkəsi üzərində canlı yayım açmış X4 (X16 profili) canlı yayımına qoşularaq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi müəllimlərin atestasiyası ilə bağlı olan müzakirəyə qoşulmuşdur. Orada şəxsi subyektiv fikirlərini bölüşərək, vətəndaş mövqeyini bildirərək müəllimlərin həyacan keçirməməsini, özgüvəni, savadı olan müəllimlər zatən rahat imtahan verəcəyini, adi musiqi nəzəriyyəsinə, ixtisasına dair suallara cavab verməyən müəllimlər nə üçün kəsilməməlidir fikirlərini səsləndirərək və ən önəmli canlı sahibinin biraz emosialarına hakim olmasını xahiş edərək bildirmişdir ki, emosianal çıxış heç bir məsələlərin həll yolu deyil. Bu ifadələrindən sonra canlı yayım sahibi Günay Məmmədova ona bildirərək imtahan prosesində qərəzlilik var “siz kimsiniz ki, gəlib mənim canlı yayımda biz müəllimlərə ağıl öyrədirsiniz” deyərək ona aid olan “Shahriyar Musayev” “Tik-Tok” hesabını özü və ya təyin etdiyi moderatorlar tərəfindən bloka ataraq onun şərəf və ləyaqətinə yaraşmayan ifadələr işlətməyə başlamışdır. Canlı yayımında olan bir çox izləyiciləri də onu təhqir etməyə yönləndirmiş oldu. O da təbii ki, hisslərinə hakim olaraq Azərbaycan qadını olduğu uçun yenidən canlı yayıma qayıdaraq müzakirəni davam etdirməmişdir. Xanım canlı bitənə qədər onun haqqında Mədəniyyət Nazirliyinin trolları, vicdansız şərəfsiz deyərək Təhqir etməyə davam etmiş və xanim həmin canlının səhərisi günü təqribən 24 mart günorta 14:00 radələrində öz şəxsi hesabında (X16 profilində) video paylaşaraq onun adını çəkərək ona yaraşmayan təhqiramiz ifadələrlə onu aşağılamağa cəhd göstərmiş və bundan sonra onun əlaqə nömrəsini taparaq bu məsələnin sivil yol ilə həll edilməsinə cəhd göstərmişdir. Çox təəssüf olsun ki, bu məsələni telefon ilə də həll edə bilməmiş və yekun olaraq xanıma 26 mart işi ilə bağlı Gəncə şəhərinə gələcəyini və bu məsələni üz üzə müzakirə edəcəyini təklif etmiş, xanım isə etirazını bildirməmişdir. 26 mart günorta 12:30 radələrində Günay xanıma zəng edərək gəncə şəhərində olduğunu və işlərini saat 6-ya qədər yekunlaşdıracağını bildirmış, xanım isə axşam saat 9 da görüşəcəyini vatsapp üzərindən səslə bildirmişdir. Üstündən 10 dəqiqə keçməmiş Günay xanım fikirini dəyişərək ona yenidən səs göndərərək sabah səhər 10 da Xan Bağı adlanan ərazidə görüşməyi bildirmişdir. Həmin gün xx.xx.2025-ci il tarixdə xanım axşam 23:00 radələrində öz şəxsi “Tik-Tok” hesabında yenidən canlı açaraq yenə onu təhqir etməyə başlamış və izləyicilərinə səslənərək bildirmiş ki, “əziz Gəncəmin qeyrətli oğlanları sizlərin hər birinizi səhər 10:00 radələrində Xan Bağına məni tək qoymamağa dəvət edirəm.Hər kəs telefonlarını götürüb Xan Bağına gəlsin” Sanki Gəncə xalqını, Gəncənin qeyrətli oğullarını təhqir etməsi kimi çıxmışdır. O, görüşdən imtina edərək Günay Məmmədovaya “mən bu məsələni sivil yol ilə həll olunmasına çalışdım, siz isə məsələni başqa istiqamətlərə apardınız məhkəmədə görüşərik deyərək” xanımın vatsapp nömrəsinə səs yollamışdır. X9 24 mart günorta 14:00 radələrində şəxsi “Tik-Tok” hesabında video paylaşaraq vurğulamış ki, “Düma yazır ki, Qafqazda bir millət var, orda bir kişinin verdiyi söz avropanın 10 notariuslu sənədindən üstündür. Sən hardan biləsən ki, ay Düma, bu gün 21-ci əsrdə Şəhriyar Musayev kimi dırnaqarası kişilərin, kişiciklərin sayı çoxalacaq. Mən onlara kişi demirəm onlara dırnaqarası kişi deyirəm. Və sənin kimi kişilər necə mənim canlımdan qaçdınız, həyatda da mənim səsimdən belə lərzəyə gələrək qaçacaqsınız. Daha sonra çıxışında bildirir ki, mərd mərddir namərd namərddir. Namərd hər zaman mərdin adını səsləndirməklə özünü məşhurlaşdırmağa çalışar. Sizin kimi namərdlər xalqın, millətin düşmənidirlər” Bu ifadəni səsləndirməklə demək istəyib ki, “o, namərd olaraq mərd Günay Məmmədovanın sayəsində məhşurlaşmağa böyük ehtiyacı varmış. El üçün, millət üçün gərəksiz bir insansınız, kişicik dəstəsisiniz kimi ifadələrlə, namərd deməklə onun şərəf və ləyaqətini dəfələrlə alçaldaraq KİV - də yayımlamışdır”. Daha sonra həmin gün təqribən axşam 20:27 radələrində öz “Tik-Tok” hesabında açdığı canlı yayımda öz izləyicilərinə səslənərək “Şəhriyar Musayev normal qadın və ya normal kişi gecə saat 03:00 da öz ailəsi ilə övladları ilə yatıb dincələr, məni müzakirə etməz”. Günay Məmmədova bu ifadəsi ilə də onun anormal olduğunu hesab etməklə də şəxsiyyətini və şərəf ləyaqətini alçaltmışdır. Həmçinin 27 mart səhər saat 10 radələrində Gəncə şəhəri Xan Bağı adlanan ərazidə şəxsi “Tik-Tok” hesabında açdığı canlı yayımda izləyicilərinə səslənərək bildirmiş ki, “baxın əziz izləyicilərim mən Xan Bağındayam ancaq Şəhriyar Musayev gəlmədi. Mən onun bir daha dırnaqarası kişi, dırnaqarası kişicik olduğunu həm ona həm sizlərə sübut etdim. Gəncənin qeyrətli oğullarından və X15dan qorxdu. Bax belə qorxub qaçarsan. Qurban olaram millətimin qeyrətli oğlanlarına qızlarına. Qeyrətsizlər ər meydanında bax beləcə qaçar, kül olar. X8? X15 ər meydanından qorxmayan mərd xanım məhkəmədənmi qorxacam? Günahkar sən ola ola. Xan bağı ər meydanıdır. Mən ər meydanında nər savaşına gəlməyimə baxmayaraq düzdür qarşı tərəf nər deyil.” Günay Məmmədova açdığı canlı yayımlarda onun haqqında Dırnaqarası kişi, dırnaqarası kişicik, qorxaq, qeyrətsiz ifadələri ilə bir daha təhqirə yol verməklə onun şərəf və ləyaqtini KİV-də alçaltmışdır.” X9 27 mart səhər 10:00 radələrində Gəncə şəhəri Xan bağı ərazisində açdığı canlı yayımda izləyicilərinə səslənərək bildirir ki, “bunlar (yəni Şəhriyar Musayev) öyrəşiblər görüşə gələndə sinəsi açıq, başı açıq qadınlarla kafelərdə restoranlarda görüşsünlər. Mən öz adımla söz demirəm, səhifəmin adına bax utan, Xalqın adı ilə sözümü deyirəm” cümlələrini işlətməklə sanki, Xalq və Günay Məmmədova onu dəfələrlə sinəsi açıq qadınlarla restoranlarda əxlaqsız həyat tərzi sürən biri kimi görmüşlər. Cəmiyyətdə Əxlaqsız həyat tərzini təbliğ edirmiş kimi, bir sözlə cəmiyyət üçün əxlaqsız həyat tərzi sürən bir insan kimi izləyicilərinə təqdim edərək ona bohtan atmağa cəhd göstərmişdir. X11 CM-nin 147.1-ci və 148-ci maddələrinin tələblərini pozmaqla KİV-də onun adını dəfələrlə canlı yayımlarında hallandıraraq “Tik-Tok” hesabında video paylaşaraq dırnaqarası kişi, kişicik, anormal, namərd, qeyrətsiz, qorxaq, əxlaqsız, el üçün millət üçün gərəksiz bir insan və sinəsi başı açıq qadınlaria kafelərdə, restoranlarda ətrafları ilə görüşdüyünü vurğulayaraq Böhtan və Təhqir maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Ünvanına nalayiq ifadələrın işlədilməsini video görüntülərdən görmək mümkün olduğunu bildirir. Bundan əlavə xx.xx.2025-ci il tarixdə o, Günay Məmmədovanın canlı yayımına qoşulduqdan sonra gecə 23:45 radələrində canlı yayım davam edə edə onu durmadan təhqir etmiş, səhərisi gün xx.xx.2025-ci il tarixdə günorta təqribən 14:00 radələrində xanım öz şəxsi hesabında video paylaşaraq onun ünvanına təhqiramiz ifadələr işlətməkdən çəkinməmiş, həmçinin xx.xx.2025-ci il səhər 10:00 edələrində X17 adlanan ərazidə öz şəxsi hesabında canlı yayım açaraq dəfələrlə onun adını hallandıraraq şərəf və ləyaqətini alçaltmışdır. X7 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, o, mülki iddia verərək mülki cavabdeh X4 tərəfindən onun şərəf, ləyaqət və işgüzar nüfuzuna vurulmuş ziyana görə G.Mmmədovun üzərinə ondan üzr istəməsi vəzifəsinin qoyulması və dəymiş 5000 (beş min) manat mənəvi zərərin və 70 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı və mülki iddiaçı X7 vermiş olduğu şikayət ərizəsinin təmin edilərək X4 məsuliyyətə cəlb edilməsini, eləcə də mülki iddiasının təmin edilərək 5070 manatın ona ödənilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 ifadəsində özünü təqsirli bilməyərək bildirmişdir ki, o, musiqi müəlliməsidir. 23 mart 2025-ci il tarixdə Bakı və Sumqayıt müəllimləri üçün keçirilən attestasiya imtahanın düzgün keçirilmədiyinə görə digər tanış müəllimlər ilə birlikdə “tiktok” platformasında canlı yayım açmışdır. Canlı yayıma əmək haqqısı yüksək olmuş, imtahanın gedişatının düzgün olmadığını vurğulayan Bakı və Sumqayıt müəllimləri də qoşulmuşlar. O, əvvəllər Şəhriyar Musayevi tanımamışdır. Ş.Musayev canlı yayıma qoşulmaq üçün müraciət etdikdə moderator onu da canlı yayıma əlavə etmişdir. Bir az sonra Ş.Musayev canlı yayımda imtahanla bağlı demişdir ki, “düz edirlər müəllimləri kəsirlər, savadsız müəllimlərdir” Bunu canlı yayımın moderatoru Leyla müəllimə görmüş və o, Ş.Musayevi canlı yayımdan uzaqlaşdırmışdır. Daha sonra gecə saatlarında Ş.Musayev “tiktok” platformasında canlı yayın açaraq onun haqqında artıq əksik sözlər ifadə etmiş və səhəri gün onun nömrəsini tapıb zəng etmiş və ona “mən Gəncə şəhərinə gəlib sizinlə görüşmək istəyirəm” demişdir. O, da görüşməyə razılıq verərək Ş.Musayevə sabah saat 10-da Xan bağına gəlməsini bildirmişdir. Bir qadın olaraq o, qarşı tərəfin nə məqsədlə görüşmək istəməsinin səbəbini bilməmişdir. Daha sonra axşam canlı yayım açanda vurğulamışdır ki, “gəncəlilər gəncəli xanımı tək qoymazlar”. Sədrlik edənin sualına cavab olaraq xüsusi ittiham qaydasında şikayətlə tanış olduğunu, nalayiq və təhqiredici ifadələr işlətmədiyini, Ş.Musayevə böhtan atmadığını sadəcə olaraq “qadın müzakirə obyektidirsə həmin cəmiyyətdə o, kişi yox dırnaq arası kişi olur” dediyini etiraf etmişdir. Sonuncu məhkəmə iclasında isə o, verilmiş mülki iddianı qəbul etmədiyini və özünü CM-nin yalnız 148-ci maddəsi ilə təqsirli bildiyini qeyd edərək barəsində 19 dekabr 2025-ci il tarixli amnistiya aktının təqbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 32 ildir müəllimə işlədiyini bildirmişdir. O, 23 mart 2025-ci il tarixdə Günay müəllimənin “tiktok” platformasından istifadə edərək canlı yayım zamanı imtahan məsələlərini müzakirə etdiklərini, Günay müəllimə tərəfindən canlı yayıma moderator kimi təyin edildiyini, platformada çıxış etmək üçün ancaq musiqi müəllimlərini dəvət etdiklərini bildirmişdir. Həmin canlı yayımlardan birində adını sonradan bildiyi Ş.Musayev yazmışdır ki, “mən də musiqi müəllimiyəm, məni canlı yayıma əlavə edin” O, da bunu Günay xanıma bildirdikdən sonra Ş.Musayevi canlı yayıma əlavə etmiş və ona fikirlərini ifadə etmək üçün söz vermişdir. Şəhriyar Musayev canlı yayıma girdikdən sonra “siz savadsızsız, qorxaqsınız, imtahandan qorxursunuz” kimi müəllimələrə qarşı kobud ifadələr işlətmiş və o, dərhal Ş.Musayevin aqressiv çıxış etdiyi üçün yayımdan kənarlaşdırmışdır. Bir az sonra axşam saatlarında “tiktok” platformasını səhifəliyərkən başqa bir canlı yayımda o, Günay müəllimənin adının çəkildiyini görmüş, yayıma qoşulduqda isə Ş.Musayevin yenidən Günay müəlliməni müzakirə etdiyini, onu təhqir edərək “səviyyəsizdirlər, savadsızdırlar, onlar kimdir ki” kimi ifadələr söylədiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Günay xanımı “tiktok” platformasından tanıdığını bildirərək 2024-cü ildə Mədəniyyət Nazirliyi tərəfindən imtahan keçirildiyini, imtahana hazırlıq üçün müəllimlərə vaxt verilmədiyi, bununla bağlı narahat olduqlarını və bu məsələni canlı yayımda müzakirə etdiklərini qeyd etmişdir. Həmin canlı yayıma yalnız musiqi müəllimlərini qoşulmuş və Leyla müəllimə ilə birlikdə o, canlı yayımda moderator kimi iştirak etmişdir. Qeyd edir ki, Ş.Musayev təkidlə israr etdiyi üçün onu da canlı yayıma qoşmuşlar. Ş.Musayev canlıya qoşulduqdan sonra aqressiv şəkildə danışmağa başlamış, Günay xanım isə ona sual verdikdə o, cavab verə bilmədiyi üçün daha da aqressivlik göstərməyə başlamışdır. Gecə yarısı isə səhifələrə baxan zaman Ş.Musayevin canlı yayımı qarşısına çıxmış, yayıma daxil olduqda sonuncunun və həyat yoldaşının müəllimələri müzakirə etdiyini, Günay xanımın ünvanına kobud ifadələr səsləndirdiyini görmüşdür. Bu barədə tanışı Leyla xanım ilə birgə Günaya məlumat vermişlər. Sədrlik edənin suallarına cavab olaraq canlı yayımda Ş.Musayevin onları təhqir etdiyini, “parazitlər qrupu, savadsızlar, kəm savadlar” kimi ifadələr işlətdiyini və bundan sonra onu canlı yayımdan kənarlaşdırdıqlarını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xüsusi ittiham qaydasına verilmiş şikayətə əlavə edilmiş diskə məhkəmə iclasında baxış zamanı: Video 1 (3.32 dəq) Dümanın çıxışı ilə başlanılan videonun 58-ci saniyəsində dırnaq arası kişi mən onlara kişi demirəm, mənim səhifəmdən canlıda idin sual verdim qaçdın (1.52-ci saniyə). Bil ki, sən və sənin kimi dırnaqarası kişilər mənim səsimdən belə lərzəyə gələrsiz. 21-ci əsrdə sizin sayınız çoxalıb. kişiciklər və dırnaqarası kişiciklər. (2.22-ci saniyə) mərd mərddir namərd namərddir. siz el və millət üçün gərəksiz insansınız. (03.24-cü saniyə) - Video 2 (1.23 dəq) gecə saat 3 də normal qadın və ya kişi uşaqları ilə yatar məni müzakirə edə bilməz. anormal insan. Video 3 (2.29 dəq) səni bir daha yoxladım ki, görüm həqiqətən də dırnaqarası kişisən yoxsa...... göstərmək istədim. (47-ci saniyə). Xan baginda ər meydanında nər kimi gəlmişəm döyüşə düzdü qarşı tərəf nər deyil. (1.17-ci saniyə). səhər saat 10 da qadın kişini meydana dəvət edər dırnaqarası kişini, qaçmayan kişini yox. - Video 4 (3.49 dəq) Xan bağı ər meydanıdır bura ərlərin savaşdığı meydandır öyrəşibsiz ətrafınızdakıları dəvət edəsiz kafelərə barlara. (52 - ci saniyə). Daha sonra həmin videoda izləyicisi Emil adlı şəxs Günaya yazır ki, mən də əynimi dəyişməmiş gələ bilərəm cavabında Günay isə deyir ki, ehtiyac yoxdur Emil bəy mən sadəcə onu yoxlayırdım ki, həqiqətən də kişidir yoxsa dırnaqarası kişidir. Həqiqətən də dediyim kimi var imiş (1.15-ci saniyə). Eyni sözü təkrar təkrar yenə qeyd edir ki, öyrənibsiz görüşə gələnlər sinəsi açıq başı açıq gəlsinlər (1.49-cu saniyə). (02.20-ci saniyədə) qurban olaram vətənimin qeyrətli oğullarına qızlarına. Qeyrətsizlər ər meydanından nər meydanından qaçar, kül olar. X8? (03.03-cü saniyədə) saat 10 demişdim 10 da burdayam təkəm ay Şəhriyar Musayev qorxdun e, mən səni yoxlamaq üçün bunu etdim görüm səndə kişilik xisləti mərdlik varmı? kimi ifadələrin X10 tərəfindən sosial şəbəkədə səsləndirilməsi müəyyən edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(125) -193/2025 saylı qərarına əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəməlinqvistik ekspertizası təyin edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1976 saylı ekspert rəyindən görünür ki, tədqiqat nümunələri olaraq təqdim edilmiş materiallarda X10 tərəfindən X7 barədə ifadə edilmiş bir çox söz və ifadələr aid edildiyi şəxsin şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan, təhqiredici məzmunlu ifadələrdir. (Həmin söz və ifadələr belədir: “dırnaq arası kişi, mən onlara kişi demirəm” “sənin kimi dırnaqarası kişilər mənim səsimdən belə lərzəyə gələrsiz”, “kişiciklər və dırnaqarası kişiciklər”, “siz el və millət üçün gərəksiz insansınız”, “anormal insan”, “səni bir daha yoxladım ki, görüm həqiqətən də dırnaqarası kişisən yoxsa....göstərmək istədim”) - ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 180 (yüz səksən) manat müəyyən edilmişdir. - X4 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin özünü təqsirli bilərək barəsində 19 dekabr 2025-ci il tarixli amnistiya aktının tədbiq edilməsini və bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, xx.xx.2025-ci il tarixli, 4/1976 saylı ekspert rəyinə əsasən X10 tərəfindən X7 barəsində ifadə edilmiş bir çox söz və ifadələr aid edildiyi şəxsin şərəf və ləyaqətini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan, təhqiredici məzmunlu ifadələrdir. Beləliklə məhkəmə tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5-ci bəndinə əsasən məhkəmələr: 5.1. icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 6 və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər hazırki işdə müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, X10 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsində göstərilmişdir ki, amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, X4 təqsirləndirildiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 6 və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər müəyyən edilmədiyindən, müdafiə tərəfinin cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razılığını nəzərə alaraq məhkəmə hesab edir ki, X4 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci maddəsinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 74-cü bəndində göstərilmişdir ki, bəraət hökmü CPMin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Odur ki, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, mülki iddiaçı X2 mülki cavabdeh X6 qarşı vermiş olduğu mülki iddia baxılmamış saxlanılmalıdır. Mülki iddia ərizəsinə əlavə edilmiş qəbzlərdən görünür ki, verilmiş mülki iddia ərizəsinə görə 70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, mülki iddiaçı X2 verilmiş mülki iddia ərizəsinə görə ödənilmiş 70 manat dövlət rüsumu mülki iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 341-349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Mülki iddiaçı X2 mülki cavabdeh X6 qarşı vermiş olduğu mülki iddia baxılmamış saxlanılsın. Mülki iddia ərizəsinə görə ödənilmiş 70 manat dövlət rüsumu mülki iddiaçı X5 geri qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 180 (yüz səksən) manat manat X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar