Məhkəmə qərarları › İş №1(125)-194/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-194/2025

16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-194/2025 16.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi İnqilab oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs guya arvadı Şahid1 sosial şəbəkələrin birində mesaj yazdığını, sonuncu ilə qeyri-rəsmi münasibətdə olduğunu deyərək bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib, həmin hörmətsizliyin hər kəsin görməsi, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edib bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini qabaqcadan görüb və bunu arzu edərək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq gücünü nümayiş etdirmək üçün xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində heç bir əsaslı səbəb olmadan ətrafda olan şəxslərə məhəl qoymadan, qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, ictimai yer olan Gəncə şəhəri, X2 küçəsi 86 ünvanında yerləşən yaşayış evinin qarşısında özünə məxsus “Toyota Prius” minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobildə xuliqanlıq niyyəti ilə sağ yumruğu ilə bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən ardarda zərbələr vuraraq, sonucuya “sol gözün alt qapağının qançırı” kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra, cinayətkar hərəkətlərinin davamı olaraq avtomobildə saxladığı istintaqla təyinatları müəyyən edilməyən silah qismində istifadə etdiyi bıçağın tiyəsi və baltanın arxa hissəsi ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq “sol əlin İİİ barmağının bükücü vətərin zədələnməsi ilə müşayət olunan kəsilmiş yarası” kimi sağlamlığa az ağır zərər vurmaya aid xəsarət, həmçinin “sol əlin İV-V barmaqlarının ovuc səthlərinin kəsilmiş yaraları, sol qulaqyanı nahiyənin sıyrığı” kimi sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir.Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir.s Məhkəmə istintaqı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs ilə arvadı Şahid1 sosial şəbəkələrin birində mesaj yazdığını və sonuncu ilə qeyri-rəsmi münasibətdə olduğunu bildikdən sonra bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edib, xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində Gəncə şəhəri, X2 küçəsi 86 ünvanında yerləşən yaşayış evinin qarşısında özünə məxsus “Toyota Prius” minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobildə sağ yumruğu ilə bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən ardarda zərbələr vuraraq, sonucuya “sol gözün alt qapağının qançırı” kimi sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra, avtomobildə saxladığı istintaqla təyinatları müəyyən edilməyən silah qismində istifadə etdiyi bıçağın tiyəsi və baltanın arxa hissəsi ilə sonuncunu qəsdən vuraraq “sol əlin İİİ barmağının bükücü vətərin zədələnməsi ilə müşayət olunan kəsilmiş yarası” kimi sağlamlığa az ağır zərər vurmaya aid xəsarət, həmçinin “sol əlin İV-V barmaqlarının ovuc səthlərinin kəsilmiş yaraları, sol qulaqyanı nahiyənin sıyrığı” kimi sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində həyat yoldaşının telefonu olmadığını, ikisinə bir telefon işlətdiyini, bir telefonda ikisinin də eyni “Tik-Tok” hesabının olduğunu, yoldaşı və özünün eyni hesabdan istifadə etdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs əvvəllər də tanıdığını, onun sinif yoldaşı və qonşusu olduğunu, hər zaman münasibətlərinin yaxşı olduğunu qeyd etmişdir. O, hadisənin baş verməsinin səbəbini Rəşadın həyat yoldaşı Rənaya “Tik-Tok” sosial şəbəkəsində mesaj yazması və əxlaqsız təklif göndərməsi olmasını bildirmişdir. O, mesaji gördükdən sonra təsirlənmiş və yoldaşına bildirmədən evdən çıxıb Rəşada zəng edərək sonuncunu görüşə çağırmışdır. Onlar 20 yanvar küçəsində görüşmüş və Rəşad onun avtomobilinə əyləşmişdir. Daha sonra o, Rəşaddan niyə yoldaşı Rənaya yazmasını soruşmuş, Rəşad isə mesaj yazmasını inkar etmişdir. O, əsəbi olduğu üçün Rəşadın sifətinə yumruqla vurmuş, daha sonra isə avtomobildə olan mətbəx bıçağını götürüb onu vurmaq istəyəndə Rəşad özünü qorumaq üçün əli ilə bıçağı tutmuş, bu zaman onun barmaqları kəsilmiş və o, dərhal avtomobildən düşərək qaçmışdır. Dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, avtomobildə balta yox, balaca taxta olmuş və Rəşadı əvvəl taxta parçası ilə sonra isə bıçaqla vurmuşdur. Bıçaqla vurduqdan sonra Rəşad qorxusundan “hə” deyərək yoldaşına mesaj yazmasını etiraf etmişdir. İfadəsinin sonunda əməlindən peşmançılığını dilə gətirərək himayəsində körpə uşağının və səhhətində problemlər olmasını, hazırda zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq bağışlanmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə sinif yoldaşı olmuş, eyni məhlədə böyümüşlər və münasibətləri yaxşı olmuşdur. xx.xx.2025-ci il tarixdə Seymur günorta təxminən saat 15 radələrində ona mobil telefon vasitəsilə zəng vuraraq görüşmək istədiyini bildirmiş, həmin gün axşamı dostları ilə bir yerdə olmuş, onları evlərinə düşürdükdən sonra onların evinin qarşısına getmiş, o isə zəng edərək arxa küçədə gözlədiyini bildirdikdən sonra ona yaxınlaşıb avtomobilinə əyləşmişdir. Avtomobil ilə bir qədər yol qət etdikdən sonra küçələrin birində saxlamış və “o qıza nə yazmısan?” deyə soruşmuş, cavabında “qız kimdir?” deyə soruşmuş, o isə ”Tik- Tok”-da yazdığını bildirmiş, ona cavabında “mənim tik-tok səhifəm yoxdur” deyə bildirmişdir. Bundan sonra telefonu açıb göstərərkən həmin vaxt telefona baxan zaman yumruqla göz nahiyəsinə vurmuş, sonra isə bıçaq çıxaraq ona vurmaq istəmişdir. O, müqavimət göstərərək bıçağı tutmuşdur. Sonra isə Seymur başı ilə kəllə nahiyəsinə vurduqda müqavimətini itirərək arxaya çəkilmiş və bu zaman bıçaq barmaqlarını kəsmişdir. O, əlindəki qanı gördükdə avtomobildən düşüb qaçmışdır.Daha sonra dostu Şahid2in evinə gəlmişdir. Dostu Hüseyn onu 3 saylı xəstəxanaya aparmışdır. O, bildirmişdir ki, hazırda sol əlinin 3 barmağı işləmir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, əlinin iki vətəri qopmuş, ll və lll barmaqları işləmir, gözünün altında şiş olmuş və çənə nahiyyəsində şiş olmuşdur. Daha sonra Seymurun həyat yoldaşını ümumiyyətlə tanımadığını, hadisənin 4-5 dəqiqə davam etdiyini, həmin vaxt ətrafda heç kimin olmadığını, tək bir qadının səsə çıxdığını və sonradan həmin qadın da qaranlıq olduğu üçün heçnə görmədiyini qeyd etmişdir. Dövlət ittihamçısının sualına cavab olaraq əlindəki xəsarətlə bağlı 2 dəfə əməliyyat olunduğunu və təxminən 10.000 manat pul xərclədiyini bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs həyat yoldaşının olduğunu, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs isə qonşu kimi tanıdığını, yoldaşı ilə Rəşadın uşaqlıqdan dost olduqlarını bildirmişdir. O, ümumiyyətlə hadisəni görmədiyini, Seymur ilə Rəşad arasındakı söhbətin nədən ibarət olduğunu bilmədiyini qeyd etmişdir. Dövlət ittihamçısının sualına cavab olaraq sosial şəbəkədə heç kimlə yazışmadığını bilmişdir. Sədrlik edənin sualına isə cavab olaraq bildirmişdir ki, yoldaşı ilə əvvəllər mübahisələri olduğundan sonuncu evdən çıxıb getmişdir, hazırda isə münasibətləri normaldır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o Gəncə şəhəri, Puşkin küçəsində kirayədə qalırdı, həmin günü axşam saatlarında həyətə çıxdıqda uzaqdan qışqırıq səsləri eşitmişdir. İlk olaraq düşünmüşdür ki, küçə itləri kiməsə hücum edib. Səsin hardan gəlməsini bilmək üçün küçəyə baxmış, lakin yolda heç kəsi göməmiş, bir tək uzaqda avtomobilin dayandığını görmüşdür. İbtidai istintaq zamanı ifadəsi alınmış Şahid2 məhkəmə iclasında dindirilməsinə zərurət olmadığından onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında yaşayır, rəsmi olaraq “Kontrarxiterktura lahiyə-sənaye QSC”də texniki ofis mühəndisi işləyir. Zərərçəkmiş şəxs 20 ildən artıqdır ki tanıyır və dostluq münasibətindədir, Təqsirləndirilən şəxs da elə həmin vaxtdır ki tanıyır. Belə ki, onlar üçüdə məktəbdə eyni sinifdə təhsil almışlar. xx.xx.2025-ci il tarixdə Rəşadla şəhərdə “Parkhouse” adlı kafedə oturmuşlar. Təxminən saat 22:30 radələrində onlar oradan qalxmış və Rəşad onu evə düşürdərək öz evinə getmişdir. Bundan sonra evdə istirahət edirdi. Təxminən 01 saat sonra saat 23:30 radələrində qapının döyüldüyünü eşitmişdir. Qapını açdıqda Rəşadın əyilərək oturduğunu və əlinin və üzərinin qanlı olduğunu görmüşdür. Dərhal onu evə buraxın dəsmal ilə əlini sarımışdır. Soruşduqda ki əlini kim kəsib Təqsirləndirilən şəxs mübahisə zamanı ona xəsarət yetirdiyini bildirmişdir. Sonra şəxsi avtomobili ilə Rəşadı 3 saylı xəstəxanaya tibbi yardım göstərilməsi üçün aparmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 12 aprel 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir (i. v.1); - 12 aprel 2025-ci il tarixli “baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri, A.S.Puşkin küçəsi 86 nömrəli evin qarşısında baş vermiş, hadisə yerində Təqsirləndirilən şəxs məxsus “Toyota Prius” minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar olunmamış, lakin hadisənin videogörüntüsünü əks etdirən 01 ədəd DVD disk götürülmüşdür (i.v. 13-17); - 12 aprel 2025-ci il tarixli “şübhəli şəxsin tutulması” haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət törətməkdə şübhəli bilinərək həmin tarixdə saat 19:00 dəqiqədə tutulmuşdur(i.v.29, 41); - 12 aprel 2025-ci il tarixli “video görüntüyə baxış keçirilməsi” haqqında protokol və cinayət işinə əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə saat 23:30 radələrində özünə məxsus “Toyota Prius” minik markalı **-KS- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ictimai yer olan Gəncə şəhəri, Puşkin küçəsinə gələrək avtomobili 86 nömrəli evin qarşısında saxlamışdır. Avtomobil dayandıqdan 1 dəqiqə 40 saniyə sonra avtomobilə istintaqa şəxsiyyəti məlum olmayan şəxs yaxınlaşmış və 40 saniyə avtomobilin yaxınlığında durduqdan sonra uzaqlaşmışdır. Təxminən 2 dəqiqə 20 saniyə sonra Təqsirləndirilən şəxs avtomobilin ön sol qapısından düşərək arxa sol qapını açıb oradan istintaqa məlum olmayan əşyanı sol əli ilə götürərək Əziz Əliyev prospekti istiqamətində qaçmışdır. 1 dəqiqə sonra sağ əlində həmin əşya ilə avtomobilə qayıdaraq əyləşmiş və Əziz Əliyev prospekti istiqamətində avtomobili idarə edərək hadisə yerindən uzaqlaşmışdır. Digər video görüntüyə baxış zamanı isə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Puşkin küçəsi ilə Əziz Əliyev prospekti istiqamətində qaçmış, təxminən 1 dəqiqə sonra isə Təqsirləndirilən şəxs “Toyota Prius” minik markalı avtomobil ilə Zərərçəkmiş şəxs ardınca həmin istiqamətdə getmişdir (i.v.49); - 14 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir (i. v. 50); - 14 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmişdir (i. v. 58-60); - Gəncə şəhər Məhkəməsinin 4(125)-179/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v. 75-78); - 25 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində yəni, Gəncə şəhəri, A.S.Puşkin küçəsi 86 nömrəli evin qarşısında hadisənin baş verdiyi yeri əli ilə kənardan göstərmişdir. O, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş və istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir (i.v.89-91); - 25 aprel 2025-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, X7 küçəsi, ev 22 ünvanının qarşısında özünə məxsus “Toyota Prius” minik markalı **-KS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili əli ilə göstərmiş və avtomobilin çəkilmiş fotoşəkilləri protokola əlavə edilmişdir (i.v.94-103); - Məhkəmə-Tibbi Ekspertiza və X1 14 aprel 2025-ci il tarixli, 357 saylı rəyinə əsasən vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol əlin lll barmağının bükücü vətərin zədələnməsi ilə müşayət olunan kəsilmiş yarası, sol əlin lV-V barmaqlarının ovuc səthlərinin kəsilmiş yaraları – kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, sol gözün alt qapağının qançırı, sol qulaqyanı nahiyənin sıyrığı isə - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Xəsarətlərin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə, qeyd olunan xəsarətlərdən – sol əlin lll barmağının bükücü vətərin zədələnməsi ilə müşayət olunan kəsilmiş yarası – sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir, digər xəsarətlər – sol əlin lV-V barmaqlarının ovucsəthlərinin kəsilmiş yaraları, sol gözün alt qapağının qançırı, sol qulaqyanı nahiyənin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir (i.v. 105-107); - Məhkəmə-Tibbi Ekspertiza və X1 14 aprel 2025-ci il tarixli, 364 saylı rəyinə əsasən vət. Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilməmişdir (i.v. 109); - 25 aprel 2025-ci il tarixli “cinayətin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin məcəllənin 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmişdir. (i.v.111); - 25 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (i. v. 117); - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş - 28 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon PŞ-nin CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmış, lakin xx.xx.2021-ci il tarixdə AR CPM-nin 40.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir (i.v.136); - Məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 25 aprel 2025-ci il tarixli 255 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Onun törətdiyi əməl CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun əqli-intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertdir. Ünsiyyətçillik, emosionallıq, adaptivlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı dəyişiklik aşkar olunmur. Xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional sferasında hirslilik, aqressiya kimi hallar yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəbi situasiya ilə bağlı olmuşdur. O, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (i.v.140-142); - Gəncə şəhər Narkoloji Dispanserinin 19 aprel 2025-ci il tarixli 4088 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur (i.v. 145); - Gəncə şəhər Psixonevroloji Dispanserinin 19 aprel 2025-ci il tarixli 2235 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur (i.v. 146); - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2025-ci il təvəllüdlü X3 adında övladı vardır (i.v. 148); - 13 iyun 2025-ci il tarixli Gəncə şəhər İH başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs barəsində nümayəndəliyə heç bir mənfi məlumat daxil olmamışdır (i.v.163); - 13 iyun 2025-ci il tarixli Gəncə şəhər İH başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir mənfi məlumat daxil olmamışdır (i.v.166); - 19 iyun 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, sulfat turşusu Gəncə şəhəri Puşkin küçəsində yerləşən müşahidə kameralarından əldə edilmiş hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk, iş üzrə təqsirləndirilən, zərərçəkmiş şəxs və şahid ifadələri, baxış protokolları, ekspert rəyləri və digər istintaq sənədləri ilə sübuta yetirilmişdir (i.v.171-182); - Gəncə şəhər Məhkəməsinin 4(125)-328/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün müddətinə xx.xx.2025-ci il tarixədək uzadılmışdır. - 09 oktyabr 2025-ci il tarixli Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahat və ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla təqsirləndirilən şəxsin əməli həmin maddələrlə düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx.xx.2025-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs və şahidlərin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ tam obyektiv hüquqi qiymət vermək üçün hadisənin əsl səbəbləri dərindən araşdırılmalı, onun həmin vaxt emosional və psixoloji durumuna da nəzər yetirilməlidir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs arvadı Şahid1 “Tik-Tok” sosial şəbəkəsində yazdığı mesaja əsəbləşmiş və onu telefon zəngi edərək görüşə dəvət etmiş, Zərərçəkmiş şəxs ona məxsus “Toyota Prius” minik markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşmiş, bir qədər yol qət etdikdən sonra Gəncə şəhəri, X2 küçəsi 86 ünvanında yerləşən yaşayış evinin qarşısında saxlayıb etdiyi hərəkətə aydınlıq gətirmək istədikdə yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs qəsdən ardarda zərbələr endirmiş və beləliklə sonuncunun sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə, xx.xx.2025-ci il tarixdə baş vermiş qeyd olunan hadisənin iştirakçıları olan təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizmini, onların hadisədən əvvəlki, hadisə zamanı və hadisədən sonrakı davranışlarını müəyyən edib qiymətləndirməklə, belə qənaətə gəlir ki, hadisə küçədə avtomobilin içərisində baş vermiş, cinayət əməli xüsusilə gecə saatlarında şəxsi münasibətlər zəminində törədilmiş, hadisə baş verən zaman ətrafda heç kəs olmamışdır. Beləliklə, hadisənin baş verməsi ilə ictimai qayda pozulmamış və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verilməmiş, ümumiyyətçə təqsirləndirilən şəxsin xuliqanlıq etmək niyyəti olmamışdır. Habelə, məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 hadisəni görmədiyini, sadəcə səs eşitdiyini bildirmişdir. Sadalanan halları və qanunvericiliyin normalarını əsas götürərək qeyd edilməlidir ki, xuliqanlıq cəmiyyətə, ictimai qaydaya, kənar şəxslərə qarşı şəxsin subyektiv münasibətini, etinasızlığını, qəsdini ifadə edir. Lakin hazırkı baxılan cinayət işi üzrə hadisənin baş verməsi sırf şəxsi münasibətlərdən yaranan mübahisəni özündə ehtiva edir. Eyni zamanda nəzərə alınmalıdır ki, hadisə baş verən günü təqsirləndirilən şəxs kənar şəxslərə qarşı hər hansı hörmətsizlik göstərməmişdir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı etdiyi hərəkət yalnız Zərərçəkmiş şəxs yönəlmiş əməl hesab edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirdiyi hərəkətinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları prosess iştirakçılarının ifadələri və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Həmin qərarda qeyd edilir ki, maddənin dizpozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: -ictimai qaydanın kobud sürətdə pozulması, -cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, -şəxslərin üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazımınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. İttihamda təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmiş, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar isə ittihamda əks etdirilməmişdir. Və yaxud ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (başqalarının gözü qarşısında) törədilməsinə istinad edildiyi hallarda belə müvafiq sübutlar gətirilməmiş, sübutlar bazası müstəsna olaraq münaqişə tərəfləri ilə (təqsirləndirilən və zərərçəkmiş şəxslə və onların tərəfində çıxış edən qohumları ilə) məhdudlaşmışdır. İbtidai istintaq orqanı hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir. Məhkəmə iclasında ifadə verən zaman bütün proses iştirakçıları hadisə yerində hər hansı kənar şəxsin – qonşulardan kiminsə olmadığını qeyd etmişlər. Təqsirləndirilən şəxsin ittiham olunduğu və təqsirli bilindiyi xuliqanlıq cinayətinin nəzərdə tutulduğu Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə, əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik, özünü cəmiyyətin fövqündə görmək xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münaqişə zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Elə işə bu mövqedən yanaşaraq məhkəmə qeyd edir ki, hadisənin ümumi mənzərəsi və təqsirləndirilən şəxsin davranışı və niyyəti barədə məhkəmədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsi cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş verməmişdir. Zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən də göründüyü kimi, təqsirləndirən şəxsin törətmiş olduğu cinayət əməlində xuliqanlıq motivi yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təzahür edən əməl mövcud olmamışdır. Eyni zamanda ibtidai istintaq orqanı sözügedən cinayət hadisəsi baş verən ana qədər olan dövr ərzindəki tərəflər arasındaki münasibətlərə hüquqi qiymət verməmiş, cinayətin baş vermə motivi araşdırılmamış, ittihamı sadəcə tərəflər arasında yaranan mübahisə kontekstində cüzi səbəb kimi dəyərləndirərək, şəxsi münasibətlər zəminini istisna edərək səhv qənaətə gəlmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında şəxsi münasibətlər zəminində yaranmış münasibət gərginliyi və bunun nəticəsində baş vermiş cinayət hadisəsi ilə bağlı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməsi əsassızdır. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 127.2.3-cü və 221.3-cü maddələrinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlər olmamış, istintaq orqanı şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə tövsif etmişdir. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətini digər hər hansı ağırlaşdıran formada qəbul edilə bilməz. Ziddiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmə ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmiş, təqsirləndirilən şəxsin xuliqanlıq əməlinin nədən ibarət olması göstərilməmiş, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla da həmin hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin və hərəkətlərinin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə digər sübutlar istintaq orqanı tərəfindən toplanılmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, istintaq orqanı xuliqanlıq niyyətini yanlış olaraq müəyyən etmiş, şəxsi xarakterli konkret səbəbin olmasına baxmayaraq bunu “əsaslı səbəbin olmaması” kimi qiymətləndirib, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenum qərarlarında xuliqanlıq niyyətinə dəlalət edən “səbəbsiz” və “cüzi səbəbin bəhanə edilməsi” kimi, əslində təqsirkarın öz əməllərinə subyektiv münasibətini xarakterizə edən formulələri, “əsaslı səbəbin olmaması” kimi artıq təqsirləndirilən şəxsin deyil, icraatı aparan şəxsin özünün cinayətə səbəb olmuş halı nə cür dəyərləndirdiyini (məhz özünün nəzərdən keçirdiyi dəyərlər konteksində bu və ya digər səbəbin təqsirkarın sonrakı hərəkətlərinə nə dərəcədə əsas verib-vermədiyini) göstərən formulə ilə əvəz etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hərəkətləri, hətta onun gedişində Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmaya səbəb olan xəsarətlər yetirilsə belə, xuliqanlıq niyyəti kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri səbəbsiz və bəhanə olmamış, ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsi, özünü ətrafdakılara qarşı qoyması kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və sonuncunun etdiyi hərəkətlərinə qarşı olan cavab hərəkətlər kimi təzahür etmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməsinin, özünü ətrafdakılara qarşı qoymasının nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X5 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılmasıəsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 6-cı bəndində göstərilmişdir ki, Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Həmçinin, həmin qərarn 9-cu bəndində göstərilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 23-cü bəndində göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 42.1.4-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona bəraət verilməlidir. 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 42.2.4-ci maddəsinə əsasən bu məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət gədər sübutlar toplanmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır. 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq niyyəti kimi deyil, sadəcə sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.3-cü maddələri ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi CM-nin 127.2.3-cü maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsilə ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsinə tövsif edilməlidir. Bundan başqa məhkəmə həmçinin hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Təqsir dedikdə şəxsin ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti başa düşülür. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikası CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin (cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin) bütövlükdə hamısının (həm də eyni vaxt ərzində) mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrinə tövsif olunması üçün təhrif olunmuş və həmin ittihamın sübut olunmasını təsdiq edən şübhəli ifadələrə istinad etməklə əslində bütün sübutları qərəzsiz, obyektiv, hərtərəfli və tam tədqiq etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 42.1.4-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda, həmçinin təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-ci maddəsinə əsasən bu məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət gədər sübutlar toplanmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CMnin 127.1-ci maddəsi ilə əhatə olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-ci maddəsi ilə ittiham olunması ilə bağlı əməli Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilərək o, həmin maddə ilə təqsirli bilinməlidir. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma - iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli, eyni Məcəllənin 15-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmişlə qarşılıqlı formada barışıq əldə etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, həmçinin himayəsində azyaşlı övladının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Göründüyü kimi hazırki halda, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı göstərilənlər, qeyd olan cinayət hadisəsini törətdikdən sonrakı davranışı, onun azadlığın məhdudlaşdırılması cəzası alması ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlməyə əsas verir. Məhkəmə təqsirləndirilən şəxs barəsində hansı cəza növünün təyin olunması məsələsini müzakirə edərkən, CM-in 58.3-cü maddəsinin tələblərinə əməl edilməklə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ittiham olunduğu maddənin sanksiyasında həbsə alternativ cəzaların olduğunu, azadlıqdan məhrum edilmədən islah olunmasının mümkünlüyünü, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etmədən, cəzanın məqsədinə nail olmaq mümkündür. Ona görə də məhkəmə ona təqsirləndirildiyi CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından göründüyü kimi, əvvəllər Göygöl rayon Polis Şöbəsinin CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işi xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə həmin əsasla cinayət məsuliyyətindən azad oluna və barəsində olan cinayət təqibinə xitam verilə bilməz. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 14 aprel 2025-ci il tarixdən hökm çıxarılan günədək, yəni 16 dekabr 2025-ci il tarixədək həbsdə olduğu müddət və şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ümümilikdə 08 (səkkiz) ay 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 16 (on altı) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Eyni zamanda cinayəti törətməyə görə tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən bəraət verilsin və o, həmin maddə üzrə Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün və təqsirləndirilən şəxs qismində həbsdə saxlandığı həbsdə saxlandığı (14 aprel 2025-ci il tarixdən 16 dekabr 2025-ci il tarixədək) 08 (səkkiz) ay 02 (iki) gün müddət, ümumilikdə isə 8 (səkkiz) ay 4 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 16 (on altı) ay 08 (səkkiz) gün çıxılaraq onun üzərində qəti olaraq 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməyə görə tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar