Məhkəmə qərarları › İş №1(125)-196/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-196/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-196/2023 13.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.248 qram narkotik vasitə olan heroini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 12 dekabr 2022-ci il tarixdə saat 12:00 dəqiqədə Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Ü.Hacıbəyli küçəsində “Sevincim” şadlıq sarayının yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-yə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə 0.248 qram kustar üsulla hazırlanmış narkotik vasitə- heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə günorta saatlarında “Sevincim” şadlıq sarayının yaxınlığında olan zaman iki nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq avtomobilə mindirib Gəncə şəhər BPİ-yə aparmışlar. Polis idarəsində onun başını qataraq cibinə narkotik vasitəni qoymuşlar və ona təzyiq göstərərək həmin narkotik vasitənin özünə məxsus olduğunu deməsini tələb etmişlər. Bundan sonra ona hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi təyin edilmiş, müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşya olub-olmaması soruşulmuş, o, da üzərinə qoyulmuş, əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç yan cibində olan heroini təqdim etmişdir. O, polislərdən qorxduğu üçün sorğu zamanı polis əməkdaşlarına həmin bükümü şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini evlərinin yaxınlığında yerdən tapdığını bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi 0,34 qram olmuş, qablaşdırılaraq üzəri möhürlənmişdir. Bundan başqa üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokolu o, da imza etmişdir. Anası onun barəsində polisə şikayət etdiyi üçün onun cibinə narkotik vasitə ataraq onu tutmuşlar. Sonda o, cinayət əməli törətmədiyini, polislərin təzyiqi nəticəsində narkotik vasitənin ona məxsus olduğunu etiraf etdiyini və polislərdən qorxduğu üçün məhkəməyədək bu barədə şikayət etmədiyini bildirmiş, ona bəraət verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı evden çıxıb köhnə maşın bazarı istiqamətində gedən zaman, yerdə siqaret kağızına bükülmüş büküm görmüş, həmin bükümü əlinə götürüb baxmış, özü əvvəllər narkotik vasitə - heroin istifadəçisi olduğu üçün həmin bükümdə olan kütlənin rəngindən və iyindən onun narkotik vasitə heroin olduğuna əmin olmuş və gələcəkdə özü istifadə etmək üçün götürmüşdür. Həmin gün günorta saatlarında "Sevincim" şadlıq sarayının yaxınlığında olan zaman iki nəfər mülkü geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirməklə özlərini təqdim etmişlər. Sonra polis əməkdaşları ona üzərində narkotik vasitə gəzdirməkdə şübhələndiklərini bildirib onu Gəncə şəhər BPİ-yə dəvət etmişlər. Polis idarəsində hüquqlarını müdafiə etməsi üçün ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ona hüquqları izah olunmuşdur. Şəxsi axtarışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşya olub olmaması soruşulmuş, oda öz növbəsində əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç yan cibində olan heroini təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına həmin bükümü şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini evlərinin yaxınlığında yerdən tapdığını bildirmişdir. Bundan sonra həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi 0,34 qram olmuş, qablaşdırılaraq üzəri möhürlənmişdir. Bundan başqa üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün protokola o da imza etmişdir. Həmin kütləni şəxsi istifadəsi üçün üzərində saxlamış, üzərindən aşkar edilmiş narkotik vasitə heroini satmaq niyyəti olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs Nizami oğlunu əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. 12 dekabr 2022-ci il tarixdə Gəncə şəhəri Ü.Hacıbəyli küçəsi, ev 12 mənzil 26 qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkoik vasitə əldə edib üzərində saxlaması, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə o, keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 12 dekabr 2022-ci il tarixdə, saat 12 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Ü.Hacıbəyli küçəsində “Sevincim” şadlıq sarayının yaxınlığında olmasını müəyyən edərək həmin yerə getmişlər.Onlar Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb yaxınlaşmış, xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri Baş Polis İdarəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi təyin edilmiş,ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkcənin sol iç yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə olan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı ilk görüşündən narkotik vasitə “heroin”-ə oxşar kütlə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümü həmin gün, yəni 12 dekabr 2022-ci il tarixdə səhər saatlarında Gəncə şəhəri “Köhnə maşın bazarı” adlanan yerdən tapdığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını, heçkimə satmaq fikri olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və predment aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzi ilə çəkilmiş, çəkisinin 0,34 qram olması müəyyən edilmişdir. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir təzyiq göstərilməmiş, üzərinə kənardan narkotik vasitə qoyulmamışdır. Təqsirləndirilən şəxs sadəcə məsuliyyətdən yayınmaq üçün təzyiqə məruz qaldığını, narkotik vasitənin cibinə qoyulduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 həmin gün saat 12:00 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində “Sevincim” şadlıq sarayının yaxınlığında saxlanılaraq Gəncə şəhər H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-yə gətirilmiş Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil Müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sol iç yan cibində 1 ədəd gümüşü rəngli kağıza bükülmüş, heroinə bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün narkotik vasitə heroin olduğunu, tutulmamışdan əvvəl səhər saatlarında yaşadığı evin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin narkotik vasitədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 0,34 qram təşkil etmişdir. Həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətə qaytarılıb zərfə qoyularaq Azərbyacan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-cu il tarixli 16/1384 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 0.34 qram kütlə...” sözlər və imzalar olan kağız paketdəki, 1 “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0.248 qram maddə, küstar üsulla hazırlanmış narkotik vasitə-heroindir (Heroinin təmiz çəkisi – 0,248 qr., tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 0,198 qr.). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 6857 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserin 66 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs opiyum narkomaniyasi diaqnozu ilə həmin dispanserdə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 46 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən əvvəllər istifadə edib. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddənin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən təqsirli bilinmiş, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinmiş, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Qaradağ Rayon Məhkıməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 09 ay 16 gün müddətinə cəzadan vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularkən polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qaldığına dair şikayəti Gəncə şəhər prokurorluğunda araşdırılmış və xx.xx.2023-cü il tarixdə Azrbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsaəsn cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində saxlanılarkən üzərində narkotik vasitə olmadığını, polis əməkdaşlarının təzyiqi ilə narkotik vasitənin ona aid olduğunu bildirsə də, ibtidai istintaqdakı ifadələrində və şəxsi axtarış zamanı video çəkilişdə üzərindən aşkar olunmuş narkotik vasitə heroinin ona məxsus olduğunu və tapdığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin son sözünə tənqidi yanaşır. İlk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadələrinin hamısını təkzib edir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı bir neçə dəfə üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibət bildirmiş, lakin ona polis əməkdaşları tərəfindən təzyiq olunması ilə bağlı heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə tutulduğu zaman qorxduğunu, ehtiyyat etdiyini bildirmişdir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Həmin videogörüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. O, xx.xx.2022-ci il tarixdə ilkin izahat verir, şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə ifadəsi alındıqdan sonra təqsirləndirilən şəxs qismində xx.xx.2022-ci il tarixdə ifadə verir. Hər iki ifadə və izahat bir-birləri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olduğunu etiraf edir və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirir. xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən heç bir vəsatət və etiraz vermir. Təqsirləndirilən şəxs tutulduğu gün polis idarəsində qorxduğunu və üzərindəki narkotik vasitə-heroinin polis əməkdaşları tərəfindən təzyiq olunaraq üzərinə qoyulduğunu bildirsə də, tutulduqdan xeyli müddət sonra da narkotik vasitə heroinin şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Bundan başqa təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə azad olunduqdan sonra bu günə qədər polis idarəsində ona qarşı təzyiq olunaraq narkotik vasitənin üzərinə qoyulması barədə heç bir orqana şikayət etməmişdir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin tutulduğu zaman polis əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq üzərinə narkotik vasitə - heroin qoyulması ilə bağlı məhkəmədəki ifadəsini həqiqətə uyğun olmayan və özünümüdafiə xarakterli hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs İİİ qrup əlil olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən şərti olaraq vaxtından əvvəl axad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən sonrakı məhkumluq dövründə - 02 il ərzində yenidən qəsdən az ağır cinayət törətmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs 12-14 dekabr 2022-ci il tarixlərində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,198 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan narkotik vasitənin ekspertizadan sonrakı cəmi qalığı – 0,198 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar