Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-196/2025 11.03.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X22 Qəhrəman oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X6, Xüsusi ittiham qaydasında şikayət verən şəxsin nümayəndəsi və vəkili Müdafiəçi1, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs X5, Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakları ilə xx.xx.1989-cu ildə Gəncə şəhəri anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, Baki şəhəri, Səbail rayonu, X20 küçəsi, ev 52c, korpus 5, mənzil 18 ünvanında qeydiyyatda olmaqla yaşayan X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X15 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, X11 onun haqqında mediada böhtan xarekterli məlumatlar yaymış və onu xüsusilə ağır cinayətlər törətməkdə ittiham etmişdir. Buna görə də, X5 barəsində Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət təqibinə başlanması, həmin maddələrlə təqsirli bilərək, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X11 “Reaksiya” TVnin “SOS Reaksiya” verilişində iştirak edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Eldar Məmmədov barəsində yanlış və qarayaxmalar şəklində böhtan xarakterli məlumatlar yayaraq, Eldar Məmmədovu xüsusilə ağır cinayət törətməkdə təqsirləndirmişdır. Belə ki, Asiman Salahov 2023-2024-cü illərdə əməkdaşlıq etdiyi Eldar Məmmədovu və "xxxx" QSC-nin rəhbərliyini özünün müflis olmasında günahlandırmış, ona hədə-qorxu gələrək pul tələb etdiklərini bildirmiş və onlar barəsində tam əsassız böhtan xarakterli digər yalan məlumatlar vermişdir. A.Salahov televiziya verilişində çıxış edərək, bildirmişdir ki, Eldar Məmmədovla tanışlıq nəticəsində özünün idarə etdiyi "xxxx" MMC ilə Eldar Məmmədovun rəhbəri və əlaqəsi olduğu bir neçə hüquqi şəxslə qida məhsullarının satışı üzrə 2023-cü ildən etibarən əməkdaşlıq etməyə başlamışdır. 2024-cü ilin yanvar-mart aylarında aralarında yaranmış narazılıqla bərabər X24 Məmmədov və onunla əlaqəli hüquqi şəxslərin onu aldadaraq verilmiş mallar üzrə ödənişlərin edilmədiyini, həmçinin ona qarşı dələduzluq edildiyini iddia etmişdir. A.Salahov çıxışında bildirmişdir ki, guya Eldar Məmmədov və bağlılığı olduğu hüquqi şəxslər təhvil alınmış mallar üzrə ******* manat məbləğində ödəməni həyata keçirməkdən müxtəlif vasitələrlə boyun qaçırmaqla onu hər cür vasitə ilə aldatmağa çalışmışlar. Əlavə olaraq, Asiman Salahov aşkar surətdə Eldar Məmmədovu digər bir əməlin törədilməsində də günahlandırmışdır. Belə ki, A.Salahov çıxışında qeyd etmişdir ki, bu hadisələrin davam etdiyi 2024-cü ilin ilk yarımilində Dövlət Təhlükəsizlik Xidmətinin sabiq polkovniki Fərəməz Fərəməzov adlı şəxs onunla əlaqə saxlayaraq görüşmək istəmişdir. Onlar görüşdükdə həmin şəxs onu təhqir edərək və hədə-qorxu gələrək, Eldar Məmmədova və əlaqəli şəxslərə tabe olmağı, əks halda cəzalandırılacağı sözü ilə hədələmişdir. Asiman Salahov hətta bu söhbət əsnasında ondan əlavə pul vəsaiti tələb edildiyini, həmin pul vəsaitini müəyyən vaxt ərzində təqdim etmədiyi təqdirdə, onun maşınında odlu silah və narkotik vasitə tapılacağı barədə hədələrin Eldar Məmmədovun göstərişi ilə Fərəməz Fərəməzov tərəfindən ona bildirildiyini də ifadə etmişdir. İlk öncə qeyd edilməlidir ki, "xxxx" QSC 20 ildən artıq müddətdir ki, fəaliyyət göstərir və ərzaq məhsullarının topdansatışı ilə məşğuldur. QSC tərəfindən ərzaq malları alınaraq ölkə ərazisində fəaliyyət göstərən uşaq bağçalarına tədarük edilir. Səhmdar cəmiyyətinə və onun məsul şəxsi olan Eldar Məmmədova qarşı ittiham irəli sürən Asiman Salahovla qarşılıqlı əməkdaşlıq 2023-cü ildən etibarən başlamışdır. Əməkdaşlıq aparılan ilk 1 il ərzində tərəflər arasında hər hansı problem yaşanmamış, bağlanmış müqavilələr və qaimələr əsasında mallar təhvil alınaraq ödənişlər vaxtında həyata keçirilmişdir. Lakin 2024-cü ilin fevral ayından etibarən tərəflər arasında müəyyən problemlər və narazılıqlar yaranmağa başlamışdır. Belə ki, "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə avans ödənişlər həyata keçirilmiş, lakin "xxxx" MMC tərəfindən öncədən razılaşdırılmış, uşaq bağçası üçün zəruri hesab edilən məhsullar deyil, fərqli malların siyahısı əks edilmiş elektron qaimələr təqdim edilmişdir. Təbii olaraq, "xxxx" QSC tərəfindən həmin qaimələr geri qaytarılmış, yeni və düzgün tərtib edilmiş qaimələrin təqdim edilməsi tələb edilmişdir. Yenidən düzgün formada qaimələr təqdim edildikdən sonra "xxxx" QSC tərəfindən müvafiq ödənişlər və malların təhvil-təslimi həyata keçirilmişdir. "xxxx" MMC tərəfindən öncədən təqdim edilmiş qanunsuz elektron qaimələr üzrə isə heç bir ödəniş edilməmiş, həmçinin həmin qaimələr müvafiq şəkildə ləğv edilmişdir. Daha sonra 2024-cü ilin ortalarında Asiman Salahov tərəfindən "xxxx" QSC-yə qarşı 734000 manat həcmində borcun tutulması barədə mülki qaydada məhkəmədə iddia qaldırılmış və 5 ay davam edən məhkəmə prosesinin sonunda Asiman Salahov irəli sürülmüş iddia tələbindən imtina etmiş və 15 yanvar 2025ci il tarixində iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilmişdir. Həmin qərardadda birbaşa olaraq göstərilmişdir ki, eyni tərəflər arasında və eyni predmet üzrə bir daha məhkəməyə müraciət edilə bilməz. Eldar Məmmədov və onun əlaqəli olduğu "xxxx" QSC və digər hüquqi şəxslər sahibkarlıq sahəsində kifayət qədər nüfuza malik şəxslərdir və Asiman Salahov bu formada dəqiqləşdirilməmiş, yalan və qarayaxma xarakterli informasiyaları yaymış və nəticə etibarilə onların işgüzar nüfuzunun zədələnməsinə səbəb olmuşdur. Asiman Salahov 13 may 2025-ci il tarixdə Youtube sosial şəbəkəsində yayımlanan “SOS Reaksiya” verilişinin 15:22-ci dəqiqəsindən 15:50ci dəqiqəsinədək aşağıdakı ifadələri işlətmişdir: ”Səhəri gün Eldar müəllim yenidən bizi görüşə çağırdı, getdim görüşdüm. Dedi ki, çox xahiş edirəm, artıq dərəcədə, bir səfərlik bizə kömək elə. Bananın da pulu qalıb, onu da ödəyək. Xahiş edirəm, Sizdən bir dəfəyə məxsus olaraq bizə yardım et.” Daha sonra çıxışın 16:10-cu dəqiqəsində bildirir ki, “O da bildirdi ki, 34 milyon manatlıq tenderdi, bunun böyük bir məbləği sizdən alınacaq, xahiş edirəm mənə köməklik edin, bundan sonrakı əməkdaşlığımızı nəzərə alarıq.” Həmçinin 16:36-cı dəqiqədə qeyd edir ki, “Mən də ona köhnə ticari əxlaqa, ticari münasibətə xatir bir dəfəyə məxsus kömək etdim”, 18:28-ci dəqiqədə isə qeyd edir ki, “Axırıncı avansı ödədilər ayın 18-də və ondan sonra bayram gəlir, iş günü bitir artıq. Lakin bildirdilər ki, Novruz bayramı olduğuna baxmayaraq, uşaqlara, körpələrə yemək tədarükünü davam etdirməliyik və bildiyiniz kimi dövlət büdcəsi də bağlıdır, xəzinədarlıq da bağlıdır, banklar da işləmir. Xahiş edirik, əlavə olaraq 648000 manatlıq duru yağ, günəbaxan yağı və 75000 manatlıq əlavə meyvə şirəsi bizə tədarük eləyin. Sizə avans ödəmişik, borcumuzu da iş günü başladıqdan sonra büdcə və banklar açılan kimi dərhal ödəyəcəyik. Təbii ki razılaşdıq, mallarını da göndərdik” 21:02-cü dəqiqədə deyir ki, “bildirdi ki, əgər qaiməni bizim istədiyimiz qaydada kəsməsən, zatən bizim sizə borcumuz var, pulu yadından çıxart.” 24:00-ci dəqiqədə bildirir ki, “Etdik, bundan sonra yenə vəsait ödənilmədi, dəfələrlə zəng edərək, vəsaiti tələb etdik. Büdcə bağlıdı, 1-ci gün gələcək, 5-ci gün gələcək vəsait deyildi. Bu artıq aprel ayının 22-nə qədər gəldi.” Yuxarıda göstərilən çıxışda X24 Məmmədov barəsində guya onun pullarının ödənilməməsi, fərqli yollarla aldatması barədə böhtan xarakterli yalan məlumatlar verir. Yayılmış bu video Eldar Məmmədovun və "xxxx" QSC-nin işgüzar nüfuzuna ciddi xələl gətirmiş, nəticə etibarilə bir sıra əməkdaşlıqların sonlanmasına, bəzi şirkətlərin onlardan üz döndərməsinə səbəb olmuşdur. Bütün bu hadisələr Eldar Məmmədova külli miqdarda zərər vurmuşdur. Bununla da, X11 yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bundan başqa, Asiman Salahov 13 may 2025-ci il tarixdə Youtube sosial şəbəkəsində yayımlanan “SOS Reaksiya” verlişində Eldar Məmmədovu heç bir əsas olmadan digər bir əməli törətdiyini açıq-aşkar şəkildə ifadə edir. Belə ki, çxışında X18 Fərəməzov adlı şəxs barəsində danışaraq 24:59-cu dəqiqədə bildirir ki, “Baxdım ki, 2 nəfər ağsaqqal adamdı, oturublar. Təhqiramiz ifadələrlə harda olduğumu soruşdu, mən də ona təbii ki, reaksiya verdim, dedim ağsaqqal adamsan, zəng etmisən, bilmirəm sən kimsən, sən də bilmirsən mən kiməm. Bildirdi ki, mən indi sənə göstərəcəm mən kiməm” 26:18-ci dəqiqədə bildirir ki, “təhqir etməyə başladı, yəni sən şişmisən, sən qudurmusan. Sən kimə ilişdiyinin fərqində deyilsən”, 27:27-ci dəqiqədə bldirir ki, guya Fərəməz Fərəməzov deyir ki “gedirsən əlavə olaraq 360000 manat məbləğində vəsait gətirirsən. Həmin vəsaiti ya Hacı Eldara (Eldar Məmmədov) ya da mənə təqdim edirsən” 28:13-cü dəqiqədə bildirir ki, “Ya axşama qədər 360000 manat vəsaiti gətirirsən, ya da əlini belə göstərdi ki, “reşotka.”” Daha sonra 28:30-cu dəqiqədə bildirir ki, “Səni tutmağa nə var ki? 2-3 kilo ağdı, 3-4 nəfər şahiddi sənin canındı”. 33:43-cü dəqiqədə bildirir ki, “Digər mənə məxsus olan maşını da yenə arxasınca sürərək həyətə saldı, texniki pasportu da aldı və bildirdi ki, axşama qədər vaxtın var, ya gedib pulun yerdə qalanını gətirirsən, ya da ki Xırdalan icra hakimiyyətinin qarşısında sənin hər iki avtomobilinin içərisində odlu silah və narkotik vasitələrlə saxlayacam, aidiyyəti üzrə qurumlar gəlib maşını tapacaq. Maşın da zatən sənə məxsusdur” 35:36-ci dəqiqədə bildirir ki, “məni yönləndirən X15 olub. Mənim nömrəmi verib, o da mənə zəng edib. Həm də yazıb ki, mən Fərəməzəm, Eldar müəllimin ağsaqqalı.” Asiman Salahovun çıxışı ilə bağlı bildirmək istəyirik ki, deyilənlər həqiqəti əks etdirmir, həqiqəti təhrif etməklə yanaşı o, Eldar Məmmədovu külli miqdarda pul vəsaitini hədə-qorxu ilə tələb etmə növündə xüsusilə ağır cinayət törədilməsində (AR Cinayət Məcəlləsinin 182.3.2-ci maddə) ittiham edərək, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələmişdir. Mövcud sənədlər də bir daha sübut edir ki, Asiman Salahov tərəfindən irəli sürülmüş ittiham xarakterli və ləyaqəti alçaldan, qərəzli ifadələr tam qanunsuz və hüquqa ziddir. X11 yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin tələblərinə uyğun olaraq xüsusi ittiham qaydasında cinayət təqibinə başlanılması, X7 Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə təqsirli bilərək, ona həmin maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinə dair qərar qəbul olunmasını xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı qismində X15 şikayətə uyğun ifadə verərək göstərdi ki, o, "xxxx" QSC-də işləyir və vəzifəsi satışın və alışın tənzimlənməsidir. O, şikayətində A.Salahovun CM-nin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdir. A.Salahov “Reaksiya” TV-də ictimai şəkildə çıxış edərək "xxxx" QSC-nə dair və onun barəsində böhtan xarakterli məlumatlar yaymışdır. Həmin TV-də çıxışında güya onun da işlədiyi "xxxx" QSC-nin rəhbərliyi ilə birlikdə A.Salahovun müflisləşməsinə şərait yaratmışlar. O, A.Salahovun dedikləri ilə razı deyildir. O, A.Salahovu "xxxx" şirkətinin rəhbərliyi ilə işləməsi üçün tanış etmişdir. Buna görə, o, malların alqı-satqı əməliyyatların içində olmuşdur. "xxxx" QSC-nin "xxxx" MMC-nə heç bir borcu olmamışdır. Aralarında mülki məsələ ilə bağlı Bakı Kommersiya Məhkəməsində mübahisə olmuş və A.Salahov 5-6 iclas sonra uduzacağını görərək, məhkəməyə verdiyi kommersiya mübahisəsini geri götürmüşdür. Əgər A.Salahovun alacağı vardırsa, nə üçün ərizəsini geri götürürdü? Oktyabr ayında ondan və "xxxx" QSC-nin rəhbərliyindən DTX-nə şikayət etmiş və araşdırma olmuşdur. A.Salahovun şikayətləri əsassız olmuşdur. Sonradan prokurorluğa və DİN-nin BMCMİ-nə şikayət etmiş və həmin qurumlarda da ətraflı araşdırmalar aparılmışdır. “Reaksiya” TV-də çıxışlar edərək ona böhtan atmışdır. Böhtan deyəndə, onun A.Salahova qarşı etmədiyi ifadələri işlədir. A.Salahov deyir ki, El- Oba” QSC ona borcludur və Eldar Məmmədov fırıldaq işlədərək milyonlarla pulun ona verilməsini qoymur. İkincisi, Fərəməz Fərəməzov onu qorxudaraq, 360 000 (üç yüz altmış min) manat pul istəmişdir. Bunların əksinə olaraq, A.Salahov ona 102 000 (yüz iki min) manat borcludur. DİN-nə A.Salahov barəsində CM-nin 178-ci maddəsi ilə cinayət işi açılmasına dair müraciət edəcəkdir. A.Salahovun ona və "xxxx" QSC-nin rəhbərliyinə qarşı irəli sürdüyü ifadələr tamami ilə şər-böhtandır. Belə ki, Abşeron RPİ-nin İstintaq şöbəsinin müstətiqi, polis mayoru Vüsal Rzayev tərəfindən qəbul edilmiş 18 sentyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından Abşeron Rayon Məhkəməsinə və Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etməsinə baxmayaraq, həmin qərar qüvvədə qalmışdır. Bu da onu sübut edir ki, A.Salahovun sözləri tamamilə yalan və böhtandır. O, sonda məhkəmədən A.Salahova azadlıqdan məhrum etmə cəzasının verilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs qismində dindirilmiş X11 xüsusi ittiham qaydasında verilən şikayət üzrə özünü təqsirli bilməyərək göstərdi ki, şikayətdə qeyd edilən iddialarla razı deyil. O, 2020-ci ilədək müxtəlif şirkətlərdə işləmişdir. 2020-ci ildən öz şirkətini yaradaraq ona rəhbərlik edir. 2023-cü ilin may ayından Eldar Məmmədovun meneceri olduğu şirkətlə işləmiş və heç bir problemləri olmamışdır. 2024-cü ildə yenidən Eldar Məmmədov onu yığaraq görüşmək istədiyini, onunla işləmək istəyini və onların Təhsil Nazirliyinin tenderini udduqlarını bildirmişdir. Onlar qida məhsulları alacaqlarını demişdir. Onun öz şirkəti dövlət və qeyri-dövlət təşkilatları ilə işləyir. O, Eldar müəllimdən qiymət razılaşmasını tələb etmiş və qiymət siyahısını istəmişdir. Ona Təhsil Nazirliyi siyahını təsdiq etdikdən sonra veriləcəyini bildirmişlər. Ona keçən il hansı məhsullar veribsə, bu ildə eyni məhsulları verəcəyini demişlər. 2023-cü ilin sonuna onlar tərəfindən verilən pulda gecikmələr olmuşdur. 2024cü ilin fevral ayında 500 000 (beş yüz min) manat əsas, 90 000 (doxsan min) manat əlavə avans ödənilmişdir. Pul ödənildiyindən mallar göndərilməyə başlanılmışdır. O, sonradan bir daha qiymətlərin müəyyən edilməsi üçün siyahını istəmişdir. Siyahı uzun müddət sonra verilmişdir. Bundan sonra verilən qaimələrdə ondan qiymətlərin dəfələrlə artıq məbləğlərdə göstərilməsini tələb etmişlər. Bu da birbaşa cinayət olduğundan A.Salahov bunu etmək istəməmişdir. O, qaimələrdə şişirdilmiş qiymətləri yazmamış və real qiymətləri yazmışdır. X13 görüşmüş və bunun düzgün olmadığını bildirmişdir. Eldar Məmmədov ona baş mühasibin səhv etdiyini demişdir. Eldar Məmmədov ona bu qaimələrlə bağlı köməklik göstərilməsini xahiş etdikdən sonra müəyyən məhsulların qiymətləri ilə bağlı qaimələrdə dəyişikliklər edərək göndərmişdir. Mart ayının əvvəli 236 000 (iki yüz otuz altı min) manat və mart ayının sonu 271 400 (iki yüz yetmiş bir min dörd yüz) manat avans ödənilmişdir. Onlar da məhsulları göndərməkdə davam etmişlər. Ona mart ayının sonunda malların şişirdilmiş qiymətlərinin qeyd edildiyi siyahı gəlmişdir və həmin siyahıda verilmiş mallardan başqa, əlavə olaraq onun göndərmədiyi malların adları da qeyd edilmişdir. O, bu siyahıya etiraz etmişdir. Eldar Məmmədov ona göndərilən siyahıda əlavə malların adlarının qeyd edilməli olduğunu, əks halda isə malların verilməsini necə sübut edəcəyini bildirmişdir. Ona qaimələrin siyahıda göstərilən qiymətlərlə yazılmasını təklif etmişlər. O, da qaimələri yazmış, lakin 813 671 (səkkiz yüz on üç min altı yüz yetmiş bir) manat pul ödənilməmişdir. Ona fevraldakı qaimənin ləğv edilməli olduğunu bildirmişlər. Fevralda olan həmin qaiməni də ləğv etmiş və dəyişmişdir. Keçmiş qaimələr ləğv edildiyi üçün 128 000 (yüz iyirmi səkkiz min) manat havada qalmışdır. Bakı Kommersiya Məhkəməsində bu pul sübuta yetirilmişdir. Eldar Məmmədov kommersiya məhkəməsində iştirak etməmiş, ancaq baş mühasib olmuşdur. O, kommersiya məhkəməsinə hər bir sübutu təqdim etdiyindən məhkəmədə hər şey öz əksini tapmışdır. Lakin sonradan "xxxx" QSC-nin rəhbəri Hacı Ramazan zəng etmiş, onu tanımadığını və görüşmək istədiyini, şirkətinin ona nə qədər borcu olduğunu və pulunu verəcəyini demişdir. Hacı Ramazanla görüşmüş və vəziyyəti izah etmişdir. Razılaşma olduğuna görə kommersiya məhkəməsində iclası təxirə saldırmışdır. Sonradan yenidən Hacı Ramazanın yanına həmin vaxt 65 000 (altmış beş min) manat borc aldığı şəhid ailəsinin üzvü olan Fəzail Mahmudov ilə birlikdə getmiş və onlar 65 000 (altmış beş min) manat pulu onun (A.Salahovun) şirkətinə məxsus mədaxil qəbzi ilə Fəzail Mahmudova vermişlər. Bundan sonra kommersiya məhkəməsində iddiadan imtina etdikdən sonra 63 671 (altmış üç min altı yüz yetmiş bir) manat pul ona ödənilmişdir. Hacı Ramazan ona bundan əlavə pul verməyəcəyini bildirmişdir. Videogörüntüdə sözü gedən xüsusilə ağır cinayətdə ittiham etmə məsələsinə gəldikdə, qaimələrdə şişirdilmiş qiymətlər yazdıqdan sonra aprel ayına keçid olmuş və yenə 813 671 (səkkiz yüz on üç min altı yüz yetmiş bir) manat pul ödənilməmişdir. O, X26 Ramazanın yanına gedəcəyini dedikdən sonra Eldar bir nəfərdən ona zəng gələcəyini demişdir. Eldar Məmmədovun dediyi adam onu DTXnin polkovnik rütbəsi formasında yığmışdır və həmin adam Fərəməzdir. Fərəməz ona 360 000 (üç yüz altmış min) manat pulu gətirməli olduğunu, gətirmədiyi halda onu şərləyərək tutduracaqlarını bildirmişdir. O, bu vəsaiti tapa bilməmişdir. 105 000 (bir yüz beş min) manat pul toparlamış və sabahısı aparıb vermişdir. Fərəməz onun maşınına oturmuş və birlikdə X14 şəhərində yerləşən evinə getmişlər və maşınını həmin evin həyətinə salmışlar. Fərəməzin tələbi ilə digər ikinci maşınını da gətirib həmin evin həyətinə salmışlar. Fərəməz ona 360 000 (üç yüz altmış min) manat pulu gətirməli olduğunu, gətirmədiyi halda maşının içinə odlu silah və narkotik vasitə qoyulacağını, sonra isə lazımi orqanların gəlib götürəcəyini demişdir. Eldar Məmmədovla görüşmüş, Eldar ondan ipotekada olan evini satıb pulunun ona verilməsini tələb etmişdir. Bununla bağlı 21 mayda 75 000 (yetmiş beş min) manat pulun hesabına köçdüyünü görmüşdür. İlkin adlı dostuna zəng etmişdir ki, onuna birlikdə gedib “Turanbank”da olan 75 000 (yetmiş beş min) manat pulu götürsünlər. Onlar birlikdə “Turanbank”a getmişlər. Axşam saat 6-dək pulu verməmişlər. Eldar Məmmədovun sürücüsü Mehdi həmin vaxt banka yaxınlaşanda onu kassaya çağırmışlar. O, kassadan 75 000 (yetmiş beş min) manat götürdükdən sonra dostuna maşına aparması üçün vermiş və dostu da pulu maşına aparmışdır. Sürücü Mehdi ona Xırdalana gedməli olduqlarını demişdir. O, Mehdiyə arxasınca gələcəyini demişdir. O, Xırdalan şəhərinə yox, yoldaşını və uşağını götürüb Türkiyəyə getmişdir. O, şirkətinin hüquqşünası bu qeyd edilənləri hüquqi müstəviyə qaldırsın deyə ailəsi ilə birlikdə 3 ay Türkiyədə qalmışdır. Şirkətinin hüquqşünası ona ölkəyə gəlməli olduğunu dedikdən sonra ölkəyə qayıtmışdır. O, Dövlət Təhlükəsizlik Xidmətinə və digər dövlət orqanlarına dəfələrlə müraciət etmiş, yalnız noyabr ayında DTX-nin əməkdaşı onu çağırmış, izahatını alaraq bütün sübutları və materialları ondan götürmüşdür. O, 10 gün sonra Hacı Ramazanın yanına getmiş və Hacı Ramazan ona demişdir ki, Dövlət Təhlükəsizlik Xidmətinə getməklə nəsə əldə edən deyilsən, çünki Eldar Məmmədovu DTX-nə göndərib, Eldar da DTX-nə getdi və qayıtdı. Dedikləri ilə bağlı bütün sübutları da mövcuddur. Sonda bir daha Eldar Məmmədovun ittihamları ilə razı olmadığını, heç kimi aldadıb pulunu mənimsəmədiyini bildirərək, əlavə etdi ki, onun beş şirkətə 550 000 (beş yez əlli min) manat məbləğində borcu vardır. Şirkətlərin borcunu ödəyə bilmədiyindən onu məhkəməyə vermişlər. X27 105 000 (bir yüz beş min) manat borcu olması yalandır, əgər borcu vardırsa nə üçün 128 000 (bir yüz iyirmi səkkiz min) manat pul ona ödənilmişdir? Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Vüsal Rzayev tərəfindən qəbul edilmiş 18 sentyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından hazırkı məhkəmə iclasında xəbər tutmuşdur. O, müstəntiq Vüsal Rzayevə şikayəti ilə bağlı sübutlar təqdim etməsinə baxmayaraq onun tərəfindən təqdim edilən sübutlar araşdırılmadan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərardan Abşeron Rayon Məhkəməsinə şikayət vermiş lakin məhkəmədə onun şikayəti təmin edilməmişdir. Eyni qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etməsinə baxmayaraq Abşeron Rayon Məhkəməsinin qərarı qüvvədə qalmışdır. Son olaraq bildirdi ki, video çıxışda kiməsə böhtan atmamışdır, çünki hər şey yazışmalarda öz əksini tapmışdır. Heç kimi xüsusilə ağır cinayət törətməkdə ittiham etməmişdir. Məhkəmədən ədalətli qərar verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: USB-fləşkartda olan videogörüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin USB-fləşkartda olan videogörüntüdə “SOS Reaksiya” Youtube kanalında 13 may 2025-ci il tarixdə Asiman Salahov tərəfindən Eldar Məmmədovun ünvanına aşağıdakıları söyləmişdir: - ”Eldar Məmmədov tenderi udduqlarını və yenidən malları bizdən almaq istədiklərini bildirdi və məhsullara görə bizə avans ödədilər. Bundan sonra malları göndərməyə başladıq və malların siyahısı istədik, lakin hələ siyahı gəlmədiyini deyərək vermədilər. Fevralın sonu siyahını bizə təqdim edəndə siyahıda dəfələrlə artıq şişirdilmiş qiymətlər mövcud olduğundan etiraz etdim və bunu etməyəcəyimi bildirdim. Səhəri gün Eldar müəllim yenidən görüşə çağırdı, getdim görüşdüm. Dedi ki, çox xahiş edirəm, artıq dərəcədə, bir səfərlik bizə kömək elə. Bananın da pulu qalıb, onu da ödəyək. Xahiş edirəm, Sizdən bir dəfəyə məxsusi olaraq bizə yardım et.” - “Eldar Məmmədov bildirdi ki, 34 milyon manatlıq tenderdi, bunun böyük bir məbləği sizdən alınacaq, çətin vəziyyətdə olduqlarını, vəsaiti artıq onların istədiyi qiymətlərlə əvəzləşdirmişlər, buna görə keçmiş əməkdaşlığın xatirinə elektron qaimələrdə düzəliş etməyinizi xahiş edirəm, mənə köməklik edin, bundan sonrakı əməkdaşlığımızı nəzərə alarıq.” - “Mən də ona köhnə ticari əxlaqa, ticari münasibətə xatir bir dəfəyə məxsusi kömək etdim və elektron qaimələrdə dəyişiklik etdim”, - “Axırıncı avansı mart ayının 18-də ödədilər və əlavə mallar istədilər. Lakin bildirdilər ki, Novruz bayramı olduğuna baxmayaraq, uşaqlara, körpələrə yemək tədarükünü davam etdirməliyik və bildiyiniz kimi dövlət büdcəsi də bağlıdır, xəzinədarlıq da bağlıdır, banklar da işləmir. Xahiş edirik, əlavə olaraq 648.000 manatlıq duru yağ, günəbaxan yağı və 75.000 manatlıq əlavə meyvə şirəsi bizə tədarük eləyin. Sizə avans ödəmişik, borcumuzu da iş günü başladıqdan sonra büdcə və banklar açılan kimi dərhal ödəyəcəyik. Təbii ki razılaşdıq, mallarını da göndərdik” - “Malları göndərməyimizə baxmayaraq, yenidən siyahı gec verildi və həmin siyahıda yenə onlara satılmayan əlavə malların adları və həddindən artıq şişirdilmiş qiymətlər əks olunmuşdu. Buna etirazımı bildirərək, elektron qaimə kəsməyəcəyimi bildirdim və görüşə dəvət etdim. Görüş zamanı Eldar Məmmədov mənə bildirdi ki, bu işin belə olmağını şəxsən X21 tapşırıb və əks halı ola bilməz. Əgər qaiməni bizim istədiyimiz qaydada kəsməsən, zatən bizim sizə borcumuz var, pulu yadından çıxart və istədiyin yerə şikayət edə bilərsən. “Hacının sözü qanundur”. Eldar Məmmədova ya aldığı malların geri qaytarılmasını ya da vəsaitlərin ödənilməsini təkid etsəm də, Eldar mənə bildiridi ki, mən məhsul almışam ki, pul da ödəyim və pulunu istəyirsən, dediyimizi et, vəsaiti köçürdək” - “Etdik, bundan sonra yenə vəsait ödənilmədi, dəfələrlə zəng edərək, vəsaiti tələb etdik. Büdcə bağlıdı, 1-ci gün gələcək, 5-ci gün vəsaitin gələcəyi deyildi. Bu artıq aprel ayının 22-nə qədər gəldi. Aprelin 22-də Eldara zəng edərək, Hacı Ramazanın qəbuluna gedəcəyimi və hər şeyi danışacağımı bildirdikdən sonra o, mənə ailəsi ilə birlikdə istirahətdə olduğunu və mənim nömrəmi işlə əlaqəli bir nəfər əməkdaşa verəcəyini dedi. Eldar dedi ki, bu əməkdaş bizim bütün işlərimizi həll etmək qabiliyyətinə malikdir və mənim ağsaqqalımdır, Hacı Ramazanın yanına getməyə ehtiyac yoxdur, Fərəməz müəllim bütün problemləri həll edəcək”. Bunlardan başqa, həmin USB-fləşkartda olan videogörüntüdə “SOS Reaksiya” Youtube kanalında 13 may 2025-ci il tarixdə X24 Məmmədovun xüsusilə ağır cinayət törətməsində ittiham etməsi ilə bağlı aşağıdakı ifadələri söyləmişdir: - “ “WhatsApp” proqramı vasitəsi ilə mənə bir nəfər ağsaqqal şəxs zəng etdi və təhqiramiz ifadələrlə harda olduğumu soruşdu, mən də ona dedim ki, ağsaqqal adamsan danışığına fikir ver, nə əsasla mənimlə belə danışırsan. O, da bildirdi ki, adım Fərəməz Fərəməzovdur mən sənə kim olduğumu göstərəcəm” - “ başqa bir nömrədən eyni proqramdan zəng gəldi və gördüm ki, zəng edənin profil şəklində Dövlət Təhlükəsizlik Xidmətinin polkovnik rütbəsində və geyimində Fərəməzdir. Mən cavab verdim və mənə dedi ki, “indi bildin mən kiməm”. O, məni DTXnin baş idarəsinə gəlməyimi tələb etdi və mən də yola düşdüm. 20 nömrəli məktəbin yaxınlığındakı işıqforda olan zaman yaxınlaşdığımı bildirdim və o, mənə “Space” TV-nin arxa küçəsinə keçməyimi bildirdi. Dediyi yerə gəldim və həmin yerdə “Mazda CX5” markalı avtomobildə oturduğunu görüb mən də maşında əyləşdim. Oturan kimi təhqir etməyə başladı, yəni sən şişmisən, sən qudurmusan. Sən kimə ilişdiyinin fərqində deyilsən. O, nəyə görə Hacı Eldarı və Hacı Ramazanı incitdiyimi soruşdu və bildirdi ki, bizim ağsaqqalımızdır onun sözü qanundur” - “ iki yolumun olduğunu və bundan birini seçməli olduğumu bildirdi. Ya onun tələbi ilə 360.000 manat məbləğində vəsait ona və ya Eldara çatdıracağımı, bu məbləğin mənə olan 813.671 manat borcun üzərində əlavə avans şəklində ödəniləcəyini və əvəzində Eldarın tələb etdiyi elektron qaimələri yazmalı olduğumu mənə bildirərək, bu işlərin qaydası var otkat verməlisən ya da ki, bunlar olmadığı halda isə səni tutmağa nə var ki, 2-3 kilo ağdı, 3-4 nəfər şahiddi sənin canındı”. - “ Bundan sonra mən 105.000 manat pul topladığımı və gücümün olmadığını bildirdim. Fərəməz pulların şəklini çəkib atmağımı tələb etdikdən sonra sabahısı gözlədiyini dedi. Sabahısı Fərəməzlə görüşdüm, pulları saydı, sonra aşağı düşüb telefonla danışdı. Danışandan sonra arxasınca gəlməyimi söylədi, arxasınca Eldar Məmmədova məxsus Xırdalan şəhərindəki evinə getdik. Orada Fərəməz mənə avtomobilimi evin həyətinə daxil etməyimi tələb edərək, avtomobilin texniki pasportunu və açarını məndən aldı. Eyni qaydada digər mənə məxsus olan maşını da yenə Eldarın evinə apararaq həyətə saldı, həmin maşının da texniki pasportunu alaraq, 105.000 manatı götürdü və bildirdi ki, axşama qədər vaxtın var, ya gedib pulun yerdə qalanını gətirirsən, ya da ki Xırdalan İcra Hakimiyyətinin qarşısında sənin hər iki avtomobilinin içərisində odlu silah və narkotik vasitələrlə saxlayacam, aidiyyəti üzrə qurumlar gəlib maşını tapacaq. Maşın da zatən sənə məxsusdur” İş materiallarında olan şikayət ərizələrindən görünür ki, X24 Məmmədovun və "xxxx" QSC-nin rəhbərliyi barəsində müxtəlif dövlət orqanlarına şikayətlər ünvanlamışdır. Abşeron RPİ-nin İstintaq şöbəsinin müstətiqi, polis mayoru Vüsal Rzayev tərəfindən qəbul edilmiş 18 sentyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, X5 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi yaranmadığı üçün cinayət işinin başlanması rədd olunmuş, A.Salahovun və E.Məmmədovun bir-birlərindən tələblərinə dair mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 6(012)-109/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X5 Abşeron RPİ-nin İstintaq şöbəsinin müstətiqi, polis mayoru X12 18 sentyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından verdiyi şikayət təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 6(105)-63/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X5 xx.xx.2018cü il təvəllüdlü X8 adında yetkinlik yaşına çatmayan uşağı vardır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X11 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsiri xüsusi ittihamçının ifadəsi, USB-fləşkartda olan “SOS Reaksiya” Youtube kanalında 13 may 2025-ci il tarixdə Asiman Salahovun çıxışını əks etdirən videogörüntü, A.Salahovun məhkəmədəki çıxışı, eləcə də iş materialları ilə sübuta yetirilir. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığı halda X11 13 may 2025-ci il tarixdə “Reaksiya” TV-nin “SOS Reaksiya” verilişində iştirak edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Eldar Məmmədov barəsində yanlış və böhtan xarakterli məlumatlar yayaraq, Eldar Məmmədovu xüsusilə ağır cinayət törətməkdə təqsirləndirmişdır. Belə ki, Asiman Salahov 2023-2024-cü illərdə əməkdaşlıq etdiyi Eldar Məmmədovu və "xxxx" QSC-nin rəhbərliyini özünün müflis olmasında günahlandırmış, ona hədə-qorxu gələrək pul tələb etdiklərini bildirmiş və onlar barəsində böhtan xarakterli digər məlumatlar yaymışdır. A.Salahov televiziya verilişində çıxış edərək, bildirmişdir ki, Eldar Məmmədovla tanışlıq nəticəsində özünün idarə etdiyi "xxxx" MMC ilə Eldar Məmmədovun rəhbəri və əlaqəsi olduğu bir neçə hüquqi şəxslə qida məhsullarının satışı üzrə 2023-cü ildən etibarən əməkdaşlıq etməyə başlamışdır. 2024-cü ilin yanvar-mart aylarında aralarında yaranmış narazılıqla bərabər X24 Məmmədov və onunla əlaqəli hüquqi şəxslərin onu aldadaraq, verilmiş mallar üzrə ödənişlərin edilmədiyini iddia etmişdir. A.Salahov çıxışında bildirmişdir ki, guya Eldar Məmmədov və bağlılığı olduğu hüquqi şəxslər təhvil alınmış mallar üzrə 1.000000 manat məbləğində ödəməni həyata keçirməkdən müxtəlif vasitələrlə boyun qaçırmaqla onu hər cür vasitə ilə aldatmağa çalışmışlar. Əlavə olaraq, Asiman Salahov aşkar surətdə Eldar Məmmədovu digər bir əməlin törədilməsində də günahlandırmışdır. Belə ki, A.Salahov çıxışında qeyd etmişdir ki, bu hadisələrin davam etdiyi 2024-cü ilin ilk yarımilində Dövlət Təhlükəsizlik Xidmətinin sabiq polkovniki Fərəməz Fərəməzov adlı şəxs onunla əlaqə saxlayaraq görüşmək istəmişdir. Onlar görüşdükdə həmin şəxs onu təhqir edərək və hədə-qorxu gələrək, Eldar Məmmədova və əlaqəli şəxslərə tabe olmağı, əks halda cəzalandırılacağı sözü ilə hədələmişdir. Asiman Salahov hətta bu söhbət əsnasında ondan 360.000 manat əlavə pul vəsaiti tələb edildiyini, həmin pul vəsaitini müəyyən vaxt ərzində təqdim etmədiyi təqdirdə, onun maşınında odlu silah və narkotik vasitə tapılacağı barədə hədələrin Eldar Məmmədovun göstərişi ilə Fərəməz Fərəməzov tərəfindən ona bildirildiyini də ifadə etmişdir. Yuxarıda qeyd edildiyi kimi, X5 “Reaksiya” TV-nin “SOS Reaksiya” verilişindəki çıxışında barəsində böhtan xarakterli fikirlər səsləndirdiyi və xüsusilə ağır cinayət törətməkdə ittiham etdiyi Eldar Məmmədovun həmin çıxışdakı əməlləri törətməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmamışdır və hazırda da yoxdur. Əksinə olaraq, X5 13 may 2025-ci il tarixdə “Reaksiya” TV-nin “SOS Reaksiya” verilişindəki çıxışında göstərdiyi hallarla bağlı Abşeron rayon Polis idarəsində araşdırma aparılmış və istintaq şöbəsinin müstəntiqi Vüsal Rzayev tərəfindən qəbul edilmiş 18 sentyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, eləcə də həmin qərarın qüvvədə saxlanılması ilə bağlı qəbul olunmuş Abşeron Rayon Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qərarları həmin hallar, yəni X5 Eldar Məmmədovun barəsində göstərdiyi xüsusatlar tam təkzib edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxs X5 törətdiyi əməli etiraf etməməsi, yəni xüsusi ittihamçı Eldar Məmmədov və "xxxx" QSC-nin rəhbərliyi barəsində böhtan xarakterli məlumatları yaymaması, həmçinin Eldar Məmmədovun ona qarşı xüsusilə ağır cinayətləri törətməsində ittiham etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşıması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsinə görə hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə, on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilir ki, “Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Qeyd olunduğu kimi Asiman Salahov “Reaksiya” TV-nin “SOS Reaksiya” verilişindəki çıxışında qeyd etmişdir ki, bu hadisələrin davam etdiyi 2024-cü ilin ilk yarımilində Dövlət Təhlükəsizlik Xidmətinin sabiq polkovniki Fərəməz Fərəməzov adlı şəxs onunla əlaqə saxlayaraq görüşmək istəmişdir. Onlar görüşdükdə həmin şəxs onu təhqir edərək və hədə-qorxu gələrək, Eldar Məmmədova və əlaqəli şəxslərə tabe olmağı, əks halda cəzalandırılacağı sözü ilə hədələmişdir. Asiman Salahov hətta bu söhbət əsnasında ondan 360.000 manat əlavə pul vəsaiti tələb edildiyini, həmin pul vəsaitini müəyyən vaxt ərzində təqdim etmədiyi təqdirdə, onun maşınında odlu silah və narkotik vasitə tapılacağı barədə hədələrin Eldar Məmmədovun göstərişi ilə Fərəməz Fərəməzov tərəfindən ona bildirildiyini də ifadə etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə görə bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Bununla da, təsdiq ounur ki, X11 “Reaksiya” TV-nin “SOS Reaksiya” verilişindəki çıxışında Eldar Məmmədovu xüsusilə ağır cinayət törətməkdə ittiham etmişdir. Böhtanla bağlı məhkəmə aşağıda qeyd olunan xüsusatları vurğulayır: Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür (X5 “Reaksiya” TV-nin “SOS Reaksiya” verilişindəki çıxışında barəsində böhtan xarakterli fikirlər səsləndirdiyi və xüsusilə ağır cinayət törətməkdə ittiham etdiyi Eldar Məmmədovun həmin çıxışdakı əməlləri törətməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə hökmünün olmaması və Abşeron RPİ-nin İstintaq şöbəsinin müstətiqi, polis mayoru Vüsal Rzayev tərəfindən qəbul edilmiş 18 sentyabr 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı). Məlumatı yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs X11 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin sanksiyaları həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxs X9 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxsə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X5 Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X5 Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə törətdiyi cinayət əməli az ağır cinayət hesab olunur. X5 özünü təqsirli bilməsə də, məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, himayəsində yetkinlik yaşına çatmayan bir azyaşlı uşağın olduğunu yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırma zamanı X5 əməlində Azərbaycan Republikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. İnsan Hüquqlarının və X10 haqqında Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu, sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyildir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən cıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin-tərcümə) növünə, müddətinə, nəticələrinə və həyata kecirilmə üsuluna diqqət yetirilməlidir. Azadlıqdan məhrum etmə ilə azadlığın məhdudlaşdırılması arasındakı fərq xarakter və ya mahiyyət məsələsi yox, sadəcə dərəcə və ya intensivlik məsələsidir. Həmin Konvensiyanın 5-ci maddəsində şəxsi azadlıq insan hüquqlarının müdafiəsinin mühüm elementi kimi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurətin tələb etdiyi müddətdən artıq davam etməməlidir. (Avropa Məhkəməsinin Amyur Fransaya qarşı işi üzrə 25 iyun 1996-cı il tarixli qərar, 42-ci bənd) Məhkəmə təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanı yüngülləşdirən halları, həm də bu halların məcmusunu, cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin, İnsan Hüquqlarının və X10 haqqında Konvensiyanın tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının tətbiq olunmasını məqsədə müvafiq hesab etmir. Məhkəmənin qənaətinə görə, Asiman Salahova azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən islah işləri cəzasının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən X9 hazırkı hökm üzrə təyin edilmiş cəzaların qismən toplanılmaqla ona qəti cəza təyin edilməsi, CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir, həmçinin bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X11 ona təyin olunacaq islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. (28 aprel 2025-ci il tarixli 141 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə yeni redaksiyası) Belə ki, təqsirləndirilən şəxs X5 hüquqlarının müdafiəsi dövlət hesabına müvafiq olaraq Gəncə Regional Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 21 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 231 manat pul köçürülməlidir. Məhkəmə hesab edir ki, 01 ədəd USB-fləşkart iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 147.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla, 9 (doqquz) ay müddətə islah işləri cəzası, CM-nin 147.2-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla, 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X5 aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla, qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. X9 təyin edilmiş islah işləri növündə cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası X5 iş yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə sübut əhəmiyyəti kəsb edən 01 ədəd USB-fləşkart iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs X9 göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 231 manat məbləğində pul köçürülsün. (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Hökmdən elan edildiyi gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-196/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-196/2025
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver