Məhkəmə qərarları › İş №1(125)-197/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-197/2025

16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-197/2025 16.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Umud oğlunun sədrliyi, məhkəmə iclas katibi Xurşudov Nadir Şahin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 1-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, cavabdeh kimi Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən iki uşağın saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməli olmasına baxmayaraq, Təqsirləndirilən şəxs məhkəmə qərarını icra etməmiş və təqdimat verilən günə 8143,00 manat məbləğində aliment borcu yaranmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəralarına müvafiq olaraq 10 və 15 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra ona yeni müddət təyin edərək məsuliyyəti elan olunsa da, Təqsirləndirilən şəxs bundan heç bir nəticə çıxarmamış və nəticədə Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2018-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək (zərərçəkmiş şəxsə xəsarət yetirdiyinə görə) 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2022-ci ildə vaxtından əvvəl azadlığa çıxmış və hazırki 8143 manat məbləğində aliment borcu onun azadlıqdan məhrum edildiyi dövrə təsadüf edir. Halhazırda aliment borcunu ödəyə bilmir, maddi imkanı yoxdur. Şəmkir rayonu ərazisində özünə və ailə üzvlərinə məxsus torpaq sahəsi vardır, yalnız həmin torpaq sahəsini satdıqdan sonra aliment borcunu ödəyə biləcəkdir. Eyni zamanda barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş əri olmaqla Gəncə Şəhər Məhkəməsinin 06 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən ona iki uşağın saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödəməli olmasına baxmayaraq aliment borcunu vaxtı-vaxtında ödəməmiş və nəticədə 8143 manat məbləğində borcu yaranmışdır. İcra məmuru dəfələrlə alimentin ödənilməsini borcludan tələb etsə də borclu müxtəlif bəhanələrlə aliment borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş inzibati həbslə bağlı məhkəmə qərarlarından da, nəticə çıxarmamış və öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs şikayətçidir və onun barəsində qanunamüvafiq tədbirlər görülməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3380/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi 7 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ərazi aidiyyəti üzrə icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə idarənin icraatına daxil olmuşdur. Həmin tarixdə icra sənədinin təmin edilməsi üçün “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmçinin qanunla müəyyən edilmiş vaxt ərzində tələbin könüllü olaraq təmin edilməsi barədə borcluya bildiriş verilmişdir. Elektron icra sistemindən borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin borclunun adına heç bir əmlak aşkar edilməmişdir. Həmçinin borclunun barəsində banklara sorğular edilmiş, bankların cavab məktubundan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs adına heç bir əmanət (depozit) hesabı yoxdur. Gəncə Şəhər Məhkəməsinin 8(125)-413/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 10 gün, xx.xx.2024-cü il tarixli qərarı ilə isə 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıqlar edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs 2024-cü ilin dekabr ayıda daxil olmaqla 8000 min manat aliment borcunun olduğunu bildirmiş, onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunmasını xahiş etmişdir. Elektron icra sistemindən məlum olmuşdur ki, borclu Təqsirləndirilən şəxs "xxxx" MMC-də (ixtisassız fəhlə) işləyir, xx.xx.2024-cü il tarixdə borclunun əməkhaqqısından 70% tutulma aparılması üçün "xxxx" MMC-yə məktub göndərilmiş və Təqsirləndirilən şəxs öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.2025-ci il tarixdə borclunun əməkhaqqısından 70% tutulma aparılması üçün Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İsatehsalat Birliyinə tutulma məktubu göndərilmiş və həmin qurumun xx.xx.2025-ci il tarixli məktubundan məlum olmuşdur ki, borclu Təqsirləndirilən şəxs işdən azad edilmişdir. Borclu Təqsirləndirilən şəxs 8143 manat aliment borcunun olmasına baxmayaraq öz ərizəsi ilə işdən çıxmaqla icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Cinayət qanunvericiliyinə görə məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda cinayət tərkibi yaradır. Borclu Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3380/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tam ödəniş etməmiş və 2025-ci ilin aprel ayı da daxil olmaqla aliment üzrə borcu 8143 manat təşkil etmişdir. Məhkəmə baxışı zamanı Şahid2 məhkəməyə Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2(044)- 3380/2018 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 10 dekabr 2012-ci il tarixdə anadan olmuş X5 və 10 dekabr 2012-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 06 iyun 2018-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X2 Filialının 08 may 2024-cü il tarixli, 3-17-2/2-28408/24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə müraciət etməmişdir. xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə rəsmi xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği ödənilməklə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3380/2018 saylı, xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnamənin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Gəncə Şəhəri Məhkəməsinin 29 mart 2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün və 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 26 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.4, 181.2.5-ci maddələri ilə cinayət törətməkdə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddələri ilə cinayət törətməkdə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzadan 10 ay 02 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, lakin məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3380/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə təqdimat verilən 30 aprel 2025-ci il tarixədək olan 8143 manat məbləğində aliment borcundan istintaq müddətində heç bir ödəniş etməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2(044)-3380/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinin tələbindən görünür ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. 21 iyun 1992-ci il tarixdə Azərbaycan Respublikasının qoşulduğu “Uşaq Hüquqları haqqında” 20 noyabr 1989-cu il tarixdə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş Konvensiyanın 26-cı maddəsinin 1 və 2-ci bəndlərində deyilir ki, iştirakçı dövlətlər hər bir uşağın sosial sığorta da daxil olmaqla, sosial təminat nemətlərindən istifadə etmək hüququnu tanıyır və özlərinin milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tam həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirləri görürlər. Zərurət olduqca bu nemətlər mövcud ehtiyatlar və uşağın imkanları və onun saxlanması üçün məsuliyyət daşıyan şəxslərin imkanları, habelə uşaq tərəfindən və ya onun adından nemətlərin əldə edilməsi ilə bağlı istənilən mülahizələr nəzərə alınmaqla verilir. Adı çəkilən Konvensiyanın 27-ci maddəsinin 1 və 2-ci bəndlərində isə göstərilmişdir ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının 7 saylı Protokolunun 5-ci maddəsində təsbit edilmişdir ki, ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsində nəzərdə tutulmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinin birinci və ikinci abzaslarına əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində müəyyən edilmişdir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CM-in 306.1-ci maddəsinə əsasən isə, şəxsin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməməsi və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməsi onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və bu maddə ilə təqsirli bilindiyi halda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmasına səbəb olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Hazırki cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən şəxsə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli 2(044)- 3380/2018 nömrəli qətnaməsinin icra edilməməsi haqqında icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, lakin bu xəbərdarlıqlara məhəl qoymadığından, icra məmurunun tələblərini yerinə yetirmədiyinə və qətnamənin icra etməkdən boyun qaçırdığına görə inzibati məsuliyyətə cəlb edilmiş, halbuki onun aliment borcunu ödəməkdən, yəni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməkdən ötrü kifayət qədər vaxtı və imkanları olmuşdur. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivinin mövcudluğu onun məsuliyyətini ağırlaşdıran hal hesab edilir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Hazırkı cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 126.1-ci maddələri ilə cinayət törətməkdə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə Bakı şəhər Xətai Rayon Məhkəməsinin qərarı ilə cəzadan 10 ay 02 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmış, lakin məhkumluğu ödənilməmişdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimaihüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. “Azərbaycan Respublikası CM-nin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2013-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi cinayətlərin çoxluğunu (cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi) yaradır. Cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir. Bu hallar təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyəndirməklə yanaşı, əvvəlki cəzanın onun islah olunması üçün kifayət etmədiyini göstərir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, residivin mövcudluğu, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının başlanğıcı Təqsirləndirilən şəxs tutulduğu vaxtdan, yəni 16 sentyabr 2025ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs edilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş və bununla bağlı Gəncə şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 (on səkkiz) saat vaxt sərf etmiş və ona 198 (yüz doxsan səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 198 (yüz doxsan səkkiz) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar