Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-203/2023 05.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Əvəz oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 01fevral 2023-cü il tarixdə saat 19-20 radələrində Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri, Ə.Əliyev prosepkti 14 ünvanında həmin evin qonaq otağında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı qəsdən kasa qab ilə Zərərçəkmiş şəxs burun nahiyəsindən bir dəfə vuraraq ona burun sümüyünün qəlpəli yerdərişməmiş sınığı və yarası, alın nahiyyəsinin yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs bir neçə vaxtdır ki, tanıyır. Beləki, onlar əvvəllər bir neçə dəfə birlikdə ev təmiri işləri ilə məşğul olmuş və münasibətləri yaxşı olmuşdur. Sonuncu dəfə birlikdə gördükləri işdən Məmmədin ona 50 manat pul borcu qalmış və o, bir neçə dəfə həmin pulu Məmməddən istəsə də Məmməd maddi imkanı yaxşı olmadığını deyərək həmin pulu ona verməmişdir. 01 fevral 2023-cü il tarixdə saat 19-20 radələrində bir daha borcunu istəmək üçün Məmmədin yaşadığı evə getmiş, qapını döyən zaman Məmməd qapını açmış və onu evə dəvət etmişdir. Evə daxil olan zaman Məmməddən pulunu verməsini istəmiş, lakin Məmməd ona pulu olmadığını, olan zaman qaytaracağını deyərək onunla kobud danışmışdır. Məmmədin içkili olduğunu görüb onunla mübahisə etmək istəməmiş, lakin həmin vaxt Məmməd onu nalayiq ifadə ilə söyüb təhqir etmişdir. O, da əsəbləşərək masanın üzərində olan kasanı götürüb Məmmədin üz nahiyyəsindən bir dəfə vurmuşdur. Kasa Məmmədin burnundan dəyəndə, burnundan qan açıldığını görüb heçnə demədən çıxıb getmişdir. Aralarında olan mübahisə və dava təxminən 2-3 dəqiqə çəkmiş və həmin vaxt yanlarında heç kim olmamışdır. Hadisədən sonra zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı ödəmiş və zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur.Odur ki, məhkəmədən qeyd olunanları nəzərə almağı xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bir neçə ay əvvəl iş əsnasında tanış olmuşdur. Belə ki, onlar bir neçə dəfə eyni ünvanlarda şərikli təmir işi görüb qazancı bölüşdürmüşlər. Sonuncu gördükləri işdən Ruziyə 50 manat pul borcu qalmışdır. Ruzi bir neçə dəfə həmin pulu ondan istəsə də maddi imkanı yaxşı olmadığı üçün həmin pulu Ruziyə qaytara bilməmişdir. Sonuncu mübahisə olan günü yaşadığı evə getmiş, evə getdikdən təxminən yarım saat sonra evin ortasında olan kresloda əyləşib kasada qoymuş olduğu yeməyi yeməyə başlamış, həmin vaxt Ruzi qapını döymüş, o da Ruzini görüb onu içəri dəvət etmişdir. Ruzi içəri girən kimi ondan bir daha pulunu verməyini tələb etmiş, özü isə pulu olmadığını və növbəti iş götürən zaman verəcəyini demişdir. Ruzi ilə hənmin vaxt aralarında sözlü mübahisə yaranmış və anidən Ruzi masanın üzərində olan yemək yediyi kasanı götürüb bir dəfə burun nahiyyəsindən onu vurmuşdur. Həmin vaxt burnundan qan açıldığıına görə özünü itirmişdir. Daha sonra Ruzi evdən çıxıb getmişdir. Hadisə baş verən vaxt yanlarında heç kim olmamışdır. Hadisədən sonra Ruzi ilə barışmış və hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi zərərin tam olaraq ödənildiyini, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmadığını bildirərək ərizənin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhər MTE və PA Şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli 151 saylı «canlı şəxsin ekspertizası » rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər -burun sümüyünün qəlpəli yerdərişməmiş sınığı və yarası, alın nahiyyəsinin yarası - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni, xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, baxış keçirilən zaman hadisə baş verən otaqda döşəmənin üzərində qan ləkələri və sınmış olan kasa qabın hissələri aşkar edilmiş və kasanın sınmış hissələri maddi sübut kimi götürülmüşdür. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına Gəncə şəhəri İHB-nin 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş və materiala əlavə olunmuş ailə tərkibi haqqında arayışdan görünür ki, Gəncə şəhəri Totanlı küçəsi ev 14-də yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi yoxdur. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına Gəncə şəhəri İHB-nin 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən tərtib edilmiş və materiala əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Gəncə şəhər narkoloji və ruhi dispanserlərdən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs heç bir dispanserdə qeydiyyatda durmur. 3-13-57-1/2-8249/23 tarixli arayışdan görünür ki, material üzrə maddi sübut olan 1 ədəd sınmış halda kasa Gəncə şəhəri BPİ-nin “Maddi sübutların saxlanması otağında” saxlanılır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 1(044)-67/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı üçün cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış protokolu, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), təhqiqat orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər bir dəfə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 1(044)-67/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən zərərçəkmiş şəxslə barışdığı üçün CM-nin 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. Buna görə də o, hazırkı iş üzrə zərərçəkmiş şəxslə barışdığı üçün cinayət məsuliyyətindən azad edilə bilməz. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. 61-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hallar muəyyən edilməmişdir. 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yaşını, o cümlədən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunacağını mümkün hesab edərək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aylıq qazancından dövlət nəfinə müəyyən məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin “Maddi sübutların saxlanması otağında” saxlanılan 1 ədəd sınmış halda kasa istifadəyə yararsız olduğundan məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən X3 məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla, 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin “Maddi sübutların saxlanması otağında” saxlanılan 1 ədəd sınmış halda kasa istifadəyə yararsız olduğundan məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-203/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-203/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver