Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-205/2023 09.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanun ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham olunmasına dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham olunmasına dair məhkəməyədək sadələşdirilmiş icraat materialı daxil olmuşdur. Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs, cinayət qanun ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və onun müdafiəçisi məhkəməyədək sadələşdirilmiş icraat materialının məhkəmə baxışına təyin edilməsini xahiş etdilər. Məhkəmə hazırlıq iclasında dövlət ittihamçısı məhkəməyədək sadələşdirilmiş icraat materialının məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəməyə təklif etdi. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham olunmasına dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə ilkin məhkəmə zamanı təhqiqat dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyindən və məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verilməsi müəyyən edildiyindən, məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməli və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Çünki ilkin dinləmə zamanı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs ona Gəncə şəhəri 1 saylı qadın məsləhətxanasında xəsarətlər yetirdiyi zaman ətrafda həmin məsləhətxananın həkimlərinin və başqa şəxsrlərin olduğunu, ətrafda olan şəxslərin və həkimlərin onları ayırdığını, əri ilə birlikdə gələn Nərmin adlı qadının qayınanası Şahid söyüb təhqir etdiyini və saçından dartaraq vurduğunu bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs və onunla birlikdə qadın məsləhətxanasına gəlmiş Nərmin adlı qadının əməllərində bir qrup şəxs tərəfindən xuliqanlıq cinayətinin törədilməsi ehtimalı vardır. Buna görə də hazırkı iş üzrə məhkəməyədək icraat məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat formasında deyil, cinayət işi şəklində ibtidai istintaq formasında araşdırılmalı, Nərmin adlı şəxs, hadisəyə şahid olmuş digər şəxslər və qadın məsləhətxanasının əməkdaşları dindirilməli, qadın məsləhətxanasında kameralar olduğu halda video görüntülərə baxış keçirilməli, aparılacaq ibtidai istintaq nəticəsində Təqsirləndirilən şəxs və Nərmin adlı şəxsin əməllərinə hüquqi qiymət verilməli idi. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 86.3-cü maddəsinə əsasən cinayət təqibini həyata keçirən təhqiqatçı səlahiyyətləri daxilində istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. - 214.3-cü maddəsinə əsasən təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması şəklində təhqiqat cinayətin izlərinin müəyyən edilməsi və rəsmiləşdirilməsi məqsədi ilə aparılır. Təhqiqatı bu şəkildə apararkən bu Məcəllənin 147, 148, 153, 207, 209, 210, 226— 232, 234 – 236, 238 – 247, 260 – 264, 268—270, 273—276-cı maddələrinin müddəalarına müvafiq olaraq təhqiqatçı: 214.3.1. cinayət işini başlayır və bu barədə dərhal ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir; 214.3.2. şübhəli şəxsi tutur və bu Məcəllənin 86.4.2-ci maddəsində göstərilən təxirəsalınmaz istintaq hərəkətlərini aparır; 214.3.3. cinayət işinin başlanmasından sonra 10 (on) gündən gec olmayaraq sonrakı araşdırmanın aparılması üçün cinayət işini istintaq orqanına göndərir; 214.3.4. cinayət işinin başlanmasından 10 (on) gün keçdikdən sonra müstəntiq və ya ibtidai araşdırmanı həyata keçirən prokurorun tapşırığı ilə ayrı-ayrı istintaq hərəkətlərini aparır və ya əməliyyat-axtarış tədbirlərini həyata keçirir; 214.3.5. cinayət işinin başlanmasından 10 (on) gün keçdikdən sonra cinayət açılmamış qalarsa, cinayəti törətmiş şəxsin müəyyən və aşkar edilməsi, tutulması və müstəntiqə təhvil verilməsinə dair tədbirlər görür. - 214.4-cü maddəsinə əsasən məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128-131, 174, 175, 177.1, 185.1, 186.1, 187.1, 187.2, 188, 197.1, 200.1, 201.1, 221.1, 256.1, 256.2, 258.1, 258.2, 259.1, 263.1 və 326-cı maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə aparılır. - 215.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılan təhqiqat istisna olmaqla, bütün cinayət işləri üzrə ibtidai istintaqın aparılması məcburidir. - 294.1.4-cü maddəsinə əsasən təhqiqatçı şikayətin məhkəmə aidiyyəti və ya istintaq aidiyyəti üzrə göndərilməsi qənaətinə gəldikdə, onun daxil olduğu vaxtdan 24 saatdan gec olmayaraq cinayətin izlərinin rəsmiləşdirilməsi (hadisə yerinin baxışı, bu zaman aşkar edilmiş əşyaların götürülməsi və müayinəsi) üzrə təxirəsalınmaz istintaq hərəkətlərini aparmalı və cinayətin törədilməsini görmüş şahidlərdən izahat almalı, öz qərarı ilə şikayəti toplanmış bütün materiallarla birlikdə müvafiq olaraq məhkəməyə və ya istintaq orqanına göndərməlidir. Qeyd olunanlardan görünür ki, təhqiqatçı Rəsul Əsgərov cinayət işi başlayaraq 10 gün ərzində zəruri istintaq hərəkətlərini keçirib işi istintaq orqanına göndərməli olduğu halda, məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat apararaq məhkəməyədək sadələşdirilmiş icraat materialını məhkəməyə göndərmişdir. Bu da məhkəməyədək icraatın ibtidai istintaq şəklində aparılması məcburi olduğu halda, onun məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat formasında aparıldığını, prosessual qanunvericiliyin pozulduğunu göstərir. Belə olan halda CPM-nin 303.3.9-cu maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 303.3.9-cu maddəsinə əsasən məhkəməyədək icraatın ibtidai istintaq şəklində aparılmasının məcburiliyinə dəlalət edən halların olmasına baxmayaraq, onun məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat formasında aparılması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. - 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində həmçinin, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham olunmasına dair məhkəməyədək sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilsin və cinayət işi qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-205/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-205/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver