Məhkəmə qərarları › İş №1(125)-205/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-205/2024

18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-205/2024 18.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Hərbi Polis İdarəsi H-H-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi ev 148-də yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs2 xx.xx.1990-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu Alnabad kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs2 bacısı Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, V.Xuluflu küçəsi, bina 3, mənzil 11-də bacısı Təqsirləndirilən şəxs1 keçmiş qaynatası Zərərçəkmiş şəxs2 ilə evdən olan əşyaların çıxarılması səbəbindən aralarında yaranmış şəxsi mübahisə zamanı bacısı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 əlindən tutaraq onun müqavimətini qırmış bacısı Təqsirləndirilən şəxs2 isə sonuncunun baş nahiyəsinə qənd qabı ilə qəsdən bir neçə dəfə vuraraq ona təpə və ənsə nahiyələrinin yaraları, sol qaş, alın, sol almacıq nahiyələrinin qançırları, döş qəfəsinin, sol said nahiyəsinin sıyrıqları xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, V.Xuluflu küçəsi, bina 3, mənzil 11-də keçmiş qaynanası Zərərçəkmiş şəxs1 ilə evdən olan əşyaların çıxarılması səbəbindən aralarında yaranmış şəxsi mübahisə zamanı sonuncunun baş nahiyəsinə meyvə qabı ilə qəsdən bir neçə dəfə vuraraq ona sol təpə, alın və ənsə nahiyələrinin yaraları, sağ qulaq sırğalığının səthi yarası, sol əlin üst səthinin qançır və sıyrıqları xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, V.Xuluflu küçəsi, bina 3, mənzil 11-də keçmiş qaynatası Zərərçəkmiş şəxs2 ilə evdən olan əşyaların çıxarılması səbəbindən aralarında yaranmış şəxsi mübahisə zaman Zərərçəkmiş şəxs2 əlindən tutaraq onun müqavimətini qırmış, bacısı Təqsirləndirilən şəxs2 isə sonuncunun baş nahiyəsinə qənd qabı ilə qəsdən bir neçə dəfə vuraraq ona təpə və ənsə nahiyələrinin yaraları, sol qaş, alın, sol almacıq nahiyələrinin qançırları, döş qəfəsinin, sol said nahiyəsinin sıyrıqları xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onlar Zərərçəkmiş şəxs2 evinə bacısının əşyalarını götürmək üçün getmişlər və orada zərəçəkmiş şəxslərlə aralarında mübahisə olmuşdur. Nizami əvvəlcə onun bacısı Rəksanənin saçından tutmuş, sonra o, müdaxilə etmiş, Nizami bacısını buraxıb onun saçından tutmuşdur. Onlar Nizaminin əlindən çıxmaq üçün ona müxtəlif xəsarətlər yetirmişlər. Ona hansı xəsarətləri yetirdiyini xatırlamadığını bildirmişdir. Onlar Nizamin əlindən çıxaraq qaçmışlar. Nizami eyni zamanda onlara təpik zərbələri də endirmişdir. Onlar ordan qaçaraq Polis Şöbəsinə getmişlər. O, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, о, bacıları ilə birlikdə Zərərçəkmiş şəxs2 evinə əşyalarını çıxarmaq üçün getmişdir. O, aralarında mübahisə olacağını düşünməmişdir. Onlar Zərərçəkmiş şəxs2 evinə getdikləri zaman əvvəlcə onları yaxşı qarşılamışlar, sonra onların aralarında mübahisə yaranmışdır. Ona bildirmişlər ki, onun heç bir əşyası yoxdur. Onlar zərərçəkmiş şəxslərdən özlərini qorumaq üçün onlara müxtəlif bədən xəsarətləri yetirmişlər. Onların arasında Polis Şöbəsində barışıq əldə olunmuşdur. Sonda o, əməlindən peşman olduğunu nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş edilmişdir. Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onun bacısının saçından tutduğu zaman o, bacısını Nizaminin əlindən almağa çalışmışdır. Nizami və Sadətə hansı xəsarətlər yetirdiyini xatırlamadığını bildirmişdir. Polis İdarəsinə onlar özləri getmişdir. Polis İdarəsində onların izahatı alınmışdır. İbtidai İstintaq zamanı verdiyi ifadəsini təstiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət yarandığı üçün dövlət ittihamçısının vəsatəti əsasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş, o, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə Gədəbəy rayonu, Alnaband kəndində yaşayır. 2016-cı il tarixdə əri X1 boşanmış, həmin vaxtdan sonra ayrı yaşamışlar. xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Məhkəməsində Anar Abdullayevin hazırda yaşadığı Vəli Xuluflu küçəsi, ev 3, mənzil 11-də olan evinə yaşamaq hüququnun təmin edilməsi ilə bağlı prosesdə ona yaşamaq hüququ verilməmişdir. O da xx.xx.2022-ci il tarixdə gündüz saat 16 radələrində bacıları Təqsirləndirilən şəxs2 və Şahid1 ilə birlikdə məişət əşyalarını ərinin hazırda yaşadığı Vəli Xuluflu küçəsində olan evindən götürmək üçün oraya getmişlər. Həmin vaxt bacıları ilə birlikdə qapını döyüb içəri daxil olmuşlar. Onları keçmiş qayınanası Səadət qarşılamış, söhbət zamanı əşyaları götürmək üçün gəldiklərini onlara desələr də, evdə olan Səadət və əri Nizami əşyaları verməyəcəklərini demişlər. Həmin söhbət zamanı mübahisə yarandıqda keçmiş qaynatası Nizami və keçmiş qayınanası Səadət bacısı Rəqsanənin üzərinə hücum çəkib onun saçından tutub dartmağa, başlamışlar. Həmin vaxt evdən çıxmaq istəyəndə Nizami arvadı Sadətə qapını bağlamasını demişdir. Daha sonra o, bacısı Gülnarə ilə bərabər Rəqsanəni onların əlindən almaq üçün Nizami və Səadətin müxtəlif yerlərinə vuraraq bacılarını buraxmasını tələb etmişlər. Daha sonra Səadət mətbəxdən bıçaq çıxardıb üstlərinə gəlmişdir. Bu arada Nizami və Səadət onları döyən zaman özlərini müdafiə edib o, Səadəti itələmiş, bacısı Gülnarə isə Nizaminin baş nahiyyəsinə qənd qabı ilə vurduqdan sonra onların evindən qaçmışlar. X8 saçından butub, ayağının arasında sıxmasa da o, dava zamanı əsəbləşib Sadətin baş nahiyəsinə meyvə qabı ilə vurmuşdur. Dava zamanı Nizami qənd qabı ilə onu və bacılarını vurmaq istəyərkən o, Nizaminin əlindən tutmuş və bacısı Gülnarəyə demişdir ki, qənd qabını onun əlindən alsın. O isə qənd qabını onun əlindən alaraq Nizaminin başına vurmuşdur. Nizami və Sadət ilə aralarında dava 15-20 dəqiqə çəkmiş, yanlarında kənar şəxslərdən heç kəs olmamışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, onlar hadisə olan vaxt Şəki şəhərindən evlərinə təzə gəlmişlər. Bu zaman qapı döyülmüş bir nəfər şəxs onlara qonaq qəbul edə biləcəklərini soruşduqda onlar onu içəri dəvət etmişlər. Həmin vaxt Elnarə və Gülnarə qapının arxasında gizləndikləri üçün onları görməmişlər. Bu zaman yoldaşı mətbəxə getmiş, o isə içəri otağa getmişdir. Bir neçə dəqiqə sonra səs eşitmiş və mətbəxə getdiyi zaman yoldaşının keçmiş gəlini Elnurə və bacıları tərəfindən döyüldüyünü görmüşdür. Gülnarə onlara bildirmişdir ki, onlar Gədəbəydə analarını döydüyü üçün o, buraya gəlmişdir. O, Gədəbəy rayonunda əvvəllər aralarında münaqişlər olduğunu bildirmişdir. O, Rəksanənin saçından tutaraq evin qapısından çölə çıxarmış və geri qayıdaraq yoldaşını onların əlindən almış və çölə çıxarmış, bu zaman Rəksanə təkrar içəri daxil olmuş və qapını içəridən bağlamış, o, içəridə qalmışdır. O, bacıların ikisinin saçından tutmuş və eyvana çıxıb qapını bağlamaq isdəmişdir. Gülnarə stolun üstündən qənd qabını götürb onun başına vurmuş və qab onun başında qırılmışdır. O, başına zərbə aldıqdan sonra bir anlıq huşunu itirmiş, bu zaman bacılar bir-birinə onun öldüyünü və qaçmalı olduqlarını bildirmişlər. Onlar tez evdən qaçmışlar. Təcili tibbi yardım gəlmiş və onu xəstəxanaya aparmışlar.Xəstəxanada olduqları zaman polis əməkdaşları oraya gəlmişlər. Polis əməkdaşları ona Şöbəyə getməli olduğunu bildirmiş o, vəziyyətinin yaxşı olmadığını hal-hazırda gedə bilməyəcəyinin bildirmiş və polis əməkdaşları onunla birlikdə onun evinə getmişlər. Orada hadisə yerinin fotoşəkillərini çəkmişlər. Keçmiş gəlini və bacıları onları döyməyi çoxdan planlaşdırmışlar. 3 gün onların yaşadığı binanın ətrafında gəzmişlər. Sonda o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmadığını onların cəzalandırılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlar gəlinlərini evdən qovmamış, gəlinləri könüllü şəkildə uşağını götürüb evdən getmişdir. Hətta onlar keçmiş gəlinlərini gətirməyə gedəndə orada yoldaşı gəlinləri və ailəsi tərəfindən döyülmüşdür. Onlar təqsirləndirilən şəxsləri bağışlamırlar və onların cəzalandırılmasını xahiş edirlər. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisə olan vaxt o və yoldaşı Zərərçəkmiş şəxs2 evdə olmuşdur. Evlərinin qapıları döyülmüş və bir nəfər şəxs bildirmişdir ki, qonaq qəbul edə bilərlərmi. Onlar cavab olaraq onu içəri dəvət etmişlər. Sonra o, mətbəxə getmiş və bu zaman əlavə olaraq 2 nəfər şəxs içəri daxil olmuş və onu döyməyə başlamışlar. Həmin vaxt yoldaşı içəridən gələrək onu keçmiş gəlini və bacılarının əlindən almış və o, qaçıb çölə çıxmış, lakin yoldaşı içəridə qalmışdır. O, qonşuları köməyə çağırıb gəldiyi zaman yoldaşının başından qan axdığını, vəziyyətinin yaxşı olmadığını görmüşdür. Təcili tibbi yardım çağırmışlar. Elnurə və bacıları onu döydüyü zaman onun əlindəki üzüyü və qulağındakı sırqanın bir tayını da özləri ilə götürmüşlər. Onlara vurulan ziyan ödənilmədiyi halda Kərimova Elnarə və Təqsirləndirilən şəxs2 cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, o, uşağı baxçadan gətirdiyi zaman Zərərçəkmiş şəxs2 evinin qapısının yanında 2 nəfər şəxs görmüşdür. O, evinə getmiş və bir müddət sonra səs-küy eşitmiş, çölə çıxdığı zaman Səadətin qışqıraraq kömək isdədiyini görmüşdür. O, yuxarı çıxdıqda Nizaminin vəziyyətinin ağır olduğunu və başından qan axdığını görmüş və onlar təcili tibbi yardım çağırmış və onu xəstəxanaya aparmışlar və sonra nələr baş verdiyini bilməmişdir. Şahid qismində ifadə vermiş Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, təcili tibbi yardımı Sadətin telefonu vasitəsi ilə çağırmışlar. Hadisə olan vaxt Sadətin üzü və qulağından qan axırdı. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, 2022-ci il tarixdə təxmini dekabr ayında bacısı Elnurənin keçmiş həyat yoldaşı onlara zəng edərək bacısının gedib cehiz əşyalarını götürmələrini bildirmişlər. Eyni zamanda onlara aliment ödəməyəcəyini də bildirmişdir. Onlar bunu Elnurəyə dedikləri zaman Elnurə onlardan çox qorxduğunu bildirmişdir. Onlar əşyaları götürməyə getmişlər. Onlar oraya getdikləri zaman onları içəri qəbul etmişlər. Bacısı Nizami və Sadətə cehiz əşyalarını götürməyə gəldiyini bildirdikdə onu təhqir etməyə başlamışlar. O, Nizami və Sadətə bacısının həmin əşyaları zəhmətlə qazandığını bildirmiş və bu zaman Nizami onun saçından tutmuş və ona nalayiq ifadələr işlətmiş, hətta ona yumruq zərbələri də endirmişdir. Nizami arvadına qapını bağlamasını bildirmişdir. O, Nizaminin əlindən çıxaraq çölə qaçmış kömək istəmiş, lakin heç kim köməyə gəlməmişdir. Sonra onları təkrar içəri salmışlar onun başına çoxlu zərbələr endirmişlər. Gülnarə bacısı o, halsız olduğu üçün ona çölə çıxmağa köməklik etmiş və onlar ordan qaçmışlar. Polis Şöbəsinə getmişlər. Polis əməkdaşları zərərçəkmiş şəxsləridə Polis Şöbəsinə gətirmişlər. X6rı hədələmişdir. Onlara bildirmişdir ki, “görün sizə hələ nələr edəcəm”. Hətta Nizami və yoldaşı Sadət Şöbədə onlardan üzr istəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 2154 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - təpə və ənsə nahiyələrinin yaraları, sol qaş, alın, sol almacıq nahiyələrinin qançırları, döş qəfəsinin, sol said nahiyəsinin sıyrıqları - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. - Məhkəmə-tibb ekspertizasının xx.xx.2022-cı ıl tarixli 2155 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol təpə, alın və ənsə nahiyələrinin yaraları, sağ qulaq sırğalığının səthi yarası, sol əlin üst səthinin qançır və sıyrıqları - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika informasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 6678 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Psixoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 3385 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 6679 ömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Psixoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 3384 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barələrində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. - “Axtarışda olan şəxsin tutulması barədə” 09 sentyabr 2024-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə barəsində elan edilmiş axtarış çərçivəsində tutulmuşdur. - “Axtarışda olan şəxsin tutulması barədə” 12 sentyabr 2024-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə barəsində elan edilmiş axtarış çərçivəsində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə döymələri, onların sağlamlıqlarına yüngül xəsarət yetirmələri tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddə ilə təqsirli bilinməklə onlara cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən məhkəmə cinayətin qabaqcadan əlbir olunmuş bir qrup şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ona görə də, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların olduğunu cəzasını ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Belə ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində az yaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən məhkəmə cinayətin qabaqcadan əlbir olunmuş bir qrup şəxs tərəfindən törədilməsini X2 məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ona görə də, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olduğunu, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, X4 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Belə ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. X2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd qənd qabı və 1 ədəd meyvə qabı qırıntıları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən cinayət əməlini törətmiş şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə 45 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla hər bir müdafiəçi üçün 270 manat olmaqla cəmi 540 (beş yüz qırx) manat manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 3108-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 1200 (min iki yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 29 gün həbsdə saxlanıldığı müddət 500(beş yüz) manat cərimə cəzasına bərabər tutulmaqla ona təyin edilən cərimə cəzasından çıxılaraq üzərində qəti olaraq 700 manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından dərhal azadlığa buraxılsın. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli cərimə cəzasını çəkməyə başladığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 28 gün həbsdə saxlanıldığı müddət 500(beş yüz) manat cərimə cəzasına bərabər tutulmaqla ona təyin edilən cərimə cəzasından çıxılaraq üzərində qəti olaraq 500(beş yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli cərimə cəzasını çəkməyə başladığı gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından dərhal azadlığa buraxılsın. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan 1 ədəd qənd qabı və 1 ədəd meyvə qabı qırıntıları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardıma görə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən hər bir müdafiəçi üçün 270 manat olmaqla cəmi 540 (beş yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar