Məhkəmə qərarları › İş №1(125)-206/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-206/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-206/2022 06.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx.xx.1995-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Gəncə şəhəri Valentina Tereşkova küçəsi 42 qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində sürücülük hüququ olmaqla, etibarnamə əsasında idarə etdiyi “Opel Astra minik” markalı, **-EP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri Heydər Əliyev prospekti ilə 80 km sürətlə üzü Gəncə şəhəri, Həsənbəy Zərdabi küçəsi istiqamətinə doğru hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin və həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, işıqforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə işıqfor qarşısında dayanmalı, yaşayış məntəqələri daxilində avtomobilə maksimum icazə verilən saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda həmin tələblərə əməl etməyib, hadisənin baş verməsinə etinasız yanaşaraq Gəncə şəhəri Heydər Əliyev prospekti 423 ünvanın qarşısında həmin prospektin sol hissəsindən sağ hissəsinə piyada keçidi ilə piyada hərəkətdə olan X9 vuraraq ehtiyyatsızlıqdan sonuncuya baş-beyinə və beyinciyə qansızma, başın-ənsə sümüyünün qəlpəli sınığı, başın yumşaq toxumalarına ənsə nahiyəsinə uyğun hissədə qansızma (hematoma), sağ said sümükləeinin qapalı sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma; boyun və sol diz oynağı nahiyələrinin yaraları; alın və sağ bud nahiyyələrinin qançırları; alın, burun, üst dodaq, alt çən, başın ənsə nahiyəsinin, döş qəfəsinin arxa səthinin, sağ kürək, sağ bazu, sağ said və sağ baldır nahiyələrinin sıyrıqları kimi, ümumi birgə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Roman Abdullayevin ölümünə səbəb olan qapalı kəllə-beyin traması nəticəsində əmələ gələn başın ənsə sümüyününü qəlpəli sınığı, baş beyinə və beyinciyə qansızma ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə dostu Elsevər ilə birlikdə namaz qılmaq üçün “Cümə Məscidi”nə getmək üçün atası Şahid2 Mehralı oğluna məxsus etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı, ** EP *** dövlət qeydiyyat nömrəli avtomobillə Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə “Gəncə Mall" istiqamətində yola düşmüşdür. O, saatda təxminən 80 km/saat sürətlə hərəkətdə olarkən Heydər Əliyev prospektində yerləşən “Gəncə” hotelin qarşısında olarkən tələsdiyi üçün işıqforun qırmızı işığında keçmişdir. Həmin vaxt tanımadığı oğlan və qız yolu soldan sağa piyada xətinin üstü ilə keçərkən ehtiyyatsızlıqdan o, həmin oğlanı avtomobilin ön sol hissəsi ilə vurmuşdur. Həmin vaxtı o avtomobili saxlayaraq, həmin şəxsin yanına getmiş, o, həmin şəxsi dərhal yoldan keçən markasını və dövlət qeydiyyat nomrəsini unutduğu avtomobil ilə Gəncə şəhəri “Beynalxalq” xəstəxanasına aparmışdır. Orada həkimlər xəsarət alana müdaxilə etmişdilər. Sonra xəstəxanaya polis əməkdaşları gəlmiş, o polis əməkdaşları ilə birlikdə hadisə yerinə getmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri Narkololi xəstəxanaya getmiş və orada içkili olub-olmamağı yoxlanılmış və həkim içkili olmadığını bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətmiş olduğu hadisə ilə əlaqədar səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı tam şəkildə ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını, ilk dəfə cinayət əməli törətdiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Gəncə şəhəri, ünvan 2 ünvanında yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Mərhum zərərçəkmiş X3 oğludur, oğlu "xxxx" MMC-də fırınçı vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə qardaşı Hafiz Abdullayev ona zəng edərək oğlu X12 şəhəri, Heydər Əliyev prospektində yolu soldan sağa keçərkən ehtiyatsızlıqdan “Opel Astra” markalı, 20-ЕР-321 dövlət qeydiyyat nişanlı avtomobil vuraraq xəsarət yetirdiyini və onu xəstəxanaya yerləşdirdiklərini bildirmişdir. Sonra o, Gəncə şəhəri “Beynalxalq” xəstəxanasına getmiş və orada ona oğlu Roman Abdullayevin aldığı xəsarətlərdən vəfat etdiyini bildirmişdilər. Bundan sonra oğlu Romanın meyitini yaşadıqları evə gətirmiş və həmin günü də dəfn etmişlər. Sonda o, məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə verərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam həcmdə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində xidmət apararkən Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə” hotelin qarşısında piyadanın xəsarət alması ilə nəticələnən avtoqəzanın baş verməsi barədə Gəncə ŞBPİ-nin Növbətçi Hissəsindən xidməti məlumat alıb onunla birlikdə xidmət aparan YPX-nin inspektoru, polis baş serjantı Şahid4 ilə birlikdə dərhal qeyd edilən hadisə yerinə getmişlər. Onlar hadisə yerinə çatan zaman bir çox şəxslərin toplaşdığını görmüşlər və idarə etdiyi avtomobil ilə piyadanı vurmuş şəxsin yaralı piyadanı xəstəxanaya apardığını öyrənmişlər. Onlar dərhal yolun nizamlanmasını təmin etmişlər, bir qədər sonra hadisə yerinə PPX-nin əməkdaşları gəlmişlər. Onlar isə hadisə yerində qalıb müstəntiq ilə birlikdə hadisə yerinin müayinəsində iştirak etmişlər, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Həmin hadisə nəticəsində sonradan onlara məlum olmuşdur ki, bir nəfər şəxs vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, “Opel Astra” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili etibarnamə əsasında oğlu Nicat da istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində o, oğlu Nicatın həmin avtombil ilə yol nəqliyyat hadisəsi törətməsi və bir nəfər şəxsin xəsarət alması barədə məlumat almışdır. Bundan sonra o, Nicatın yanına getmiş, həmin yerə çatan zaman yol nəqliyyat hadisəsi zamanı xəsarət almış, adını sonrdan bildiyi Roman Abdullayevin vəfat etdiyini öyrənmişdir. İbtidai istintaqında şahid kimi dindirilmiş, məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, X7 təxminən 1 aydır ki, tanıyır. O, 2015-ci il tarixdən Gəncə şəhər Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olmuş, həmin tarixdən Gəncə şəhərində kirayədə yaşamışdır. Roman Abdullayev 1 ay bundan əvvəl o, universitetdən çıxaraq təkçə evə gedərkən yolda ona yaxınlaşaraq tanış olmaq istədiyini bildirmiş, bundan sonra o, Romana uzaqlaşmasını bildirsə də, Roman ona ya nömrəsini, ya da “İnstagram” sosial şəbəkəsində olan hesabını verməyisini yoxsa axıra qədər arxasıca gələcəyini demişdir. O, da qonşuların Romanı görməməsi üçün “İnstagram” sosial şəbəkəsində olan hesabını vermişdir. Roman ilə bir müddət sosial şəbəkədə danışdıqdan sonra Roman ilə birlikdə xx.xx.2022-ci il tarixdə 19 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Elegans” kafeyə çay içməyə və söhbət etməyə getmişlər. O, Roman Abdullayev ilə kafedə çay içmiş və söhbət etmişdir. Təxminən 1 saat sonra kafedən çıxmışlar və o, evə getmək üçün kirayədə yaşadığı qızlara zəng edərək Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gəlmələrini bildirmişdir. Heydər Əliyev prospektində yerləşən “Gəncə” otelin qarşısı ilə yolu piyada keçidi ilə keçərkən markasını və qeydiyyat nömrəsini sonradan bildiyi “Opel Astra” markalı, ** EP *** dövlət qeydiyyat nömrəli avtomobil sol hissəsi ilə Roman Abdullayevi vurmuş və onun sol ayağının üzərindən sağ ayağını isə avtomobilin yan hissəsinə çırpılmışdır. Avtomobil Romanı vurması nəticəsində təxminən 4 metr qabağa atmışdır. O, hadisə zamanı qorxduğu üçün nə etməli olduğunu bilməmiş, adını sonradan bildiyi “Opel Astra” minik markalı ** EP *** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Romanı yoldan keçən markasını və dövlət qeydiyyat nömrəsini unutduğu avtomobil ilə “Beynalxalq” xəstəxanaya aparmışdır. O, bundan sonra “Beynalxalq” xəstəxanaya getmiş və orada Roman Abdullayevin vəziyyətinin ağır olduğunu bildirmişlər. Onun da ayağını rentgen etməli olduqlarını demişlər, lakin həmin günü xəstəxanada sıxlıq olduğu üçün və ayağının ağrımadığı üçün o həmin günü ayağını rentgen etdirməmişdir. Sonra o evə getmiş və evdə ayağının şişdiyini və göyərdiyini görmüşdür. Sabahısı günü o yenidən "Beynalxalq” xəstəxanaya gedərək ayağını rentgenə saldırmış sonra orada tibb bacısı ona Roman Abdullayevin rəhmətə getdiyini bildirmişdir. İbtidai istintaqında şahid kimi dindirilmiş, məhkəmədə ifadəsi elan edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvansız mənzildə yaşayır. O, gündəlik olaraq müxtəlif yerlərdə işləmiş, 2018-ci il tarixdən isə usta işləyir. xx.xx.2022-ci il tarixdə o, dostu Təqsirləndirilən şəxs ilə birlikdə “Cümə Məscidi"”nə getmək istəmişlər, bunun üçün dostu Nicat Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsindən atası Şahid2 məxsus “Opel Astra” minik markalı ** EP *** dövlət qeydiyyat nömrəli avtomobillə götürərək “Cümə Məscidi”nə doğru yola düşmüşdürlər. Onlar Gəncə şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən həmin prospektdə yerləşən “Gəncə” mehmanxanasının qarşısında adı sonradan ona məlum olan X10 və qadın yolu soldan sağa piyada xətinin üstü ilə keçərkən Nicat onları görməmiş və ehtiyyatsızlıqdan həmin oğlanı avtomobilin ön sol hissəsi ilə vurmuşdur. Həmin vaxtı dostu Nicat avtomobili saxlamış və onlar avtomobildən düşmüşlər. Nicat həmin şəxsin yanına getmiş və dərhal həmin şəxsi yoldan keçən markasını və dövlət qeydiyyat nömrəsini unutduğu avtomobil ilə Gəncə şəhəri “Beynalxalq” xəstəxanasına aparmışdır. Sonra o, taxsi fəaliyyəti göstərən avtomobil ilə “Beynalxalq” xəstəxanasına getmiş, orada X6 vəfat etdiyini bilmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 30 may 2022-ci il tarixli protokoldan və foto şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Gəncə hotelin” qarşısında baş vermişdir. Hadisə baş verən yol asfalt beton döşəmə daş örtüklü, düz olmaqla hadisə baş verən zaman quru vəziyyətdə olmuşdur. Yolun hadisə baş verən hissəsinin ümumi eni 8,50 metr, hərəkət zolaqlarının sayı 3, hərəkət hissəsinin eni 17 metrdir. Hərəkət hissəyə sağdan səki birləşir. Hadisə baş vermiş yolun soldan köbə daşları, sağdan çəpər tipli tikililər, hərəkətin nizamlama üsulu nizamlanandır. Hadisə baş verərkən şəhər elektrik işiği ilə işıqlı olmuş, hadisə piyada keçidində baş vermişdir. X15” minik markalı ** EP *** dövlət qeydiyyat nömrəli avtomobil ilə törədilmiş, piyadanın istiqaməti hadisədən əvvəl Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən icra hakimiyyəti tərəfə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2022-ci il tarixli, 1206/2022 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X13 və X8 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam ödənilmişdir. Onlar hazırda təqsirləndirilən şəxslə barışmışlar. Onların təqsirləndirilən şəxsə qarşı həç bir şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər MTE və PA şöbəsinin 31 may 2022-ci il tarixli 47 nömrəli “meyitin ekspertizası” rəyindən görünür ki, 1. Mərhum X10 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - başbeyinə və beyinciyə qansızma, başın-ənsə sümüyünün qəlpəli sınığı, başın yumşaq toxumalarına ənsə nahiyəsinə uyğun hissədə qansızma (hematoma), sağ said sümükləeinin qapalı sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma; boyun və sol diz oynağı nahiyələrinin yaraları; alın və sağ bud nahiyyələrinin qançırları; alın, burun, üst dodaq, alt çən, başın ənsə nahiyəsinin, döş qəfəsinin arxa səthinin, sağ kürək, sağ bazu, sağ said və sağ baldır nahiyələrinin sıyrıqları həyatidir, bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri, qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X1 ölümünə səbəb qapalı kəllə-beyin traması nəticəsində əmələ gələn başın ənsə sümüyününü qəlpəli sınığı, baş beyinə və beyinciyə qansızma olmuşdur. Ətraf mühit şəraitini və meyir əlamətlərini nəzərə alaraq, belə hesab edilir ki, ölümün müddəti müayinə olunan vaxta nəzərən 2-5 saatdır (meyit xx.xx.2022-ci il tarixdə saat 04:00-da müayinə edilmişdir). X1 meyitindən götürülmüş qanının məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 1958/K saylı maddi sübutların ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrində metil, etil, propil, butil, mail spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metanfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabioid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının xx.xx.2022-ci il tarixli 8/1951 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Astra markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələbərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüləri olan DVD diskə baxış keçirilmiş, baxış zamanı görüntüdən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində iki nəfər şəxs – əynində göy cins şalvar və ağ kofta olan bir nəfər kişi və əynində açıq qəhvəyi rəngli şalvar qara kofta olan bir nəfər qadın piyada zolağı ilə Gəncə şəhəri H.Əliyev prospektinin sol hissəsindən yolun sağ hissəinə doğru piyada yolu keçən zaman yolun sağ hissəsinə çatan zaman H.Əliyev prospekti ilə üzü “Gəncə Mall” istiqamətində hərəkətdə olan “Opel Astra minik” markalı avtomobil əynində göy cins şalvar və ağ kofta olan bir nəfər kişini vururaq təxminən 4-5 metr kənara atır. Bundan həmin avtomobilin sürücüsü avtomobili saxlayır və həmin şəxsin yanına yaxınlaşır. Daha sonra həmin şəxsin yanında olan qadın və ətrafda olan digər şəxs yerdə uzaqnıqlı olan şəxsin yanına yığışırlar. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AE 335725 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin verdiyi ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəza nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini svetoforun qadağanedici siqnalı verildikdə stop-xətt qarşısında dayandırmalı olduğu halda, həmin tələbə əməl etməmiş və nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər təsnifatına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı, 20EP321 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı, 20EP321 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2nun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar