Məhkəmə qərarları › İş №1(125)-207/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-207/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-207/2022 30.11.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Rusiya Federasiyası, Amur Vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Göygöl rayonu, Qırıxlı kəndində yerləşən “Qəbir daşı sexi”ndə fəhlə işləyən, əvvəllər məhkum edilmiş, Gəncə şəhəri, M.Y.Axundzadə küçəsi, 5-ci döngə, ev 14-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 0,310 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 10 iyul 2022-ci il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 20:45 radələrində Gəncə şəhəri, M.C.Paşayev küçəsində yerləşən “Bizim Çörəkçi” təndir evinin yaxınlığında saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ ön cibindən 1 ədəd ağ sellofan bükümdə təmiz çəkisi 0,310 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddət “patı” kimi tanıdığı metamfetamindən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Gəncə şəhəri, Bağmanlar ərazisində Xan arxı deyilən yerin yaxınlığı ilə piyada gəzərkən yerdə 1 ədəd ağ sellofan büküm görmüş, həmin büküm diqqətini cəlb etdiyi üçün yerdən götürüb içərisinə baxdıqda metamfetamin olduğunu görmüşdür. Metamfetamini götürdükdən sonra fürsət edib ondan istifadə edə bilməmişdir. Buna görə də, həmin maddəni istifadə etmək üçün üzərində daşımışdır. Həmin gün axşam dostu Şahid4 ilə çay içmək üçün görüşmüşdür. Turalla görüşüb gündəlik qayğılarından söhbət edə-edə piyada M.C.Paşayev küçəsi ilə yerimişlər. Saat 20:45 radələrində “Bizim Çörəkçi” təndir evinin yaxınlığında olarkən mülki geyimli şəxslər onlara yaxınlaşmış, xidməti vəsiqələrini nümayiş etdirib Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək birlikdə Gəncə şəhər BPİ-yə dəvət etmişlər. İdarəninin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan cins şalvarın sağ ön cibindən içərəsindən 1 ədəd ağ sellofan bükümün içərisində olan metamfetamin aşkar edilmişdir. Sonra həmin metamfetamin elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və ailə vəziyyətinin nəzərə alınaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2009-ci ildən DİO-da, 2022-ci ildən isə Gəncə şəhər BPİ-nin CAİ-nin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-cı il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə edib üzərində daşıyaraq saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı idarə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 20:45 radələrində Təqsirləndirilən şəxs tanışı Şahid4 ilə birlikdə M.C.Paşayev küçəsində “Bizim Çörəkçi” təndir evinin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs və Şahid4 razılaşaraq idarəyə gəlmiş, Gəncə şəhər BPİ-də şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək müvafiq olaraq onların üzərinə müdafiəçilərinin iştirakları ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan ön cibindən 1 ədəd ağ sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümdəkinin metamfetamin olduğunu bildirmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni Xan arxının yanında yol kənarından tapdığını, heç kəsə satmadığını, vermədiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs və ya Şahid4 qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin həmin şəxslər də hər hansı bir müqavimət göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verdilər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Aruz oğlu iş yoldaşıdır və birlikdə işləmişlər. xx.xx.2022-ci il tarixdə axşam dostu Əfqanla çay içmək üçün görüşmüş, Əfqanla görüşüb gündəlik qayğılarından söhbət edə-edə piyada M.C.Paşayev küçəsilə ilə yerimiş, saat 20:45 radələrində “Bizim Çörəkçi” təndir evinin yaxınlığında olarkən mülki geyimli şəxslər onlara yaxınlaşmışlar. Xidməti vəsiqələrini nümayiş etdirib Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları Əfqana psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə Gəncə şəhər BPİ-yə dəvət etmişlər. Onlar da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişlər və polis əməkdaşları xidməti avtomobilləri ilə Əfqanla onu Gəncə şəhər BPİ-nin inzibati binasınına aparmışlar. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparmışlar. Lakin şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmiş və buna görə də sərbəst buraxılmışdır. Daha sonra Əfqanın üzərindən psixotrop maddə aşkar edilmişdir. Əfqanın psixotrop maddəni haradan, nə vaxt, hansı məqsədlə əldə etməsi barədə heç bir məlumatım olmamışdır. Əfqanın isə üzərində aşkar edilmiş psixotrop maddəni haradan, hansı formada və hansı məqsədlə əldə etməyi barədə heç bir məlumatı yoxdur. Əfqanın psixotrop maddə istifadə etməsi barədə heç bir məlumatı olmamış, bu barədə heçnə təklif etməmişdir. Əfqanla bu barədə hər hansı bir alış verişim olmamışdır. Özü isə nə narkotik və ya psixotrop maddə istifadə etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxs axtarış keçirilən zaman o, əynində olan göy rəngli cins şalvarın sağ ön cibindən bir ədəd ağ rəngdə sellofan parçasına bükülmüş, metamfetaminə bənzər kütləni təqdim etmişdir. O, həmin kütlənin “patı” olmasını, onu günorta saatlarında Gəncə şəhəri, Xan arxı adlanan yerin yaxınlığından özü istifadə etməsi üçün saxladığını bildirmişdir. Həmin kütlə müdafiəçinin və şəxsi axtarış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,45 qram gəlmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/814 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə” sözləri olan kağız paketdəki, bir ədəd “ağ sellofan bükümdə təmiz çəkisi 0,310 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,04 qramı sərf edildikdən sonra, 0,270 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 67-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarının (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddinin 0,15 qram, küllü miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddinin 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1181 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər BPİ-nin Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini haradan əldə etməsinin müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması, həmin psixotrop maddəni haradan, nəvaxt və kimdən əldə etməsini, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən yaşadığı evdə, yaxud, digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş “**********” saylı mobil nömrəsi ilə digər mobil nömrələr arasında edilən çox saylı zənglərin nə məqsədlə edilməsinin müəyyən edilməsi, bundan əlavə Təqsirləndirilən şəxs baş vermiş digər cinayətlərdə iştirak etməsi, onun Şahid4 ilə sözügedən cinayət əməlinin törədilməsində əlbir olması müəyyən edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş ekspertizadan sonra qalmış qalığı 0,270 qram metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişi özünə əks etdirən 1 ədəd DVD disk və Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrə ilə aparılan telefon danışıqları və ötürülən məlumatları özündə əks etdirən 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmışdır. xx.xx.2022-ci il tarixli, 3039 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. 13..07.2022-ci il tarixli, 4231 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək X8 azad edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs bundan əvvəl Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndində əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 1 il azaldılmışdır. Gəncə Şəhər Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixə cəzasının çəkilməmiş hissəsi 11 gün təşkil edir. Bununla da, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2022-ci il tarixdə çəkib qurtardığı müəyyən olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş Gəncə şəhər Məhkəməsinin 2(125)- 1088/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs X3 xeyrinə xx.xx.2012-ci ildə doğulmuş X6, xx.xx.2014-cü ildə doğulmuş X4 və xx.xx.2019-cu ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən onun məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən üç azyaşlı uşaq üçün aliment ödəməli olması da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi təqdirdə, həmin cəzanın çəkildiyi dövrdə təqsirləndirilən şəxsdən alimentin tutulmasına dair məhkəmə qətnaməsinin icrası da mümkünsüz olacaqdır. Bundan əlavə, təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, belə bir vəziyyətdə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi dövründə qətnaməni icra etməsinə də maneə olmadığından, bu cəzanın icrası ilə həm cəzasını çəkməsinə, həm də qətnamənin icrasına nail oluna bildiyindən, bütün qeyd edilənlərə əsasən məhkəmə bu növdə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Təqsirləndirilən şəxs daimi olaraq Gəncə şəhərində yaşasa da, o, rəsmi olaraq əmək müqaviləsi əsasında fərdi sahibkar X1 işlətdiyi Göygöl rayonu, Qırıxlı kəndi ərazisində yerləşən “Qəbir daşı sexi”ndə fəhlə işləyir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri və işlədiyi Göygöl rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan müalicə olunmaq vəzifələri qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 0,270 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin və işlədiyi Göygöl rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin və işlədiyi Göygöl rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan çəkisi 0,270 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar