Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-208/2022 06.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, məhkəmə müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən dövlət ittihamçısı vəsatət verərək təqsirləndirilən şəxsin müdafiə hüququ pozulduğundan və cinayət işi üzrə ittiham aktı CM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmadığından cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətini onunla əsaslandırmışdır ki, X1 üç epizoddan ibarət xuliqanliq cinayətləri törətməsi ilə bağlı ittihamlar verilməsinə baxmayaraq, digər xuliqanliq cinayətlərin “təkrar törətməsi” tövsifedici əlamətləri verilmiş ittihamda öz əksini tapmamışdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına əsasən, xuliqanlıq hərəkətləri davam etdirilərək, xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda, təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsif olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə xuliqanlığın tövsifedici əlamətlərinin mövcudluğundan asılı olaraq, hər biri müstəqil cinayət kimi tövsif olunmalıdır. Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən xuliqanliq cinayətin təkrar törədilməsi cinayət məsuliyyətini yaradır. İstintaq orqanı tərəfindən toplanılmış sübutlardan görünür ki, X2 tərəfindən təkrar olaraq xuliqanliq cinayətlərini törətmişdir. Odur ki, istintaq orqanı tərəfindən verilmiş ittiham qeyri müəyyən hesab edilməlidir. Sonda o, vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi vəsatətin təmin edilməməsini, cinayət işinin məhkəmə baxışına təyin edilməsini, vəsatət təmin olunacağı təqdirdə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs müdafiəçisinin fikri ilə razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihamın məzmunundan göründüyü kimi, o, müxtəlif vaxtlarda 3 dəfə xuliqanlıq cinayəti törətməsinə baxmayaraq birinci dəfə törətdiyi xuliqanlıq cinayətindən sonra digər xuliqanlıq cinayətlərində onun əməlinin tövsüfedici əlaməti kimi təkrar törətməsi göstərilməmişdir. Halbuki "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 11-ci bəndində də göstərilir ki, xuliqanlıq hərəkətləri davam etdirilərək xüsusilə qərəzli xuliqanlıq həddinə çatdırıldıqda təqsirləndirilən şəxsin əməli xuliqanlığın daha ağır növünə görə məsuliyyət nəzərdə tutan 221.3-cü maddəsilə tövsüf olunmalıdır. Müxtəlif vaxtlarda törədilən xuliqanlıq hərəkətləri isə xuliqanlığın tövsüfedici əlamətlərinin mövcudluğundan asılı olaraq hər biri müstəqil cinayət kimi tövsüf olunmalıdır. Qeyd olunanlardan görünür ki, istintaq orqanı tərəfindən verilmiş ittihamda Təqsirləndirilən şəxs birinci dəfədən sonra törətdiyi xuliqanlıq cinayətlərində həmin əməllərin təkrar törədilməsi ittiham aktında qeyd edilməmiş, verilmiş ittiham qeyri-müəyyən olmuş, bununla da təqsirləndirilən şəxsin CPM-nin 91.5.1-ci maddəsində nəzərdə tutulmuş nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi) hüququ pozulmuşdur. Bu da ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun tərtib olunmadığını, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulduğunu göstərir. Belə olan halda CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququ vardır. Həmin Məcəllənin 289-cu maddəsinə əsasən bu Məcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdən sonra müstəntiq ittiham aktı tərtib edir. İttiham aktının giriş hissəsində aşağıdakılar göstərilir: ittiham aktının tərtib edilməyə başlandığı tarix, vaxt və yer; ittiham aktını tərtib etmiş müstəntiqin soyadı adı və atasının adı, vəzifəsi; barəsində ittiham aktı tərtib edilmiş cinayət işi haqqında ümumi məlumat (cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində və hansı qətimkan tədbirlərinin seçildiyi, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi). İttiham aktının təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilir: cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar; təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar; təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar; təqsirləndirilən şəxsi səciyyələndirən hallar; zərər çəkmiş şəxsi səciyyələndirən hallar; təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar. İttiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. İttiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. Müstəntiq ittiham aktının tərtib edilməsinin qurtardığı tarixi, vaxtı və yeri göstərməklə onu imzalayır. İttiham aktına müstəntiqin mülahizələrinə görə məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı əlavə edilir. Həmin siyahıda müstəntiq çağırılmalı olan şəxslərin olduqları yeri və onların ifadələri və ya rəyləri olan işin vərəqlərini qeyd edir. İttiham aktına müstəntiqin aşağıdakı arayışları əlavə edilir: təqsirləndirilən şəxsin həbsdə olduğu müddət barədə; maddi sübutlar və onların saxlanıldığı yer barədə; xüsusi müsadirə olunması təklif edilən əmlak barədə; mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər barədə; məhkəmə xərcləri barədə. Həmçinin, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün); 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolun müvafiq olaraq bu Məcəlləni 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması; 300.1 və 300.1.5-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində həmçinin, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilir. Məhkəmə hesab edir ki, müstəntiq tərəfindən yol verilmiş göstərilən kobud qanun pozuntuları məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün deyildir və bu səbəbdən də cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığına, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığına dair qərar çıxarır. 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 aydan, ağır cinayətlər üzrə 3 aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Qətimkan tədbirinə münasibətdə məhkəmə qeyd edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və təqsirləndirilən şəxsin barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbirinin müddəti artıq bitmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun tərəfindən yenidən eyni məzmunlu cinayət əməllərinin törədilə biləcəyi ehtimalının olması, onun məhkəməyədək icraat dövründə azadlıqda qalmaqla istintaqdan qaçıb gizlənəcəyinə və bununla da istintaqın normal gedişinə maneçilik edəcəyinə kifayət qədər əsasların olmasına dəlalət etdiyi nəzərə alınaraq, təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti bir ay müddətinə, yəni 06 yanvar 2023-cü il tarixədək uzadılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsi barədə vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 163.1 və 163.2-ci maddələrinə əsasən ev dustaqlığı qətimkan tədbiri qismində təqsirləndirilən şəxsi həbsdə saxlamadan və cəmiyyətdən tam təcrid etmədən, lakin məhkəmənin qərarı ilə müəyyən edilmiş azadlıq və digər bir sıra hüquqlara məhdudiyyətlər qoyulmasından ibarətdir. Ev dustaqlığı məhkəmə tərəfindən müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə həbs qətimkan tədbirinin seçilməsi və ya uzadılması məsələsinə baxılarkən müdafiə tərəfinin vəsatəti və ya məhkəmənin öz təşəbbüsü ilə seçilə bilər. Ev dustaqlığı qətimkan tədbirinin seçilməsi məsələsinə, həmçinin müdafiə tərəfinin vəsatəti əsasında həbs qətimkan tədbirinin əvəz edilməsi kimi baxıla bilər. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinin xarakterini, təqsirləndirilən şəxsin davranışını, yəni birinci dəfə cinayət əməli törətdikdən sonra təkrarən eyni əməlləri törətməsini, eləcə də onun həbsdə saxlanması üçün müəyyən edilən prosessual əsasları nəzərə alaraq hesab edir ki, hazırkı mərhələdə təqsirləndirilən şəxsin qanunazidd davranışının qarşısının alınması üçün ev dustaqlığı qətimkan tədbiri yetərli vasitə deyildir. Bu qətimkan tədbiri zamanı şəxsə yalnız elektron vasitələrlə nəzarət edildiyindən bu qətimkan tədbiri vasitəsilə təqsirləndirilən şəxsin qaçıb gizlənməsinin və ya cinayət prosesi iştirakçılarına qanunsuz təsir göstərməsinin, yeni eyni cinayət əməlini törətməsinin qarşısının alınması mümkün deyildir. Buna görə də məhkəmə hesab edir ki, müdafiəçinin vəsatəti təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti bir ay müddətinə, yəni 06 yanvar 2023-cü il tarixədək uzadılsın. Müdafiəçi həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsi barədə vəsatəti təmin edilməsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-208/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-208/2022
06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver