Məhkəmə qərarları › İş №1(125)-21/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-21/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-21/2023 06.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Təbriz küçəsi ev 25-də qeydiyyatda olan yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkantəqdbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədilə, 23 avqust 2021-ci il tarixdə satıcı olaraq işləmək barədə razılığa gəldiyi Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən “Topaz” mərc oyunları məntəqəsində satıcı kimi işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə “Topaz” mərc oyunlarının Zərərçəkmiş şəxs məxsus 106065 nömrəli hesabından 25 avqust 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək olan müddət ərzində günün müxtəlif saatlarında vahid niyyətlə hissə-hissə müxtəlif məbləğlərdə ümumilikdə 1100 manat pulu “Topaz” mərc oyunlarında oynayıb uduzaraq zərər çəkmiş şəxsə 1100 manat məbləğində maddi ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını talayıb israf etmişdir. Bundan başqa o, təkrar tamah məqsədilə, 23 avqust 2021-ci il tarixdə satıcı olaraq işləmək barədə razılığa gəldiyi Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən “Topaz” mərc oyunları məntəqəsində satıcı kimi işləyərkənöz qulluq mövqeyindən istifadə etməklə “Topaz” mərc oyunlarının Zərərçəkmiş şəxs məxsus 106065 nömrəli hesabından 23 sentyabr 2021-ci il tarixdən 26 sentyabr 2021-ci il tarixədək olan müddət ərzində günün müxtəlif saatlarında vahid niyyətlə hissə-hissə müxtəlif məbləğlərdə ümumilikdə 4228 manat pulu “Topaz” mərc oyunlarında oynayıb uduzaraq zərər çəkmiş şəxsə 4228 manat məbləğindəmaddi ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını talayıb israf etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.2-ci və 179.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə o, Zərərçəkmiş şəxs ilə tanış olmuş və sonuncu müdiri olduğu ünvan 2 ünvanında yerləşən “Topaz” mərc oyunları məntəqəsində aylıq 300 manat qarşılığında satıcı kimi iş təklif etmiş, o, da satıcı kimi işləməyə razı olmuşdur. “Topaz” qaydalarına uyğun olaraq “Topaz” hər həftə futbol oyunları üçün 5000, virtual oyunları üçün 1000, it yarışı üçün 1000 manat olmaqla ümumilikdə Kamilə 7000 manatlıq hesab vermişdir. Müştərilər gəlib mərc oyunları oynadıqca həmin hesabdan məbləğ silinir və Kamil hər həftənin 2-3-cü günləri gedib yenidən banka ödəniş edərək həmin 7000 manatlıq hesabı düzəldir,qaydalara uyğun olaraq mərc məbləğlərinin 6%-ni “Topaz” qazanc kimi verir. Onun vəzifəsi həmin obyektdə satıcı kimi işləyib gələn müştərilərin oynadıqları oyunların mərc məbləğlərini nağd şəkildə alıb 106065 nömrəli balans hesabından həmin məbləğdə pulu oyuna yatırmaq, mərcin nəticəsinə uyğun olaraq müştərilərin uduşları olarsa onları geri qaytarmaq, digər mərc məbləğlərini isə kassaya qoyub Zərərçəkmiş şəxs ödəmək olmuşdur. Adəti üzrə o, xx.xx.2021-ci il tarixdə işə başladıqdan sonra həftənin ikinci günü, yəni xx.xx.2021-ci il tarixdə Kamillə uçot apardıqdan sonra ümumi balans hesabının 5656 manat olduğunu müəyyən etmiş və Kamil xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə gedərək orada hesabına 1344 manat pul ödəyib 7000 manatlıq balansı düzəltmişdir. Kamillə razılaşmalarına əsasən uçotlarını həftəlik apardıqları üçün sonuncu ona inanıb etibar edərək gündəlik və ya günaşırı obyektə baş çəksə də, hesaba baxmamışdır. İşə başladıqdan 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə özü də, mərc oyunlarında bəxtini sınamaq qərarı vermiş, bu məqsədlə “Topaz”ın verdiyi, Zərərçəkmiş şəxs məxsus təhlükəsizlik kodu 106065 olan hesabına daxil olaraq həmin hesabdan futbol və virtual yarışı üçün 5, 10, 20 manat və s. kimi məbləğlər pul qoymuş, lakin həmin oyundan yazdığı proqnozlar düzgün gəlməmiş və uduzmuşdur. Bundan sonra 26, 27, 28, 29 avqust tarixlərində də, həmin hesabdan futbol və virtual yarış üçün 5, 10, 20 manat və s. kimi məbləğlərdə pul qoysa da, həmin proqnozlar da, düzgün gəlməmiş və ümumilikdə 1100 manat pul uduzmuş və həmin pullaronun istifadəsində olan Zərərçəkmiş şəxs məxsus balans hesabından silinmişdir. xx.xx.2021-ci il tarixdə axşam saatlarında yenə Kamil obyektə gedərkən onun kefsiz olduğunu görüb nə baş verdiyini soruşduqda, o, futbol və virtual oyunlarda 1100 manat oyun oynadığını, həmin pulu uduzduğunu deyərək Kamildən üzr istəyib anasının xəstə olduğunu, buna görə də, məcbur qalıb oynadığını, asan yolla qazanc əldə etmək istədiyini bildirmişdir. Kamil onun peşman olduğunu görüb həmin məsələni çox da qabartmamış və təskinlik verərək xırda-xırda həmin pulu maaşından çıxaraq ödəməyini bildirmiş və razılaşmışdır. Bundan sonra yenidən adi qaydada işləməyə başlamış və hər həftəlik yenidən Kamillə uçot aparmışdır. Kamil yenə də gündəlik və ya günaşırı obyektə baş çəksə də, hesaba baxmamışdır. xx.xx.2021-ci il tarixdə o, Kamillə uçot apardıqdan sonra ümumi balans hesabının 4353 manat olduğunu müəyyən etmişlər və xx.xx.2021-ci il tarixdə Kamil "xxxx" ASC-yə gedərək orada hesabına 2647 manat pul ödəyib bir daha balansını 7000 manat düzəltmiş, obyektə günaşırı gedib baş çəkmişdir. xx.xx.2022-ci il tarixdə o, Kamilin hesaba baxmamasından istifadə edərək yenidən futbol və virtual oyunları oynayaraq bəxtini sınamağa çalışmışdır. Bu məqsdələ yenə də, 23, 24, 25 sentyabr 2022-ci il tarixlərində “Topaz”ın verdiyi, Kamilə məxsus təhlükəsizlik kodu 106065 olan hesabına daxil olaraq həmin hesabdan futbol və virtual yarışı üçün 5, 8, 10, 50, 100, 200, 500, 1000 manat kimi məbləğlərdə pul qoymuş, lakin həmin oyunlardan yazdığı proqnozlar düzgün gəlməmiş, ümumilikdə 4228 manat pul uduzmuş və həmin pul Zərərçəkmiş şəxs məxsus balans hesabından silinmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 23:30 radələrində Kamil obyektə gəlmiş, həmin vaxt o, uduzduğuna görə dilxor olmuş, Kamil onun özünü narahat aparmağını görərək nə baş verməsini soruşmuş, o, isə heçnə olmadığını demişdir.Bundan sonra Kamil kompüterdə balans hesabına baxdıqda it yarışının balansının 1000 manat olsa da, idman yarışları hesabına baxdıqda 1517 manat qaldığını, yəni 3483 manat əksik olduğunu, virtual oyunlarda isə 255 manat qaldığını, yəni 445 manat əksik olduğunu müəyyən etmişdir. Kamil ondan nə əcəb bu qədər məbləğin oynanılmasını soruşduqda, o, yalandan baş ofislə danışdığını, sistemdə problem olduğunu, gecə saat 24-dən sonra sistemin düzələcəyini bildirmişdir. Əvvəllər də, bir-iki dəfə ümumi sistemdə yaranan nasazıqla bağlı balans hesabı az göstərilmiş və daha sonra baş ofis tərəfindən nasazlıq aradan qaldırılaraq balans hesabı bərpa olunmuş, Kamil buna görə də ona inanaraq sistemdə nasazlıq yaranmasını zənn etmiş və obyektdən çıxıb evinə getmişdir. Kamil getdikdən sonra isə o, Kamilin üzünə baxmağa utandığından gecə obyekti bağlayaraq açarı qapının yanına qoyub çıxıb yaşadığı evə getmişdir. Səhəri gün o, Kamilin dostu Vüqara zəng edərək xeyli məbləğdə pulu mərc oyunlarında oynaraq uduzduğunu, həmin pulu qısa zamanda qaytaracağını, obyektin açarını isə qapının yanına qoyduğunu demiş və bir daha həmin obyektə getməmişdir.O, kassadan nağd şəkildə Zərərçəkmiş şəxs gizlin heç vaxt pul götürməmiş, həmin pulların hamısını Zərərçəkmiş şəxs məxsus hesabdan mərc oyunlarında uduzmuş, nağd şəkildə heç bir qazanc əldə etməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs vurulmuş zərərdən 250 manat ödəmiş, zərərin digər hissəsini heç bir yerdə işləmədiyindən imkanı olmadığına görə ödəyə bilməmiş, lakin Zərərçəkmiş şəxs ona zərərin ödəməsi ilə bağlı vaxt istəmişdir. Sonda o, əməlindən peşman olduğunu, himayəsində 2 azyaşlı uşağı və xəstə anası olduğunu, gələcəkdə işləyərək Kamilin pulunu hissə-hissə ödəyəcəyini bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə “Topaz” mərc oyunları məntəqəsini açmaq üçün X4 məxsus ünvan 2 ünvanında yerləşən 70 m2 qeyri-yaşayış sahəsini icarəyə götürmüş, həmin obyekti “Topaz”-ın standartlarına uyğun təmir elətdirmiş və “Topaz”-ın nümayəndələri gəlib həmin obyektə baxıb təmirin qaydalara uyğun olduğu müəyyən edildikdən sonra xx.xx.2021-ci il tarixdə "xxxx" QSC ilə ticarət nümayəndəsi haqında müqavilə bağlamışdır. Həmin müqavilədən sonra xx.xx.2021-ci il tarixdən obyekti açaraq fəaliyyətə başlamış, qaydalara uyğun olaraq “Topaz” hər həftə futbol oyunları üçün 5000, virtula oyunları üçün 1000, it yarışı üçün 1000 manat olmaqla ümumilikdə ona 7000 manatlıq hesab vermişdir. Müştərilər gəlib mərc oyunları oynadıqca həmin hesabdan məbləğ silinmiş və o, hər həftənin 2-3-cü günləri gedib yenidən banka ödəniş edərək həmin 7000 manatlıq hesabı düzəltmiş, qaydalara uyğun olaraq mərc məbləğlərinin 6%-ni “Topaz” ona qazanc kimi vermişdir. Həmin obyekti təxminən 2021-ci ilin avqust ayının 23dək o, özü işlətmiş, lakin “Topaz”-ın kompüter sisteminin daha dəqiq necə işlənilməli olmasını bilmədiyi üçün oraya işçi axtarmaq qərarına gəlmiş, həmin tarixdən o, Təqsirləndirilən şəxs ilə tanış olaraq sonuncunu həmin yerə günlük 10 manat qarşılığında satıcı kimi işə götürmüşdür.O, gündəlik olaraq axşamlar Davuddan kassada olan nağd pulları götürmək, həftənin 2-ci günü isə birlikdə uçot aparmaq barədə razılaşmış və mərc məbləğlərini müəyyən etdikdən sonra 7000 manatdan nə qədər məbləğ əksik olarsa həmin məbləği toplayaraq çatdırsa 2-ci gün, çatdırmasa isə 3-cü gün "xxxx" ASC-də olan 5-1170498-1 nömrəli hesabına ödəniş etmişdir. Müştərilərə oyunları Davud satdığına görə o, “Topaz” mərc oyunlarının ona məxsus 106065 nömrəli balansında 7000 manatlıq hesabınınkodunu istifadə etməsi üçün Davuda vermişdir. Davud xx.xx.2021-ci il tarixdə işə başladıqdan sonra həftənin ikinci günü, yəni xx.xx.2021-ci il tarixdə uçot apardıqdan sonra ümumi balans hesabının 5656 manat olduğunu müəyyən etmişlər və xx.xx.2021-ci il tarixdə o, "xxxx" ASC-yə gedərək orada hesabına 1344 manat pul ödəyərək 7000 manatlıq balansını düzəltmişdir. O, Davudla uçotları həftəlik apardıqları üçün inanıb etibar edərək gündəlik və ya günaşırı obyektə baş çəksə də, hesaba baxmamışdır. xx.xx.2021-ci il tarixdə axşam saatlarında yenə obyektə gedərkən Davudun kefsiz olduğunu görüb nə baş verməsini soruşduqda, sonuncu ona futbol və virtual oyunlarda 1100 manat oyun oynadığını, həmin pulu uduzduğunu deyərək üzr istəmiş, anasının xəstə olduğunu, buna görə də məcbur qalıb oynadığını, asan yolla qazanc əldə etmək istədiyini bildirmişdir. Davudun bu formada əməlini izah etməsi onu yumşaltmış və o, təskinlik verərək xırdaxırda həmin pulu maaşından çıxaraq ödəməsini bildirmiş, Davud razılaşmışdır. Bundan sonra Davud yenidən adi qaydada işləməyə başlamış,o, hər həftəlik yenidən uçot aparmış, yenə də, inamı qaldığı üçün gündəlik və ya günaşırı obyektə baş çəksə də, hesaba baxmamışdır. xx.xx.2021-ci il tarixdə Davudla uçot apardıqdan sonra ümumi balans hesabının 4353 manat olduğunu müəyyən etmişlər və xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə gedərək orada hesabına 2647 manat pul ödəyərək bir daha balansını 7000 manat düzəltmiş, bundan sonra obyektə günaşırı gedib baş çəkmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 23:30 radələrində obyektə Davudun yanına getmiş, Davudun nəsə özünü narahat aparması şübhə oyatdığından kompüterdə balans hesabına baxdıqda it yarışının balansı 1000 manat olsa da, idman yarışları hesabına baxdıqda 1517 manat qaldığını, yəni 3483 manat əksik olduğunu, virtual oyunlarda isə 255 manat qaldığını, yəni 445 manat əksik olduğunu müəyyən etmişdir. Obyektləri yeni açıldığı üçün müştəriləri o qədər də çox olmamış və birdən birə bu qədər məbləğin oynanılması onu daha da şübhələndirmişdir. O, bunun səbəbini Davuddan soruşduqda sonuncu baş ofislə danışdığını, sistemdə problem olduğunu, gecə saat 24-dən sonra sistemin düzələcəyini bildirmişdir. Əvvəllər də, bir-iki dəfə ümumi sistemdə yaranan nasazıqla bağlı balans hesabı az göstərilmiş və daha sonra baş ofis tərəfindən nasazlıq aradan qaldırılaraq balans hesabı bərpa olunmuşdur. O, bu dəfə də Davuda inanaraq sistemda nasazlıq yaranmasını zənn etmiş və obyektdən çıxıb evinə getmişdir.Səhəri günü, yəni xx.xx.2021ci il tarixdə isə Davud onun dostu Şahid zəng edərək xeyli məbləğdə pulu mərc oyunlarında oynaraq uduzduğunu, həmin pulu qısa zamanda qaytaracağını, obyektin açarını isə qapının yanına qoyduğunu demişdir. Bundan sonra o, dərhal obyektə getmiş, Davudu orada tapmamış və dərhal DİN-in “102 xidməti”nə zəng edərək polisə məlumat vermişdir. Davud ilkin olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək olan müddət ərzində hesabında olan 7000 pulun 1100 manatını, daha sonra isə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə həmin hesabında olan 7000 pulun 4228 manatını mərc oyunlarında oynayıb uduzaraq ümumilikdə ona 5328 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan sonra Davud ona vurulmuş zərərdən 250 manat ödəmiş, zərərin digər hissəsini isə ödəməmişdir. Sonda o, Davud tərəfindən ona dəymiş ziyan ödənilmədiyi üçün şikayətçi olduğunu bildirərək, Davuda ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 30 ildir ki, tanıyır, dostluq münasibətləri vardır. Təxminən 2021-ci ilin iyun ayında dostu Kamil ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürərək orada “Topaz” mərc oyunları məntəqəsi açıb avqust ayının sonlarınadək həmin obyekti özü işlətmiş, o, da həmin obyektə ara-sıra gedib Kamili ziyarət etdirmişdir. Kamil “Topaz”-ın kompüter sisteminin daha dəqiq necə işlənilməli olmasını bilmədiyi üçün oraya Təqsirləndirilən şəxs satıcı kimi işə götürmüş, bundan sonra onun Davudla da münasibəti yaranmışdır. Təxminən avqust ayının sonu sentyabr ayının əvvəlində onun Kamillə söhbəti zamanı Davudun hesabadan 1100 manat pulu özü mərc oyunlarında oynayıb uduzduğunu bilmişdir. O, bununla bağlı Davuda iradını bildirərək ailəli olduğunu, belə işi bir daha görməməsini demiş,sonuncu isə pula ehtiyacı olduğu üçün oynadığını, bir daha belə bir iş görməyəcəyini bildirmişdir. Bundan sonra Davud yenə həmin məntəqədə adi qaydada satıcı kimi öz işinə davam etmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Davud ona zəng edərək pula ehtiyacı olduğu üçün yenidən Kamilə məxsus “Topaz” hesabından 5000 manata yaxın pulu mərc oyunlarında oynayıb uduzduğunu, Kamilin üzünə baxa bilməyəcəyini, açarı obyektin giriş qapısının qarşısına qoyduğunu demişdir. O, Davuda özünün yaxşı olduğunu, obyektə gəlib Kamillə məsələni aydınlaşdırmasını istəmiş, Davud isə anasının xəstə olduğunu, Kamilin evlərinə gedib anasına nəsə deyəcəyindən ehtiyat etdiyini,obyektdə gəlməyəcəyini demişdir. Bundan sonra o, həmin obyektin qarşısına gedərək oradan Kamilə zəng edərək obyektə dəvət etmiş, Kamil nə baş verməsini soruşduqda isə o, Davudun gördüyü işi demişdir. Bir qədər sonra Kamil həmin obyektə gəlmiş və onlar obyektə daxil olub balans hesabına baxdıqda Davudun 4228 manat pulu uduzduğunu müəyyən etmişlər. Bundan sonra Kamil DİN-in “102 xidməti”nə zəng edərək bu barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşməni aparmışlar. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2021-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən “Topaz” mərc oyunları məntəqəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və DVD diskdə olan məlumatlardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş ünvan 3 ünvanında yerləşən “Topaz” idman mərc oyunları məntəqəsində xx.xx.2021-ci il tarixdən-xx.xx.2021-ci il tarixələri arasında həyata keçirilmiş bütün mərc oyunlarının əməliyyatları barədə məlumatları toplanmış 1 ədəd DVD diskə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 25-29 avqust 2021-ci il tarixlərində idman yarışlarında ümumilikdə 1301 manat, virtual yarışlarda isə 1602 manat, cəmi 2903 manat məbləğində pul mərc oyunlarında uduzulmuşdur. Həmçinin müəyyən edildi ki, 23-25 sentyabr 2021-ci il tarixlərində “Topaz” mərc oyunlarının Zərərçəkmiş şəxs məxsus 106065 nömrəli hesabından idman yarışlarında ümumilikdə 4478 manat, virtual yarışlarda isə 1023 manat, cəmi 5501 manat məbləğində pul mərc oyunlarında uduzulmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs həmin hesabdan 25-29 avqust 2021-ci il tarixlərində uduzulmuş 2903 manatın 1100 manat, 23-25 sentyabr 2021-ci il tarixlərində isə uduzulmuş 5501 manatın 4428 manatının onu özü tərəfindən mərc oyunlarında uduzulduğunu, qalanı isə müştərilər tərəfindən uduzulduğunu bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş Zərərçəkmiş şəxs məxsus 5-1170498-1 hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə həmin hesaba 1395 manat, xx.xx.2021-ci il tarixdə 1636 manat, xx.xx.2021-ci il tarixdə 1722 manat, xx.xx.2021-ci il tarixdə 1344 manat, xx.xx.2021-ci il tarixdə 1216 manat, xx.xx.2021-ci il tarixdə 2745 manat, xx.xx.2021-ci il tarixdə 1313 manat, xx.xx.2021-ci il tarixdə 2647 manat, xx.xx.2021-ci il tarixdə isə 4047 manat, xx.xx.2021-ci il tarixdə 1735 manat, xx.xx.2021-ci il tarixdə 2266 manat, xx.xx.2021-ci il tarixdə 1435 manat, xx.xx.2021-ci il tarixdə isə 3072 manat pul ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs barəsində alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 178.2.2 və 178.2.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə deyil, satıcı kimi ona etibar edilmiş hesabdan zərərçəkmiş şəxsin pulunu təkrar və öz qulluq mövqeyindən istifadə etməklə talayaraq israf etmişdir. Belə ki, cinayət işinin materiallarından və tərəflərin ifadələrindən görünür ki, maddi məsul şəxs kimi Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən satıcı olaraq işə götürülmüş və sonuncu özünə məxsus “Topaz” hesabının kodunu mərc oyunlarını sata bilməsi üçün Təqsirləndirilən şəxs etibar etmiş, Təqsirləndirilən şəxs isə özü üçün yazdığı mərc oyunlarının dəyərini zərərçəkmiş şəxsin ona etibar etdiyi hesabdakı pulunu təkrar və öz qulluq mövqeyindən istifadə etməklə sərf etməklə zərərçəkmiş şəxsin əmlakını israf etmişdir. Ümumiyyətlə cinayət qanunvericiliyinə görə israf etmə dedikdə, təqsirkara müəyyən səlahiyyətləri həyata keçirmək üçün etibar edilmiş əmlakın sərf edilməsi, satılması, istehlak edilməsi, müxtəlif formalarda özgəninkiləşdirilməsi (başqa şəxslərə bağışlama, vermə) başa düşülür. Mənimsəmədən fərqli olaraq israf etmədə əmlak sərf edildiyindən və ya digər formada özgəninkiləşdirildiyindən onu qanuni mülkiyyətçiyə qaytarmaq imkanı itirilmiş olur.İsraf etmə mənimsəmədən onunla fərqlənir ki, israf etmə zamanı təqsirkar taladığı əmlakı zərərçəkmişin qalan əmlakından və ya olduğu yerdən qabaqcadan ayırmadan həmin əmlak barəsində qanunsuz sərəncam verir. Mənimsəmə zamanı talanmış əmlak barəsində sərəncam verilənədək həmin əmlak bir müddət təqsirkarın qanunsuz sahibliyində qalır, israf etmə zamanı isə təqsirkar taladığı əmlaka dərhal — həmin əmlakı taladıqdan sonra heç bir zaman müddəti keçmədən sərəncam verir. Bu cinayətin subyekti xüsusidir: bu, maddi dəyərlərin bilavasitə etibar edildiyi maddi məsul şəxslərdir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif edilməmiş, yəni onun əməli öz qulluq mövqeyindən istifadə etməklə təkrar etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etməsi kimi yox, ona etibar edilmiş hesabdan zərərçəkmiş şəxsin pulunu təkrar və öz qulluq mövqeyindən istifadə etməklə israf edərək talaması kimi tövsif edilməli idi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.3-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama təkrar və şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3-cü maddələrinin və 179.2.2, 179.2.3-cü maddələrinin sanksiyalarında eyni növdə və həddə cəzalar nəzərdə tutulduğundan, məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-in 178.2.2 və 178.2.3-cü maddələrindən CM-in 179.2.2 və 179.2.3-cü maddələrinə tövsif edilməsini qanuna uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs tərəfindən ona etibar edilmiş əmlakı təkrar və öz qulluq mövqeyindən istifadə etməklə talayaraq israf etməsi tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 179.2.2 və 179.2.3-cü maddələri ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, CM-in 179.2.2 və 179.2.3-cü maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərşəkmiş şəxsə vurulmuş ziyanın qismən ödəməsi, himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləsdirən hallar hesab edir. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməyərək cinayətin ictimai təhlükəli nəticələrini aradan qaldırmaması, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.3-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və 08 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçilərin işlədikləri vəkil bürosunun hesabına müvafiq olaraq 180 manat və 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə detməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçilər Müdafiəçi2 və X2 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Müdafiəçi2 ödənilməsi üçün 180 (yüz səksən) manat, Vaqif Məmmədova ödənilməsi üçün 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi) gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar