Məhkəmə qərarları › İş №1(125)-21/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-21/2025

24.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-21/2025 24.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, ünvan 2anında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək silah qismində istifadə edilən əşya tətbiq etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 15 iyul 2022-ci il tarixdə saat 23 radələrində Gəncə-Samux avtomobil yolunun Gəncə şəhəri ərazisindən keçən Cavad bəy Şıxlınski küçəsi ilə kəsişməsində yerləşən meyvə-tərəvəz və balıq mağazasının qarşısında, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs yumruqla başına vuraraq sonuncuya ənsə nahiyəsinin yarası ilə müşayiət edilən xəsarət yetirərək yerə yıxmış və silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla qəsdən vuraraq Zərərçəkmiş şəxs sağ bud nahiyəsinin yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qonşusudur. 2020-ci ilin sentyabr ayında digər qonşuları Fərid Baratpur, Səddam və digər şəxslər onu və qardaşı Turalı döyüb onlara bədən xəsarətləri yetirdiklərinə görə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanmış və Fərid Baratpur məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2020-ci ilin sentyabr ayından Səddamdan qisasını almaq istəmişdir. 15 iyul 2022-ci il tarixdə saat 14 radələrində istifadəsində olan Opel Astra minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhərindən dostu Vüsal adlı şəxsin oğlunun Gəncə şəhərində “Şah sarayı” adlanan şadlıq sarayında keçirilən ad günü şənliyində iştirak etmək üçün Gəncə şəhərinə gəlmişdir. Həmin gün saat 18 radələrində şadlıq evinə gəlib çatmış və yeməklə birlikdə məclisdə təxminən 500 qram araq içmişdir. Həmin günü təxminən saat 22 radələrində sərxoş vəziyyətdə olduğuna görə əmisi Raminin oğlu Fəridə istifadəsində olan mobil telefonla zəng edib ondan sərxoş olduğuna görə avtomobilini idarə etməsi üçün yanına gəlməsini xahiş etmiş, təxminən 10 dəqiqədən sonra Fərid yanına gəlmiş və onun istifadəsində olan həmin vaxt şənlik evinin həyətində saxladığı Opel Astra minik markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sükanına əyləşmişdir. O da Fəridin yanına əyləşmiş və yolda Fəriddən dayısı uşaqları ilə görüşməkdən ötrü Gəncə şəhəri, Azərbaycan küçəsinə avtomobili ilə onu aparmasını xahiş etmişdir. Dayısının yaşadığı evin yaxınlığına çatan zaman, qonşusu Səddamı küçədə yaşadıqları evin qarşısında 3-4 nəfərlə əyləşib söhbət etdiklərini görmüş, ona görə Fəriddən avtomobili saxlamasını və Səddam ilə görüşüb gələcəyini bildirmişdir. Sonra avtomobildən düşüb Səddamın üstünə getmiş və Səddam onu görən kimi “Xəyal məni bağışla” demişdir. O da onun üstünə cumub sol yumruğu ilə onun sağ göz nahiyyəsinə vurmuş, zərbənin təsirindən Səddam yerə yıxılmış və Səddamı vuran kimi yanında olan 4 nəfər tanımadığı kişilər qışqırmağa başlamışlar. Sonra Səddamın üstünə çıxmış və yumruq-təpik zərbələri ilə onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu döyməyə başlamışdır. Həmin vaxt yerdə mətbəx bıçağı görmüş, əsəbi və sərxoş olduğuna görə bıçağı yerdən əlinə götürüb Səddamın sağ bud nahiyyəsinin arxa hissəsinə vurmuşdur. Bu zaman əmisi oğlu Fərid onlara yaxınlaşıb onun qolundan tutub Səddamın üstündən qaldırmışdır. Səddamın anası Səfayət və digər şəxslər qışqıraraq Səddama yaxınlaşdıqları üçün avtomobilinə əyləşmişdir. Fərid avtomobili Türklər qəsəbəsi ərazisi ilə idarə edən zaman ondan avtomobili dayandırmasını və taksi ilə yaşadığı evə getməsini xahiş etmişdir. Sonra sükana əyləşib Bakı şəhərinə yola düşmüşdür. Samux rayonu Alıuşağı kəndi ərazisi ilə avtomobili idarə edən zaman Səddama xəsarət yetirdiyi bıçağı yolun sağ kənarında tullamış və çıxıb Bakı şəhərinə getmişdir. Daha sonra 16 iyul 2022-ci il tarixdə saat 18 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava limanda təyyarə ilə Rusiya Federasiyasına getmək istəyən zaman saxlanılmışdır. Hadisə təxminən 4-5 dəqiqə müddət ərzində davam etmişdir. Hadisə zamanı Səddamın yanında 4-5 nəfər şəxs olmuşdur. Onun yanında isə əmisi oğlu Fərid olmuşdur. Hadisə zamanı Səddam ona hər hansı bir bədən xəsarəti yetirməmişdir. Sonda törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, Vətən müharibəsi iştirakçısı olmasını, zərərçəkmiş şəxslə barışdığını və himayəsində azyaşlı uşağının olmasını nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər qonşusu olmuşdur. Xəyal ilə əvvəllər münasibətləri yaxşı olsa da, 2020-ci ilin sentyabr ayında digər qonşusu X11 və onun qardaşını bıçaqla vuran zaman Fəridin yanında olduğuna görə, Xəyalın münasibətləri onunla pisləşmiş və həmin gündən də aralarında narazılıq yaranmışdır. 15 iyul 2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evi tərk edib siqaret çəkmək üçün küçəyə çıxmış, yaşadığı evin qarşı tərəfində yerləşən meyvə-tərəvəz satılan piştaxtanın qarşısında əyləşib siqaret çəkməyə başlamışdır. Bir neçə dəqiqədən sonra X14 markalı avtomobilin ön oturacağından düşüb üstünə cummuşdur. Xəyalın onu döyəcəyindən ehtiyyat etdiyi üçün ona “Xəyal məni bağışla, nolar məni bağışla” demişdir. Lakin Xəyal onun yalvarışlarına məhəl qoymayıb sol yumruğu ilə sağ göz nahiyyəsinə zərbə ilə vurmuşdur. Zərbənin təsirindən bir qədər arxaya gedərək huşunu itirmiş və yerə yıxılmışdır. Sonra Xəyal onun üstünə çıxaraq yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyyələrinə vuraraq onu döymüşdür. Baş nahiyyəsində yaranan ağrılara görə qışqırmağa başlamış, həmin vaxt küçədə olan 4 nəfər şəxs qışqıraraq Xəyaldan onu rahat buraxmağı tələb etmişlər. Lakin Xəyal hər hansı bir şəxsə məhəl qoymadan onu döyməyə davam etmişdir. Sonra Xəyal bıçaqla sağ bud nahiyyəsinin arxa tərəfinə zərbə ilə vurmuşdur. Sonra kimsə Xəyalın qolundan tutaraq arxaya dartmış və Xəyalı ondan aralamışdır. Həmin vaxt anası qışqıraraq yanına gəlmiş və onu yerdən qaldıraraq yaşadıqları evə aparmışdır. Hadisə təxminən 4-5 dəqiqə davam etmişdir. Xəyalın ona xəsarət yetirdiyi bıçağı görməmişdir. O, yalnız bıçağın arxa bud nahiyyəsinə girdiyini və xəsarət aldığı yerin isinərək qanadığını hiss etmişdir. Hadisə zamanı yanında xatırlamadığı 3-4 nəfər tanımadığı şəxs, o cümlədən Xəyalın əmisi oğlu Fərid, anası Səfayət olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, Xəyaldan heç bir şikayət və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs doğma oğludur. 15 iyul 2022-ci il tarixdə saat 23 radələrində evdə yatan zaman küçədən qışqırıq səsləri gəlmiş, həmin vaxt tanımadığı bir kişinin “ayə qoymayın Səddamı öldürdülər” sözünə narahat olub küçəyə çıxmışdır. Küçədə olan zaman qonşuları Xəyalın oğlu Səddamın üzərində olduğunu və həmin vaxt digər şəxsin Xəyalı oğlu Səddamın üzərindən çəkib kənara apardığını görmüşdür. O, qışqıraraq oğlu Səddamın üstünə getmiş və onu yerdən qaldırmışdır. Həmin vaxt Səddamın huşu özündə olmamış və onun sağ qoluna girib yaşadığı evin otağına gətirmişdir. Səddam bir neçə dəqiqədən sonra özünə gəlmiş, ondan nə baş verdiyini soruşduqda oğlu, Xəyalın onu döyüb xəsarət yetirdiyini bildirmişdir. X13 döyən zaman Gəncə Samux yolu ilə hərəkətdə olan avtomobillər saxlayaraq dava-dalaşa tamaşa etsələr də həmin şəxsləri tanımamışdır. Hadisə yerinə o və qızı Vəfa küçədən gələn qışqırıq səslərinə görə sonradan gəlmişdir. Məhkəmə baxışı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əmisi oğludur. 2020-ci ilin sentyabr ayında hərbi xidmətdə olan zaman eşitmişdir ki, əmisi oğlanları Xəyal və Tural tanımadığı şəxslərlə dalaşmış və onları tanımadığı şəxslər bıçaqlamışlar. Lakin heç bir vaxt əmisi oğlanlarından bu işlə bağlı maraqlanmamışdır. 15 iyul 2022-ci il tarixdə təxminən axşam saatlarında yaşadığı evdə olan zaman əmisi oğlu Xəyal zəng edərək ona bildirmişdir ki, “Şah” adlı şadlıq sarayında toydadır, toyda araq içmiş və ondan xahiş etmişdir ki, onun maşınını idarə edib onu gəlib dayısıgilə aparsın. O da razılaşmış və taksi ilə “Şah” adlı şadlıq sarayının qabağına gedib orada gözləmişdir. Bir qədər sonra Xəyal özünə məxsus Opel Astar markalı avtomobilin yanına gəlmiş, Xəyal maşında qabaq oturacaqda əyləşmiş, o isə avtomobili idarə edib dəmir yolu vağzalı istiqamətində getmişdir. Avtomobillə “Dəmir yolunun altı” deyilən yerdə olan zaman əmisi oğlu Xəyal avtomobili saxlamağını xahiş etmiş və maşın hərəkətdə ola-ola maşının qapısını açmışdır. O da nə baş verdiyini anlamadan maşını kənarda saxlamışdır. Xəyal maşından düşüb ona bildirmişdir ki, maşından düşməsin, onu gözləsin, özü tezliklə gələcək. O da maşında gözləmiş və görmüşdür ki, əmisi oğlu Xəyal avtomobilin arxasına tərəf getmişdir. Təxminən 3-4 dəqiqədən sonra səs-küy gəldiyini, bir qadının qışqırdığını eşidib tez maşından düşmüş və görmüşdür ki, ondan bir qədər aralıda əmisi oğlu kimləsə əlbəyaxa dalaşır, kənarda xeyli adam var və həmin şəxslər əmisi oğlu Xəyalı aralamağa çalışır. O da tez əmisi oğluna yaxınlaşıb onun qolundan tutmuş və avtomobilə tərəf aparmışdır. Sonra hər ikisi avtomobilə əyləşmiş və orada çoxlu sayda tanımadığı şəxslərin olduğunu görüb qorxmuş və tez avtomobili sürüb oradan uzaqlaşmışdır. Yolda Xəyaldan nə baş verdiyini soruşmuş, Xəyalda bildirmişdir ki, heç nə soruşmasın və avtomobili tez sürsün. Sonra Xəyalın dediyi istiqamət ilə avtomobili şəhərin Türklər qəsəbəsinə sürmüşdür. Türklər qəsəbəsində Xəyal demişdir ki, maşından düşüb taksi ilə evə getsin, özü isə avtomobili ilə Samux yolu ilə Bakı şəhərinə gedəcək. O da Xəyal deyən kimi avtomobildən düşüb taksi ilə yaşadığı evə getmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin mübahisə zamanı əmisi oğlu Xəyal əvvəllər onu və qardaşı Turalı bıçaqla vurmuş Səddam adlı şəxslə dalaşıb onu döyərək, bıçaqla ona xəsarət yetirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək, bıçaqla xəsarət yetirdiyi yerə, Gəncə-Samux avtomobil yolunun Cavadbəy Şıxlıniski küçəsi ilə kəsişməyə baxış keçirilərək foto şəkillər çəkilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş və təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs döyərək, həmçinin əlində olan bıçaqla ona xəsarət yetirdiyi yeri əyani olaraq göstərmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” PHŞ tərəfindən verilmiş 01 avqust 2022-ci il tarixli 1330 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - ənsə nahiyəsinin yarası – Küt əşyanın, sağ bud nahiyəsinin yarası isə kəsici-deşici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 17 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Kalinin Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli 306 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli 328 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı QİƏD üzrə nümayəndəsindən alınmış xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi, notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə-psixiatrik ekspertizasının 13 dekabr 2024-cü il tarixli 933 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman o, hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyindən əziyyət çəkməmişdir. O, hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyindən əziyyət çəkmir. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düsmür və onun hal-hazırda tibbi-xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Elektron Məhkəmə İnformasiya sistemindən edilmiş sorğudan və AZ İV seriyalı 955505 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 noyabr 2023-cü il təvəllüdlü Fazil adlı azyaşlı uşağı var. Elektron Məhkəmə İnformasiya sistemindən edilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə saat 23 radələrində Gəncə-Samux avtomobil yolunun Gəncə şəhəri ərazisindən keçən Cavad bəy Şıxlınski küçəsi ilə kəsişməsində yerləşən meyvə-tərəvəz və balıq mağazasının qarşısında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək, ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs yumruqla başına vuraraq sonuncuya ənsə nahiyəsinin yarası ilə müşayiət edilən xəsarət yetirərək yerə yıxmış və silah qismində istifadə etdiyi istintaqa məlum olmayan bıçaqla qəsdən vuraraq Zərərçəkmiş şəxs sağ bud nahiyəsinin yarası ilə müşayiət olunan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin o, bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib, maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011ci il taixli Qərarının göstərişlərində göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də, zərər çəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrıayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda – iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla da, Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuş və istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə etməklə zərər çəkmiş şəxsə yüngül xəsarət yetirmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli, eyni Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışmasını, himayəsində bir azyaşlı uşağının olmasını və Vətən müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ictimai təhlükəliliyə malik olan az ağır cinayət törətməsini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, o cümlədən təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında bir növ cəza, yəni azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 18 iyul 2022-ci il tarixədə həbsdən azad edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2ci maddəsinin tələbinə görə şəxsin həbsdə saxlama müddətinin şəxsin tutulması zamanı faktiki həbsə alındığı andan hesablanmalı olduğunun zəruriliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı hazırkı cinayət işi üzrə məhkəmə hazırlıq iclasının qərarına əsasən 27 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 40 (qırx) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdən 18 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 27 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 240 (iki yüz qırx) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar