Məhkəmə qərarları › İş №1(125)-210/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-210/2025

02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-210/2025 02.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 20 radələrində arvadı Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı ünvan 2 ünvanında şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı plastik boru ilə arvadı Zərərçəkmiş şəxs sağ bilək nahiyəsindən, sol baldır nahiyəsindən və kürək nahiyəsindən zərbələr ilə qəsdən vuraraq sol kürək nahiyəsinin qançırı, hər iki diz nahiyələrinin sıyrıqları kimi dərəcəsi təyin edilməyən və sağ said, sol baldır, sol sarğı, sol qalça nahiyələrinin yumşaq toxumalarının əzilmələri və hematomaları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdıqlarını, ona vurduğu maddi və mənəvi zərəri ödədiyini, zərərçəkmiş şəxsin ona münasibətdə şikayət və tələbinin olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. (bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir) Məhkəmənin baxış iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını nəzərə çatdıraraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. (bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir) Cinayət işinin materiallarında olan: - Gəncə şəhəri MKTİB-nin Təmizlik və Xidmət Şöbəsindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşadığı müddət ərzində onun barəsində heç bir yazılı və şifahi surətdə şikayət daxil olmamışdır. (iş vər 30) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (iş vər 33) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA birliyi”nin 29 iyul 2025-ci il tarixli, 779 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ said, sol baldır, sol sarğı, sol qalça nahiyələrinin yumşaq toxumalarının əzilmələri və hematomaları, sol kürək nahiyəsinin qançırı, hər iki diz nahiyələrinin sıyrıqları - bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağ said, sol baldır, sol sarğı, sol qalça nahiyələrinin yumşaq toxumalarının əzilmələri və hematomaları hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; sol kürək nahiyəsinin qançırı, hər iki diz nahiyələrinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. (iş vər 35- 36); Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işinin mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmışdır. Buna görə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər Regional Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli, 141 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 88 (səksən səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 88 (səksən səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar