Məhkəmə qərarları › İş №1(125)-212/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-212/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-212/2023 25.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Qəhrəman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,248 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin CAB-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 22:45 radələrində Gəncə şəhəri, “Dəyirman dairəsi” adlanan yerin ətrafında yerləşən “Bolmart” marketin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin inzibati binasına gətirilib, üzərində şəxsi axtarış aparıldıqda əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofon torbada içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,248 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 1 ildir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2022-ci il tarixdə gündüz saatlarında yaşadığı Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsində gəzən zaman yolun kənarında 1 ədəd siqaret qutusu diqqətini cəlb etmiş və o, həmin siqaret qutusunu yerdən götürərək içərisinə baxan zaman “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Həmin psixotrop maddə metamfetamini istifadə etmək üçün cibinə qoymuşdur. Bundan sonra, həmin gün saat 22 radələrində Gəncə şəhəri, “Dəyirman dairəsi” adlanan yerin ətrafında yerləşən “Bolmart” marketin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, xidməti vəsiqələrini nümayiş etdirərək polis əməkdaşları olduqlarını və onun psixotrop maddəni əldə etməkdə, istifadə etməkdə və saxlamağında şübhəli olduğunu və onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis şöbəsinin inzibati binasına gedəcəyini bildirmişlər. O, bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları onu Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin inzibati binasına aparmışlar. Orada ona təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparmışlar. Ona şəxsi axtarış zamanı üzərində narkotik vasitə və ya psixotrop maddə digər qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli selofon torbanı təqdim etmişdir. Həmin bükümün içərisinə baxış keçirilən zaman içərisindən ilk görünüşdən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Sonda törətdiyi əmələ görə çox peşman olduğunu, psixotrop maddə metamfetaminə olan asılılıqdan qurtulmaq üçün könüllü olaraq “psixoloji reabilitasiya” xidməti aldığını, eləcə də ailə vəziyyətini və ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alıb, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid - Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə şöbəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddələrini əldə edib, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə dair qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2022-ci il tarixdə saat təxminən saat 22:40 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, “Dəyirman dairəsi” adlanan yerdə yerləşən “Bolmart” marketin yaxınlığında olduğunu müəyyən etmişlər və o, tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs 2-ci Polis şöbəsinin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq psixotrop maddələri üzərində saxlamasında, daşımasında və istifadəsində şübhəli olduğunu deyərək, onu şöbənin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla razılaşaraq şöbəyə gəlmişdir. Şöbənin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli selofon bükümü təqdim etmişdir. Həmin selofon bükümün içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni həmin günü günorta saatlarında yaşadığı küçədə yerdən siqaret qutusunun içərisindən tapdığını, həmin kütləni tanıdığını, əvvəllər narkotik vasitə istifadəçi olduğunu və şəxsi istifadəsindən ötrü üzərində saxladığını və həmin kütlələri heç kəsdən almadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngdə selofan torbada olan ilk baxışdan psixotrop maddə - metamfetaminə bənzər kütlə tərəzidə çəkilmiş, daha sonra isə selofan büküm ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq, protokol tərtib edilmişdir. Məhkəmədə digər şahid - Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxs axtarış keçirilən zaman o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd selofan parçasına bükülmüş şəffaf rəngli, kəskin iyli və ilk baxışdan psixotrop maddə olan “metamfetaminə” bənzər kütləni təqdim etmişdir. O, həmin kütlənin psixotrop maddə olmasını, onu təxminən 1 gün əvvəl yaşadığı Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsində evinin yaxılığında yolun kənarında tapdığını və özü istifadə etməsi üçün saxladığını bildirmişdir. Həmin kütlə müdafiəçinin və şəxsi axtarış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,30 qram gəlmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/1356 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2022-ci il Təqsirləndirilən şəxs üzərində aşkar olunan əşya” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd “şəffaf selofan kəsiyi bükümündə təmiz çəkisi 0,248 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra, 0,198 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 67-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarının (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddinin 0,15 qram, küllü miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddinin 2 qram olması göstərilmişdir. Gəncə şəhər BPİ-nin Polis İdarəsinin 2-ci Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin hansı mənbədən və nə vaxt əldə etməsinin və onun həmin psixotrop maddə metamfetamini digər şəxslərə satmasının müəyyən edilməsi mümkün olmamışdır. Bundan əlavə, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi və istifadəsində hal-hazırda işlək vəziyyətdə olan mobil nömrəni müəyyən etmək mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli, 6813 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. xx.xx.2022-ci il tarixli, 1823 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə xx.xx.2022-ci il tarixdən “Opioidlərdən asılılıq diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 195 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş ekspertizadan sonra qalmış qalığı 0,198 qram metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişi özünə əks etdirən 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, X3 azad edilmişdir. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2011-ci il təvəlüddlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı uşaqları vardır. "xxxx" MMC-nin direktoru X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən “Narkoman və əyyaşlar üçün bərpa (medikamentsiz)” müəssisəsində “psixoloji reabilitasiya” xidməti alır. Xidmətin icrası və narkotik asıllığından sağalması üçün Təqsirləndirilən şəxs Gəncə şəhəri Əli Nəzmi küçəsi ev 147A-da yerləşən müəssisədə 6 ay müddətində stasionar (müəssisə daxilində) və 3 ay müddətində qeyri-stasionar qalması zəruridir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində daşıyaraq saxladığı tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirdiyini, ilk dəfə az ağır cinayət törətdiyini, və himayəsində iki azyaşlı uşağının olduğunu onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları mövcuddur, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan müalicə olunmaq vəzifələri qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyi, əksinə yüngülləşdirən halların olduğu, könüllü olaraq psixotrop maddə metamfetaminə olan asılılıqdan xilas olmaq üçün reabilitasiya mərkəzində müalicə aldığı, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş polis idarəsində saxlanılan 0,198 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,198 qram olan psixotrop maddə - metamfetamin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar