Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-215/2023 10.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Nizami rayonu,Vaqif küçəsi ev 152-də qeydiyyatda olmaqla yaşayır məhkum olunmuş şəxs hesab olunur və barəsində «polisin nəzarət altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,420 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 14 yanvar 2023-cü il tarixdə, saat 14:30-da Gəncə şəhəri BPİ-nin NMB-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilmiş və şəxsi axtarış zamanı əyinində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş 0,420 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa, iş üzrə dindirilmiş şahid ifadələri, baxış protokolu, ekspertiza rəyləri, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 yanvar 2023-cü il tarixdə Gəncə şəhəri Cavadxan küçəsində olarkən mülkü geyimdə 2 nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmşlər və onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. O da etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nin inzibati binasında getmişdir. Bundan sonra üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. O da onlara üzərində olan 1 ədəd gümüşü rəngli kağız parçasına bükülmüş kütləni çıxardıb təqdim etmişdir. Həmin kütlənin içərisində narkotik vasitə olan heroin müdafiəçinin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0.62 qram olmuşdu. Həmin bükümü Gəncə şəhərində yerləşən «Gəncə qalası» adlanan bazarın yaxınlığında yerləşən avtobus dayanacağının yaxınlığında yerdən tapmıdşır. Həmin narkotik vasitədən heç kimə satmamışdır. Sonda törətdiyi əmələ görə çox peşman olduğunu bildirib xəstəliyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Şahid1 ifadəsində göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı idarə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün Təqsirləndirilən şəxs Gəncə şəhəri, Cavadxan küçəsində saxlanılmış və Gəncə şəhər BPİ- nə dəvət edilmişdi. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə getmişdi. Müdafiəçi ilə təmin edildikdən sonra, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız parçasına bükülmüş büküm aşkarlanmışdı. Həmin bükümün içərisinə baxış zamanı oradan narkotik vasitə heroin aşkar edilmişdi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, Gəncə şəhəri Gəncə qalası adlanan bazarın yaxınlığında yerləşən avtobus dayanacağında yerdən tapdığını və özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Şahid2 oxşar ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 15 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır (i.v. 01); Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində 14 yanvar 2023-cü il tarixdən etibarən ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri küçirilməklə yaxalınmasında ötrü əməliyyat qurupunun yaradılması Təqsirləndirilən şəxs müəyyən olunduğu təqdirdə onun üzərinə baxış keçirilməsi qərara alınmışdır (i.v. 05); Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 14 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır (i.v. 17); Şəxsi axtarış və götürmə aparılması haqqında 14 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, video çəkiliş vasitəsilə vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibində bir ədəd gümüşü rəngli kağız parçasına bükülmüş içərisində 0,62 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, həmin bükülü zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, baxış keçirilən zamanı çəkilmiş videogörüntü DVD köçürülərək materiala əlavə olunmuşdur Məhkəmə-kimyəvi ekspertizasının 15 yanvar 2023-cü il tarixli 16/72 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə 0,62 qram” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü kağız bükümdə təmiz çəkisi 0,420 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroindir. Məhkəmə-narkoloji ekspertizasının 20 fevral 2023-cü il tarixli, 303 nömrəli rəyində göstərilmişdir kİ, Təqsirləndirilən şəxs narkotik vasitələrdən əvvəllər istifadə edib, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Halhazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Video diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protkoldan görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-də təhqiqatçı, polis kapitanı Samir Zeynalov, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, NMB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxsa şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız parçasına bükülmüş bükülünü çıxardıb təqdim edir. Həmin bükülü açılır və içərisindən tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunur. Həmin 1 ədəd gümüşü rəngli kağız parçasına bükülmüş kütlə aptek tərəzisində çəkilir və çəkisi 0,62 qram olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar heroinə bənzər kütləni haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs bildirdi ki, “Kolxoz” bazarının yəni Gəncə şəhərində yerləşən Gəncə qalası adlanan bazarın yaxınlığında yerləşən avtobus dayanacağında yerdən tapdığını bildirmişdir. Müdafiəçi ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təzyiqin olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş özünə məxsus 1 ədəd argo siqaret və 1 ədəd yaşadığı evin açarı iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixli, 3-13-57/2-2327/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi, eləcədə satması barədə müsbət nəticə əldə edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2023-ci il tarixli, 385 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən opioidlərdən asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 365 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Sübutların qiymətləndirilməsi haqqında 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitənin tədqiqatdan sonra qalmış təmiz çəkisi, yəni 0,370 qram çəkidə narkotik vasitə olan heroin və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut növü kimi tanınmışdır. Cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-ci il tarixli tələbnamədən və Göygöl Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 69.3 maddələri ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin “ 8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli qərarı ilə onun cəzasının çəkilməmiş 06 ay 24 günlük hissəsi 06 ay azaldılmış, qalan 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzasını 05 noyabr 2021-ci ildən etibarən tam çəkib qurtardığına görə cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Lakin məhkumluğu götürülməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,420 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində iki azyaşlı övladının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq yenidən qəsdən cinayət törətməsini nəzərə alır və cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir (CM- 61.1.1). Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xərakterizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM- 65.2.) nəzərə alınmalı, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün ona təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 10 may 2023-cü il taixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X1 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 90 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 gün müddət təyin edilmiş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 10 may 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan çəkisi 0,370 qram narkotik vasitə heroin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD-210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.FT Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - "Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-215/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-215/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver