Məhkəmə qərarları › İş №1(125)-217/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-217/2023

15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-217/2023 15.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Poçt qəsəbəsi, İsrafilbəyov küçəsi,ev 49-da qeydiyyatda olmaqla Gəncə şəhəri, Z.Hacıyev küçəsi, bina 75/74, mənzil 14-də yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında 23 noyabr 2022-ci il tarixdə, saat 18:30-da Gəncə Şəhər 2-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri H.Əliyev prospektində Dəmiryol vağzalının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər 2-ci PŞ-yə aparılmış, həmin inzibati binada üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,293 qram maddə olan “metamfetamin” aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Heydər Əliyev prospekti ilə Kamil adlı dostu ilə hərəkət edən zaman iki nəfər ona yaxınlaşaraq özlərini polis əməkdaşları olduğunu təqdim etmişlər. Sonra onlara 2-ci Polis Şöbəsinə getməyini tələb etmişlər. Sonra polis əməkdaşları ilə birlikdə Gəncə şəhər 2-ci Polis şöbəsinə getmişlər. Şöbədə Kamili ayrı otağa, onu isə ayrı otağa dəvət etmişlər. Onun qarşısına psixotrop maddə metamfetamin qoyaraq ondan həmin psixotrop maddənin ona məxsus olmasını yalandan etiraf etməsini tələb etmişlər. O, qorxaraq razılıq vermişdir. 2-ci Polis şöbəsinin inzibati binasında xidməti otaqda video çəkiliş ilə müdafiəçisi Müdafiəçi iştirakı ilə xidməti otaqda onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o,əvvəlcədən üzərinə qoyulmuş psixotrop maddəni əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təhvil vermişdir. Həmin büküm onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0,40 qram gəlmişdir. Sonra həmin büküm qablaşdırılaraq üzəri möhürlənərək imzalarla təsdiqlənmişdir. Onunla birgə saxlanan dostu Kamil məhkəmə istintaqında dindirilsə, onun göstərdiklərini təsdiq edər. Dostu Kamilin məhkəmə istintaqında dindirilməsi üçün onu gətirməsinə şərait yaradılmasını (məhkəmə iclasının təxirə salınmasını), onun təqsiri olmadığından barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmənin sualına cavab olaraq, dostu Kamilin soyadı, ata adı, yaşayış yeri, telefon nömrəsi və digər fərdi məlumatları barədə məlumatının olmadığını bildirdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Gəncə şəhəri Z.Hacıyev küçəsi bina 75/74 mənzil 14-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımır, heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. O, 23 noyabr 2022-ci il tarixdə saat təxminən 18 radələrində Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsində gündəlik xidmətində olan zaman ona əməliyyat məlumatı daxil olmuşdur ki, Gəncə şəhər sakini Vahab adlı şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğuldur və hal-hazırda Gəncə şəhəri H.Əliyev prospekti Dəmir yolu Vağzalının yaxınlığındadır. Odur ki, daxil olmuş məlumat şöbə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri H.Əliyev prospekti Dəmir yolu Vağzalının yaxınlığında saxlayaraq Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinə gətirmişlər, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra dövlət hesabına vəkil Müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 2 ədəd 20 manatlıq əskinaz və 4 ədəd 10 manatlıq əskinaz və özünə məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü 1 gün əvvəl Gəncə şəhəri 32 saylı orta məktəbin yaxınlığında tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində daşıdığını, həmin bükümdən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmişdir, büküm ilə birlikdə çəkisi 0,4 qram olmuşdur. Bundan sonra həmin bükümdə olan psixotrop maddəyə oxşar kütlə ekspertizaya təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, üzəri isə möhürlənmişdir. Şahid1 məhkəmənin suallarına cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs psixotrop maddənin əvvəlcədən polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, saxlanılması zamanı tək deyil, Kamil adlı şəxslə birgə saxlanması həqiqəti əks etdirmir. Vahab saxlanılan zaman tək olmuş, psixotrop maddə saxlanılmadan öncə onun üzərində olmuş və Vahabın özü tərəfindən təqdim edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs psixotrop maddənin əvvəlcədən polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması, saxlanılması zamanı tək deyil, Kamil adlı şəxslə birgə saxlanması ilə bağlı dediklərini eyni qaydada təkzib etmişdir. Təqsirləndirilən şəxs Kamil adında şahidin onun tərəfindən təmin edilməsi məqsədilə iclasın təxirə salınması barədə şifahi vəsatət vermişdir. Vəsatət təmin edilərək iclas iki dəfə təxirə salınmış, lakin təqsirləndirilən şəxs nə Kamil adında şəxsi, nə də onun barəsində adından başqa hər hansı fərdi məlumatı məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini əks etdirən01 ədəd DVD diskə baxış keçirilmişdir. 23 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı istifadə edilmiş video çəkiliş materiallara əlavə edilmişdir. Həmin video görüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər 2-ci PŞ-nin təhqiqatçısı polis leytenantı X8, Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin CAB-nin əməliyyat muvəkkili, polis leytenantı Şahid2, həmçinin şubhəli şəxs Təqsirləndirilən şəxs və mudafiəçi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində huquq və vəzifələri izah edilir. Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edildi, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bukulmuş bükümü təqdim edir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 2 ədəd 20 manatlıq əskinazvə 4 ədəd 10 manatlıq əskinaz və özunə məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsi aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin bukumü 1 gun əvvəl Gəncə şəhəri 32 saylı orta məktəbin yaxınlığında tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində daşıdığını, həmin bükümdən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirir. Sonra həmin büküm elektron tərəzidə çəkildi, bukum ilə birlikdə çəkisi 0,4 qram oldu. Bundan sonra həmin bükümdə olan psixotrop maddəyə oxşar kütlə ekspertizaya təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq göturulur, üzəri isə 132 saylı möhürlə möhürlənir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının 24 noyabr 2022-ci il tarixli 16/1324 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər uçün 132 nömrəli” dairəvi möhür əksləri, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə” sözləri və imzaları olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,293 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 20 yanvar 2023-cü il tarixli 309 nömrəli rəyi ilə muəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli 6828 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli 6040 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Narkoloji Dispanserində qeydiyyatda durmur. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsininxx.xx.2021-ci il Hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə Hökm dəyişdirilərək barəsində 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya 4-cü bəndinə əsasən onun cəzası 6 ay azaldılaraq üzərində 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Cəzasının əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il Hökmü dəyişdirilərək barəsində 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya 4-cü bəndinə əsasən onun cəzası 6 ay azaldılaraq üzərində 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. 24 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qaytarılmış təmiz çəkisi 0,253 qram qalan psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış istintaq hərəkətinin görüntülərini əks etdirən 1 ədəd DVD disk iş üzrə əhəmiyyə kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, DVD disk iş materiallarına əlavə edilmiş, psixotrop maddə isə saxlanılması üçün Gəncə Şəhər BPİ-nin məsul saxlanca verilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir.Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək törətdiyi cinayət əməlini təkzib etsə də, məhkəmə onun təkzibedici ifadəsini təsdiq hər hansı sübuta iş materiallarında rast gəlməmiş, onun tərəfindən şahidin təmini məqsədilə iclas təxirə salınsa da, nə onun göstərdiyi Kamil adında şəxs, nə də onun fərdi məlumatları məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxsəməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdarının daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin mövcudluğu onun cəzasını ağırlaşdıran halkimi müəyyən edilir. Belə ki, iş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 22 dekabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il Hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə Hökm dəyişdirilərək barəsində 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021ci il tarixli Amnistiya 4-cü bəndinə əsasən onun cəzası 6 ay azaldılaraq üzərində 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanmışdır. Cəzasının əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Bu baxımdan, Təqsirləndirilən şəxs həmin cinayət üzrə cəzasının sonu 2022-ci ilin iyul ayına təsadüf edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində məhkumluq onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş hesab olunur. Bununla da, Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğun və əməlində cinayətlərin residivinin olması müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun əməlində cinayətlərin residivinin mövcud olmasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. İş materiallarına əlavə edilmiş 23 noyabr 2022-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 25 noyabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin MSY-dən azad olunub və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ümumi olaraq 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutularaq saxlanlmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə zalından dərhal həbs edilməlidir.Cazəsının əvvəli məhkəmə zalında həbs edildiyi tarixdən - 15 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, əməlində cinayətlərin residivinin mövcud olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən məcburi müalicənin zəruriliyi məsələsini müzakirə edərək qeyd edir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının 20 yanvar 2023-cü il tarixli 309 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə etməsi,psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi,narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması vənarkololi dispanserdə qeydiyyata alınmasının zəruri olması muəyyən edilmişdir. Bu baxımdan, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,253 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, həmçinin iş üzrə maddi sübut olan və özündə istintaq hərəkətlərinin görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən məhkəmə istintaqı zamanı 12iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 72 manat məbləğində pul köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4. maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı onun məhkəmə zalından həbs edildiyi tarixdən, yəni 15 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0.253 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin əks olunduğu cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 72 manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar