Məhkəmə qərarları › İş №1(125)-217/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-217/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-217/2024 24.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1962-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 285 qram narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 29 yanvar 2024-cü il tarixdə saat 23:00 dəqiqədə Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri, Cümhuriyyət küçəsində yerləşən “Zəhmət” adlı mağazanın yaxınlığında saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə gətirilmiş, bölmədə onun üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ iç hissəsindən 2 ədəd iç-içə olan sellofan paketdə təmiz çəkisi 285 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Gəncə şəhəri, Sevinc qəsəbəsində olarkən zibillik ərazisindən keçən zaman yerdə bir ədəd sellofan büküm diqqətini çəkib. O əyilib həmin sellofan bükümü yerdən götürərək açıb və içərisində nəşə kimi tanıdığı narkotik vasitə marixuana olduğunu görmüşdür.O həmin bağlamanı polisə vermək üçün götürmüşdür. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Gəncə şəhəri Cümhuriyyət küçəsində yerləşən “Zəhmət” marketin yaxınlığından keçən zaman 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar və onlar xidməti vəsiqələrini ona nümayiş etdirib, özlərini Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməkdaşları kimi təqdim etmişdirlər. Sonra polis əməkdaşları ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə polis bölməsinə getməli olduğunu bildirmişlər və o, onlarla polis bölməsinə getmişdir. O, məhkəmədən barəsində ədalətli hökmçıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut,ekspertiza rəyləri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər 4-cü PB-in sahə rəisi, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 29 yanvar 2024-cü il tarixdə ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində keçirilmiş əməliyyataxtarış tədbirbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi, Gəncə şəhəri ərazisində üzərində saxlaması haqqında məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 29 yanvar 2024-cü il tarixdə, saat 23:00 radələrində Təqsirləndirilən şəxs Cumruhiyyət küçəsində yerləşən “Zəhmət” mağazasının yaxınlığında olmasını müəyyən etmişlər, həmin yerə gediblər və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim ediblər, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyataxtarış tədbirlərinə dair qərarla onu tanış edib və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirərək onu Gəncə şəhəri 4-ci PB-nə aparmışlar. Onu bölməyə apararkən onlara heç bir müqavimət göstərməmişdir. Onu Bölməyə apararkən o tək olmuş, yanında başqa heçkim olmamışdır. O, Polis Bölməsində üzərində olan marixuananı onlara təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: -Təqsirləndirilən şəxs üzərində həyata keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin görüntülərini əks etdirən 1 ədəd DVD diskdə olan görüntülərdən görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər 4-ci PB-nin təhqiqatçısı, polis mayoru X3, Gəncə şəhər 4-ci PBnin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, həmin bölmənin sahə rəisi, polis kapitanı Şahid2 və Müdafiəçi iştirakı ilə, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan iç hissəsində 1 ədəd sellolan bükülmüş vəziyyətdə olan bükümü təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində olan nəşə ilk görüşündən narkotik vasitə olan marixuanaya oxşar kütlə olması müəyyən olunur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin nəşə olmasını bildirdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümü Gəncə şəhəri,Sevinc qəsəbəsində yerləşən “Zibillik ərazisi” yaxınlığında tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq fikri olmadığını bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansıəşya və predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün çəksinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkildi. Falqaya bükülmüş olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 317.09 qram, olması müəyyən edildi. Həmin falqa büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 181 saylı" möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalandı. - Məhkəmə-kimyəvi ekspertizasının 30 yanvar 2024-cü il tarixli 16/159 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “ Şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi bir ədəd sellofan bükümdə olan narkotik vasitə marixuanaya bənzər kütlə ” yazı və imzalar olan kağız paketdəki, 2(iki) ədəd iç- içə olan sellofan paketdə təmiz çəkisi 285 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. - Məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2024-cü il tarixli 202 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserdən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Beyin infarktı” diaqnozu qoyulmuş və o həmin xəstəlikdən əziyyət çəkir. - Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2024-ü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarındaolan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək axtarış elan edilmişdir. - “Axtarışda olan şəxsin tutulması barədə” 23 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq MSY-ə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır,əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətməməsi ilə bağlı ifadəsində göstərdiklərini onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Çünki o, ibtidai istintaq zamanı özünü təqsirli bilərək bildirmişdir ki, özü təxminən 10 ildirki, nəşə kimi tanıdığı narkotik vasitə olan marixuanadan çəkmə yolu ilə istifadə edir. xx.xx.2024-cü il tarixdə Sevinc qəsəbəsində olarkən zibillik ərazisindən keçən zaman yerdə bir ədəd sellofan büküm diqqətini çəkib. O əyilib həm sellofan bükümü yerdən götürərək açıb və içərisində nəşə kimi tanıdığı narkotik vasitə marixuana olduğunu görmüşdür. O narkotik vasitə istifadəçisi olduğu üçün həmin bağlamanı üzərində saxlamaq qərarına gəlmiş, lakin məhkəmə iclasında bildirmişdir ki, tapdığı marixuananı polis bölməsinə təqdim etmək üçün götürmüşdür, onu öz şəxsi istifadəsi üçün götürməmişdir. Bütün bunlar Təqsirləndirilən şəxs səmimi olmadığını, qeyd etdiyi dəlillərin araşdırma nəticəsində təkzib olunduğunu göstərir. Belə ki, təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla, yəni məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, DVD diskə baxış keçirilməsi haqqında protokol, maddi sübut, ekspertiza rəyləri, cinayət işinin digər materialları və işin faktiki halları ilə təsdiq olunur. Təqsirləndirilən şəxs cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq olunmuş və onun təqsirliliyini təsdiq edən mötəbər və təkzibedilməz sübutlarla bağlı hər hansı mülahizə irəli sürə və dəlillər təqdim edə bilməmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini sübut növü kimi qəbul etmir. Beləliklə də, məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlilləri özünün cinayət məsuliyyətindən yayınması məqsədi ilə verildiyindən, həqiqətə və işin faktiki hallarına uyğun olmadığından onları yalan və inandırıcı olmayan məlumatlar kimi qiymətləndirir və həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan sübutlarla tam inkar olunur. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında qurudulmuş marixuananınxeyli miqdarının aşağı həddi 5 qram, yuxarı həddi isə500 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs xəstəlikdən əziyyət çəkməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cumaddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu ödənilsə də, əvvəllər dəfələrlə məhkum olunması faktını, hazırki cinayət işinin məhkəmə baxışı prosesində digər cinayət işi çərçivəsində Göygöl Rayon Məhkəməsində də məhkəmə baxışının keçirilməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır və hesab edir ki, azadlıqdan məhrum etməyə alternativ cəza növü onun islah edilməsi üçün kifayət deyildir. Təqsirləndirilən şəxs 29-31 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun barəsində elan edilmiş axtarış çərçivəsində tutulduğu 23 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanıCinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 202 nömrəli rəyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə olunmalı və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 284.8 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli,01 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdılar. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 21 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 126 (yüz iyirmi altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur, Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 284.8 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarındasaxlanılsın. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 126 (yüz iyirmi altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar