Məhkəmə qərarları › İş №1(125)-218/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-218/2023

28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-218/2023 28.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)-32/2020 nömrəli hökmü ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən binaya, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 08 noyabr 2022-ci il tarixdən 09 noyabr 2022-ci il tarixə keçən gecə tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Həsən Əliyev küçəsində yerləşən “Ay Üzlüm” gözəllik salonuna qapını açma yolu ilə qanunsuz daxil olub ikinci mərtəbədə yerləşən iş otaqlarından birində olan stolun siyirməsindən 1500 manat nağd pulu talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən 16 noyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixə keçən gecə özgə əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, N.Nərimanov prospekti 156 ünvanında yerləşən “X3” mağazasına qapını açma yolu ilə qanunsuz daxil olub mağazanın içərisindəki kassa aparatından 850 manat nağd pulu talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs, təkrarən 19 noyabr 2022-ci il tarixdən 20 noyabr 2022-ci il tarixə keçən gecə özgə əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 18 ünvanında yerləşən “Avto-Rəsul” avtomobil ehtiyat hissələri mağazasına qapını açma yolu ilə qanunsuz daxil olub mağazadakıl stolun üzərindən içərisində 10 manat dəyərində ***-***-**-** saylı nömrə olan bir ədəd 280 manat dəyərində “Honor” markalı mobil telefon və mağazanın içərisindəki kassa aparatından 1100 manat nağd pulu talamaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, oğurluq cinayəti törətdiyi üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2022-ci ilin may ayında cəzasının sonu ilə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra fəhləlik edib ailəsini dolandırmağa başlamışdır. Lakin dolanışığını fəhləliklə təmin edə bilmədiyini görüb yenidən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də 08 noyabr 2022-ci il tarixdən 09 noyabr 2022-ci il tarixə keçən gecə, saat 05-06 radələrində Gəncə şəhəri 4 saylı orta məktəbin yaxınlığında yerləşən “Ay üzlüm” adlı gözəllik salonunun plastik materialdan hazırlanmış qapısını vintaçanla fiziki təsir edib açaraq salonun içərisinə daxil olmuş, salonda axtarış edərək, ikinci mərtəbəyə qalxıb otaqlardan birindəki stolun siyirməsində olan dəftərin arasındakı 1500 manat pul olduğunu görüb həmin pulu götürərək, salonu tərk edərək getmiş və oğurladığı pulları sonrakı günlər öz şəxsi ehtiyacları üçün xərcləyərək, bu barədə heç kəsə bildirməmişdir. Bu hadisədən bir neçə gün sonra, yəni 16 noyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixə keçən gecə, saat 05 radələrində yenə oğurluq etmək məqsədilə evdən vintaçan götürüb yaşadığı evdən çıxıb bir qədər şəhərdə gəzmiş, daha sonra Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ilə piyada Gülüstan qəsəbəsi istiqamətində gedən zaman Nəriman Nərimanov prospektində “Dədəmin apteki” adlanan yeri keçdikdən sonra yolun sağ tərəfində yerləşən “Kombi” adlı mağazanı görüb, həmin mağaza onun diqqətini çəkdiyi üçün mağazaya yaxınlaşmış və mağazanın içərisinə baxdıqda orada istilik sistemləri, kranlar satıldığını görüb kassa aparatı olduğunu bilmiş və kassa aparatında pul olduğunu güman etmişdir. Ətrafa baxıb kənar şəxslərin olmadığını müəyyən edib mağazanın plastik materialından hazırlanmış giriş qapısına yaxınlaşmış və özü ilə evdən götürdüyü vintaçanı qapının kilid hissəsinin arasına salıb fiziki təsir göstərmiş, qapı açılmış, mağazaya daxil olub sağ tərəfdəki stolun üstündə olan kassa aparatına yaxınlaşmışdır. O, kassa aparatını üstündəki açarla açmış, kassa aparatından 1, 5, 10, 20 manatlıq əskinazlardan ibarət pulları götürüb mağazadan çölə çıxmış, sonra vintaçanın köməkliyi ilə qapını fiziki təsir göstərib bağlamış və oradan Gülüstan qəsəbəsi istiqamətində gedən zaman mağazadan oğurladığı pulları sayıb ümumilikdə 850 manat olduğunu müəyyən etmişdir. Bundan sonra 11 nömrəli orta məktəbin bərabərliyinə çatanda sağ tərəfə dönüb köhnə “Kəpəz” televiziya studiyası istiqamətində addımlayıb X8 Teatrı tərəfə dönmüş, oradan da yaşadığı ev istiqamətində getmişdir. Həmin mağazadan oğurladığı pulları da öz şəxsi ehtiyacları üçün xərcləmiş və bu barədə heç kimə bildirməmişdir. Bundan başqa 19 noyabr 2022-ci il tarixdən 20 noyabr 2022-ci il tarixə keçən gecə saat 05 radələrində tək Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Rəsul-Avto” avtomobil ehtiyat hissələri mağazasından oğurluq etmək qərarına gəlmiş, məqsədi isə mağazadan pul oğurlamaq olmuşdur. O, mağazaya yaxınlaşmış, mağazanın 3 ədəd giriş qapısı olmuşdur. Birinci qapının qıfılının arasına vintaçan salıb qapının kilidini aralamış, qapı açılmış və içəri daxil olmuşdur. O, mağazada vitrində çoxlu saydı müxtəlif təyinatlı avtomobil ehtiyyat hssələri olduğunu görmüşdür. Sonra mağazanın içərisindəki şkafın üzərində olan açarları götürüb şkaflardan birini açanda orada kassa aparatı olduğunu görmüşdür. O, kassa aparatının içərisində pul əskinazlarının ayrı-ayrı yığıldığını görmüş, 1 manatlıq pul əskinazlarına dəyməmiş, yalnız topa ilə yığılmış 5, 10, 20 manatlıq pul əskinazlarını götürmüşdür. Daha sonra stolun üzərində bir ədəd “Honor” markalı qara rəngli mobil telefon götürüb mağazadan çıxmışdır. Yolda mağazadan oğurladığı pulları saymış və ümumilikdə 1100 manat olduğunu müəyyən etmişdir. Həmin gün oğurluqdan sonra Bakı şəhərinə getmiş, mağazadan oğurladığı bir ədəd “Honor” markalı mobil telefonun içərisindəki “Azercell” şirkətinə məxsus danışıq kartını Bakı şəhərində xatırlamadığı yerdə çıxardıb sındırıb atmış, mobil telefonu isə Bakı şəhəri, “28 May” metro stansiyası tərəfdə yadında qalmayan yerdə tanımadığı bir nəfər şəxsə 70 manata satmışdır. O, mağazadan oğurladığı 1100 manat pulu və oğurladığı telefonu satmaqla əldə etdiyi 70 manat pulu Bakı şəhərində bir həftə qalıb orada şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonda himayəsində azyaşlı uşağının olmasını və əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək, ifadəsində göstərdi ki, "xxxx" MMC-də bölgə müdiri vəzifəsində işləyir. Gəncə şəhəri, Həsən Əliyev küçəsi ilə Pərviz Səmədov küçəsinin kəsişməsində yerləşən “Ay üzlüm“ gözəllik salonu ona məxsusdur, lakin həmin gözəllik salonu sənəd üzrə dostu Azadın həyat yoldaşı Aytən Mustafayevanın adına rəsmiləşdirilmişdir. Sadəcə olaraq o, hər gün həmin gözəllik salonuna nəzarət edir. 09 noyabr 2022-ci il tarixdə səhər saatlarında pul götürmək üçün gözəlik salonuna gedəndə görmüşdür ki, 1500 (min beş yüz) manat pul siyirmədə yoxdur. Həmin vaxt gözəllik salonunda quraşdırılmış nəzarət-müşahidə kameralarına baxan zaman müəyyən etmişdir ki, 08 noyabr 2022-ci il tarixdən 09 noyabr 2022-ci il tarixə keçən gecə naməlum şəxs gözəllik salonunun giriş qapısının kilidini vint açan vasitəsi ilə açmış və bütün otaqları təktək dolaşmış və ikinci mərtəbədə yerləşən otaqların birindəki stolun siyirməsinin kilidini eyni üsulla açaraq ona aid 1500 (min beş yüz) manat məbləğində pulu ordan oğurlamışdır. Buna görə Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmiş və araşdırma zamanı oğurluğun Rahid adlı şəxs tətəfindən törədilməsi müəyyən edilmişdir. Oğurluq hadisəsi ilə əlaqəli ona ümumilikdə 1500 (min beş yüz) manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsini aşkar etdiyi video görüntülər olan bir ədəd DVD diski istintaqa təqdim etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəməmiş və ondan şikayətçidir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək, ifadəsində göstərdi ki, Gəncə şəhəri, Nəriman Nərimanov 156 ünvanında yerləşən “X3” mağazası ona məxsusdur. Həmin mağazada su qızdırıcıları, kombi istilik sistemləri, su krantları, plastik boruları satılır. Şahid onun qardaşıdır, sonuncu boş vaxtlarında gəlib həmin mağazada olur. 16 noyabr 2022-ci il tarixdə günorta saatlarında o, Bakı şəhərinə getməli olduğu üçün Şahid xahiş etmişdir ki, mağazaya gəlsin və iş vaxtı qurtardıqdan sonra mağazanın qapısını bağlasın. Şahid da etiraz etməyib mağazaya gəlmiş, o, isə şəxsi işləri ilə bağlı Bakı şəhərinə getmişdir. 17 noyabr 2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhərində olan vaxt qardaşı Abbasqulu ona zəng edib bildirmişdir ki, 16 noyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixə keçən gecə ona məxsus “X3” mağazasından oğurluq olmuş və naməlum şəxs kassadan 850 manat pul oğurlamışdır. Şahid mağazada oğurluq cinayəti baş verməsi barədə ona ətraflı məlumat verdikdən sonra o, Abbasquluya bildirmişdir ki, oğurluq hadisəsi barədə DİN-in 102 xidmətinə zəng edib məlumat versin və Polis Şöbəsinə yaxınlaşıb bu barədə şikayət ərizəsi yazsın. Bundan sonra Gəncə şəhərinə gəlmiş, ona məxsus “X3” mağazasına nəzər salıb müəyyən etmişdir ki, oğurluq cinayəti nəticəsində mağazadan yalnız 850 manat məbləğində pul oğurlanıb və bundan başqa digər hər hansı bir əmlakı oğurlanmamışdır. Ona məxsus mağazadan oğurluq cinayəti baş verdiyi anın təhlükəsizlik kamerası vasitəsilə qeydə alındığı videogörüntünü diskə köçürdüb istintaqa təqdim etmişdir. Araşdırma zamanı mağazadan oğurluğun Rahid adlı şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəməmiş və ondan şikayətçidir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək, ifadəsində göstərdi ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 18 ünvanında yerləşən “Avto-Rəsul” ehtiyyat hissələri mağazasının sahibi olmaqla mağazanı özü işlədir. 19 noyabr 2022-ci il tarixdə, saat 18 radələrində mağazanı bağlayıb evinə getmiş, səhəri gün, yəni 20 noyabr 2022-ci il tarixdə, saat 09 radələrində mağazanı açmağa gələndə görmüşdür ki, mağazanın qapısı açıq vəziyyətdədir, naməlum şəxs mağazanın giriş qapısını aralayıb dəmir salmaqla qapını açmış, mağazanın kassasının içərisində olan 1100 manat nağd pulu və stolun üzərində olan 280 manat dəyərində “Honor” markalı mobil telefonunu oğurlamışdır. O, mağazanın kamerasına baxıb görmüşdür ki, mağazaya 20 noyabr 2022-ci il tarixdə, təxminən saat 05:10 radələrində naməlum oğlan tək daxil olaraq kassadan pulu və stolun üzərindən telefonu götürüb mağazanı tərk edir. Əvvəl şikayət etmək istəməyib fikirləşmişdir ki, oğurluq edən şəxsi özü müəyyən edər. Lakin müəyyən edə bilmədiyi üçün 28 noyabr 2022-ci il tarixdə ərizə ilə Gəncə şəhər BPİ-nə şikayət etmiş, ərizəsi əsasında mağazasına baxış keçirilmiş və görüntüləri istintaqa təqdim etmişdir. Onun mağazasından yalnız içərisində 10 manat dəyərində ***-***-**-** saylı nömrə olan 280 manat dəyərində bir ədəd “Honor 8A” markalı mobil telefon və kassadan 1100 manat pulu oğurlanmış, başqa heç nə oğurlanmamışdır. Polisin apardığı araşdırma ilə mağazadan oğurluğun Rahid adlı şəxs tətəfindən törədilməsi müəyyən edilmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəməmiş və ondan şikayətçidir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Gəncə şəhəri, Nəriman Nərimanov 156 ünvananda yerləşən “X3” mağazası qardaşı Zərərçəkmiş şəxs2 məxsusdur. Həmin mağazada su qızdırıcıları, kombi istilik sistemləri, su krantları, plastik borular satılır. O, boş vaxtlarında gedib həmin mağazada olur. 16 noyabr 2022-ci il tarixdə günorta saatlarında qardaşı Zərərçəkmiş şəxs2 Bakı şəhərinə getməli olduğu üçün ondan xahiş etmişdir ki, mağazaya getsin, iş vaxtı qurtardıqdan sonra isə mağazanın qapısını bağlayıb evinə getsin. Bundan sonra o, mağazaya getmiş, saat 19:00-da mağazanın plastik materialından hazırlanmış giriş qapısını açarla bağlayıb öz yaşadığı evə getmişdir. 17 noyabr 2022-ci il tarixdə, saat 09 radələrində gedib mağazanın qapısını açarla açıb içəriyə daxil olmuş, daha sonra mağazaya gələn müştəriyə satdıqları malın pulunu alıb kassa aparatına qoyanda məlum olmuşdur ki, kassa aparatında olan 850 manat məbləğində pul yerində yoxdur. Bundun sonra mağazada quraşdırılan təhlükəsizlik kamerasına baxanda məlum olmuşdur ki, 17 noyabr 2022-ci il tarixdə, saat 06 radələrində naməlum şəxs gəlib mağazanın qapısına yaxınlaşır, həmin şəxs cibindən çıxartdığı vintaçana bənzər predmetlə qapıya güc tətbiq edib qapını açaraq içəriyə daxil olur, kassa aparatını açıb orada olan pulları götürdükdən sonra mağazadan çölə çıxır, daha sonra isə qapını əlindəki predmetin köməkliyi ilə örtüb bağlayaraq oradan çıxıb Gülüstan qəsəbəsi istiqamətində gedir. Bundan sonra o, mağazada baş vermiş oğurluq cinayəti ilə bağlı qardaşı Zərərçəkmiş şəxs2 xəbər vermiş, sonuncu da Bakı şəhərində olduğu üçün ona DİN-in 102 xidmətinə zəng edib məlumat verməsini, bu barədə şikayət ərizəsi yazmasını bildirmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi, habelə cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekpert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 23 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisələrindən biri Zərərçəkmiş şəxs1 sahibi olduğu Gəncə şəhəri, Həsən Əliyev küçəsi ilə Pərviz Səmədov küçəsinin kəsişməsində yerləşən “Ay üzlüm“ gözəllik salonunda 08 noyabr 2022-ci il tarixdən 09 noyabr 2022-ci il tarixə keçən gecə baş vermişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisələrindən digəri Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Nəriman Nərimanov 156 ünvanında yerləşən “X3” mağazasında 16 noyabr 2022-ci il tarixdən 17 noyabr 2022-ci il tarixə keçən gecə baş vermişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisələrindən sonuncusu Zərərçəkmiş şəxs3 məxsus Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 18 ünvanında yerləşən “Avto-Rəsul” ehtiyyat hissələri mağazasında 19 noyabr 2022-ci il tarixdən 20 noyabr 2022ci il tarixə keçən gecə baş vermişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 16 dekabr 2022ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi obyektlərdəki yerləri əyani olaraq hadisə yerində bir daha göstərmişdir. “Şübhəli şəxs qismində tanınma haqqında” 24 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin günü şübhəli şəxs qismində tanınmışdır. Törədilmiş oğurluq cinayət hadisələrinin qeydə alındığı 3 ədəd DVD diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən oğurluq cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təsdiq edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1290 nömrəli 21 fevral 2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Honor 8A” markalı mobil telefonunun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 120.00 (yüz iyirmi) manat, ***-***-**- ** saylı GSM nömrə 4.00 (dörd) manat müəyyən olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 5895 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində xx.xx.2016-cı il tarixdən Psixoaktiv maddələrdən asılılıq diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 662 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu ildə dispanserə müraciət edib “baş beyinin xəstəliyi nəticəsində şəxsiyyətin üzvü pozuntusu və davranış pozuntusu” diaqnozu qoyulmuş, xx.xx.2014-cü il tarixdə dispanserə müraciət edib, bundan sonra bir daha dispanserə müraciət etməmişdir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 803 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərini dərk etmək, onları ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1, 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, İbişov X5 Hərbi Məhkəməsinin 27 aprel 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsinə əsasən 150 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 22 aprel 2014-ci il tarixli hökmünə əsasən CM-in 128ci maddəsi ilə təqsirli bilinib 20% olmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11 noyabr 2014-cü il tarixli hökmünə əsasən CM-in 221.2.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəəsinə əsasən 20%olmaqla 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 69.4-cü maddəsinə əsasən 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli hökmünə əsasən CM-in 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.3-ci maddəsinə əsasən 02 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli hökmünə əsasən CM-in 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 (altı) ay azaldılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-32/2020 saylı 16 mart 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 66.5-ci maddəsinə əsasən üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həbsə alındığı 04 noyabr 2019-cu il tarixdən hesablanmışdır. AZ İİİ №383833 nömrəli doğum haqqında şəhadətnamənin və Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 12845351 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü X4 adlı bir uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisələri həqiqətən baş vermiş və cinayət hadisələri məhz onun tərəfindən törədilmişdir, həmçinin o, bu cinayətlərin törədilməsində təqsirlidir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, o, həmin maddələr ilə təqsirli bilinib, maddələrin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini və himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal cinayətlərin residivinin olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.3 və 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimaihüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını 2022-ci ilin may ayında çəkib qurtarmış və həmin tarixdən iki il keçmədiyindən onun məhkumluğu ödənilməmiş hesab olunur. Belə olan halda isə təqsirləndirilən şəxsin məhkumluğu ödənilmədən, yəni 08 noyabr 2022-ci il tarixdən müxtəlif vaxtlarda olmaqla 20 noyabr 2022-ci il tarixədək üç dəfə təkrarən binaya, saxlanc yerinə qanunsuz daxil olaraq yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətin residivini yaradır. “Azərbaycan Respublikası CM-nin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2013-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi cinayətlərin çoxluğunu (cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi) yaradır. Cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 sentyabr 2010cu il tarixli Plenum qərarında göstərilmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də oğurluq cinayəti törətmiş və buna görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuşdur. Lakin o, bundan nəticə çıxarmayaraq yenidən oğurluq cinayəti törətmiş, nəticədə zərərçəkmiş şəxslərə ümumilikdə 3730,00 manat maddi ziyan vurmuş və həmin ziyanları ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının başlanğıcı Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs olunduğu vaxtdan, yəni 28 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış cinayət hadisəsini özündə əks etdirən 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 (on beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək onlara dəymiş ziyanla bağlı mülki iddia vermədiklərindən onlara Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianın mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Posessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 aprel 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış cinayət hadisəsini özündə əks etdirən 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. İş üzrə zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar