Məhkəmə qərarları › İş №1(125)-218/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-218/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-218/2025 29.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 Umud oğlunun sədrliyi, X7 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İttiham aktından göstərilənlərə əsasən: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz ümumi çəkisi 14.07 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsədlə üzərində saxlayaraq daşımış və Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 11 mart 2025-ci il tarixdə saat 18:00-da Gəncə şəhəri, Validə Tutayuq küçəsi 1 №-li evin qarşısında saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli gödəkçənin sol iç cibinin içərisindən 01 ədəd gümüşü rəngli folqa kağız bükümdə xeyli miqdarda, yəni təmiz çəkisi 14.07 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz ümumi çəkisi 9.09 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə edib eyni məqsədlə üzərində saxlayaraq daşımış və Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 29 aprel 2025-ci il tarixdə, saat 17:51-də Gəncə şəhəri, Sadıllı qəsəbəsi, Bilal Qəhrəmanov küçəsi, 1-ci döngə, 2 №-li evin qarşısında saxlanılaraq həmin yerdə üzərində şəxsi axtarış aparıldıqda əynində olan boz rəngli şalvarın sağ yan cibinin içərisindən 01 ədəd kibrit qutusunda xeyli miqdarda, yəni təmiz çəkisi 9.09 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Gəncə şəhərində fəaliyyət göstərən “Sərçə” bazarı kimi tanınan bazarın yaxınlığında piyada gəzən zaman yolun kənarında yerdə olan gümüşü rəngli folqa kağız büküm diqqətini cəlb etmişdir. Həmin bükümü yerdən götürüb içərisinə baxan zaman kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş və ətrafda heçkəsin onu görməməsindən əmin olduqdan sonra həmin içərisində narkotik vasitə olan qurudulmuş marixuananı gələcəkdə istifadə etməkdən ötrü götürüb cibinə qoymuşdur. Lakin həmin gün saat təxminən 18 radələrində Gəncə şəhəri, Validə Tutayuq küçəsində piyada gəzən zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirmişlər. Həmin vaxt narkotik vasitə olan qurudulmuş marixuana üzərində olmuşdur. Ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxladığı 1 ədəd gümüşü rəngli folqa kağız bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd kağız bükümdə olan narkotik vasitə olan qurudulmuş marixuana onun iştirakı ilə tərəzidə çəkilmiş və kağız büküm ilə birlikdə möhürlənərək sənədləşdirilmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Sonra polis əməkdaşları onu xidməti avtomobillərinə əyləşdirərək Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına aparmışlar. Bundan başqa o, xx.xx.2025-ci il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında piyada gedən zaman yolun kənarında zibillikdə olan kibrit qutusu diqqətini cəlb etmişdir. Həmin qutunu yerdən götürüb içərisinə baxan zaman narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüş və həmin içərisində narkotik vasitə olan qurudulmuş marixuananı gələcəkdə istifadə etməkdən ötrü cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 17 radələrində Gəncə şəhəri Sadıllı qəsəbəsi Kəpəz bazarının yaxınlığında piyada gəzən zaman isə üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirib polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə, istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirmişlər. Ona orada hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt narkotik vasitə olan qurudulmuş marixuana üzərində olmuşdur. Ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa təqdim etməyi təklif olumuşdur. Bundan sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı 1 ədəd kibrit qutusunda olan narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuananı özü istifadə etməkdən ötrü üzərində saxlamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd qutuda olan narkotik vasitə olan qurudulmuş marixuana onun iştirakı ilə tərəzidə çəkilmiş və sənədləşdirilmişdir. Sonra polis əməkdaşları onu xidməti avtomobillərinə əyləşdirərək Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına aparmışlar. O, narkotik vasitə istifadəçisi olsada heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitədən də heç kimə satmamış və ya pay verməmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni isə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bu səbəbdən də özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir. İstintaq orqanı heç bir sübut olmadığı halda ona narkotik vasitənin satışı ilə məşğul olan şəxs kimi ittiham versə də həmin ittihamla razılaşmır. Bu səbəbdən törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, o, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkilidir. xx.xx.2025-ci il tarixdə Gəncə şəhər BPİ-nin CAİ-na Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə edərək üzərində saxlaması daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Gəncə şəhər BPİ-nin CAİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2025-ci il tarixdə təxminən saat 18:00 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Validə Tutayuq küçəsində olmasını müəyyən etmiş və o saxlanılmışdır. Onlar Qəhrəmana xidməti vəsiqələrini nümayiş etdirib Gəncə şəhər BPİnin CAİ-nin əməkdaşları olduqlarını deyərək qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, daşımasında və istifadəsində şübhəli olduğunu bildirərək üzərinə video çəkilişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç cibinin içərisindən 01 ədəd gümüşü rəngli folqa kağız bükümü təqdim etmişdir. Həmin kağız bükümün içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütləni xx.xx.2025-ci il tarixdə səhər saatlarında “Sərçə” bazarının yaxınlığında yerdən tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli folqa kağız bükümdə olan ilk baxışdan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 16.10 qram olması müəyyən edilmişdir. Daha sonra isə içərisində ilk baxışdan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə kağız büküm ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs ilə bağlı onlarda təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə bağlı hər hansı məlumat olmamışdır. Məhkəmə iclasında şahid Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Gəncə şəhər BPİ-nin CAİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiq edib və ona uyğun olaraq verdiyi ifadəsində göstərdi ki, o, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-a Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə edərək üzərində saxlaması daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid6 və Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid5 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2025-ci il tarixdə təxminən saat 17:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Sadıllı qəsəbəsində yerləşən Kəpəz bazarının yaxınlığında olmasını müəyyən etmiş və o saxlanılmışdır. Onlar Qəhrəmana xidməti vəsiqələrini nümayiş etdirib Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməkdaşları olduqlarını deyərək qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, daşımasında və istifadəsində şübhəli olduğunu bildirərək üzərinə video çəkilişlə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibinin içərisindən 01 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin qutunun içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər kütləni xx.xx.2025-ci il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan ilk baxışdan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin qutu ilə birlikdə ümumilikdə çəkisi 12.21 qram olması müəyyən edilmişdir. Daha sonra isə içərisində ilk baxışdan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə qutu ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Həmçinin Təqsirləndirilən şəxs ilə bağlı onlarda təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə bağlı hər hansı məlumat olmamışdır. Məhkəmə iclasında şahid Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid6 və Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid5 Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid kimi (cəzaçəkmə müəssisəində cəza çəkdiyi üçün)videokonfransla dindirilmiş (dövlət ittihamçısının vəsatəti əsasında) Şahid7 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımaqla münasibətləri normal olmuş və onunla hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Qəhraman Gəncə şəhərində bazarda toyuqcücə alveri ilə məşğul olmuşdur. Əvvəllər ona məxsus ********** nömrəli mobil telefondan Təqsirləndirilən şəxs məxsus ********** nömrəli mobil telefona müxtəlif mətnli smslər yazılmış və zənglər olunmuşdur. Təqsirləndirilən şəxs eyni zamanda yumurta satışı ilə məşğul olduğundan bəzi vaxt sonuncudan yumurta alan zaman o, onun zənginə cavab vermədiyi üçün ona sms yazmışdır. Təqsirləndirilən şəxs heç vaxt narkotik satışı ilə məşğul olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş iş materiallarından görünür ki: Cinayət işinin materiallarından görünür ki;

1. 11 mart 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs elə həmin tarixdən şübhəli şəxs kimi tutulmuşdur (İ cild səhifə 71).

2. Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2025-ci il tarixli rəyinin nəticə hisəsindən görünür ki, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1 ədəd gümüşü “falqa” kağız bükümdə təmiz çəkisi 14,07 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (İ cild səhifə 96).

3. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2025-ci il tarixli, 1512 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur (İ cild səhifə 135).

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2025-ci il tarixli, 1992 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs “kannabinoidlərdən asılılıq” diaqnozu ilə dispanser qeydiyyatındadır (İ cild səhifə 136).

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 02 iyun 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 26 yanvar 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 315.1 və 315.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 13 dekabr 2024-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir (İ cild səhifə 138).

6. Məhkəmə Ekspertizası Mərkəzinin 30 aprel 2025-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, “tədqiqata təqdim edilmiş üzərində imzalar olan kağız paketdəki 1 ədəd üzəri “sellofanla örtülmüş kibrit qutusunda, təmiz çəkisi 9,09 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır (İ cild səhifə 36).

7. 29 aprel 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuşdur (İ cild səhifə 71).

8. 30 aprel 2025-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə olan ********* nömrəli cinayət işi və Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaq ********* nömrə ilə davam etdirilmişdir (İ cild səhifə 52).

9. Gəncə şəhər Məhkəməsinin 4(125)-211/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə yəni xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (İ cild səhifə 186).

10. Məhkəmə bioloji Ekspertizasının 30 iyun 2025-ci il tarixli 16/554 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş yuxarıdakı rəylərdə göstərilən narkotik vasitələrin tərkibi eyni olmaqla hər ikisi qurudulmuş marixuanadır (İ cild səhifə 232).

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 01 iyul 2025-ci il tarixli 1030 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (İ cild səhifə 235).

12. 03 iyul 2025-ci il tarixli qərara əsasən ********* nömrəli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan cinayət işi Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edimişdir (İ cild səhifə 243).

13. Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, ikinci dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun 25 iyul 2025-ci il tarixli 2-2-050/2- 154272/2025 saylı qərarı ilə cinayət işi üzrə ibtidai istintaq müddəti 02 (iki) ay müddətinə olmaqla 05 (beş) ayadək, yəni 30 iyul 2025-ci il tarixdən 30 sentyabr 2025-ci il tarixədək uzadılmışdır (İ cild səhifə 258).

14. Gəncə şəhər Məhkəməsinin 4(125)-354/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanması müddəti 29 sentyabr 2025-ci il tarixədək uzadılmışdır (İ cild səhifə 261).

15. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən 11 mart 2025ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd gümüşü rəngli folqa kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edildiyi təsdiq edilir.Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən 29 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edildiyi təsdiq edilir (disk iş materiallarına əlavə olunub və baxış keçirildi).

16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan marixuananı hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. 11 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan əldə etməsi müəyyən olunmuşdur. 29 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananı satış məqsədi ilə əldə etmiş, lakin narkotik vasitə olan marixuananı satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir (İ cild səhifə 207).

17. "xxxx" MMC-dən daxil olmuş 01 ədəd qırmızı rəngli, üzərində çap üsulu ilə "xxxx" yazısı, həmçinin qara rəngli qələmlə əl yazma üsulu ilə “5907” yazıları olan CD diskdən görünür ki: - “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan Təqsirləndirilən şəxs məxsus “***-***- **-**” saylı mobil nömrədən gedən mesaj mətnlərinə baxış zamanı müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə saat 19:01:40-da “**********07” saylı mobil nömrəyə “Dərhal geri zəng edəcəm.” məzmununda, xx.xx.2025-ci il tarixdə saat 03:18:34-də “**********35” saylı mobil nömrəyə “Rehlm.mene.parikdi.noluv.niy.çötrmsen.?.” məzmununda, xx.xx.2025-ci il tarixdə saat 05:34:17-də “**********35” saylı mobil nömrəyə “Rehim.menem.garik.nıye.cavab.vermisen...?.nol.uv.axeli.cavab.ver.me” məzmununda və xx.xx.2025-ci il tarixdə saat 05:34:20-də “**********35” saylı mobil nömrəyə “nen.sene.ziyan.aaç” məzmununda iş üçün əhəmiyyət kəsb edən mesaj mətni göndərilmişdir. - Bundan əlavə həmin diskdə “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan Təqsirləndirilən şəxs istifadəsində olan “***-***-**-**” saylı mobil nömrəyə gedən mesaj mətnlərinə baxış zamanı müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə saat 22:52:21-də “**********77” saylı mobil nömrədən “Qaqa 15 20 deyqaya ordayam” məzmununda, xx.xx.2025-ci il tarixdə saat 19:04:08-də “**********07” saylı mobil nömrədən “Sanda kart varsa denan ona vurum pulu sora kalim.” məzmununda, xx.xx.2025-ci il tarixdə saat 09:44:55-də “**********07” saylı mobil nömrədən “Adam kiwi olar mani nija cornuja atibsan.30 man var kalim.” məzmununda, xx.xx.2025-ci il tarixdə saat 21:07:50-də “**********45” saylı mobil nömrədən “Özüm sonra zəng edəcəm.” məzmununda, xx.xx.2025-ci il tarixdə saat 16:14:29-da “**********45” saylı mobil nömrədən “Qarık sənin başına dönüm burdayam bidene məni yığ” məzmununda, xx.xx.2025-ci il tarixdə saat 16:43:01-də “**********45” saylı mobil nömrədən “Qaqa burdayam imkan ele mənnən danış sözüm var” məzmununda və xx.xx.2025-ci il tarixdə saat 00:14:44-də “**********81” saylı mobil nömrədən “Brat geke bilmiyecem men gec olacaq seher zeng edecem” məzmununda iş üçün əhəmiyyət kəsb edən mesaj mətni göndərilmişdir. - “X2” adlı digər faylın içərisinə isə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə ilə digər mobil nömrələr arasında çoxsaylı zənglər olmuş, həmin zənglər zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrə Gəncə şəhəri Sadılı qəsəbəsi, Gəncə şəhəri Şəddadilər küçəsi, Gəncə şəhəri Abbas Səhhət küçəsi, Gəncə şəhəri YGGG-nin yardımçı kombinatın ərazisi, Gəncə şəhəri Ş.İ.Xətai prospekti 53, Gence şəhəri Yag Fabriki, Gəncə şəhəri Heydər Əliyev prospekti ilə Atatürk prospektinin kəsişməsi, Gəncə şəhəri H.Əliyev prospekti 95, Gəncə şəhəri X9 və sonuncu anten dairəsi xx.xx.2025-ci il tarixdə saat 13:06:00-da Gəncə şəhəri Sadılı qəsəbəsi ünvanında olmaqla müxtəlif anten dairələrində olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, sonuncu barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. EMİS vasitəsi ilə edilmiş elektron sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü 1 yetkinlik yaşına çatmayan uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir və hazırkı iş üzrə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs tərəfindən 11 mart 2025-ci il tarixdə törətdilmiş əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsüf olunsa da, onun xx.xx.2025-ci il tarixdə tərətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixli əməlinə münasibətdə məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanunun İ siyahısına görə narkotik vasitə olan qurudulmuş marixuana 5 qramı xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs 29 aprel 2025-ci il tarixli əməlinə münasibətdə məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə istintaq orqanı tərəfindən geniş şəkildə araşdırma apararaq Təqsirləndirilən şəxs tərəfindən cinayət əməlinin törədilməsi ilə bağlı düzgün nəticəyə gəlsələr də, lakin onun əməlinin tövsifində səhvə yol vermişlər. Belə ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan görünür ki, o, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə əldə etmişdir. Narkotik vasitənin mövcudluğu, növü, çəkisi şübhə doğurmasa da, lakin əməlin əsas tövsifedici əlaməti olan və obyektiv cəhəti xarakterizə edən satış məqsədi mötəbər dəlillərlə sübuta yetirilməlidir. Satış məqsədini sübuta yetirmək ittiham tərəfinin vəzifəsidir. Lakin əgər məhkəmə ittihamın mövqeyi ilə razılaşaraq qəbul edirsə, bu zaman qəbul etdiyi hökm və qərarda cinayətin obyektiv cəhətini inandırıcı şəkildə əsaslandırmaq vəzifəsi məhkəmənin üzərinə düşür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il № 8 nömrəli Qərarının 9-cü bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Hazırki işin hallarından görünür ki, narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən satılacağını təsdiq edən heç bir sübut mövcud deyil. Ali Məhkəmənin Plenumunun qərarında əks olunmuş mövqedən də yanaşdıqda məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitə satmaq məqsədini asanlaşdırmaq üçün çəkilib xırda bağlamalara bükülməmiş, hər hansı bir istehlakçı ilə narkotik vasitənin satışı ilə bağlı razılıq əldə edilməmiş, ümumiyyətlə, Təqsirləndirilən şəxs narkotik vasitə ilə bağlı heç bir avadanlıq aşkar edilməmiş və onun gələcəkdə narkotik vasitəni satmaq məqsədi ilə əldə etməsini təsdiq edən heç bir düzünə və ya dolayı sübut mövcud deyil. İstintaq orqanın istinad etdiyi və satış məqsədinin olmasında yeganə sübut Təqsirləndirilən şəxs göndərilən mesajlardır. Həmin mesajlarla bağlı məhkəmə qeyd edir ki, mesajlardan ibarət sübut istintaq orqanı tərəfindən əldə edilmiş və ittiham tərəfinin sübutu kimi təqdim edilmişdir. Lakin heç bir əsaslandırma aparılmadan mesajların göndərildiyi telefon nömrələri istintaq orqanına məlum olmasına baxmayaraq, istintaq orqanı həmin mesajları göndərən şəxslərdən cinayət işinin materiallarına əlavə edilməsi məqsədi ilə ifadə almamış, həmin şəxsləri məhkumla üzləşdirməmiş, bununla da özlərinin əldə etdikləri sübutu şübhə altına almışlar. Dövlət ittihamçısının vəsatəti əsasında Təqsirləndirilən şəxs sms yazan şəxslərdən birinin -Şahid7 ifadəsi alınsa da, o bu faktı qəbul etməmiş və təqsirləndirilən şəxsin əvvəllər bazarda toyuq-cücə, yumurta satışı ilə məşğul olduğundan ondan yumurta almaq üçün ona sms yazdığını bildirmişdir. Bundan əlavə, həmin mesajların mətnlərinə nəzər saldıqda da, həmin mesajlar əsasında satış məqsədini müəyyən etmək mümkün görünmür. Bu səbəblərdən məhkəmə təqsirləndirilən şəxsə göndərilmiş və heç bir cavab verilməmiş mesajları satış məqsədini birmənalı şəkildə təsdiq edən sübut kimi qəbul etmir. Belə ki, şəxsin tutulmasında iştirak etmiş və iş üzrə şahid qismində ifadə vermiş polis əməkdaşları da təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini təsdiq edən ifadə verməmiş, göstərmişlər ki, şəxs tutularkən üzərində aşkar olunmuş narkotik vasitələri şəxsi istifadəsi üçün üstündə daşımaqla gəzdirdiyini bildirmişdir. Qanunun tələbindən də göründüyü kimi, ittiham tərəfi şəxsin mobil telefonunda aşkar edilmiş mesajları göndərmiş şəxslərlə təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əlaqələrinin olub-olmamasını müəyyən etmək məqsədilə zəruri istintaq hərəkətlərini yerinə yetirməli, nəticəsindən asılı olaraq bu və ya digər qərar qəbul etməli idi. Lakin, iş materiallarından görünür ki, təqsirləndirilən şəxsin mobil telefonunda aşkar olunmuş mesajlarla bağlı nəinki mesajları göndərmiş şəxslər müəyyən edilib dindirilməmiş, həmçinin həmin mesajları göndərmiş şəxslərlə əlaqələrinə aydınlıq gətirilməmişdir . Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak məqsədilə əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayəti törətməsi kifayət qədər sübuta yetirildiyindən, onun əməli “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma”ya görə cinayət məsuliyyətini nəzərdə tutan Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən, “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyətini nəzərdə tutan Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə proses iştirakçılarının çıxışlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və Təqsirləndirilən şəxs barəsində amnistiya aktının tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsinə dair ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1 və 24-cü bəndi tətbiq edilməklə O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla), 24-cü bəndinə birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Məhkəmə amnistiya aktının tətbiqi ilə bağlı nəzərə alınmalı hallar üzrə məlumatları nəzərdən keçirib müəyyən edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın 6 və 7-ci hissələrində nəzərdə tutulan məhdudiyyətlər mövcud deyildir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi (hər iki epizod üzrə) onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut kimi tanınan 14,01 və 9,03 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalar qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olan 02 ədəd CD disk iş materiallarında saxlanılmalı (CPM-132), 91,20 (doxsan bir manat iyirmi qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16, 5.1 və 24-cü bəndlərinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin (sağalanadək) və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkiləri 14,01 və 9,03 qram, kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalar qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olan 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 91,20 (doxsan bir manat iyirmi qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 330 (üç yüz otuz) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərar elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar