Məhkəmə qərarları › İş №1(125)-22/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-22/2023

08.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-22/2023 08.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – X2 və onun nümayəndəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs Əliyeva Hicran Fəzayıl qızının və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 20 fevral 1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan Əliyeva Hicran Fəzayıl qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair X2 xüsusi ittiham qaydasında şikayətinə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əliyeva Hicran Fəzayıl qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında şikayətində göstərmişdir ki, Əliyeva Hicran Fəzayıl qızı sosial şəbəkələrdə onun və ona görə ailəsinin şəxsiyyətini, şərəf və ləyaqətini alçaldır. Onun “Mehriban” adına müxtəlif “ayamalar” qoşaraq, adını, soyadını, iş yerini göstərməklə təhqirlər edir. Onun, ailəsinin adına saxta profillər açır. Onun profilindən istifadə edərək götürdüyü anasının, azyaşlı övladının şəkillərini nümayiş etdirir, üzərindən ünvanlarına təhqirlər yazır. Onun iş yerini göstərməklə, sabiq həyat yoldaşının ad, soyadını göstərməklə, həm keçmiş həyat yoldaşını, həm də onu təhqir edir. O, “Tik-tok” sosial şəbəkəsində videolar nümayiş etdirir və həmin videoların üzərində ona ünvanlanmış, onu, ailəsini təhqir edən kommentariyalar yazır. Sabiq həyat yoldaşını ona qarşı cinayət törətməyə sövq edir. O, Əliyeva Hicran Fəzayıl qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs – X5 və nümayəndəsi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmununa uyğun çıxış edərək, hər biri ayrı-ayrılıqda Əliyeva Hicran Fəzayıl qızının Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb olunmasına dair hökm çıxarılmasını xahiş etdilər. Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs Əliyeva Hicran Fəzayıl qızı Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə özünü təqsirli bilməyərək, izahat verərək, bildirdi ki, qeyd edilən şəxsi təhqir etməmiş, iş materiallarına əlavə edilmiş “Tiktok” sosial şəbəkəsinə aid olan səhifələr ona məxsus deyil, yalnız “Hicran_love_nails” səhifəsi ona məxsusdur. Həmin səhifə isə onun işi ilə bağlıdır. Bu səbəbdən barəsində hazırki iş üzrə bəraət hökmü çıxarılmasını xahiş edir. Xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs Əliyeva Hicran Fəzayıl qızının müdafiəçisi X4 hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxslə eyni mövqedən çıxış edərək və Əliyeva Hicran Fəzayıl qızının heç bir təqsirinin olmadığını bildirərək sonuncunun barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan “Tik-Tok” sosial şəbəkəsinin “blue_hearted_women” səhifəsində xx.xx.2022-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda paylaşılmış şəkillərdən görünür ki, “Dəyərli TT izləyiciləri “Ayşegülün suçu nə” serialından sonra “MehribanQUŞun suçu nə” serialı təqdim olunur, İzləmədə qalın, “Bir boynu yoğunun hekayəsi də olacaq”; “Coming Soon, MİXXriban ləzgi qəhisi tetikdə ol, Qəhinin daldan hamilə qalıb Sı...dığı pox, Peysərin əkdiyi, Əri peysər, Oğlu peysər, gözlə”; MİXriban sənin adını mıx-la yox turba sözü ilə başlamalıdı, Səni qəşəng reklam elədimmi? Kişilər qonar səhifənə Verərsən bolluca Cırığın mədənə çatana kimi, Əri, oğlu peysər, Sən elə bilmə bitdi”; Sürtük MİXriban paylaşımları silməyimə baxma qapında gözlə məni Evində! kimi və s. ifadələr işlənmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Əliyeva Hicran Fəzayıl qızı “Tiktok” sosial şəbəkəsində olan “blue_hearted_women” səhifəsinin ona məxsus olmasını və Nüsrətlə birlikdə şəkil çəkdirib həmin səhifədə paylaşdığını bildirmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs ona qarşı verilmiş xüsusi ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən xüsusi ittihamçının ifadəsinə, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsə məxsus olan “blue_hearted_women” tiktok səhifəsindəki paylaşımlara, qeydə alınmış videoyazıya və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Əliyeva Hicran Fəzayıl qızı tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə tövsif edilir. Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət hesab edilir. Əliyeva Hicran Fəzayıl qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təsdiq edən, tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsinə əsasən insan ləyaqəti qorunur və ona hörmət edilir. Həmin maddənin İİİ hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan suiistifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 46-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafiya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Beləliklə də məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında təqsirləndirilən şəxs Əliyeva Hicran Fəzayıl qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı ilə öz təsdiqini tapmış və ona törətdiyi cinayət əməlinə görə cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, həm məhkəmə hazırlıq iclasında, həm məhkəmə baxış iclasında, həm də məhkəmə istintaqı bitdikdən sonra çıxışlar dövrü məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 37.2, 38.4, 39.1.9, 41.7, 43.1.1-ci maddələrində nəzərdə tutulmuş hallarla bağlı xüsusi ittihamçının diqqətinə çatdıraraq ona təklif etmişdir ki, hazırkı şikayət üzrə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsə qarşı verdiyi ittihamdan imtina etmək hüququ, geri götürmək hüququ, barışmaq hüququ olduğunu diqqətinə çatdırmış, lakin xüsusi ittihamçı şikayətindən imtina etmədiyini, şikayətini müdafiə etdiyini, barışmadığını bildirmişdir. Məhkəmə CM-nin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan, təqsirləndirilən şəxsə cərimə növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Məhkəmə törədilən hazırkı cinayətə görə xüsusi ittiham qaydasında təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini, cəzanın növünü və həddini müəyyən edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Avropa Məhkəməsi presedentlərində vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41- 42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35;X6rşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıq-aşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115). Cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8-ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Həmçinin məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə cərimə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qadın olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə qətimkan tədbiri seçilməmişdir. Məhkəmə dövründə Əliyeva Hicran Fəzayıl qızına müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Əliyeva Hicran Fəzayıl qızının hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 09 (doqquz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 54 (əlli dörd) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə xüsusi müsadirə olunası əmlak, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Əliyeva Hicran Fəzayıl qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 1200 (min iki yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Əliyeva Hicran Fəzayıl qızına məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 54 (əlli dörd) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar