Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-220/2024 31.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında yaşamış, başqa cinayət işi üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib daşıyaraq saxlamış və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etməsi və üzərində gəzdirməklə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında, Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, o, xx.xx.2024-cü il tarixdə saat 17:05 radələrində Gəncə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən 1 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 179 ünvanında yerləşən Gəncə şəhər BPİnin 4-cü Polis Bölməsinə gətirilmiş, Polis Bölməsində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın bel hissəsinin sol tərəfinə qoyduğu 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı Baykal 442 modelli yivli, texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu silah hesab edilən tapança, 5 ədəd zavod üsulu ilə Rusiya Dövlətində istehsal olunmuş, 9x17 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı olan döyüş sursatı hesab edilən ştat patronları və 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 12 ədəd 9x17 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan həmin kalibrli Makarov konstruksiyalı Baykal-442 tapançaların komplekt hissəsi - daraq aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etdiyi üçün məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində Gəncə şəhəri, İsmət Qayıbov küçəsində yerləşən 1 saylı tam orta məktəbin yaxınlığından keçən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb ona polis əməkdaşları olduğunu bildirib birlikdə Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinə getməyi təklif etmiş və o, da etiraz etməyib onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində olan zaman adlarını bilmədiyi polis əməkdaşları otaqların birində ona tapança və narkotik vasitə çıxarıb göstərərək, ona həmin əşyalardan birini götürüb cibinə qoymasını və guya həmin əşyanı üzərində gəzdirməsi barədə ifadə verməsini təklif etmiş, o, razılaşmadıqda isə ona fiziki və psixoloji təsir göstərmişlər. Bundan sonra məcbur olub həmin əşyalardan tapançanı götürüb şalvarının belinə qoymuş və videoçəklişlə üzərinə baxış keçirilən zaman həmin silahı çıxarıb təqdim etmişdir. Əslində saxlanılan zaman onun üzərində hər hansı bir silah olmamış və hadisə ifadəsində göstərdiyi kimi baş vermişdir. İbtidai istintaq zamanı müstəntiqə üzərindən silah aşkar edilməsi ilə bağlı polisdən qorxduğu üçün məcbur olub yalan ifadə vermişdir. Odur ki, ifadəsini nəzərə alıb ona bəraət verilməsini xahiş edir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Ona ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində odlu silahı gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmış və qrupun tərkibinə Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 daxil olmuş, qrupa rəhbərliyi isə özü həyata keçirmişdir. 08 yanvar 2024-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silahı üzərində saxlamaqda şübhəli olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, İsmət Qayıbov küçəsində yeri müəyyən edilmiş və həmin gün saat 17 radələrində o, saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə gətirilmişdir. Polis Bölməsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra videoçəklişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş və həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol tərəf bel hissəsinə qoyduğu 1 ədəd tapançanı çıxarıb təqdim etmişdir. Baxış zamanı həmin tapançanın içərisindən sandıqçası, sandıqçanın içərisində isə 5 ədəd patron aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin nömrəsi silinmiş tapançanı xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən sosial binaların yaxınlığı adlanan ərazinin qarşısından keçən Gəncə çayının içərisindən tapdığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd tapança, 1 ədəd sandıqça və 5 ədəd patron zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən polis bölməsində fiziki və psixoloji təsirə məruz qalması barədə ifadəsində göstərdikləri tamamilə yalandır. Məhkəmə istintaqında Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və odlu silahın aşkar edilib götürülməsi görüntüləri olan videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 09 yanvar 2024-cü il tarixli 24/54 nömrəli məhkəmə ballistik ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı Baykal-442 modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 05 ədəd patronlar zavod üsulu ilə, Rusiya dövlətində istehsal olunmuş, 9x17 mm kalbrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdı, döyüş sursatı hesab olunur və atəş açmaq üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 12 ədəd 9x17 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Makarov konstruksiyalı Baykal-442 tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə yoxlanılıb müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Məhkəmə-psixiatrik ekspertizasının 10 yanvar 2024-cü il tarixli 07 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda ŞƏXSİYYƏTİN ŞİZOİD POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.1 xəstəliyindən əziyyət çəkir. Cinayəti törədən zaman o, anlaqlı olmuş, onun hərəkətləri CMnin 21 və 22-ci maddələrinin təsiri altına düsmür və onun hazırda tibbi-xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X7 10 yanvar 2024-cü il tarixli 49 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 il islah işləri cəzasına məhkum edilmiş, bundan başqa Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddətinin sonu ilə cəzadan azad edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 1(044)-49/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Gəncə Şəhər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 1(125)-66/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2024-cü il tarixdən hesablanmışdır. Gəncə Şəhər Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 1(125)-137/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdən “Şizotip şəxsiyyət pozuntusu” diaqnozu ilə həmin dispanserdə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli, 276 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdən “Opioidlərdən asılılıq” diaqnozu ilə həmin dispanserdə qeydiyyatdadır. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 2 nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və psixoloji təziqlərə məruz qalması xüsusatı üzrə Baş Prokurorluğun xidməti araşdırmalar idarəsində aparılan araşdırma zamanı cinayət hadisəsi olmadığından 25 sentyabr 2024-cü il tarixdə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və psixoloji təziqlərə məruz qaldığını və üzərindən aşkar edilmiş odlu silahın ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini özünü müdafiə xarekterli ifadə kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə edib, saxlama, daşıma və gəzdirmə cinayətində təqsirli olması məhkəmədə ifadələri alınmış şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinməli və оnа həmin mаddənin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə kimi qanunsuz əməllər təsbit edilmişdir. Təsvir edilən normada - odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular cinayətin predmeti kimi çıxış etdiyi halda, cinayətin obyektiv cəhəti qeyd olunan əşyaları əldə etmədə, başqasına vermədə, satmada, saxlamada, daşımada və ya gəzdirmədə ifadə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimaihüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosialhüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayəthüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli 1(044)-49/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəli 11 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən (xx.xx.2022-ci il tarixdən) iki il keçmədiyindən onun məhkumluğu ödənilməmiş hesab olunur. Belə olan halda isə təqsirləndirilən şəxsin məhkumluğu ödənilmədən, yəni xx.xx.2024-cü il tarixdə yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 1(125)-137/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Təqsirləndirilən şəxs həmin hökmlə məhkum olunmamışdan və həmin hökm qanuni qüvvəyə minməmişdən əvvəl, yəni 08 yanvar 2024-cü il tarixdə qəsdən cinayət törətsə də, o, həmin cinayətə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş, habelə cinayətə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonuncu cinayəti hazırki hökm qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, ona hazırkı cinayət işi üzrə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətdiyinə görə ona azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəzanı çəkib qurtardıqdan sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməlində cinayətlərin residivi yaranmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən toplanmaqla ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Bundan başqa, barəsində olan digər bir cinayət işi üzrə Təqsirləndirilən şəxs 28 sentyabr 2023-cü il tarixdən 30 sentyabr 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı ümumilikdə 04 (dörd) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 04 (dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə qəti cəzanın başlanğıcı Gəncə Şəhər Məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 1(125)- 66/2024 nömrəli hökmü ilə müəyyən edilmiş 12 aprel 2024-cü il tarixdən hesablanmalı və hazırda həbsdə olması nəzərə alınmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı Baykal-442 modelli yivli, texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu silah hesab edilən tapança, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2 ədəd Rusiya dövlətində istehsal olunmuş 9x17 mm kalibrli, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı olan döyüş sursatı hesab edilən ştat patronları və 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 12 ədəd 9х17 mm kalbrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan həmin kalibrli Makarov konstruksiyalı Baykal-442 tapançaların komplekt hissəsi – olan 1 ədəd daraq müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Eyni zamanda, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış və odlu silahın götürülməsi videogörüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə məhkəmə xərci yoxdur. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 (otuz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)-137/2024 saylı 06 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində olan digər cinayət işi üzrə 28 sentyabr 2023-cü il tarixdən 30 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və hazırki cinayət işi üzrə 08 yanvar 2024-cü il tarixdən 10 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli Gəncə Şəhər Məhkəməsinin 1(125)-66/2024 saylı 28 iyun 2024-cü il tarixli hökmü ilə müəyyən edilmiş 12 aprel 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar: Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı Baykal-442 modelli yivli, texniki cəhətdən saz və atəş üçün yararlı olan odlu silah hesab edilən tapança, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2 ədəd Rusiya dövlətində istehsal olunmuş 9x17 mm kalibrli, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı olan döyüş sursatı hesab edilən ştat patronları və 1 ədəd zavod üsulu ilə istehsal olunmuş 12 ədəd 9х17 mm kalbrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan həmin kalibrli Makarov konstruksiyalı Baykal-442 tapançaların komplekt hissəsi – daraq müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin; həmçinin təqsirləndirilən şəxsin üzərinə keçirilmiş baxış və odlu silahın götürülməsi videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 (yüz səksən) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-220/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-220/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver