Məhkəmə qərarları › İş №1(125)-221/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-221/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-221/2023 25.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Siyəzən raonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Siyəzən şəhəri, Ş.Baxşıyev küçəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 1 ədəd zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını qanunsuz olaraq təxminən 2 il bundan əvvəl əldə edərək üzərində saxlayıb daşıyaraq Gəncə şəhər ərazisində gəzdirmiş, 21 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində Gəncə Şəhər BPİnin 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə gətirildikdən sonra həmin ov bıçağı onun üzərindən polis şöbəsinin inzibati binasında aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ildə o, Gəncə şəhəri M.A.Abbaszadə küçəsində yerləşən “Əminə” marketdə satıcı, Tacnur isə "xxxx" MMC-də işləmiş və sonuncu həmin marketə alqı-satqı ilə əlaqədar olaraq tez-tez gəldiyi üçün onunla həmin marketdə tanış olmuşdur. O, Tacnuru təxminən 2 ildir ki, tanımış, lakin aralarında ər-arvad münasibəti isə təxminən 3-4 aydır ki, yaranmışdır. Onların münasibəti əvvəllər yaxşı olmuş, ciddi narazılıq olmasa da, qısqanclıq üstündə bir neçə dəfə mübahisələri olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Tacnuru görmək üçün kirayədə yaşadığı ünvan 2 ünvanına getmiş, evdə Tacnurla münasibətləri haqqında söhbət edərkən sonuncunun ona xəyanət etməsi şübhəsi onda yaranmışdır. Ona görə də o, Tacnura məxsus mobil telefonu götürüb yazışmalarına baxmaq istədikdə, Tacnur ona mobil telefonunu verməmişdir. O, da şübhələrində əmin olub əsəbləşərək Tacnurun boğazından tutub itələmiş və Tacnur yerə yıxılmış, həmin vaxtdan onların münasibəti pozulmuşdur. xx.xx.2022-ci il saat 08:00 radələrində Tacnur ilə onun yaşadığı binanın qarşısında görüşmüş və həmin vaxt Tacnurun azyaşlı qızı Məryəm onun yanında olmuş, görüşməkdə onun məqsədi Tacnurun evində qalmış şəxsi paltarları və açılıbqatlanan bıçağını Tacnurdan götürmək olmuşdur. Daha sonra onlar evə keçmişlər və Tacnurun qızı Məryəm qonaq otağında telefona baxmışdır. O, da Tacnurla əşyalarını yığarkən sonuncuya ayrıldıqları üçün axırıncı dəfə cinsi əlaqədə olmağı təklif etdikdə Tacnur razılaşmış, onlar birlikdə yataq otağına keçmişlər. O, Tacnurla 2 dəfə təbii yolla cinsi əlaqədə olmuş, həmin vaxt o, Tacnuru özünə məxsus mobil telefonla videoya çəkmiş və Tacnur ona narazılıq bildirməmişdir. Sonra isə o, paltarını əyninə geyinmiş və Tacnurun evindən çıxıb getmişdir. Tacnur Mürşüdovadan ayrılmağına səbəb Tacnurun ona xəyanət etməsinə dair şübhələr olmuş, ona görə də bəhanə taparaq ondan ayrılmışdır. Tacnur 2022-ci ilin sentyabr ayının sonlarında ona ayrılmaq təklifini verdikdən sonra, ona məxsus ***-***-**-** saylı mobil nömrədən Tacnura məxsus ***-***-**-** saylı mobil nömrəyə zənglər edərək və smslər yazaraq sonuncunu söyüb təhqir edərək ayrılmamağı tələb etmişdir. Tacnur Mürşüdova yalan danışmış, o, Tacnurun yaşadığı mənzilə daxil olduqda onun üzərində əl dəstəyi qəhvəyi rəngdə olan qatlanan bıçaq olmamışdır. Həmin bıçağı evdən çıxıb gedərkən Tacnurun evindən götürmüşdür. Tacnuru və qızını bıçaqla hədələməmişdir. O, “Kəpəz” mehmanxanasının yanında dayanan zaman Tacnur Mürşüdovanın şikayəti əsasında polis əməkdaşı tərəfindən izahatının alınması məqsədilə Gəncə şəhər 2-ci PŞ-nin TB-nə dəvət edilmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən ona üzərində qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması ilə bağlı sual veriləndə o, üzərində gəzdirdiyi bir ədəd bıçağı təqdim etmiş, sonra bu barədə sənədləşmə aparılaraq izahatı alınmışdır. Həmin bıçaq ona 2020-ci il tarixdə 2-ci Vətən müharibəsində şəhid olmuş dostu Sadiq Məmmədovdan xatirə kimi qalmış, üzərində elə-belə gəzdirmiş, niyyəti həmin bıçaqdan kiməsə xəsarət yetirmək üçün istifadə olmamışdır. Sonda o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin sahə rəisi vəzifəsində işləyən Şahid3 ifadəsində göstərdi ki, X4 onun xidmət etdiyi ərazinin sakinidir. Onun icraatında Tacnur Mürşüdovanın 2022-ci ilin oktyabr ayının ortalarında qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs tərəfindən narahat edilməsi barədə ərizəsi olmuş və tərəfindən araşdırılaraq Fətihinin Tacnura bir daha yaxın getməməsi barədə izahatı alınmışdır. Lakin Təqsirləndirilən şəxs verdiyi sözə əməl etməyərək yenidən Tacnur Mürşüdovanı narahat etdiyi üçün sonuncu təkrar ona müraciət etmişdir. Həmin müraciətdə Fətihinin Tacnuru bıçaqla hədələməsi və zorlaması kimi xüsusatlar göstərilmişdir. Ona görə də o, Tacnura aidiyyəti üzrə 2-ci X5 bölməsinə ərizə verməsi barədə müvafiq izah vermişdir. Tacnur Mürşüdova da xx.xx.2022-ci il tarixdə 2-ci polis şöbəsinə yaxınlaşaraq qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs adlı şəxsin onu və qızı Məryəmi bıçaqla hədələməsi, zorla cinsi əlaqədə olması barədə müraciət etmişdir. O, da həmin gün Tacnurun müraciəti üzrə Təqsirləndirilən şəxs Tacnurun vasitəsilə “Kəpəz” mehmanxanasının yanında yerini müəyyən edib aidiyyəti üzrə Təhqiqat Bölməsinə təhvil vermişdir. Təhqiqatçı Şahid2 Təqsirləndirilən şəxs izahatını alarkən üzərində qadağan olunmuş əşyanın olub-olmamasını soruşanda sonuncu üzərində gəzdirdiyi 1 ədəd bıçağı təqdim etmişdir. Bu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində şəhər ərazisində bıçaq gəzdirmişdir. Bu barədə təhqiqatçı müvafiq sənədləşmə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə Şəhəri Baş Polis İdarəsinin 2ci X5çısı Şahid2 digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, Gəncə ŞBPİnin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı polis leytenantı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi 1 ədəd soyuq silah hesab edilən bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı təqdim etməsi barədə protokol tərtib edilmiş və götürülərək şəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 noyabr 2022-ci il tarixli 16/1236 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Üzərində təyinatının dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün tam etirafı, şahidlərin məhkəmədə verdiyi ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib əməlindən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının hələ tükənmədiyi qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 24:00-dan saat 08:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə maddi sübut: Gəncə şəhəri BPİ-nin saxlama anbarına təhvil verilmiş bir ədəd ov bıçağı Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 31.50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X3 Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 72 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 24:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Gəncə şəhəri BPİ-nin saxlama anbarına təhvil verilmiş 1 (bir) ədəd ov bıçağı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 31 (otuz bir) manat 50 (əlli) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X1 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 72 (yetmiş iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar