Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-222/2024 30.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı –Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 0.581 qram narkotik vasitə olan heroini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 21 yanvar 2024-cü il tarixdə saat 20:45 dəqiqədə Gəncə şəhər 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək yaşadığı Gəncə şəhəri, A.İmanquliyeva küçəsində yerləşən Çayxanın yaxınlığında saxlanılaraq, Gəncə şəhər N.Nərimanov 179 ünvanında yerləşən Gəncə şəhər 4-cü PB-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd gümüşü folqa bükümdə təmiz çəkisi 0.581 qram kustar üsulla hazırlanmış, narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutanlan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa, iş üzrə dindirilmiş şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, ekspertiza rəyləri, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs çıxışında ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək 1 ildir ki narkotik vasitə olan heroindən istifadə etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində o, Gəncə şəhəri, A.İmanquliyeva küçəsində yerləşən çayxanın yaxınlığında olarkən mülkü geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra polis əməkdaşları onu Gəncə şəhər 4-cü PB-nə dəvət etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər 4-cü PB-nə getmiş və orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif etmişdirlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir eşya, predmet, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. Bundan sonra o, polis əməkdaşlarına üzərində olan 1 ədəd gümüşü kağız bükülünün içərisində olan kütləni təqdim etmişdir. Həmin bükülünün içərisində narkotik vasitə olan heroin müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, bükümün ümumi çəkisi 0.81 qram olmuşdur. O, həmin kütlənin heroin olduğunu və ona məxsus olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə evə gedən zaman Gəncə şəhəri, A.İmanquliyeva küçəsində yerləşən Stadion yaxınlığında olan zibil qutusunun yanında, yerdə 1 ədəd siqaret qutusunun içərəsindən tapdığını, həmin narkotik vasitədən heç kimə satmadığını, başqa yerdə saxlamadığını, bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə qablaşdırılmış, sonra zərfə qoyularaq 181 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişdir. Həmin kütlə ona məxsus olmuş və o həmin kütləni özü təqdim etmiş, polis idarəsinə gətirilən zaman və polis idarəsində olan zaman mənə polis əməkdaşları və ya başa şəxslər tərəfindən heç bir fiziki və psixi zorakılıq göstərilməmişdir. Onun həmin narkotik vasitəni üzərində saxlamaqda məqsədi istifadə etmək olmuşdur, onun başqa bir məqsədi olmamışdır. O, yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə saxlamamışdır. Sonda o, əməlindən peşman olduğunu, ailəsində yeganə qazanc gətirən şəxs olduğunu və himayəsində xəstə anasının olduğunu məhkəmənin nəzərinə çatdıraraq onun barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər 4-cü PB-nin əməliyyat müvəkkili Şahid1 çıxışında göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı bir münasibəti olmamışdır. 21 yanvar 2024-cü il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra bölmənin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 21 yanvar 2024-cü il tarixdə, saat 20:45 radələrində Təqsirləndirilən şəxs yaşadığı A.İmanquliyeva küçəsinin yaxınlığında olan çayxanada olmasını müəyyən etdikdən sonra ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş və barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmişlər. Daha sonra ona üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri 4-ci PB-nə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Nofəl Mustafayev dəvət etmiş Təqsirləndirilən şəxs təqdim etmişlər və Atəş müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüş rəngdə kağıza bükülmüş, vəziyyətdə olan bükümü təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində ağ rəngli toz formalı ilk görüşündən narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin kokos olmasını bildirmiş və həmin bükümü Gəncə şəhər A.İmanquliyeva küçəsində yerləşən Çayxananın yaxınlığında saxladığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq fikri olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün ümumi çəkisi 0.81 qram olması müəyyən edilmişdir. Həmin büküm ağ rəngli zərfə qoyularaq, DİN-nin 181 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid Gəncə Şəhər 4-cü BP-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. Şahid2 ifadəsi Şahid1 göstərmiş olduğu xüsusatlar ilə eynilik təşkil etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış HK-1/77 saylı materialda əsasında fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır (i.v.1); -“şübhəli şəxsin tutulması haqqında” 21 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:45-də Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(i.v.9); -“şəxsi axtarış və götürmə haqqında” 21 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Gəncə şəhər 4-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, polis kapitanı Şahid2, təhqiqatçı, polis kapitanı X6, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X4 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən götürülən bir ədəd gümüşü rəngli folqaya bükülmüş kokos kimi tanınan heroin elektron tərəzidə çəkilərək ümumi çəkisi 0,81 qram olduğu müəyyən edilmiş, ağ rəngli zərfdə qablaşdırılaraq, üzəri "DİN-nin 182 saylı" möhürü ilə möhürlənərək götürülmüşdür (i.v.29- 30); - “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in X7” 22 yanvar 2024-cü il tarixli 16/114 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 0,81 qram vasitə...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0581 qram maddə, kustar üsulla hazırlanmış vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının” ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının l bəndinə daxildir; (i.v. 42- 43); - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v. 55-56); - 23 yanvar 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. (i.v.63-65); - 23 yanvar 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir.(i.v. 79-80); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 373 saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur(i.v.89); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış 23 yanvar 2024-cü il tarixli, №38 saylı arayışdan məlum olur ki, ünvan 1 yaşayan 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə dispanserə müraciət etmiş və ona “Şəxsiyyət dissosial tip pozuntusu, özünü kəsmələrlə” diaqnozu qoyulmuşdu. Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2021-ci il tarixdə dispanserə müraciət etmişdir. Bundan sonra bir daha dispanserə müraciət etməmişdir. (i.v.90); - 26 yanvar 2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər 4-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı X9, Gəncə şəhər 4-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin bölmənin polis kapitanı Şahid2 və müdafiəçi X4 iştirakı ilə, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüş rəngli folqaya bükülmüş, vəziyyətdə olan bükümü təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində olan kokos ilk görüşündən narkotik vasitə olan heroin oxşar kütlə olması müəyyən olunur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin kokos olmasını bildirdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümü Gəncə şəhəri A.İmanquliyeva küçəsində yerləşən çayxananın yaxınlığında saxladığını, şəxsi istifadəsi üçün üzərində saxlamış, satmaq fikri olmadığını bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər-hansı əşya və predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşakar edilmiş bükümün əksinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkildi. Folqaya bükülmüş olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 0.81 qram olması müəyyən edildi. Həmin folqa büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 181 saylı" möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalandı. (i.v.91); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X1 Məcburi Narkoloji-Tibbi Yoxlamanın 26 yanvar 2024-cü il tarixli, 116 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (i.v.92); - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “tələbnamədən” görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.( i.v. 94); - “Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının” 26 yanvar 2024-cü il tarixli 62 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman ÖZÜNÜ KƏSMƏLƏRLƏ MÜŞAYƏT OLUNAN ŞƏXSİYYƏTN DİSSOSİAL TİP POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.2 xəstəliyindən əziyyət çəkmişdir. O, hal-hazırda da ÖZÜNÜ KƏSMƏLƏRLƏ MÜŞAYƏT OLUNAN ŞƏXSİYYƏTN DİSSOSİAL TİP POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.2 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs ÖZÜNÜ KƏSMƏLƏRLƏ MÜŞAYƏT OLUNAN ŞƏXSİYYƏTN DİSSOSİAL TİP POZUNTUSU XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. O, hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. (i.v. 96-98); - Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB-nin 9 saylı XS-nin xx.xx.2024-cü il tarixli, №63 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. Ailə tərkibi anası X5 və bacısı X3 ibarətdir. ( i.v.105); - Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB-nin 9 saylı XS-nin xx.xx.2024-cü il tarixli, №63 saylı xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və yaşadığı müddətdə onun barəsində 9 saylı XS-yə heç bir şikayət daxil olmamışdır. (i.v.106); - Gəncə şəhər 4-cü PB-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-57/4-596/24 saylı əməliyyat tapşırığına cavab məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. (i.v.107); Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılması, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,581 qram narkotik vasitə heroin, eləcə də içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırki cinayət işi üzrə maddi sübut kimi tanınması, narkotik vasitənin saxlanılması üçün Gəncə şəhər BPİ-nin anbarına təhvil verilməsi, cinayət işi materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən şəxsi axtarış və götürmə haqqında protokol, şahidlərin ifadələri, Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 373 saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış 23 yanvar 2024-cü il tarixli, №38 saylı arayışları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X1 Məcburi Narkoloji-Tibbi Yoxlamanın 26 yanvar 2024-cü il tarixli, 116 saylı ,“Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının” 26 yanvar 2024-cü il tarixli 62 saylı rəyləri, Gəncə şəhəri İcra Hakimiyyəti MKTİB-nin 9 saylı XS-nin xx.xx.2024cü il tarixli, №63 saylı arayışı və xasiyyətnaməsi, diskǝ baxış protokolu iş üzrə sübut növləri kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.111-1119); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs üzərindən ümumi çəkisi gümüşü rəngli folqalı bükümlə birlikdə 0,81 qram kütləni xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, A.İmanquliyeva küçəsində yerləşən Stadionun yaxınlığında olan zibil qutusunun yaxınlığında yerdən tapdığını bildirmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və səmimi peşmançılığını, himayəsində xəstə anasının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları olmasını, ağırlaşdıran halların isə olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq, məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanlarının hələ tükənmədiyi qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs 21 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 yanvar 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, ona təyin olunmuş cəzadan 4 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhərBaş Polis İdarəsində saxlanılan, qalıq qalan 0,531 qram narkotik vasitə heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, iş üzrə maddi sübut – 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir.“Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,531 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-222/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-222/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver