Məhkəmə qərarları › İş №1(125)-228/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-228/2023

08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-228/2023 08.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1973-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1-də yaşayan, barəsində başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində yaşadığı ünvan 1 ünvanında Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr deməsinə görə aralarında yaranmış şəxsi münasibətlər zəminində yumruq və ayaq zərbələri vurub sağ yanaq nahiyəsinin qançırı, alın nahiyəsinin sıyrığı, sağ bud nahiyəsinin səthi yarası ilə nəticələnən və sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi, hemotoması xəsarətləri ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun bacanağıdır. xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində yaşadığı evdə olan zaman, ona adını sonra öyrəndiyi Şərayət adlı şəxs zəng etmiş, zəngə cavab verən zaman, həmin şəxs ondan Əkbərin arvadı Sevincin onların evdə olub-olmamağı barədə soruşmuş, o, isə cavab olaraq onu narahat etməməsini tələb etmişdir. Daha sonra qayınanası Şahid3 ona zəng vuraraq kürəkəni Əkbərin onları narahat etdiyini və mübahisə yaratmağı barədə bildirmişdir. Daha sonra bacanağı Əkbərin yaşadığı evə getmiş, qayınanası Ədalətin evinə daxil olduqda, Əkbərin evdə münaqişə yaratdığını gördükdə, Əkbəri sakitləşdirməyə və ailə üzvləri ilə barışmasını tələb etmiş, Əkbər onu təhqir etmiş və yaxasından tutaraq əynindəki paltarları cırmışdır. Münaqişə bir neçə dəqiqə davam etmişdir. Dava zamanı yalnız özünü müdafiə etmişdir. Özünü müdafiə edərkən qarşı tərəfə xəsarət yetiribyetirmədiyini xatırlamır. Zərərçəkmiş şəxs ilə barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən yaşadığı evə gəlmiş və evə daxil olduqdan sonra arvadı Sevincin və qızım Fatimənin evdə olmadığını aşkar etmiş bundan sonra həyat yoldaşı Sevincin mobil telefonu olmadığı üçün tanışı Şərayətə zəng vurub Sevincin evdə olmadığını bildirmişdir. Daha sonra Şərayətlə 2ci Polis Şöbəsinin qarşısında görüşmüş və onun yaşadığı evə gəlmişlər. Evdə olan zaman Şərayət onun bacanağı Vüqara zəng vurmuşdur. Vuqardan Sevincin harada olduğunu soruşduqda, Vüqarın hazırda Sevinclə birlikdə bir yerdə restoranda oturduqları barədə dedikdə, tanışı Şərayət ona utanmadığı barədə soruşduqda, Vüqar cavab olaraq yaxşı elədiyini bildirmiş və Şərayət iradını bildirərək zəngi bitirmişdir. Bir neçə dəqiqə sonra qayınanası Ədalət, arvadı Sevinc və qızı Fatimə evə daxil olmuş,həyat yoldaşı Sevincdən harada olduqlarını soruşduqda, cavab olaraq dayısı İsrayilin evində olduqlarını barədə bildirmişdir. Daha sonra qayınanası Ədalət ilə mübahisə etmiş, lakin yenidən masa arxasına oturub yemək yeməyə davam etmişdir. Bundan 10 dəqiqə sonra bacanağı Vüqar, onun oğulları Kənan və Fərman, yaşadığı evə daxil olmuşlar. Vüqar Şərayətdən niyə ona zəng vurduğu barədə soruşduqda, Vüqara Şərayətdən nə istədiyini soruşmuş Vüqarın ona yumuruqla zərbə endirmiş və həmin vaxtı yerə yıxılmış, yerdə Vüqarın təpiklə onun sağ buduna zərbə endirmişdir. Daha sonra polis əməkdaşları yaxınlaşmış və onları 2-ci Polis Şöbəsinə dəvət etmişlər.Baş vermiş dava-dalaş zamanı sinəsindən, sifətindən və sağ bud nahiyəsindən xəsarət almışdır. Təqsirləndirilən şəxslə hazırda barışmışdır. Bu barədə notarial ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır o, Samux rayonu Əhmədbəyli kəndində onunla qonşudur. Hazırda ünvan 3 ünvanında yaşayır. xx.xx.2022-ci il tarixdə saat 13-14 radələrində Zərərçəkmiş şəxs həyat yoldaşı Sevinc və onun anası Ədalət və Əkbərin qızı Fatimə onun yaşadığı evə qonaq gəlmişlər. Onlar evləri üçün lustur aldırmaq üçün ondan bəlkə usta tanıdığını soruşmuş, o, da onlara Şükür adlı ustanı tanıdığını bildirmiş bundan sonra tanıdığı Şükür adlı ustaya zəng etmiş, zəng etdikdən 15 dəqiqə sonra həmin usta gəlmiş və onlar evdən çıxıb Zərərçəkmiş şəxs ünvan 4 ünvanına getmişlər. Həmin evdə Şükür adlı usta Əkbərin həyat yoldaşı Sevincin aldığı lusturu və aristonu bağlamış və bunun müqabilində Sevincin anası Ədalət ona 15 manat pul vermişdir. Usta evə işləyən zaman o, yaxınlıqda olan Nənəmin Təndiri adlanan marketdən bazarlıq etmiş və gəlib yemək bişirmişdir. Usta öz işini qurtardıqdan sonra hamısı oturub çörək yemiş sonra o, usta ilə birlikdə çıxmışdır. Həmin günü təxminən saat 20 radələrində evdə olan zaman Zərərçəkmiş şəxs ona zəng edib həyat yoldaşı Sevincin harda olmasını soruşmuş, o, da ona demiş ki, bir iki saat əvvəl onlarda olan zaman həyat yoldaşı Sevincin qızı Fatimə və qayınanası Ədələtin evə olduğunu və onları evdə qoyub çıxmışdır. Əkbər isə ona demiş ki, evdə heç kim yoxdur. Sonra o, əynimi geyinib Əkbərgilə getmişdir. 2-ci Polis Şöbəsinin qarşısında Əkbər onun qarşına çıxmış və onunla Əkbərin yaşadığı ünvan 4 ünvanına getmişdir. Evə girəndə görmüş ki, həqiqətən heç kimyoxdu. Sonra o, Əkbərlə evdə oturmuş ondan həyat yoldaşının harda olmasını soruşmuş o, da Əkbərə onların harda olmasını bilmədiyimi demişdir. Sonra Əkbər evdə olan yeməyi qızdırıb yeməyə başlamış və həmin vaxtı spirtli içki qəbul etmişdir. Həmin vaxtı Əkbər ondan Sevincə zəng etməyini istəmişdir. O da, əvvəllər Sevinclə bir neçə dəfə danışdığı mobil nömrəni yığmış ki, harda olmasını soruşsun. Həmin vaxtı bir nəfər kişi telefonu açmış, ondan kim olduğunu soruşmuş həmiş şəxs Vüqar olduğunu demiş və ondan Sevincin harda olmasını soruşmuşdur. Bu zaman Vüqar Sevincin yanında olduğunu və hansısa restoranda olduqlarını və yiyib içdiklərini demişdir. Bu zaman bütün bu sözləri Əkbər kənardan eşitmişdir. Bundan sonra o telefonu söndürmüşdür. Bundan sonra Sevinc onun anası Ədalət və Əkbərin qızı Fatimə evə gəlmişlər. Təxminən 5-7 dəqiqə sonra evə Əkbərin bacanağı Vüqar daxil olmuşdur. Vüqar evə daxil olduqdan sonra onun üzərinə gələrək onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra Vüqar onu vurmaq istəyən zaman Əkbər onun əlini tutmuş bu zaman Vüqar Əkbərə yumruqla sifət nahiyəsinə vurmuş, bundan sonra Əkbər yerə yıxılmış. Əkbər yerə yıxılan kimi Vüqar yerdə onu vurmağa başlamışdır. Bu zaman o, çölə çıxıb DİN-in 102 xidmətinə məlumat vermişdir. Sonradan polis əməkdaşları gəlmiş və həmin vaxtı dava-dalaşda olan hər kəsi polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Rəsmi olaraq Samux rayonu Əhmədbəyli kənd orta məktəbində texniki işçi işləyir. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Həyat yoldaşı Zərərçəkmiş şəxsla əvvəllər münasibəti yaxşı olmuş lakin son vaxtlar Əkbər tez-tez spirtli içki qəbul etdiyi üçün onların aralarında narazılıqlar yaranmış hətta Əkbər 2022-ci ilin oktyabr ayında onu döydüyü üçün Samux rayon Polis Şöbəsinə müraciət etmiş və Samux rayon Polis Şəbəsində araşdırma olmuş və Zərərçəkmiş şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə qərar qəbul edilmiş, həmin qərar əsasında Samux rayon məhkəməsi Zərərçəkmiş şəxs 400 AZN cərimə etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində dayısıgilə Gəncə şəhəri İsrafil Məmmədov küçəsi 1-ci döngə ev 40-da yaşayan X5gilə getmişdir. Həmin günü saat 20 radələrində anası Ədalətlə birlikdə dayısı İsrail Cəfərovun evindən çıxıb yaşadığı ünvan 4 ünvanına qayıdanda görmüş ki, evin qapısı açıqdır və həyat yoldaşı Zərərçəkmiş şəxs evdə Samux rayonu Əhmədbəyli kəndində qonşuları olan Şərayət adlı qadınla oturub spirtli içki qəbul edir. Həmin vaxtı anası Ədalətlə içəri daxil olmuş Əkbər ondan harda olduğunu soruşanda ona dayısı gildə olduğunu deyən zaman onun yanında olan Şərayət adlı qadın ona niyə yalan deyisən demiş ona yalan demədiyini demiş və onların aramızda mübahisə yaranmışdır. Mübahisədən sonra Şərayət adlı qadın ondan Əkbərin şalvarının sağ tərəfində sanki nəyəsə ilişib cırılmasına oxşar cırıq olduğu üçün həmin çırığı tikməsini istəmiş lakin o, tikməkdən imtina etmiş bundan sonra Şərayət ondan iynə sap alıb Əkbərin şalvarında olan cırığı tikmişdir. Şərayət adlı qadın həyat yoldaşı Əkbərin şalvarını tikdikdən sonra Əkbər ona demiş ki, yaşadıqları evin satılması ilə bağlı ərizəyə imza etməsini istəmiş o, da razılıq vermədikdə o, stolun üstündə olan bıçağı götürmək istəyən zaman anası Ədalət həmin bıçağı onun əlində almış, bundan sonra Əkbər evin mətbəxinə gedərək ordan yenidən bıçaq götürüb onun üstünə gəlmişdir. Yenidən anası Ədalət onun qarşısına çıxaraq əlində olan bıçağı əlindən almışdır. Bundan sonra anası Ədalət telefon vasitəsi ilə bacısı yoldaşı Vüqara zəng etmiş və təxminən 15-20 dəyqə sonra bacısı yoldaşı Vüqar onlara gəlmiş və içəri daxil olan kimi Şərayət adlı qadın Vüqara nalayiq sözlər işlətmiş həmin vaxtı həyat yoldaşı Əkbər stolu götürərək Vüqara atmışdır. Vüqar həmin vaxtı kənara çəkilmiş və Əkbərə demiş ki, dava-dalaşa gəlmədiyini niyə belə etdiyini demişdir. Bundan sonra Vüqar və Əkbər sakitləşərək və söhbət etməyə başlamışlar. Ancaq Şərayət adlı qadın DİN-in 102 xidmətinə məlumat vermiş və biz az keçdikdən sonra polis əməkdaşları gəlmiş və Əkbəri və bacısının yoldaşı Vüqarı polis şəbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 15 noyabr 2022-ci il tarixli 2008 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər — döş qəfəsinin yumşaq toxumalarının əzilməsi, hemotoması, sağ yanaq nahiyəsinin qançırı, alın nahiyəsinin sıyrığıbərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə döş qəfəsinin yumşaq toxumalarının əzilməsi, hemotoması xəsarətləri sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa YÜNGÜL zərər vurmaya, sağ yanaq nahiyəsinin qançırı, alın nahiyəsinin sıyrığı, sağ bud nahiyəsinin səthi yarası isə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilmir. xx.xx.2023-cü il tarixli “Baxış aparılması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Musahib oğlunu döyərək xəsarət yetirdiyi yerə baxış keçirilərək şəkilləri çəkilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. xx.xx.2023-cü il tarixli küçə üçlüyünün 21 saylı “Xasiyyətnaməsindən” görünür ki, özünü nizam-intizamlı aparır, barəsində heç bir şikayət xarakterli material daxil olmamışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs 03 may 2023-cü il tarixli notarial ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və onu bağışlayır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayət tələbi yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, zəzərçəkmiş şəxslə barışmış, ona qarşı heç bir şikayət tələbi yoxdur, ona görə də cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tam ödənildikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət törətdikdən sonra zərərçəkmiş şəxslə barışıb ona dəyən ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Qərar qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin40.3, 43.2.1, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Qərar qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar