Məhkəmə qərarları › İş №1(125)-23/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-23/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-23/2022 21.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra– CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0.547 qram narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 0.184 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 05 yanvar 2022ci il tarixdə saat 15:50-də Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda və satmaqda şübhəli bilinərək o, Gəncə şəhəri, Atatürk prospekti 197 ünvanında yerləşən yaşadığı binanın qarşısında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinə aparılmış və üzərində şəxsi axtarış aparılan zamanı sonuncunun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,547 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,184 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, o, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir və bir neçə ildir ki, narkotik vasitə olan kakos adlandırdığı heroin istifadə edir. 05 yanvar 2022-ci il tarixdə səhər saatlarında yaşadığı binanın yaxınlığında olan zibil yeşiklərinin yanında yerdə bir büküm olduğunu görmüşdür. Həmin göy rəngli siqaret falqasına bükülü olan bükümü yerdən götürmüşdür. Həmin bükümü əlinə alıb açan zaman içərisində daha iki ədəd kiçik sellofan büküm olduğunu görmüşdür. Həmin bükümləri açan zaman isə birinin içərisində narkotik vasitə olan kakos adlandırdıqları heroin olduğunu, digərinin içərisində isə patı adlandırdıqları maddə olduğunu görmüşdür. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin maddələri görən kimi tanımış və şəxsi istifadəsi üçün götürərək üzərində saxlamaq qərarına gəlmişdir. O, günorta saatlarında yaşadığı binanın qarşısında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyərək onu saxlamışlar və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan onu polis idarəsinə aparmışlar. Müdafiəçisinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirmişlər. Axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı içərisində heroin və metamfetamin olan iki ədəd büküm aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və bükümün birinin çəkisi 0,3 qram, digərinin çəkisi isə 0,8 qram olmuşdur. Bundan sonra həmin kütlələr qablaşdırılmış, o, və digər iştirakçılar həmin zərfin üzərini imzalamışlar. ***-***-**-** mobil nömrəsini o, tapmış və istifadə etmişdir. Onun istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə mesajlar gəlmiş və həmin mesajlar İlqar adlı şəxsə yazılmışdır. Onun istifadə etdiyi telefona gələn mesajlar başqa İlqar adlı şəxsə yazmışdır ona yox. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması, istifadə etməsi və satması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. Sonra həmin məlumat əsasında 1-ci PŞ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı X4 ilə birlikdə saat 15 radələrində Gəncə şəhəri, Atatürk prospekti 197 ünvanına getmişlər və Təqsirləndirilən şəxs orada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Nizami RPİ-nə dəvət etmişlər. Gəncə şəhər Nizami RPİ-də Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən göy rəngli siqaret falqasına bükülmüş 1 ədəd ağ sellofanın içərisində kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1 ədəd ağ sellofanın içərisində toz şəkilli, qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə olan “heroinə” oxşar kütləni təqdim etmişdir. Həmin 1 ədəd ağ sellofanın içərisində kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə içərisində olan sellofanla birlikdə tərəflərindən elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,3 qram olmuşdur. Sonra 1 ədəd ağ sellofanın içərisində toz şəkilli, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və narkotik vasitəyə oxşar kütlənin büküm ilə birlikdə çəkisi 0,8 qram olmuşdur. Həmin bükümlər kağız zərfə qablaşdırılmış və möhürlənərək iştirkçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid X4 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05 01.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 01.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” haqında qətimkan tədbiri seçilmiş və o, saxlandığı Gəncə şəhər Baş Polis İdarəsinin MSYdən azad edilmiş və bu barədə protokol tərtib edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsi axtarış haqqında 05 01.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən göy rəngli və gümüşü rəngli siqaret falqasına bükülmüş 1 ədəd ağ sellofanın içərisində şüşə kristal şəkilli psixatrop maddə olan “metamfetamin”ə bənzər kütlə və 1 ədəd ağ sellofanın içərisində toz şəkilli, qəhvəyi rəngli, narkotik vasitə “heroin”ə bənzər kütlə aşkar edilərək götürülməsi barədə videoçəkiliş aparılmış və protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 bölməsinin xx.xx.2022-ci il tarixli, 16/13 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” yazı və imzalar olan kağız paketdəki 1 ədəd səffaf sellofan bükümdə təmiz çəkisi 0.547 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan - heroindir (heroinin təmiz çəkisi – 0.547 qram, tədqiqata sərf edildi – 0.05 qram, qalıq – 0.497 qramdır), həmin kağız paketdəki 1 ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0.184 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir (metamfetamin təmiz çəkisi – 0.184 qram, tədqiqata sərf edildi – 0.01 qram, qalıq 0.174 qram). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq, Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-nə təhvil verilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan qətimkan tədbirini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil verilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli 4(044)-30/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2022-ci il tarixli 4(044)-52/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan video görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami RPİ-nin təhqiqatçısı, polis kapitanı Bəxtiyar Həşimovun, Nizami RPİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Nizami RPİ-nin əməliyyat müvəkkili, polis leytenantı Ramiz Qasımovun, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Barəsində şəxsi axtarış aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqi yardım almaq, şübhəli şəxsin hüquq və vəzifələri izah edildi və vəkil Müdafiəçi onun müdafiəçisi kimi iştirakı təmin edildi. Bundan sonra Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən göy rəngli siqaret falqasına bükülmüş 1 ədəd ağ sellofanın içərisində kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 1 ədəd ağ sellofanın içərisində toz şəkilli, qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə olan “heroinə” oxşar kütləni təqdim etdi. Həmin 1 ədəd ağ sellofanın içərisində kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə içərisində olan sellofanla birlikdə elektron tərəzidə çəkildi və ümumi çəkisi 0,3 qram oldu. Sonra 1 ədəd ağ sellofanın içərisində toz şəkilli, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkildi və narkotik vasitəyə oxşar kütlənin büküm ilə birlikdə çəkisi 0,8 qram oldu. Həmin bükümlər kağız zərfə qablaşdırıldı və möhürlənərək iştirkçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilmədi. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və üzərindən aşkar edilmiş kütlələri yaşadığı binanın yaxınlığındakı zibil qablarının yanında yerdən tapdığını, həmin kütlələrdən istifadə etmədiyini və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə iclasında içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə daxil olmuş "xxxx" MMC-dən əldə edilmiş sms və zənglərin mümkün məlumatlarını özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrədən “GELİREM CETİNİ QAYTARİM ON MANATİMİ VER USTUNU DUZELDİF YARİ GOTUREJEM BU NEDİ VERİFSEN LOXAM MEN”, “AYE AC GELİM ON MANATDİX CET VER HEC OLMASA HEC OLMASA NARMALNİ VER SEN ATANİN GORU” , “Okuwun cibinde 200? manati vaar acdaana temaa varmi burda seni gozduyuruk”, “Geliremm 15dik hazirla dunen uwaga verdiyin qeder verersen 15 manatdiq”, “PUL TAPMADİM QAQA SABAH SAAT 10DA GELEJEM GOTURUB İWE GEDEJEM MENE BİDENE 20LİK SAXLA SEHER TEZDEN MUTLEQ GELEJEM”, “QAQA GELİM BİDENE 10UX BİDENE 15DİK DUZ QOW ELE CVB VER ZARYATKA AZDİ” məzmununda, 055-535-5730 saylı mobil nömrədən “Ay İlqar deyirem o mendeki siqaret aparati var ey onu saa versem sen maa birdene 10.manatlix vere bilersen mi qaqa emele geler mi hele elemey”, “Qaqa beyax o maa deyen Adam dedi zeh vur gör alinir sa pul verim götür oda sora burcutdu deye gele bilmedim zengine de üzüm gelmedi cavab verim üzürlü s” məzmununda smsləri yazılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə müxtəlif nömrələrdən çox saylı zənglər daxil olmuş eləcədə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən müxtəlif nömrələrə çoxsaylı zənglər edilmişdir. Yazılmış bütün bu smslər Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 387 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası CPMnin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai - təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 234.2-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Hazırkı halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət (CPM-nin 158.2.1-ci maddəsi); ev dustaqlığında saxlanıldığı müddət (CPM-nin 158.2.2-ci maddəsi) daxildir. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti CPM-nin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində həbs qətmkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.497 qram narkotik vasitə olan heroin və 0.174 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə ekspertizasının xərci 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günə bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla, cəmi 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq, 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətmkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan ümumi təmiz çəkisi 0.497 qram narkotik vasitə olan heroin və 0.174 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar