Məhkəmə qərarları › İş №1(125)-23/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-23/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-23/2025 21.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Ermənistan SSR, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Əziz Əliyev prospekti, ev 218, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 0.295 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 26 fevral 2024-cü il tarixdə saat 16 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddələri əldə etməkdə, üzərində daşımaqda, saxlamaqda və istifadə etməkdə şübhəli bilinərək Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsində saxlanılaraq ünvan 1 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş, idarədə onun üzərində şəxsi axtarış zamanı əyində olan qara rəngli balonka plaşın sol cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0.295 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 26 fevral 2024-cü il tarixdə polis əməkdaşları onu saxladığı gün o, tanışı Ayşən adlı xanımın evində olmuş və onun evindən çıxdığı zaman Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsində mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və ona Gəncə şəhər BPİ-nə getməyi təklif edib üzərində narkotik vasitə olduğunu bildirmişlər. O, cavab olaraq üzərində narkotik vasitə olmadığını bildirmişdir. Polis əməkdaşları onun üzərinə baxış keçirtdikdə onun üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. O, həmin psixotrop maddəni Ayşən adlı şəxsin onun üzərinə qoyduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər narkotik vasitədən ağrılarının kəsməsi üçün istifadə etmiş, polis şöbəsində polislərin təzyiqi nəticəsində narkotik vasitənin ona məxsus olduğunu bildirmiş və polis əməkdaşları şöbədə ona şillə vurmuşlar. Himayəsində yetkinliik yaşına çatmayan bir övladı var. Sonda məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayının sonlarında ona Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsində narkotik vasitələrin, psixatrop maddələrin istifadəsində, qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlayaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirmiş və idarədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl onun hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi ilə təmin edilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan plaşın cibindən 1 ədədə sellofan bükümdə olan kristal şəkilli hissəciklərdən ibarət kütləni çıxarıb təqdim etmiş, həmin kütlənin “patı” kimi tanıdığı metamfetamin olduğunu və Gəncə şəhərində “Kilsə” adlanan yerin yaxınlığında yerdən tapdığını və şəxsi istifadə üçün üzərində saxladığını söyləmişdir. Bundan sonra həmin büküm çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırlb götürülərək, bu barədə protokol tərtib edilmişdir. Həmçinin Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixatrop maddənin özünə məxsus olmasını könüllü olaraq boynuna almış, idarədə polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs şillə vurulmamış və ona qarşı hər hansı bir fiziki zorakılıq yaxud psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2, Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata götürülməsi” haqqında 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. -“Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. -“Təqsirləndilən şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində ifadə verərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və törətdiyi əməli könüllü etiraf etmişdir. -“Qətimkan tədbirin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə o, Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunmuşdur. -“Şəxsi axtarış və götürmə aparılması barədə” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntüdən görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-də xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkiliş materiallara əlavə edilmişdir. Həmin video görüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X6, Gəncə şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və müdafiəçi X1 iştirakı ilə, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli balonka plaşın ön sol cibindən 1 ədəd sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli hissəciklərdən ibarət kütləni çıxardaraq təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində olan ilk görüşündən psixatrop maddə olan metamfetaminə oxşar kütlə olması müəyyən olunur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin “patı” olmasını bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümü günorta saatlarında siqaret qutusunun içərisində “Kilsə” adlanan ərazidə yerdən tapdığını, daha sonra həmin siqaret qutusunu atdığını, həmin bükülüdən istifadə etmədiyini, şəxsi istifadəsi üçün üzərində saxladığını, satmaq fikri olmadığını bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç bir əşya və ya predment aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşakar edilmiş bükümün çəksinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilir, sellofana bükülmüş olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 0,53 qram olması müəyyən edilir. Həmin kağız bükümü içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır, bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 91 saylı" möhürü ilə möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Bununlada baxış başa çatdırılir. - Məhkəmə-kimyəvi ekspertizasının 27 fevral 2024-cü il tarixli 16/278 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 0,295 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. - Məhkəmə-narkoloji ekspertizasının 10 may 2024-cü il tarixli 805 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobioidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - Təqsirləndirilən şəxs psixotrop maddəni haradan əldə etməsi, kiməsə psixotrop maddə satması, o cümlədən psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və cinayət işinə əlavə olunmuş əməliyyat tapşırığına cavab məktubundan məlum olmuşdur ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə psixotrop maddə satması, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. - DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Narkoloji Dispanserdən alınmış xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - “Sübutların qiymətləndirilməsi haqqında” 14 may 2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,245 qram olan psixotrop maddə olan metamfetamin və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut növü kimi tanınmışdır. - Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş 08 yanvar 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. -Elektron məhkəmə çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cü il təvəllüdlü X4 adlı bir yetkinlik yaşına çatmayan övladı var. Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli balonka plaşın ön sol cibindən 01 (bir) ədəd sellofana bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb təqdim etməsi öz təsdiqini tapmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən fiziki zorakılığa məruz qaldığını, bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən psixotrop maddə olan metamfetaminin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi sonuncu ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr, məhkəmə istintaqı zamanı ilkin verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadələrində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Gəncə şəhəri Bəxtiyar Əliyev küçəsində olarkən mülki geyimdə 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Sonra onlar onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə getmişdir. İdarənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirmişlər ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə həmin gün növbətçi vəkilin yardımından istifadə edə bilər.O, təqdim olunmuş vəkillərin siyahısından Rasim Allahverdiyevin onun hüquqlarının dövlət hesabına müdafiə olunması üçün gəlməsini bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi Rasim Allahverdiyev dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Həmin sənədlər müdafiəçi tərəfindən ona ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalamışdır. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı narkotik vasitə olub-olmaması barədə sual verilən zaman o, könüllü olaraq üzərində olan qara rəngli pencəyin sol yan cibindən 1 ədəd kağıza bükülmüş içərisində psixotrop maddə olan metamfetamini çıxardaraq təqdim etmişdir. Həmin bükülünün nə olması soruşulmuş, o bükülmüş halda olan kütlənin “patı” olduğunu və həmin bükülünü 26 fevral 2024-cü il tarixdə günorta saatlarında siqaret qutusunun içərisində “Kilsə” adlanan ərazidə yerdən tapdığını, daha sonra siqaret qutusunu atdığını, həmin kütlədən heç kimə satmadığını, başqa yerdə saxlamadığını özünün istifadə etmədiyini bildirmişdir. Sonra iştirakçılar tərəfindən üzərinə axtarış keçirilmiş və üzərindən başqa heç bir əşya və predment aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağıza bükülmüş kütlə aptek tərəzisində çəkilmiş və ümumi çəkisi 0,53 qram müəyyən edilmişdir. Həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənmişdir. Baxış video kamera ilə çəkilərək protokola əlavə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs müdafiəçisinin yanında ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qaldığını bildirdiyindən, məhkəmə həmin xüsusatların araşdırılması üçün müvafiq məlumatı Gəncə şəhər prokurorluğuna göndərmiş və Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş 08 yanvar 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, həmin xüsusat üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən fiziki və psixoloji zorakılığa məruz qalması ilə bağlı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsəində yetkinlik yaşına çatmayan bir uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları nəzərə alaraq məhkəmə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan məcburi müalicə almaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0.245 qram olan psixatrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat (otuz manat qırx qəpik) pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM- 198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 23 (iyirmi üç) saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 138 (yüz otuz səkkiz) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 0.245 qram metamfetamin məhv edilsin, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 138 (yüz otuz səkkiz) manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar