Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-230/2023 20.04.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Qəhrəman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, MKTİB-də bağban işləyən, əvvəllər məhkum edilmiş və hazırda azadlığın məhdudlaşdırılması cəzası çəkən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,404 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 09 fevral 2023-cü il tarixdə saat 20:00-da Gəncə şəhər BPİ-nin 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi və Gəncə şəhəri ərazisində üzərində saxlamasında şübhəli bilinərək Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən “Delfin” adlı kafenin yaxınlığında saxlanılaraq, Gəncə şəhər BPİ-nin 4-cü Polis bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd şəffaf selofan kəsiyi bükümündəki, “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,404 qram maddə, kustar üsula hazırlınmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, mənzil komunal təsərüfat birliyində bağban işləyir, ailəsi, yəni oğlu və həyat yoldaşı ilə birlikdə Göygöl rayonu, S.Hacıyev küçəsi ev 56 ünvanında yaşayır. Lakin onun həyat yoldaşı ilə rəsmi nikahı yoxdur. Özü bir neçə ildir ki, qarışıq tipli bronxial astma və şəkərli diabet xəstəliklərindən əziyyət çəkir və Göygöl rayon mərkəzi xəstəxanasında qeydiyyatda durur. Təxminən 3 il əvvəldən başlayaraq, narkotik vasitə olan heroini inyeksiya yolu ilə vurmağa başlamış lakin sonradan həmin vərdişini tərgidə bilməmişdir. 09 fevral 2023-cü il tarixdə təxminən saat 19 radələrində Gəncə şəhəri Nizami Gəncəvi prospektində yerləşən "Delfin" kafesinin arxasında yerdən siqaret qutusunun içərisindən narkotik vasitə tapmışdır. Həmin narkotik vasitənin heroin olduğunu görmüş və götürüb cibinə qoyaraq istifadə üçün üzərində saxlamışdır. Lakin həmin gün təxminən axşam saat 20 radələrində Gəncə şəhəri Nizami Gəncəvi prospektində yerləşən "Delfin" kafesinin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və onlar xidməti vəsiqələrini ona təqdim edib, polis əməkdaşları olduqlarını və narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib ona Gəncə şəhər BPİ-nin 4-cü PB-nə getməyi təklif etmişlər. O, etiraz etməmiş və polis əməkdaşlarının xidməti avtomobili ilə Gəncə şəhər BPİ-nin 4-cü PB-nin inzibati binasına getmişdir. Orada ona təqdim olunmuş vəkillərin siyahısından seçdiyi müdafiəçi X2 iştirakı ilə onun üzərinə şəxsi axtarış aparan zaman o, könüllü olaraq üzərində olan həmin narkotik vasitəni cibindən çıxardaraq təqdim etmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, xəstəliyini və ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alıb, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid - Gəncə şəhər BPİ-nin 4-cü Polis şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 09 fevral 2023-cü il tarixdə Göygöl rayonu, S.Hacıyev küçəsi ev 56 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsi və Gəncə şəhəri ərazisində üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkkili polis mayoru Comərt Rzayev ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 09 fevral 2023-cü il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs İkram oğlunu Gəncə şəhəri Nizami Gəncəvi prospektində yerləşən “Delfin” adlı kafenin yaxınlığında olduğunu müəyyən edib, həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, onu Gəncə şəhəri BPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Şöbədə müdafiəçi dəvət edilmiş, sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyi bükümündəki, gümüşü rəngli bükümə bükülmüş vəziyyətdə olan bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildimişdir ki, həmin bükümdə narkotik vasitə heroin var, bükümü həmin gün Gəncə şəhəri Nizami Gəncəvi prospektində yerləşən “Delfin” kafenin arxasında yerdən siqaret qutusunun içrəsində tapmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı ilk görüşündən narkotik vasitə heroinə oxşar kütlə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və prediment aşkar edilməmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün çəkisi müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmişdir. Kağız bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 0,66 qram, olması müəyyən edilmişdir. Həmin selofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin 1 ədəd kağız zərf möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə digər şahid Gəncə şəhər BPİ-nin 4-cü Polis şöbəsinin əməliyyat müvvəkkili polis mayoru Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə şəxs axtarış keçirilən zaman o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən şəffaf rəngli sellofana və siqaret falqasına bükülmüş halda olan narkotik vasitə heroinə bənzər bir ədəd kütləni təqdim etmişdir. Həmin kütlə şəxsi axtarış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və büküldüyü sellofanla birlikdə ümumi çəkisi 0,66 qram olmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs ona qarşı hər hansı formada zorakılıq tətbiq edilmədiyini, üzərindən aşkar edilən kütlənin heroin olduğunu, həmin narkotik vasitəni Gəncə şəhəri Nizami Gəncəvi prospektində yerləşən “Delfin” kafesinin yaxınlığında yerdən tapdığını, özünün istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Gəncə Şəhər Məhkəməsinin 4(125)-73/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 09 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/203 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə.” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf sellofan kəsiyi bükümündə “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,404 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 961-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən heroin 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq, 2 qram və daha çox olduqda külli miqdarda olması göstərilmişdir. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, onun hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 278 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Halhazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1371 nömrəli arayışdan məlum olur ki, Kərimov X1 Dispanserində qeydiyyatda yoxdur. xx.xx.2023-cü il tarixli, 1622 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə xx.xx.2022-ci il tarixdən opioidlərdən asılılıq diaqnozu ilə qeydiyyatdadır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,384 qram olan narkotik vasitə heroin, eləcə də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavab arayışından və məhkəmə hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər ARnin CM-nin 17, 15, 109 M 3 HİS. maddələri ilə təqsirli bilinərək Xanlar Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə 04 il müddətə azadlıqdan məhrum edilməklə 03 il şərti sınaq müddəti təyin edilmiş, daha sonra Göygöl Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 178.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək ilə 3000 manat cərimə cəzasına məhkum edilmiş və Göygöl Rayon Məhkəməsinin qərarı ilə həmin cəzası aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 il 06 ay islah işləri cəzası ilə əvəz edilmiş, sonuncu dəfə isə AR-nin CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göygöl rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli A-33/2022 nömrəli sorğuya cavab məktubundan görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(066)-97/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəza müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanır. Cəza müddəti xx.xx.2024-cü il tarixdə başa çatır. Məhkum Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixədək azadlığın məhdudlaşdırılması cəzasının 03 ay 07 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 01 il 08 ay 19 gün təşkil edir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 02 ay müddətinə qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. “Göygöl Rayon Mərkəzi Xəstəxanası” X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ-6-42/3-249/2023 nörməli arayışdan və “Xəstənin tibbi kartası”ndan çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon Mərkəzi Xəstəxanası PHŞ Poliklinika şöbəsində “Qarışıq tipli bronxial astma, tez-tez boğulma tutmaları ilə” və “Şəkərli diabet” diaqnozları ilə dispanser qeydiyyatındadır və həmin xəstəliklər səbəbindən mütəmadi olaraq ambulator və stasionar müalicələr alır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz əldə etməsi və üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, “Qarışıq tipli bronxial astma, tez-tez boğulma tutmaları” və “Şəkərli diabet” xəstəliklərindən əziyyət çəkdiyini və ailədə yeganə qazanc gətirən şəxs olduğunu onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini, eləcə də törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını, əksinə cəzasını yüngülləşdirən hallar olmaqla, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilərsə onun həyat və sağlamlığı üçün təhlükə yaratmaqla, ailəsini ciddi məhrumiyyətlərə düçar edə biləcəyini, məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməyəcəyini, onun “Qarışıq tipli bronxial astma, tez-tez boğulma tutmaları” və “Şəkərli diabet” xəstəliklərindən əziyyət çəkməsi nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 il 8 ay 19 gün hissəsi ilə qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən hazırki – xx.xx.2023cü il taxirədək həbsdə saxlanıldığı 02 ay 11 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Göygöl rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan qalıq çəkisi 0,384 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Göygöl Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 1(066)-97/2022 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 08 ay 19 gün hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 ay 11 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 ay 22 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Göygöl rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Göygöl rayon İcra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Cinayət işində olan Gəncə şəhər narkoloji dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Təqsirləndirilən şəxs həmin dispanserdə "Opiddlərdən asılılıq" diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,384 qram olan narkotik vasitə heroin məhv edilsin və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-230/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-230/2023
20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver