Məhkəmə qərarları › İş №1(125)-231/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-231/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-231/2023 23.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, məhkum olunmuş, işsiz, Gəncə şəhəri Ş.Bahəddin küçəsi bina 40 mənzil 37-də qeydiyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsi 7-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törətməsi ilə əlaqədar istintaq orqanı tərəfindən cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilən ittiham aktı üzrə irəli sürülən ittihama əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissəsini və döyüş sursatı əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş, xüsusi təyinatlı fişəngatan tapança olan və odlu silah hesab edilməyən, fövqaladə hallarda işıqlandırıcı 26 mm kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş, lakin hal-hazırda təyinatı dəyişdirilmiş və 16 kalibirli ov silahlarda istifadə olunan 16 kalibirli ov patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş odlu yivsiz silah hesab edilən, texniki cəhətdən saz olan və atəş açmaq üçün yararlı olan OSP-30 modelli tapançanı və ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 16x70 kalibrliov patronunun bir hissəsi olan, boş, atılmış, hal-hazırda atəş üçün yararsız olan 01 ədəd gilizi qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və gəzdirmiş, barəsində qanunsuz olaraq odlu silah saxlaması və gəzdirməsi ilə bağlı Gəncə şəhər 1-ci Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 12 yanvar 2023-cü il tarixdə Gəncə şəhər 1-c Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində eyni tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Ş.Bahəddin küçəsində, Gəncə çayının sol sahilində, piyadalar üçün nəzərdə tutulmuş körpünün yaxınlığında saxlanılaraq Gəncə şəhəri, Heydər Əliyev propekti 475 ünvanında yerləşən 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd-boz rəngli şalvarının yan hissəsində kəmərə keçirili vəziyyətdə olan 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yaralı, təyinatı dəyişdirilmiş odlu yivsiz silah hesab edilən OSP-30 modelli tapança və həmin tapançanın içərisində ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 16x70 kalibrli ov patronunun bir hissəsi olan, boş, atılmış, hal-hazırda atəş üçün yararsız olan 01 ədəd gilizi aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, istintaq zamanı onu polislər üzərinə narkotik vasitə qoyacaqları ilə hədələmiş, odur ki, o, ibtidai istintaq zamanı etirafedici ifadələr vermişdir. Belə ki, o, xx.xx.2023-cü ildə saat 13-14 radələrində əvvəllər tanıdığı Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməkdaşı Şahid1 dolanmaq üçün pul istəmək məqsədi ilə onunla telefon əlaqəsi saxlamış, Şahid1 onu çağırdığından Gəncə şəhər 1-ci Polis Şöbəsinə getmiş, orada qeydiyyatdan keçdikdən sonra həmin binada 3-cü mərtəbədə olan Şahid1 iş otağına getmişdir. Orada Şahid1 onunla danışan zaman bir neçə xırda talamanı üzərinə götürməsini bildirmişdir. O, fikirləşmişdir ki, xırda talamada onun günahkar olmasını rəsmiləşdirdikdən sonra onda narkotik vasitə olmasını rəsmiləşdiricəklər, ona görə də o, Şahid1 dedikləri ilə razılaşmamışdır. Bundan sonra Şahid1 ona hədə-qorxu gələrək narkotik vasitə onda olmasını rəsmiləşdirilməsinə razılıq verməsini tələb etmiş, belə olduğu halda onu tutmayacaqları barədə vədlər vermişdir. Onun narkotik vasitə istifadəçisi olması səbəbindən ailəsinin dağılması təhlükəsi olduğu üçün o, Şahid1 tələbi ilə razılaşmamışdır. Bundan sonra Şahid1 digər polis əməkdaşları ilə birlikdə ona hədə-qorxu gələrək həm külli miqdarda narkotik vasitə, həm də odlu silah üzərinə qoyaraq rəsmiləşdirib həbs edəcəkləri ilə hədələmişlər. O, əvvəl heç biri ilə razılaşmamış, lakin təkidli hədə-qorxular və vədlər nəticəsində odlu silahın onda olmasını rəsmiləşdirilməsinə razılıq vermişdir. Bundan sonra o, Şahid1 iş otağında, sonra isə növbətçi hissədə gözləmişdir. Həmin gün gecə saat 1-2 radələrində müdafiəçi çağırılmamışdan əvvəl Şahid1, Muraz və Aqil adlı polislər ona gümüşü rəngli metal tapança verərək bildirmişlər ki, müdafiəçinin iştirakı ilə videoçəkiliş edilən zaman guya həmin tapançanı 2022-ci ilin dekabr ayının sonlarında Gəncə şəhər Xan sarayının yaxınlığında olan körpünün altında dəmir yığarkən sellofan torbanın içində aşkar etdiyini, həmin tapancanya baxarkən lüləsində bir ədəd ov tüfənginə aid patron gördüyünü, silahı Gəncə şəhəri Gəncə çayı üzərində piyadların keçməsi üçün nəzərdə tutulmuş körpünün yaxınlığında torpaq sahəyə qazıb basdırdığını, bundan sonra xx.xx.2022-ci il tarixində yeni il bayramı ilə əlaqədar tapançanı gizlətdiyi yerdən çıxardaraq silahdan havaya atəş açmaqla silahın atəşə yararlı olmasına əmin olduğunu, sonra silahı öz torbasına salıb eyni yerdə basdırdığını, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində o, mövsümlə əlaqədar çayda suyun artacağını nəzərə alıb silahı basdırdığı yerə gəldiyini və həmin silahı qazıb çıxardaraq əynində olan şalvara və kəmərə keçirdib onu gizlətmək üçün daha etibarlı yer axtardığını və həmin vaxt polis tərəfindən tutulduğunu deməli, müdafiəçiyə orada baş verənlər barədə heç bir söz deməməlidir. O, da, polislərlə razılaşdığı kimi müdafiəçi gəldikdə həmin tapançanın ona məxsus olduğunu, polislərin dediklərini və ona qarşı hər hansı qanunsuzluqlar edilmədiyini bildirmişdir. Bundan sonra müstəntiqə ifadə verərkən də eyni sözləri demişdir. Bundan sonra onun hakimin yanına sanksiyaya aparılacağı məlum olduqda o, etiraz etmiş və hakimə həqiqəti danışacağına dedikdə Pərviz və digər polislər ona türmədə günü qara olacağı ilə hədələdiyindən o, qorxduğu üçün sanksiyalara baxılarkən odlu silahın ona məxsus olduğunu bildirmişdir. Hazırda onun ailəsi bu işə görə dağıldığı və məhkəməyə inandığı üçün indi həqiqəti deyir ki, həmin silahı o, tapmamış, polislər zorla boynuna qoymuşlar. Sonda o, bütün bunları nəzərə almaqla ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda və əvvəlki məhkəmə iclasında verdiyi ifadələri elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin dekabr ayının sonlarında Gəncə şəhər Xan sarayının yaxınlığında olan körpünün altında dəmir yığarkən oradan bir ədədə yerdə gördüyü sellofan torbası diqqətini çəkmiş, həmin sellofan torbanın içinə baxanda gümüşü rəngli metal tapança aşkar etmişdir. Həmin tapancanya baxarkən lüləsində bir ədəd ov tüfənginə aid potron görmüş, tapdığı silah xoşuna gəldiyi üçün onu özündə saxlamaq istəmişdir. Buna görə də silahı Gəncə şəhəri Ş.Bahəddin küçəsində Gəncə çayı üzərində piyadların keçməsi üçün nəzərdə tutulmuş körpünün yaxınlığında torpaq sahəyə tapdığı selefona bükərək qazıb basdırmışdır. Tapdığı silahdan heç kimin xəbəri olmaması üçün onu evinə aparmamış, həmçinin həmin silahı tapmağı barədə heç kimə bildirməmişdir. Onun düşməni, ədavətdə olduğu şəxs yoxdur. Tapdığı silahı çox bəyəndiyi üçün onu özünə götürmək istəmiş və bu səbəbdəndə aparıb gizlətmişdir. Lakin o, həmin silahın atəşə yararlı olub olmadığını bilməmiş, buna görə də xx.xx.2022-ci il tariixində yeni il bayramı ilə əlaqədar gün ərzində çox saylı fişənglərin atılmasından istifadə edərək diqqəti çəkmədən həmin silahdan atəş açıb yoxlaya biləcəyini düşünmüş, buna görə də silahı gizlətdiyi yerə gedib, gizlətdiyi yerdən çıxardaraq patronu silahdan havaya atəş açmaqla istifadə edərək həmin silahın atəşə yararlı olmasına əmin olmşdur. Sonra silahı öz torbasına salıb eyni yerdə qazıb basdırmışdır. xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində o, mövsümlə əlaqədar çayda suyun artacağını nəzərə alıb silahı basırdığı yerə gəlmiş və həmin silahı qazıb çıxardaraq əynində olan şalvara və kəmərə keçirmiş, onu gizlətmək üçün daha etibarlı yer axtarmağa getmişdir. O, bir qədər getdikdən sonra Gəncə şəhər Ş.Bahəddin küçəsində Gəncə çayının sahilində, piyadalar üçün nəzərdə tutulmuş körpünün yaxınlığında olarkən mülki geyimdə olan 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim edərək, odlu silah gəzdirməkdə şühbəli olduğunu üçün onu Gəncə şəhər 1-ci PŞ-yə gətirmişlər. Orada vəkilinin iştirakı ilə hüquqları ona izah edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində saxladığı lüləsində istifadə edilmiş 1-ədəd patronla birlikdə aşkar olunaraq götürülmüş və zərfə qablaşdırılaraq ağzı möhürlənmişdir.O, sözügedən cinayət əməlindən başqa digər hər hansısa bir cinayət əməli törətməmiş və belə bir məqsədi də olmamışdır. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, bununla bağlı hər hansı bir vəsatəti və ya şikayəti yoxdur. O törətdiyi cinayət əməlini könüllü olaraq etiraf etmiş, həmin əməldən peşman olmuş, özünün müdafiəsi iıə əlaqədar hər hansı bir dəlil və ya sübutu yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair ifadəsi əsassız olmaqla özünü müdafiə xarakteri daşımaqla məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təkzib olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə BPİ-nin 1-ci Polis Şöbəsinin CAŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 12 yanvar 2023-cü il tarixdə Gəncə şəhəri, Ş.Bahəddin küçəsi bina 40 mənzil 37-də qeydiyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsi 7-ci küçədə ünvansız yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silah saxlaması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ş.Bahəddin küçəsində Gəncə çayının sol sahilində, piyadalar üçün nəzərdə tutulmuş körpünün yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Gəncə şəhəri, Ş.Bahəddin küçəsində Gəncə çayının sol sahilində, piyadalar üçün nəzərdə tutulmuş körpünün yaxınlığına gedilmişdir. Onlar orda olarkən Təqsirləndirilən şəxs həmin yerdə hərəkət etdiyini görmüş, həmin vaxt onlar Adilə yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu 1-ci Polis Şöbəsinə dəvət edib İdarəyə gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və müdafiəçi X1 onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın yan hissəsində kəmərinə keçirərək saxladığı bir ədəd “OSP” tipli tapançanı təqdim etmişdir. Daha sonra təhqiqatçı Aqil Əliyev vətəndaş Təqsirləndirilən şəxs təqdim etdiyi “OSP” tipli tapançanı haradan tapması soruşulmuş, vətəndaş Təqsirləndirilən şəxs cavabında həmin tapançanı Xan sarayının yaxınlığından tapdığını bildirmişdir. Daha sonra təhqiqatçı Aqil Əliyev tərəfindən həmin tapançaya baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, patron yuvasında 1 ədəd boş giliz vardır. Şübhəli şəxs Təqsirləndirilən şəxs yalnız bir dəfə xx.xx.2022-ci il tarixdə yeni il gecəsi götürərək havaya bir dəfə atəş açdığını həmin gündən sonra yenə həmin silahı Gəncə çayının sahilində gizlətdiyini və xx.xx.2023-cü il tarixdə silahı gi zlətdiyi yerdən götürüb üzərində saxladığını bildirmişdir. Həmin silahın üzərində istehsalçı tərəfindən qeyd olunmuş nömrə silinmişdir. Protokol tərtib olunmuş və həmin tapança və 1 ədəd boş giliz ilə birlikdə zərfdə qablaşdırılıb DİN-in 110 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs silahı hardan necə əldə etməsi həmin silahı əldə etməsində ona kömək edən şəxsin (şəxslərin) olub-olmaması barədə heç bir məlumatları yoxdur. Şahid1 suallara cavab verərkən bildirmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar tanımış, sonuncunun məhkəmədə göstərdikləri tam yalandır. O, və ya başqa polis əməkdaşları Təqsirləndirilən şəxs qarşı hədə-qorxu gəlməmiş və hər hansı qanunsuzluqlar etməmiş, sonuncunu göstərdiyi vaxtda tutaraq üzərində tapança olması aşkar edilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs öz əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs hazırda məsuliyyətdən azad olunmaq üçün belə ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə BPİ-nin 1-ci Polis Şöbəsinin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş 12 yanvar 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 12 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində vətəndaş Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X3 tərtib etdiyi xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan və 1 ədəd DVD diskdən görünür ki, şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs əynində olan üzərində 4 bucaqlı naxışları olan tünd boz rəngli şalvarın qara rəngli dəri kəmərində və şalvara salınmış, üzərini əynində olan qara rəngli gödəkçə ilə örtdüyü bir ədəd dəstəyi taxtadan olan, ümumi uzunluğu 34 sm olan, SPŞ (siqnalniy pistolet Şpaqina) markalı siqnal tapancasından kustar üsulla hazırlanmış odlu silaha bənzər silah içində olan bir ədəd istifadə olunmuş patronla birlikdə aşkar olunaraq götürülmüşdür. Qeyd olunan SPŞ (siqnalniy pistolet Şpaqina) markalı siqnal tapancasından kustar üsulla hazırlanmış silahın tutacağının alt hissəsində istehsalçı tərəfindən vurulmuş iki ədəd romb fiqurunun içərisində hər birində “34” rəqəmləri yazılmışdır. Silahın bütün hissə və mexanizmləri yerindədir lüləsinə əlavə olaraq metal lülə bərkidilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd SPŞ (siqnalniy pistolet Şpaqina) markalı siqnal tapancasından kustar üsulla hazırlanmış silah içərisində olan bir ədəd 16 çaplı ov tüfənginə aid istifadə olunmuş boz rəngli patronla birlikdə qablaşdırılaraq üzəri AR DİN 110 saylı möhürü ilə möhürləndikdən sonra üzəri şəxsi axtarış iştirakçıları tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 23/25 nömrəli rəyindən görünür ki, Tədiqata təqdim olunmuş silah zavod üsulu ilə keşmiş SSRİ dövlətində, silah zavodunda istehsal olunmuş OSP-30 modelli. Xüsusi təyinatlı fişəngatan tapançadır və odlu silah hesab edilmir. Həmin tapança fövqaladə hallarda işıqlandırıcı 26 mm kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuşdur. Lakin yuxarıda göstərilən səbəblərə görə həmin tapança hal-hazırda təyinatını dəyişdirilmiş hesab olunur və hal-hazırda 16 kalibrli ov silahlarda istifadə olunan 16 kalibrli ov patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş odlu yivsiz silah hesab edilir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır.Tədqiqata təqdim olunmuş 01 ədəd giliz ov silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 16x70 kalibrli ov patronunun bir hissəsidir-boş atılmış gilizdir. Halhazırda atəş üçün yararsızdır. Yuxarıda göstərilən səbəbə görə həmin gilizin tədqiqata təqdim edilmiş OSP-30 modelli silahdan atılıb-atılmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-17/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-112/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 12 mart 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkun olunmuş və məhkumluqları ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanserin xx.xx.2023-cü il tarixli 1761 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispnaserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə şəhər prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmənin məktubuna əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılan zaman polis əməkdaşları tərəfindən ona psixololi təzyiq göstərildiyini bildirməsi ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılan zaman polis əməkdaşları tərəfindən ona psixololi təzyiq göstərildiyini bildirməsinə dair aparılmış araşdırma zamanı həmin xüsusat üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Gəncə ŞBPİ-nin 1-ci polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər 1-ci Polis Şöbəsinə 12 yanvar 2023-cü il tarixdə saat 23:15 radələrində qanunsuz olaraq üzərində odlu silah gəzdirməsində şübhəli bilinərək gətirilmiş və əməlində Azərbaycan Respublikası CM-nin 228-ci məddəsinin tərkib əlamətləri olduğundan material toplanaraq araşdırılıb müvafiq qərar qəbul olunması üçün aidiyyatı üzə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində vətandaş Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində silahı boynuna polisdə qoymalarını, onu polislərin hədələmələri və hazırda məhkəməyə inandığı üçün indi həqiqəti deyərək həmin silahı polislər zorla boynuna qoyması barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və əvvəlki məhkəmə prosesində verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin videogörüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə ifadəsi alındıqdan sonra, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə verdiyi ifadə və izahatlarda heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf edir. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs silahın onun tərəfindən tapıldığını və Xan sarayının yaxınlığından tapdığını bildirir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən özünü 228.1-ci maddə ilə təqsirli bildiyini göstərir. Həmçinin onun barəsində məhkəmədə həbs qətimkan tədbirinin seçilməsi və uzadılması məsələsinə baxılarkən də, o, polis əməkdaşları tərəfindən ona təzyiq olunması və silahın özünə məxsus olmaması barədə heç bir söz deməmişdir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib gəzdirməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün ibtidai istintaqdakı ifadəsi, şahidlərin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Beləliklə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı cinayət məsuliyyətini aradan qaldıran hallar, habelə cəzadan azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalətli və qanunauyğundur. Qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə Təqsirləndirilən şəxs CM-in 62-ci maddəsinə uyğun olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasından daha yüngül cəza növünün təyin olunmasına, yaxud onun azadlıqdan məhrumetməyə şərti məhkum olunmasına imkan vermir. Məhkəməni bu qənaətə gəlməyə təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəlilik dərəcəsi, yəni onun qanunsuz olaraq silah əldə edib saxlaması istiqamətləndirir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, o, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, o, əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilmiş və azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Onun dəfələrlə cinayət əməllərini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və ona verilən cəzalardan nəticə çıxarmadığını, islah olunmağa meylli olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan, 1 ədəd texniki cəhətdən saz olan və atəş açmaq üçün yararlı olan OSP-30 modelli tapança və ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 16x70 kalibrli ov patronunun bir hissəsi olan, boş, atılmış, hal-hazırda atəş üçün yarasız olan 01 ədəd giliz müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə 14 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 84 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 12 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan, 1 ədəd texniki cəhətdən saz olan və atəş açmaq üçün yararlı olan OSP-30 modelli tapançanı və ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 16x70 kalibrli ov patronunun bir hissəsi olan, boş, atılmış, hal-hazırda atəş üçün yarasız olan 01 ədəd giliz müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ**********0000067944; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 84 (səksən dörd) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar