Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-231/2024 09.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, M.Hacıyev küçəsi, ev 15, mənzil 432-də qeydiyyatda olmaqla yaşamış, barəsində “ev dustaqlığlı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli, atəş üçün yararlı, Kalaşnikov konstruksiyalı avtomatların döyüş sursatı hesab edilən 55 ədəd ştat patronlarını və 02 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 7,62x30 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi darağı və 01 ədəd nömrəsi silinmiş 7x62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı hər hansısa bir kustar üsul ilə dəyişikliklərə məruz qalmamış yivli odlu silah olan AKM modelli Kalaşnikov konstruksiyalı avtomatı qanunsuz olaraq əldə edib həmin 01 ədəd darağı içərisində olan 29 ədəd patron ilə brlikdə üzərində saxlamaqla daşımış və gəzdirmiş, həmçinin 01 ədəd darağı, 26 ədəd patronu və 01 ədəd AKM modelli Kalaşnikov konstruksiyalı avtomatı üzərində daşımaqla Gəncə şəhərində yerləşən İmamzadə kompleksinin yaxınlığında gizlətmiş, barəsində qanunsuz olaraq odlu silah saxlaması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində eyni tarixdə, saat 12:25 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən idman məktəbinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın arxa bel nahiyyəsindən 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 7,62x30 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi darağ və həmin darağın içərisində keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli, atəş üçün yararlı, Kalaşnikov konstruksiyalı avtomatların döyüş sursatı hesab edilən 29 ədəd patron aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı olaraq xx.xx.2024-cü il tarixdə saat 13:58 raddələrində Gəncə şəhər İmamzadə kompleksinin yaxınlığına baxış zamanı yol kənarından torbanın içərisindən 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 30 ədəd 7,62x30 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulan Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi darağ, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli, atəş üçün yararlı, Kalaşnikov konstruksiyalı avtomatların döyüş sursatı hesab edilən 26 ədəd patron və 01 ədəd nömrəsi silinmiş 7x62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı hər hansısa bir kustar üsul ilə dəyişikliklərə məruz qalmamış yivli odlu silah olan AKM modelli Kalaşnikov konstruksiyalı avtomat aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, maddi sübutlar,ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o, Gəncə şəhəri, Atatatürk prospektində, idman məktəbinin yaxınlığında olan zaman tanımadığı polis əməkdaşları ona yaxınlaşaraq onu polis şöbəsinə aparmış və adlarını bilmədiyi polis əməkdaşları orada 1 ədəd silah darağını göstərərək onu götürüb belinə qoymasını bildirmişlər. O, əvvəlcə polis əməkdaşlarının həmin təklifi ilə razılaşmamış, buna görə orada olan tanımadığı polis əməkdaşları onu döydüyündən daha sonra məcbur qalıb videoçəkiliş zamanı ona polis əməkdaşları tərəfindən deyilənləri etmişdir. Daha sonra onlar Gəncə şəhərində “İmamzadə” ziyarətgahının yaxınlığına gedərək orda polis əməkdaşları ona özlərinin əvvəlcədən qoyduqları yerdə silah və əlavə başqa patron olduğunu, guya onun tərəfindən ora qoyulduğunu demişlər. Qorxduğu üçün yenə də video çəkliş zamanı silah qoyulan yeri o, göstərmişdir. Əslində isə üzərindən və gizlədilmiş yerdən aşkar edilib götürülmüş silah, silaha məxsus daraq və patronların onunla heç bir əlaqəsi yoxdur. Səhhətində problemlər var, şəkərli diabetdən əziyyət çəkir. Ona görə də məhkəmədən ifadəsində göstərdiklərini nəzərə alıb barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Gəncə şəhər sakini Ruslan adlı şəxsin qanunsuz olaraq odlu silah və döyüş silah sursatları saxlaması və gəzdirməsi barədə Gəncə şəhər BPİ-nə əməliyyat məlumatı daxil olmuş, bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra tərəflərindən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuşdur.Bundan sonra idarənin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan adlı şəxsi Gəncə şəhəri, Atatürk prospektində müəyyən edib əməliyyat müşahidəsinə götürərək, Ruslan adlı şəxsə yaxınlaşıb özlərini təqdim edib, qanunsuz olaraq odlu silah və döyüş silah sursatları saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib onu üzərinə baxış keçirtmək məqsədi ilə Gəncə şəhər BPİ-nin inzibati binasına dəvət etmişlər. Polis idarəsində isə Ruslan adlı şəxsin kimliyi tam dəqiqləşdirilərək, Təqsirləndirilən şəxs olması aydın olmuşdur. Polis idarəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməzdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş və daha sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Həmin vaxtda onun üzərindən içərsində patron olan bir ədəd sandıqça aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin patronu haradan əldə etməsi soruşulduqda o, həmin 1 ədəd içərisində patron olan sandıqçanı tutulmamışdan 1 gün əvvəl Gəncə şəhərinin çıxacağında Nizami Məqbərəsinin yaxınlığında torbanın içərisindən tapdığını, torbanın içərisində olan 2 ədəd sandıqçanın 1 ədədini içərisində olan patronlarla birlikdə götürdüyünü, torbada olan digər içərisində patronlar olan sandıqça və markasını bilmədiyi silahı isə əvvəlcə Gəncə şəhər Məhsəti qəsəbəsində gizlətdiyini, daha sonra həmin silah və içərisində patronlar olan sandıqçanı Gəncə şəhər İmamzadə kompleksinin yaxınlığında gizlətdiyini bildirmişdir. Bundan sonra da onlar birlikdə Gəncə şəhər İmamzadə kompleksinə gedən zaman Təqsirləndirilən şəxs orada odlu silah və patronları gizlətdiyi yeri göstərmişdir. Həmin yerdən 1 ədəd avtomat silah və hal-hazırda sayını xatrılmadığl sandıqça və sandıqçanın içərisində patron aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs həmin silah-sursatı nə məqsədlə saxladığı soruşulan zaman o, həmin silah və patronları maraq üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən bundan başqa qanunla saxlanılması qadağan olunmuş digər hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülməsi və aşkar edilmiş silah-sursatın ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsi tamamilə yalandır. Məhkəmə iclasında Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusuatları tam təsdiq edərək, Təqsirləndirilən şəxs ifadəsində saxlanılan zaman polis əməkdaşları tərəfindən döyülməsi və aşkar edilmiş silah-sursatın ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsinin tamamilə yalan olduğunu göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 02 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 01 yanvar 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:25-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələr ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilmiş və o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. 03 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Gəncə Şəhər Məhkəməsinin hakimi X3 tərəfindən əvvəli 01 yanvar 2024-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-231/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş video çəkilişdən görünür ki, şəxsi axtarış keçirilməmişdən əvvəl baş təhqiqatçı, polis kapitanı Elnur Ələkbərov bildirir ki, həmin gün saat 12:25 radələrində Təqsirləndirilən şəxs, Gəncə şəhəri, Atatürk prospektində saxlanılaraq, Gəncə şəhəri H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmişdir.Şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil Müdafiəçi1 müdafiəçi təyin edilir və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın arxa bel hissəsindən 1 ədəd içərisində 29 ədəd 7.62 mm kalibrli patron olan sandıqcanı çıxarıb təqdim edir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin avtomat patronunundan əlavə olaraq 1(bir) ədəd içində patronlar olan sandıqçanı və 1 (bir) ədəd avtomat silahını Gəncə şəhər Nizami məqbərəsi adlanan yerdən 1 gün əvvəl tapdığını və Gəncə şəhəri Məhsəti qəsəbəsində gizlətdiyini, daha sonra Gəncə şəhəri Məhsəti qəsəbəsindən götürərək İmamzadə kompleksinin yanında aparıb gizlətdiyini bildirir. Bundan sonra Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Elnur Ələkbərov, Gəncə şəhər Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin idarənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, müdafiəçi X2 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Gəncə şəhəri İmamzadə kompleksinin yaxınlığına gedir, orada olan zaman Təqsirləndirilən şəxs həmin silahı gizlətdiyi yeri göstərir və oradan 1 ədəd ağ kisə aşkar olunur. Həmin kisənin içərisindən 1 ədəd avtomat, 1 ədəd sandıqça, sandıqçanın içərisində isə 26 ədəd patron aşkar olunur. Daha sonra həmin odlu silah və avtomat patronları qablaşdırılaraq götürülür, üzəri möhürlənərək imzalarla təsdiq olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilir, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. “Baxış və götürülmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Gəncə şəhər İmamzadə kompleksinin yaxınlığında- yol kənarında kolların arasından 1 ədəd avtomat, 1 ədəd sandıqça, sandıqçanın içərisində isə 26 ədəd patron müəyyən edilərək, qablaşdırılıb götürülmüşdür. xx.xx.2024-cü il tarixli Əməliyyat tapşırığından görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs odlu silah və onun komplekt hissələrini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, həmçinin keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahları əldə etməsində ona kiminsə kömək etməsi, həmçinin onun şəhər ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/02R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş №-si silinmiş silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda istehsal olunmuş AKM modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklələrə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş 02 ədəd daraqlar zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-daraqlarıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 55 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. Qeyd: təqdim edilmiş 55 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəş zamanı istifadə olundu. xx.xx.2024-cü il tarixli 3-13-11/2-1702/2024 nömrəli məktubdan görünür ki, 01 ədəd 7.62mm kalibrli, nömrəsi silinmiş AKM modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə xx.xx.2021-ci il tarixdən “Opioidlərdən asılılıq” diaqnozu ilə qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında“ qərardan görünür ki, 01 ədəd №-si silinmiş silah AKM modelli, Kalaşnikov konstruksiyalı avtomat, 02 ədəd həmin avtomatın komplekt hissəsi olan daraq və 55 ədəd ştat patronları maddi sübut kimi tanınaraq tədqiqata sərf edildikdən sonra qalan 52 ədəd ştat patronu, 01 ədəd №-si silinmiş silah AKM modelli, Kalaşnikov konstruksiyalı avtomat və 02 ədəd həmin avtomatın komplekt hissəsi olan sandıqça(güllə darağı) maddi sübut kimi tanınmışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qərarı ilə AR-nin Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistya qərarının 5-ci bəndinə əsasən cəzası 01 il azaldılmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 03 ay 19 gün hissəsi 01 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Şəkərli diabet İİ tip” xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası 2 saylı İstintaq Təcridxanasının 29 aprel 2024-cü il tarixli məktuba cavabından görünür ki, Təqsirləndirilən şəxs “Şəkərli diabet, İİ tip insulin tələbli neyropatiya, xroniki hepatit C virusu” diaqnozu ilə dispanser qeydiyyatına götürülmüşdür. Azərbaycan Respublikası 2 saylı İstintaq Təcridxanasının 16 aprel 2024-cü il tarixli məktuba cavabından görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən aparılan ilkin tibbi müayinə zamanı bədəni üzərində heç bir xəsarət izləri aşkar olunmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş cavab məktubundan görünür ki, Azərbycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılarkən fiziki zorakılığa məruz qalması barədə məhkəməyə vermiş olduğu məlumatla bağlı xx.xx.2024cü il tarixli, 1(125)- 231/2024 saylı məktubunuzla əlaqədar bildirilir ki, həmin xüsusat üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, fiziki zor tətbiqinə və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü tarixli qərar qəbul edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş içərsində patron olan 1 ədəd sandıqça və yol kənarında kolların arasında tapılmış avtomat silah və onun komplekt hissəsi olan sandıqça və patronların ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qaldığını, bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən aşkar edilmiş sandıqça, patron və torpağa basdırılmış avtomat silah və patronların ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadələrində bildirmişdir ki, o, dəmir yığıb satmaqla məşğul olur. xx.xx.2023-cü il tarixdə dəmir axtran zaman Gəncə şəhər Alminimum zavodun yaxınlığında olanda bir torba diqqətini cəlb etmişdir. Torbanı açıb içərisinə baxan zaman torbanın içərəisində adını bilmədiyi avtomat, patron və darağ olduğunu görmüşdür. Bundan sonra həmin silah və hissələri maraqlı gəldiyi üçün özü ilə götürmüşdür. Həmin gün spirtli içki qəbul etmişdir. Həmin silah və hissələrini əvvəlcə Gəncə şəhəri Məhsəi qəsəbəsinə gizlətmiş, daha sonra isə Məhstəti qəsəbəsindən götürüb Gəncə şəhər İmmzadə kompleksinin yaxnlığına gizlətmişdir. Həmin vaxt torbanı əlində daşımaq ağır olduğu üçün içrəisində olan patronlar ilə sandıqçanın birini bel nahiyyəsinə qoymuşdur. Silahı və onun hissələrini İmamzadənin yaxınlığında gizlətdikdən sonra yaşadığı ünvana getmişdir. Bundan onra xx.xx.2024-cü il tarixdə həmin silahı gedib götürüb polis əməkdaşlarına təhvil vermək üçün Gəncə şəhər İmamzadəyə getmək istəyən zaman Atatatürk prospektində polis əməkdaşları onu saxlamış və üzərində qanunsuz olaraq odlu silah saxlamaqda şübhələndiklərini bildirib onu Gəncə şəhər BPİ-nin 2-ci PŞ-yə dəvət etmişlər. Polis idarəsində müdafiəçisinin iştirakı, eləcədə videoçəkiliş ilə üzərinə baxış zamanı üzərində olan sandıqçanı(darağı) içərindəki patronlar ilə birlikdə çıxarıb təqdim etmişdir. Həmçinin polis əməkdaşlarına silahı gizlətdiyi yeri bildirmişdir. Üzərinə şəxsi axtarış keçirildikdən sonra polis əməkdaşları ilə silahı gizlətdiyi yerə yəni Gəncə şəhəri İmamazaddə kompleksinin yaxınlığına getmiş, orada o polis əməkdaşlarına torbanı göstərmişdir. Torbanın içərinə baxış keçirilən zaman torbanın içərisində 1 ədəd avtomat və içərisində patronlar ilə birlkidə 1 ədəd daraq aşkar edilmişdir. Üzərindən aşkar edilib götürülmüş odlu silahın onda olmasını heç kimə deməmiş, bundan heç kimin xəbəri olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Həmçinin məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qaldığını bildirdiyindən, məhkəmə həmin xüsusatların araşdırılması üçün müvafiq məlumatı Gəncə şəhər prokurorluğuna göndərmiş və Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş cavab məktubundan görünür ki, Azərbycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılarkən fiziki zorakılığa məruz qalması barədə məhkəməyə vermiş olduğu məlumat üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, fiziki zor tətbiqinə və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən fiziki zorakılığa məruz qalması, üzərindən və göstərdiyi yerdən aşkar edilib götürülmüş silah və onun komplekt hissələri həmçinin avtomat patronlarının ona məxsus olmadığı barədə məhkəmədə verdiyi ifadəsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Ona görə də təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs “şəkərli diabet, İİ tip insulin tələbli neyropatiya və xroniki hepatit C virusu” xəstəliklərindən əziyyət çəkməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğunu, Cinayət Məcəllləsinin 52-1.5-ci maddəsinə əsasən məhkəmənin onun üzərinə qoyduğu vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirmədiyindən xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 03 ay 19 gün hissəsi 01 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edildiyini, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 01 yanvar 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı və məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd nömrəsi silinmiş 7x62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı hər hansısa bir kustar üsul ilə dəyişikliklərə məruz qalmamış yivli odlu silah olan AKM modelli Kalaşnikov konstruksiyalı avtomatı, 2(iki) ədəd sandıqça(güllə darağı) və SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli, atəş üçün yararlı, Kalaşnikov konstruksiyalı avtomatların döyüş sursatı hesab edilən 52 ədəd ştat patronu müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilsin və barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsə alınsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd nömrəsi silinmiş 7x62 mm kalibrli olmaqla zavod üsulu ilə keçmiş SSRİ dövlətində, silah zavodunda istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı hər hansısa bir kustar üsul ilə dəyişikliklərə məruz qalmamış yivli odlu silah olan AKM modelli Kalaşnikov konstruksiyalı avtomatı, iki ədəd sandıqça(güllə darağı) və SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7,62x39 mm kalibrli, atəş üçün yararlı, Kalaşnikov konstruksiyalı avtomatların döyüş sursatı hesab edilən 52 ədəd ştat patronu müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-231/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-231/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver