Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-233/2025 02.12.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – X1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx.xx.2025-ci il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən saxlanc yeri hesab olunan “Məcid İnşaat” darvaza sexinin arxa hissəsində olan yarımtikilidən sexin hasarını aşmaqla sexin ərazisinə qanunsuz daxil olaraq özgənin əmlakını hüquqazidd və əvəzsiz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs mülkiyyətində olan 01 ədəd 400 manat dəyərində “Dam örtüyü dəzgahının” mühərrikini, 01 ədəd 450 manat dəyərində “Qaynaq dəzgahının” mühərrikini və 01 ədəd 480 manat dəyərində “Metal əyən dəzgahın” mühərrikini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1330 manat ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bildiyini qeyd etmiş və ibtidai isitintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Odur ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, ibtidai istintaq zamanı ifadəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birgə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər Azərbaycan Respublikası CMnin 177-ci maddəsi ilə məhkum olunmuşdur. Maddi ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gələrək Gəncə səhəri, Səbuhi Əliyev küçəsində yerləşən “Məcid İnşaat” adlı darvaza sexindən oğurluq etmişdir. Belə ki, əvvəllər metal alış-satışı ilə məşğul olmuş, həmin obyektdə olmuş və obyektin sahibi Rövşən Şəmsiyevi tanıyırmış, Rövşən Səmsiyev orada olan köhnə dəmirləri satırdı. Bunun üçün düşünmüşdür ki, həmin “Məcid İnşaat” adlı yerdə köhnə metallar var. xx.xx.2025-ci il tarixdə saat 20:30 radələrində “Məcid İnşaat”ın arxa hissəsində olan yarımtikilidən aşaraq ora daxil olanda görmüş ki, yuxarıda kamera var, kameranın ağzını taxta çubuq ilə fırladıb və orada olan 2 ədəd dəzgahın üzərindəki mühərriki dəzgahın üzərindən boltları açaraq çıxartmışdır. O, həmin yerə girərkən əlində əlcək ilə girmişdir. Daha sonra 2 ədəd mühərriki götürüb oradan çıxmış, mühərrikləri “Məcid İnşaat”a daxil olduğu yarımtikililərin yanında sökərək içərisində olan misi ayırıb növbəti gün yəni xx.xx.2025-ci il tarixdə səyyar şəkildə metal qəbul edən tanımadığı şəxsə sataraq 110 manat qazanc əldə etmişdir. Daha sonra polis əməkdaşları onu oğurluqda şübhəli olduğu üçün polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxsi tanıdığını, əvvəllər birlikdə işlədiklərini, münasibətlərinin normal olduğunu, “Məcid İnşaat”ın mərhum atasına məxsus olduğunu, atası rəhmətə getdikdən sonra övladlarına miras qaldığını bildirmişdir. Hadisədən 1 ay öncə o, təqsirləndirilən şəxslə bir yerdə işləmişdir. Hadisədən 4 gün sonra ərazidə quraşdırılmış kameraya baxanda o, Təqsirləndirilən şəxs oğurluq etdiyini görmüşdür. Dövlət ittihamçısının suallarına cavab olaraq 2 ədəd motorunun oğurlandığını bildirmişdir. O, səhvən şikayətində 3 ədəd motorun oğurlanmasnı qeyd etdiyini bildirmişdir. İfadəsinin sonunda dəymiş ziyanın ödənildiyini, şikayətinin olmadığını, Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunmamasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 07 fevral 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (i. v.1) - 06 fevral 2025-ci il tarixli “hadisə yerinə baxış aparılması haqqında” protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hal şahidləri X9 və X2 iştirakları ilə Gəncə şəhər BPİ-nin İTİ-nin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən hadisə yerinə baxış keçirilmiş, baxış zamanı M. Şəmsiyev Gəncə şəhəri, Səbuhi Əliyev küçəsində yerləşən “Məcid İnşaat” adlı darvaza sexində hadisə yerini göstərmişdir (i.v.9-15); - 07 fevral 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyi üçün həmin tarixdə saat 12:00 radələrində tutulmuşdur (i.v.42); - 08 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ona ittiham elan edilmişdir (i.v. 49); - 08 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü qismən təqsirli bilmişdir (i. v. 57-59); - 08 fevral 2025-ci il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs məxsus “Məcid İnşaat” darvaza sexinə sexin arxa tərəfindəki yarımtikilidən daxil olmuş oradan dəzgahları oğurlamışdır. CD diskin görüntü müddəti 03 dəqiqə 24 saniyədir (i.v. 63); - 08 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir (i.v. 69); - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 18 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xanlar rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-nin 130.1-ci maddəsi 08 ay 10 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Füzuli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 228.4-cü maddəsi ilə təqsiri bilinib 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Tovuz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır (i.v. 79); - 13 fevral 2025-ci il tarixli CVN/A08-057 nömrəli mütəxəssis rəyindən məlum olur ki, 1 ədəd dam örtüyü dəzgahı mühərrikinin qiyməti 400 manat, 1 ədəd qaynaq dəzgahı mühərrikinin qiyməti 450 manat və 1 ədəd metal əyən dəzgahı mühərrikinin qiyməti 480 manat olmaqla cəmi dəymiş maddi ziyan 1330 manat təşkil etmişdir (i.v. 100-103); - Təqsirləndirilən şəxs barəsində cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, 9 saylı sahəyə hər hansı bir yazılı və şifahi şikayət ərizəsi daxil olmamışdır (i.v.138); - şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X5 adında övladları vardır.(i.v.140, 141); - 10 iyun 2025-ci il tarixli Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs dipanserdə qeydiyyatda durmur. (i. v. 161); - 13 iyun 2025-ci il tarixli Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. (i. v. 162); - 15 oktyabr 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı qeydə alınmış 01 ədəd CD diskdə olan video görüntü, işi üzrə təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış, həmçinin digər istintaq sənədləri maddi sübut kimi qəbul edilmişdir.(i.v. 163-170); - 18 noyabr 2025-ci il tarixli Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, onun cinayət məsuliyyətinə cəlb edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasındabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, peşmançılığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsüzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat pul köçürülməlidir. (Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabı–“XalqBank” Gəncə filialı Kod:504023,VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhər ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 220 (iki yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-233/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-233/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver